• cümə axşamı, 28 mart, 22:22
  • Baku Bakı 13°C

Seçkilərə hər səviyyədə hazırlıq davam edir

27.10.14 15:11 918
Seçkilərə hər səviyyədə hazırlıq davam edir
Seçki marafonunun başlamasına az qalır. Artıq partiyalar namizədlərin müəyyənləşdirməyə, platformalarını hazırlamağa başlayıblar. Bununla yanaşı, aidiyyətli dövlət qurumları da seçkini qaydalara uyğun keçirilməsi üçün işlərə start verib.
“Bələdiyyə seçkilərinə hazırlıq işləri tam gücü ilə davam edir. “Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçki komissiyalarının işini pozacaq hər hansı güc yoxdur və belə hal olarsa, bunun qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınacaq”.
Bunu mətbuata açıqlamasında daxili işlər nazirinin müavini Oruc Zalov deyib. Onun sözlərinə görə, Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar DİN tərəfindən bir sıra müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Bundan əlavə, polis orqanlarının sayıqlığının artırılması, onların təlimatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Nazir müavini qeyd edib ki, Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək: “Ən son seçki bülleteni təhvil verilənədək polis orqanları seçki komissiyalarının çağırışına reaksiya verməyə tam hazır olacaq. Əmin ola bilərsiniz ki, tərtib olunan protokollarla əsasən istənilən vaxt polis orqanları tərəfindən qanunauyğun zəruri hərəkətlər görüləcək. Problemli məsələlərlə bağlı müraciət daxil olarsa, onlara dərhal reaksiya veriləcək və həll olunacaq”.
Bundan əlavə, hətta bələdiyyə seçkiləri zamanı seçicilərin seçki məntəqələrinə gəlməsini asanlaşdırmaq üçün avtobuslar təşkil edilə bilər. MSK sədri Məzahir Pənahov qeyd edib ki, bələdiyyə seçkiləri dekabr ayına, yəni qış ayına təsadüf etdiyi üçün rayonlarda, kəndlərdə seçicilərin seçki məntəqələrinə gəlib səs verməsi üçün müəyyən problemlər yarana bilər.
M.Pənahovun sözlərinə görə, xüsusən də seçki məntəqələrindən uzaqda yaşayan seçicilər yol şəraitinin pis olması və ya avtomobilin olmaması səbəbindən seçki məntəqələrinə gəlməkdə çətinlik çəkə bilərlər: “Ona görə də dairə seçki komissiyaları və aidiyyəti qurumlar bu məsələdə hazırlıqlı olmalıdır. Seçkilərin və seçicilərin seçki məntəqələrinə gəlib səs verməsinin təşkili dairə seçki komissiyalarının və aidiyyəti qurumların borcudur”.
MSK sədri, eyni zamanda, seçki məntəqələrinin yaxınlığında avtobus dayanacaqlarının yaradılmasını məqsədəuyğun sayıb. O, qeyd edib ki, seçkilər yaxınlaşdıqca bu məsələlər daha da qabardılacaq.
Bələdiyyə seçkilərində ən çox namizədlə iştirak edən Yeni Azərbaycan Partiyası bu dəfə də bu önəmli siyasi hadisədə tam gücü ilə qatılacaq. Partiyanın İdarə Heyəti hələ bu il martın 18-də bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələni müzakirə edərək müvafiq qərarlar çıxarıb.
YAP icra katibinin müavini Siyavuş Novruzov qeyd edib ki, YAP bütün bələdiyyələr üzrə namizədlərini irəli sürəcək: “Hazırda bununla bağlı lazım olan sənədləşmə işləri həyata keçirilir. YAP bələdiyyə seçkiləri ilə bağlı əvvəlcədən hazırlıq işlərini görmüşdü. Yerlərdə seçki qərargahları yaradılmışdı. Artıq namizədlərin də hamısı müəyyənləşib”.
S.Novruzov bələdiyyə seçkilərini lazımsız hesab edən müxalifət partiyaların öz mesajını da çatdırıb: “Bələdiyyə elə bir idarəetmə sistemidir ki, orada çalışan insanlar, hər bir gənc ictimai-siyasi və sosial-iqtisadi həyatımızın əksər sahələrinə nüfuz etməyə, idarəetmə ilə bərabər insanların arzu və istəklərini öyrənməyə, tələbatını ödəməyə məcburdurlar. Gənclərlə yanaşı, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən qadınların bələdiyyə orqanlarına cəlb edilməsi ümumi işin xeyrinədir və ilk növbədə, qadınların bir kadr kimi formalaşmasında stimul ola bilər.
Eyni zamanda, YAP-dan savayı bələdiyyə seçkilərində iştirak edən digər partiyalar da olacaq. Məsələn, parlamentə daxil olan partiyalardan bəziləri, o cümlədə n Ümid, AMİP seçkidə iştirak etməkdə qərarlıdır. Bəzi müxalifət partiyaları isə bu seçkiyə qatılmaq və resurslarını boşa xərcləmək istəmirlər. Bəzi qurumlar blok şəklində bələdiyyə seçkilərində iştirak etmək haqqında düşünür.
Bir sıra partiyalar bələdiyyə seçkilərinə getməsələr də, namizədliyini verən üzvlərini dəstəkləyəcəklərini bildiriblər.
Qeyd edək ki, MSK bələdiyyə seçkisinin dekabrın 23-də keçirilməsi barədə qərar verib. Seçkilər 1607 bələdiyyələrdə keçiriləcək.
M.Əliyev

P.S. Yazı “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra etdiyi “Bələdiyyə seçkiləri ilə bağlı bölgələrdə əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər