• cümə, 29 Mart, 09:54
  • Baku Bakı 5°C

Seçkilər şəffaf və demokratik keçirilib

10.02.20 15:37 7949
Seçkilər şəffaf və demokratik keçirilib
Beynəlxalq müşahidəçilər parlament seçkilərinin çox yaxşı təşkil olunduğu vurğulayırlar

Cari il fevralın 9-da Milli Məclisə keçiriləcək seçkidə namizəd olaraq iştirak etmək üçün rekord sayda 2431 nəfər müraciət edib. Müxtəlif prosedurlardan sonra 1637 nəfər namizəd qeydə alınıb. Lakin 2020-ci il yanvarın 31-dək olan dövrdə onlardan bir qismi namizədliyini geri götürüb. Beləcə, namizədlərin sayı 1314-ə enib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisi olub, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizini qadınlar, 79 faizini kişilər təşkil edib. Bundan başqa, Milli Məclisə keçirilən növbədənkənar seçkini 77790yerli müşahidəçi izləyib. Onlardan35152-i siyasi partiyaların müşahidəçiləri olublar. Eyni zamanda, budəfəki seçki ilə əlaqədar 58 ölkədən və 59 təşkilatdan 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib, seçki prosesini yaxından izləyiblər. Həm yerli, həm də beynəlxalq müşahidəçilərin rəyləri, təəssüratları onu deməyə əsas verir ki, fevralın 9-da Milli Məclisə keçirilən seçki tam demokratik formada baş tutub.
Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsi sədrinin müavini, MDB Parlament Assambleyasının (PA) müşahidə missiyasının üzvü Aleksandr Başkin parlament seçkisinin Azərbaycan qanunvericiliyinə uyğun şəkildə keçirildiyini bildirib. O qeyd edib ki, seçki ölkənin hamı tərəfindən qəbul edilmiş standartları təmin etmək və onlara əməl etmək üzrə beynəlxalq öhdəliklərinə uyğun olaraq keçirilib. A.Başkinin sözlərinə görə, MDB PA-nın müşahidəçiləri bu gün seçki məntəqəsinin açılışında iştirak ediblər, sonra da bir sıra digər məntəqələrdə olublar: "Seçki məntəqələrində çox mehriban və sakit atmosfer diqqəti cəlb etdi. Bir-birinə rəqib olan müxtəlif partiyaların və namizədlərin çox sayda müşahidəçisi olmasına baxmayaraq, hansısa qarşıdurma və ya mənfi hal olmadı. Heç bir pozuntuya rast gəlmədik, şikayətlər yox idi. Seçicilərdən də şikayətlər olmadı. Azərbaycanın seçki qanunvericiliyini yaxşı bilirəm və görürəm ki, qanunvericiliyin tələb etdiyi hər şey ciddi şəkildə yerinə yetirilir”.
ATƏT-in Amerika Birləşmiş Ştatlarından olan beynəlxalq müşahidəçisi Philip James jurnalistlərə müsahibəsində deyib ki, fevralın 9-da bir çox seçki məntəqələrində olub. O, yaradılan şəraitin, seçicilərin fəallığının və insanların səmimiyyətinin məmnuniyyət doğurduğunu dilə gətirib: "Azərbaycana ilk dəfədir səfər edirəm. Biz böyük bir heyətlə gəlmişik. Əsas məqsədimiz seçkiləri izləmək, müşahidə etmək və sonda ümumi nəticələrə baxış keçirmək idi. Seçkinin gedişində heç bir qayda pozuntusuna yol verilməməsinin şahidi olduq. Əlbəttə ki, seçkilər haqqında ümumi qərar günün sonunda deyiləcək”.
Gürcüstandan olan müşahidəçi Eka Qulua da Azərbaycanda seçkilərin sakit şəraitdə keçdiyini dilə gətirib. Bildirib ki, səhər saat 8-dən başlayaraq 7-8 seçki məntəqəsində olub: "Xalq sakit səs verdi, hamı məmnun idi. Hər kəs deyir ki, hökumətdən məmnundur. Heç vaxt bu qədər demokratik seçkiqabağı mühit görməmişdim”.
