• cümə, 19 Aprel, 02:05
  • Baku Bakı 18°C

Seçki, yoxsa qara piar?

07.05.21 17:00 1619
Seçki, yoxsa qara piar?
Ermənistanda seçki təbliğatında ən iyrənc metodlardan istifadə edirlər
Ermənistanda seçki kampaniyası namizədlər arasında qarşılıqlı ittihamlar, təhqirlər fonunda davam edir. Əsas ittiham xətti də, İkinci Qarabağ müharibəsində yaşanan biabırçı məğlubiyyət üzərində qurulub. İndiki hakimiyyət əvvəlkiləri müharibəyə ayrılan vəsaitləri mənimsəməkdə, ordu quruculuğuna pul ayırmamaqda, əvvəlkilər də Paşinyan hakimiyyətini naşı və yarıtmaz siyasət yürüdülməsi səbəbindən, ermənilərə məğlubiyyət yaşatdığını irəli sürürlər. Əhalinin seçki prosesinə marağını artırmaq üçün namizədlər hər vasitəni işə salır. Lakin erməni mediasında dərc olunan materiallarda onların cəhdinin uğursuz nəticələndiyi qənaətinə gəlmək olur. Seçki prosesindən söz düşmüşkən, bəllidir ki, parlament baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın bu posta namizədliyini rədd edib. Bu da ölkədə vaxtından əvvəl parlament seçkiləri keçirmək üçün razılaşdırılmış addımdır. Paşinyan aprelin 25-də istefa verərək parlament seçkilərinə yol açıb. Məqsəd Azərbaycanla ötənilki müharibədən sonra yaranmış siyasi böhranı aradan qaldırmaqdır. Mayın 10-da parlamentin ikinci xüsusi sessiyası gözlənir. Prosedura görə, Paşinyanın namizədliyi ikinci dəfə rədd olunarsa, parlament buraxılacaq və prezident Armen Sarkisyan gələn aya seçki təyin edəcək. Paşinyan seçkiyədək baş nazir vəzifəsini icra edəcək.
Reytinq azalır
Bu yaxınlarda ölkənin Seçki Məcəlləsinə dəyişikliklər edilib və müxalifət bunun Paşinyanın qələbəsinə kömək niyyəti güddüyünü iddia edir. Paşinyanın "Mənim addımım” alyansının hazırladığı dəyişikliklər nəticəsində ölkə tam proporsional sistemə keçir. İndiyədək seçkilərdə həm partiya və alyanslara, həm də fərdlərə səs verilirdi. Növbəti seçki isə yalnız partiya siyahısı üzrə keçiriləcək. Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Ermənistan müxalifəti müharibənin nəticəsinə görə Paşinyanı ittiham edərək istefaya çağırıb. Paşinyan martda erkən seçki keçirməyə razılaşıb. O deyib ki, seçkinin iyunun 20-də keçirilməsini istəyir. Rəy sorğuları Paşinyan hökumətinə ictimaiyyətin inamının azaldığını göstərir. Onun reytinqi 60 faizdən 30 faizə düşüb. "Gallup International Association” təşkilatı Ermənistanda seçkiqabağı sorğu keçirib.
Sorğulara əsasən, Ermənistanda "Mənim addımım” blokunun reytinqi bir ayda 4.5 faiz azalıb. Martda respodentlərin 31.7 faizi seçkilərin baş tutacağı təqdirdə "Mənim addımım” blokuna səs verməyə hazır idi, apreldə isə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın başçılıq etdiyi blokun lehinə sorğu iştirakçılarının 27.2 faizi səs verməyə hazırdır. Sorğu iştirakçılarının 8.1 faizi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın başçılıq etdiyi siyasi qüvvənin lehinə səs verməyə hazırdır, halbuki martda bu göstərici 5.9 faiz idi. 3.7 faiz (4.4 faiz) "Çiçəklənən Ermənistan” Partiyasına, 1.8 faiz (2.7 faiz) "İşıqlı Ermənistan” Partiyasına, 1.8 faiz (2.1 faiz) Daşnaksütuna, 1.1 faiz (2.4 faiz) Ermənistan Respublikaçılar Partiyasına səs verməyə hazır olub. Respondentlərin 7.4 faizi heç kimin xeyrinə səs verməyəcəyini deyib, martda isə bu göstərici 24.6 faiz olub. 11.8 faiz seçkilərdə iştirak etməyəcək, 14.3 faiz cavab verməkdən imtina edib. Sorğu telefon nömrələri vasitəsilə martın 26-29-da və aprelin 23-27-də keçirilib. Ermənistanın bütün ərazisindən sorğuda 1003 nəfər iştirak edib.

