“Seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan keçirilir”
"Seçki proseslərinə
müdaxilə edilməsi yolu ilə dövlətlərin daxili işlərinə qarışmaq taktikası son
dövrlərdə geniş istifadə edilməyə başlayıb. Bu barədə səs-küylü araşdırmalar,
yəqin ki, müasir siyasi texnologiyaların istifadəsinin milli dövlətlərin suverenliyi
üçün təhlükəli həddə çatmasından xəbər verir”.
Bu barədə Baş
nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədrmüavini-
İcra katibi Əli Əhmədov "Facebook” səhifəsində yazıb.
"Siyasi mühacir”
statusunu almağın asan yolu
O qeyd edib ki, indi
seçki prosesinə xarici müdaxilə təhlükəsindən ABŞ-da, Avropada, Rusiyada ciddi
xəbərdarlıqlar edilir, necə deyərlər, həyəcan təbili çalınır. İcra katibinin
fikrincə, müxalifəti dəstəkləmək, ona təlimlər keçməkdən tutmuş
maliyyələşdirməyə qədər çox müxtəlif formalarda seçki prosesinə kobud şəkildə
müdaxilə edilməsi halları uzun tarixə malikdir: "Təəssüflə qeyd olunmalıdır ki,
biz dəfələrlə Azərbaycanda bunun şahidi olmuşuq, etirazımızı bildirmişik. Müxalifətin keçirdiyi mitinqləri bir çox xarici ölkə
səfirlərinin diqqətlə izləməsi, bu aksiyalar barədə əvvəlcədən müfəssəl
məlumatlara malik olmaları, hətta digər ölkələrdən xüsusi missiyalı şəxslərin
mitinq yerlərində peyda olması dəfələrlə rast gəldiyimiz hallardır. Bu az imiş
kimi müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla
insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu
ölkəyə qarşı istifadə edilməsi də heç kimə sirr deyil. İş o yerə çatıb ki,
"siyasi mühacir” statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların
vəsiqəsinə sahib olmaq kifayətdir. Mətbuatda siyasətlə heç bir əlaqəsi olmayan
insanların saxta müxalifət partiyası vəsiqəsi ilə xaricə mühacir etməsi
faktları dəfələrlə araşdırma predmeti olmuşdur. Mən bunu bəzi müxalifət
partiyası rəhbərlərinin bu işdə də saxtakarlığını ifşa etmək məqsədilə demirəm,
sadəcə prosesin nə qədər geniş və iyrənc formalar kəsb etdiyini diqqətə
çatdırmaq istəyirəm”.
Azərbaycana
qarşı geniş təbliğat şəbəkəsinin yaradılması
Baş nazirin
müavini yazıb ki, hazırda ölkələrin daxili işlərinə qarışmağın, onlara qarşı
təbliğat aparmağın, seçki proseslərinə müdaxilə etməyin yeni forması sınaqdan
keçirilir: "Bunlardan biri internet televiziyalardır. Müxalifəti dəstəkləməyin
və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər
texnologiyalardan geniş istifadə edilir. Ən
acınacaqlısı da odur ki, ayrı-ayrı yad və təhlükəli maraqlar naminə Azərbaycana
qarşı çirkin yalan və böhtan kampaniyası siyasi mühacir kimi sığınacaq verilmiş
və təbii ki, satılmış azərbaycanlı müxalifət təmsilçiləri tərəfindən aparılır.
Yalnız sadəlöhv adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə
resursları ilə yaradılır və işlədilir. Xeyr. Sığınacaq tapdığı ölkədə heç bir
işlə məşğul olmayan insanın malik olduğu resurslar internet TV işlətmək kimi
heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Sizi əmin edirəm
ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Sözügedən TV sahiblərindən
biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir. Deməli söhbət
Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradılmasından gedir və bir daha
təkrar edirəm ki, bu iş Azərbaycanın müxalifətinin bəzi təmsilçilərinin əli ilə
həyata keçirilir”.
Siyasi
proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşmək
YAP sədrinin
müavini Azərbaycanın bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələrini ölkəmizə
qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə siyasi proseslərə və seçkilərə
müdaxilələrə qarşı vahid cəbhədə birləşməyə səsləyib: "İnanıram ki, milli
mənafeləri hər şeydən üstün tutan partiyalar siyasi baxışlarından asılı olmayaraq
ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı cıxış edənlərə qəti və
layiqli cavab verəcək, maraqlı xarici qüvvələr tərəfindən şirnikdirmə,
satınalma, şübhəli maliyyələşdirmə yolu ilə Azərbaycan müxalifətinin səbatsız
nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verməyəcək”.
Xalqın
suverenliyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş
gəlməlidirlər
Baş nazirin
müavini Ə.Əhmədov qeyd edib ki, Azərbaycan müstəqillik illərində möhtəşəm
inkişaf yolu keçib, güclənib, qüdrətlənib, müasirləşib, dünyada parlaq gələcəyi
olan ölkə kimi tanınıb: "İnsanlar əmin-amanlıq şəraitində yaşayır, özünün,
ailəsinin, övladlarının gələcəyindən nigaran deyil, ən başlıcası isə həyatından
məmnundurlar. Hansısa şübhəli maraqlar naminə bu gözəl ölkənin firəvanlığına,
gələcəyinə, insanlarına problem yaratmağa, xalqın suverenliyini qurban verməyə
hazır olanlar xalqın və onun fəal siyasi hissəsi olan milli qüvvələrin sərt
təpkisinə tuş gəlməlidirlər”.
Alpər İSMAYIL