Almaniyalı müşahidəçi Birgit Vetsel Azərbaycanda parlament seçkilərinin çox yaxşı təşkil olunduğunu vurğulayıb. O, seçkiləri müşahidə etməyə Azərbaycanın Berlindəki səfirliyinin dəvəti ilə gəldiyini deyib: "Biz bir neçə seçki məntəqəsində olduq və əmin olduq ki, səsvermə prosesi yaxşı təşkil olunub. Parlament seçkilərinin bu səviyyədə keçirilməsi Azərbaycanın gələcək nəsilləri üçün həlledici əhəmiyyət daşıyır. Biz burada olduğumuz 3 gün ərzində bu qənaətə gəlmişdik ki, seçkilər uğurlu keçəcək. Biz öz namizədliyini irəli sürmüş çoxlu sayda gənc və müstəqil namizəd gördük”.
Azərbaycanda keçirilən parlament seçkilərini izləyən israilli müşahidəçilər də seçkinin nəticəsini müsbət qiymətləndiriblər. Milli Məclisə növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar tədbirdə İsraildən olan beynəlxalq müşahidəçi Roman Gureviç deyib ki, seçkilər şəffaf və effektiv keçirilib. Onun sözlərinə görə, seçkilərdən bir neçə gün əvvəl Bakıya gəliblər. Bakıda son illər ərzində yüksək inkişafın olduğunu nəzərə çatdıran R.Gureviç bildirib ki, Bakının 6 məntəqəsində apardıqları müşahidələrə əsasən, səsvermədə gənclər çox iştirak ediblər: "Bu da müsbət haldır. Seçkidə hər kəs öz işini bilirdi və qanun pozuntusu qeydə alınmayıb".
Digər müşahidəçi Boris Qrosman əlavə edib ki, artıq Azərbaycanda seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsinə ehtiyac yoxdur: "Mən düşünürəm ki, siz artıq özünüz başqa ölkələrdə müşahidəçi kimi iştirak edə bilərsiniz. Seçkiyə babalar, nənələr öz nəvələri ilə gəlirdilər. Belə soyuq, şaxtalı və küləkli havada seçicilərin gələcəyinə ümid etmirdik. Amma insanlar çox həvəslə, sevinərək seçkiyə gəlirdilər. İsrail Azərbaycanı sevir və dəstəkləyir. Azərbaycan da İsrail üçün həmişə qardaş və dost ölkə olacaq”.
Müşahidəçi Aleksey Tessarskiy də hesab edir ki, Azərbaycanda insanlar üçün onların həyatlarını dəyişdirən demokratik seçkilərin keçirilməsi və orada iştirak vacibdir. Ona görə də insanlar seçkidə fəal iştirak edirdilər, çünki onlar ölkənin tarixinə biganə deyillər.
Vyetnam-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Nghiem Vu Khai bildirib ki, Azərbaycanda tam şəffaf seçki prosesi izləyib: "Çox məmnunuq ki, biz Azərbaycana dəvət olunmuşuq. 4 gündür ki Azərbaycandayıq. Artıq tam əminliklə deyə bilərik ki, biz parlament seçkisi keçirməkdə bir çox şeyləri sizdən öyrənməliyik. Bakı, Şəki və Qəbələdə seçkiyə hazırlıqla maraqlanmışıq və seçkilərin necə keçirildiyinin şahidi olduq. 5 məntəqədə müşahidə aparmışıq. Baş çəkdiyimiz məntəqələrdə namizədlərlə bağlı bütün məlumatlar çap edilib, şəffaflıq təmin olunub, bütün namizədlərə bərabər şərait yaradılıb. Heç kimə ayrı-seçkilik yoxdur. Proses tam şəffaf təşkil edilib, bütün namizədlərə eyni münasibət bəslənirdi. Komissiya üzvləri seçicilərə hər şeyi normal izah edirdi və onların normal səs verməsinə şərait yaradırdı".