Koçaryanın çirkin qara piarı

Növbədənkənar parlament seçkilərində iki əsas rəqibin iştirakı bəllidir. Qarşıdurma iki əsas namizəd - baş nazir Nikol Paşinyan və keçmiş prezident Robert Koçaryan arasında gedəcək. Koçaryanın seçki kampaniyası bütövlükdə, özünün də ifadə etdiyi kimi, Ermənistanın hərbi fəlakətindən sonra təhlükəsizliyini təmin edə bilməyən Paşinyana qarşı ittihamlar üzərində qurulub. Öz növbəsində baş nazir də vaxtilə Qarabağla bağlı danışıqlar prosesi zamanı Koçaryanın və onun ən yaxın tərəfdaşlarının yalanlarını üzə çıxaran materialları dərc edir. Koçaryanın ən sevdiyi vasitə milli hisslər üzərində oynamaq bacarığıdır, məhz bunun sayəsində Qarabağın separatçı liderləri illər uzunu ictimai rəyi manipulyasiya ediblər. Koçaryanın tərəfdarları erməni seçicilərini inandırmağa çalışırlar ki, diplomatik yollarla qanunsuz rejimin tanınmasına nail olacaqlar. Qarabağ klanının lideri qarşısına "Ermənistanı qorumaq” və Şuşa ilə Hadrutu "geri qaytarmaq" kimi cəfəng hədəflər qoyur. Halbuki, bir qədər əvvəl bəyan etmişdi ki, Azərbaycanla müharibə aparmaq heç bir halda mümkün deyil- ümumiyyətlə bundan imtina etmək gərəkdir. Paşinyan Koçaryan tərəfdarlarına görə danışıqlar aparmaq iqtidarında deyil. Buna görə də Azərbaycan ərazisində saxlanılan erməni təxribatçıları ətrafında ajiotaj yaratmağa davam edirlər. Ölkənin cənubundakı gərgin vəziyyət alovu daha da artırır - Paşinyan, rus hərbçilərindən Sünik bölgəsi ərazisində Gümrü və İrəvanda yerləşən 102-ci Rusiya hərbi bazasının iki əlavə qalasının yaradılmasını xahiş etmək məcburiyyətində qalıb. Koçaryan davamlı olaraq erməni ictimaiyyətinin gözündə Paşinyanın səriştəsiz və həvəskar bir baş nazir obrazını formalaşdırır. Bildirir ki, baş nazirin heç bir diplomatik qələbəsi yoxdur. Koçayanın əsas hücum xətti hərbi məğlubiyyət mövzusunda spekulasiyalardır. "Vestnik Kafkaza” yazır ki, eks-prezident birincisi, Azərbaycan Silahlı Qüvvələrinin uğurlarını ləğv etməyə çalışır, ikincisi, çürümüş Ermənistan ordusundan, o cümlədən Qarabağdakı işğal rejimindən özünün məsuliyyətini uzaqlaşdırmağa çalışır.