Vyetnamlı müşahidəçi səsvermə prosesində müasir texnologiyaların istifadəsini də yüksək qiymətləndirib: "Eyni zamanda bizə texnologiyalardan yüksək istifadə təqdim edildi. Yəni xarici ölkədə olan istənilən azərbaycanlı seçkiləri canlı izləyə bilər. Daha sonra insanların barmaqlarının mürəkkəbə batırılması onu göstərir ki, seçici ikinci dəfə səs verə bilməsin. Bu, tam şəffaflıqdan xəbər verirdi. Biz getdiyimiz məntəqədə insanların tam demokratik səs verməsinin şahidi olduq, heç bir pozuntuya rast gəlmədik. Seçicilərlə də söhbət etdim və onlar seçəcəkləri deputatın gənc, ziyalı və intellektual olmasını istədiklərini bildirdilər. Qeyd etdilər ki, onlar öz deputatlarını özləri seçiblər. Ona görə də düşünürəm ki, seçkilər tam şəffaf keçirilib və budəfəki parlament daha güclü olacaq".
Belarusdan olan deputatlar Aleksandr Markeviç və Sergey Raçkov da Azərbaycanda keçirilən parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu söyləyiblər. A.Markeviç seçki məntəqələrində qaydaların yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Müşahidə etdiyimiz məntəqələrdə qayda pozuntusuna rast gəlmədik. Hər kəs tək-tək öz seçimlərini etmək üçün məntəqələrə gəlmişdilər. Necə deyərlər "toplu səsvermə” olmayıb. Biz öz gözlərimizlə komissiyanın nə qədər ciddi işlədiyini gördük. Bu da onu göstərir ki, hər şey şəffaf şəkildə təşkil olunub. Keçirilən seçkilərdən çox müsbət təəssüratlarla ayrıldıq”.
Fransadan olan nümayəndə heyətinin üzvü, Beynəlxalq Münasibətlər və Müdafiə Komissiyasının sədr müavini, senator Joel Qöelyo bildirib ki, müşahidələrinə əsasən, seçkilər normal keçib: "Müşahidələrimi 20 məntəqədə apardım. Səslərin sayılması prosesini izlədim. Səslərin sayılması ilə bağlı dəqiq məlumatlar əldə edə bildim. Təəssüratlarım yaxşıdır. Ən maraqlı cəhət barmaqlara rəngsiz mürəkkəbin vurulmasıdır. Bunu innovasiya kimi şərh edərdim. İkinci məsələ isə yeni nəsil şəxsiyyət vəsiqələridir. Bundan başqa, səslərin sayılması prosesində ciddilik müşahidə etdim. Bütün məntəqələrdə bənzər hal yaşandı. Yalnız 1 məntəqədə kiçik gərginliklər qeydə alındı. Ümumilikdə, proses müsbət məcrada başa çatdı. Təşkilatçılara xüsusi təşəkkür edirəm. Sərbəstlik yüksək səviyyədə idi. Bakını çox bəyəndim. Xalça muzeyini xüsusi xatırlatmaq istərdim".
Nümayəndə heyətinin sədri, Fransanın Boll şəhərinin meri İv Meteğu bildirib ki, Azərbaycana ilk səfəridir: "Turizm Nazirliyi ilə görüşüm də təşkil olundu. Məqsəd iki ölkə arasında münasibətləri tənzimləməkdir. Mən hüquqşünasam və burada Seçki Məcəlləsini oxumaq imkanım oldu. Bu məcəllə asan dillə və praktik yazıldığı üçün bütün namizədlərin də bununla tanış olma imkanı yüksəkdir".
Almaniyadan olan beynəlxalq müşahidəçi, Almaniya Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi Volf-Ruthart Born bildirib ki, Azərbaycanda seçkidə ikinci dəfə müşahidəçi kimi iştirak edib: "Bu seçkidə qısamüddətli müşahidəçi kimi iştirak etmişəm. Azərbaycan hökumətinə dəvət üçün təşəkkür edirəm. Seçkini Bakı və Sumqayıtdakı məntəqələrdə müşahidə etmişik. Bu gün həm də Dağlıq Qarabağ zonası üzrə bir seçki məntəqəsində olduq. Şəxsi nəticələrim bunu deməyə əsas verir ki, hər şey çox yaxşı təşkil olunmuşdu və seçki gözəl keçirilib. Bütün müşahidələrimiz zamanı seçkinin çox yüksək səviyyədə keçirildiyini gördük. Biz nəticələrdən çox razı qaldıq”.
Bundestaqın keçmiş deputatı Steffen-Claudio Lemme bildirib ki, seçkinin təşkilatı səviyyəsi çox yüksək olub. Onun sözlərinə görə, parlament seçkisi heç bir narazılıq olmadan, şəffaf keçirilib. Steffen-Claudio Lemme deyib ki, ümumilikdə 8 məntəqədə müşahidə aparıb. Onun sözlərinə görə, seçki bülletenlərində əsasən namizədlərin çoxunun heç bir partiyaya üzv olmadığını görüb: "Seçicilərlə ünsiyyət zamanı gördüm ki, onlar parlamentdə daha cavan insanların seçiləcəyinə ümid edirlər. Mən arzu edərdim ki, Azərbaycanda məktub-seçki formatı da işə düşsün".
Müşahidəçi Birgit Vetzel qeyd edib ki, ümumilikdə 8 seçki məntəqəsində müşahidə aparıb. Onun sözlərinə görə, getdikləri bütün məntəqələrdə müşahidələrini heç bir problem olmadan apara biliblər: "Bütün seçki məntəqələrində bizim suallarımızı çox məmnuniyyətlə qarşıladılar".
Urs Unkauf deyib ki, müşahidələr zamanı seçki siyahısında çoxlu gənc namizədlərin adlarının olduğunu görüblər. Bunu müsbət hal sayan Urs Unkauf deyib ki, bu seçkilərdə qadın namizədlərin iştirak etməsi çox sevindirici idi. O, yerli müşahidəçilərin prosesi izləməsindən razı qaldığını, səslərin düzgün qaydada və vaxtında hesablandığını da söyləyib. Urs Unkauf onu da əlavə edib ki, Dağlıq Qarabağdan olan köçkünlər bu problemin sülhlə həll edilməsini istəyir: "Azərbaycan hökuməti və Berlindəki Azərbaycan səfirliyinə minnətdarlığımı bildirirəm".
Mərmərə Qrupu Vəqfinin sədri dr. Akkan Suver bildirib ki, fevralın 9-da baş tutan seçkilərdə 29 məntəqədə müşahidə aparıb: "Əsasən Nərimanov, Nəsimi, Səbail, Xətai, Nizami, Abşeron, Binəqədi və Sumqayıtdakı seçki dairələrində müşahidə apardım. Şuşa, Ağdam, Xocalı və xocavəndli seçicilərin səs verdikləri namizədlərlə görüşdüm. Abşeronda vyetnamlılarla, Sumqayıtda ATƏT nümayəndələri ilə birlikdə qutuları yoxladıq. Gördüyüm odur ki, Avropa səviyyəsində seçkilər aparıldı. Azərbaycan seçkiyə, demokratiyaya inanc istiqamətində inkişaf edir. Xüsusilə 18 saylı seçki dairəsi üzrə səslərin sayılmasındakı xüsusi diqqət və müşahidəçilərin rəftarı məni heyran etdi. Müşahidəçilərin çoxluğunun xanımların təşkil etməsi bizə xüsusi qürur hissi yaşatdı. Azərbaycanda baş tutan bu seçkilər demokratiyanın özüdür. Seçkilərin xeyirli olacağına və yeni seçilən parlamentin Azərbaycana güc verəcəyinə inanıram".
Beynəlxalq müşahidəçi, Azad Almaniya Universitetinin dosenti, professor Matthias Dornfeldt Dağlıq Qarabağ zonası üzrə seçki məntəqəsində olduğunu deyib. O, Azərbaycanda 3-cü dəfə seçkiləri müşahidə etdiyini də söyləyib: "Məni ən çox təsirləndirən seçki məntəqələrində Dağlıq Qarabağdan olan seçicilərin iştirak etməsi idi. Onlar bizə özlərinin keşməkeşli həyatlarını danışdılar".
Bütün burada yer alan rəylər bir daha onu deməyə əsas verir ki, ölkəmizdə 9 fevral növbədənkənar parlament seçkisi tam şəffaf, demokratik şəraitdə baş tutub, Azərbaycan xalqının iradəsini ifadə edib.
Alpər TURAN
banner

Oxşar Xəbərlər