Hamı Paşinyana qarşı

Keçən həftə Ermənistanın keçmiş iki prezidenti kütlə qarşısında çıxış edib, birincisi bugünkü gündəmdən, ikincisi, əsasən gələcəkdən danışıb. "Hraparak” nəşri yazır ki, ortaya çıxan mənzərə qarışıqdır, lakin fəaliyyət göstərdikləri gerçəyi əks etdirir. "Birincisi, Levon Ter-Petrosyan mənəvi övladı Nikolu düz yola qaytarmağa çalışmağa davam edir. İkincisi, (Koçaryan) Paşinyanın məcburiyyəti ilə siyasətə qayıtdığını və onu 20 iyunda "məğlub” edəcəyini təkrarlayır. Birinci prezidentin Nikola dair sözləri cavabsız qalan çağırış olub və indi də belədir. Və belə görünür ki, onun adı yalnız hazırkı baş nazirə müəyyən əxlaqi prinsiplər barədə xatırlatmalar verməklə bağlıdır. Nikolu atalıq və ya mənəvi tövsiyələri ilə yetişdirməyə çalışan Ter-Petrosyan, bir çoxunun hesab etdiyi kimi Erməni Milli Konqresini də özü ilə birgə aparmaqla keçmişdə qalıb. Seçkilərdə rəhbərlik etdiyi Erməni Milli Konqresinin iştirak etmək üçün ərizə təqdim edəcəyi dəqiqləşdirilsə də, partiya qurultayının son qərarı hələ qalmaqdadır. Tərəfdarları ilə görüşən və suallarını cavablandıran Koçaryan, ölkəni uçurumdan çıxarmaqla bağlı mövqeyini təqdim edib. İndiki baş nazirə gəlincə, o, hüquq mühafizə sistemi daxil olmaqla bütün inzibati mənbələrə və özü tərəfindən yaradılan zombi cəmiyyətinə sahibdir. Müharibədəki məğlubiyyət və Sünikdəki hadisələr adı çəkilən cəmiyyətin həcmini xeyli azaldıb, amma yenə də mövcuddur. Buna 2018-ci ilin aprel hadisələrindən çıxmayan bir neçə kiçik partiya da əlavə edilə bilər. Seçki Məcəlləsində müxalifət qüvvələrinin "hücumuna” müqavimət göstərməsini asanlaşdıracaq növbəti bir dəyişiklik aparılmazsa, Paşinyan və ona bağlı qüvvələr ağır daxili siyasi mübarizələrlə üzləşəcək”, - deyə nəşr qeyd edib. Paşinyan da ittihamları gücləndirir. Bildirir ki, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan öz şəxsi mənafeləri naminə Qarabağı satdılar. "Robert Koçaryan və Serj Sarkisyan, siz vətən xainisiniz! Biz sizin satqınlığınızla mübarizə apardıq. Siz hətta müharibə zamanı da satqınlığınızı davam etdirdiniz”, - Paşinyan bildirib. Paşinyan Koçaryan və Sarkisyanı həmçinin ordunu müharibəyə hazırlamamaqda ittiham edib.

Ermənistan ordusunda seçkiqabağı rüşvət

Ermənistan hakimiyyəti mümkün 20 iyun parlament seçkilərindən əvvəl seçkilərdə lazımi səsləri təmin etmək üçün hər şey edir. "168.am” nəşri yazır ki, seçkilərin günü hələlik rəsmi olaraq təyin edilməyib, ancaq Ermənistan hakimiyyəti bir-birininin ardınca vədlər yağdırır. "Nikol Paşinyan öz təhlükəsizliyini təmin edən Ermənistan Dövlət Mühafizə Xidmətinin işçilərinə "rüşvət verdikdən”, onların maaşını 97.5 faizə qədər qaldırdıqdan, müəllimlərin maaşının qaldırılması haqqında danışdıqdan sonra indi də hərbi xidməti "cəlbedici” etməyə yönəlmiş addımlara keçib. Ermənistan Müdafiə Nazirliyinin hazırladığı yeni layihə hərbi xidməti cəledici etməyə və yaxud da seçki kütləsinə rüşvət verməyə yönəlib. Sözügedən layihə mayın 3-dən Ermənistan məhkəmə aktları layihələrinin vahid saytında müzakirəyə qoyulub. Layihənin əsaslandırmasında qeyd olunub ki, layihə hərbi xidməti daha cəlbedici etmək üçün hazırlanıb. Layihə müəlliflərinin sözlərinə görə, qanun layihəsinin qəbul edilməsi əsasında Ermənistan hökumətinin qərarı ilə hərbi rütbələrə görə əlavə ödənişlərin miqdarlarını müəyyənləşdirmək lazım olacaq. Əlavə ödənişlərin ilkin miqdarları və hesablamalar nəticəsində aylıq, əlavə 781 milyon 389 min 420 Ermənistan dramı, illik isə əlavə 9 milyard 376 milyon 673 min 040 Ermənistan dramı lazım olacaq. Xərclər Ermənistan dövlət büdcəsinin vəsaitləri hesabına həyata keçiriləcək”, - deyə nəşr qeyd edib.
Beləliklə, Ermənistanın hazırkı siyasi sahəsində iki əsas fiqur - Paşinyan və Koçaryan var. Seçki ilə bağlı hələ bir qəti qərar verilməməsinə baxmayaraq, əsas rəqiblər olan hazırkı baş nazir və keçmiş prezident qələbə istəklərini gizlətmədən seçkilərə hazırlaşdıqlarını açıq şəkildə bildiriblər. Ancaq Paşinyan yalnız "xalqa” (bu vəziyyətdə, seçicisinə) güvənərək, hər hansı bir ciddi siyasi qüvvə ilə razılaşmaq və qələbəni bölüşmək istəmədiyi şəraitdə, Koçaryan "praqmatik” bir siyasətçi olaraq, böyük oyunçularla tamamilə razılığa gələ bilər. Serj Sarkisyanın hansı mövqeyi sərgiləyəcəyi isə hələlik məlum deyil.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər