Seçim qarşısında qalan Qırğızıstan - ya dünyəvi dövlət, ya da...
Prezident seçkiləri ərəfəsində Qırğızıstanda maraqlı proseslər yaşanır.
Ölkə ilə bağlı tədqiqat aparan nüfuzlu beyin mərkəzləri, mütəxəssislər ölkədə dini cərəyan və qurumların aktivləşdiyi
təhlükəsindən bəhs etməyə başlayıblar. Hətta prezident Almazbek Atambayev də bu
təhlükənin artmasından narahatçılığını ifadə edib. Postunu tərk etməyə
hazırlaşan prezident, dövlətçilik və mədəniyyət ənənələrindən çıxış edərək, dini
ekstremizm və terrorizm dalğasının qarşısının alınmasına çağırıb. Bişkekdə
keçirilən beynəlxalq konfransda çıxış edən prezident məsələyə məhz bu cür
yanaşmanın zəruriliyini bildirib. İslam Qırğızıstanda tək cəmiyyətdə deyil,
artıq siyasət və iqtisadiyyatda da mühüm rol oynayır. Almazbek Atambayev da dəfələrlə
insanları yad elementlərdən imtina etməyə çağırıb. Onu da qeyd edək ki, "İslam
müasir dünyəvi dövlətdə” konfransında 19 ölkədən olan ekspertlər, ilahiyyatçılar
iştirak edib. Dövlət başçısı bildirib ki, dini atributlardan yeri gəldi-gəlmədi
istifadə olunur. "İslam heç kimdən dini atributlardan istifadə etməyi, ideya və
inamını, eləcə də, digər dövlətlərin adət-ənənələrini qəbul etməyi tələb etmir.
Belə cəhdlər cəmiyyətdə parçalanmağa, gərginlik və münaqişələrə gətirib çıxara
bilər”, - deyə qırğız prezident vurğulayıb. O bildirib ki, islam ehkamlarının
ən müxtəlif formada çatdırılması təhlükəlidir: "Bundan istifadə edən ekstremist
qruplar terror aktı həyata keçirir, münaqişələrə səbəb olurlar. Dünyada heç bir
ölkə belə bir destruktiv fəaliyyətdən sığortalanmayıb”.
Bir sıra hesablamalara görə, ölkə ərazisində 3 mindən artıq məscid
fəaliyyət göstərir və onların heç də hamısı dövlət qeydiyyatından keçməyib. Özü
də ən təhlükəlisi odur ki, dini obyektlərin sayı xarici ölkələrdən axıdılan
maliyyə hesabına artır. Hətta qırğızlar arasında yarızarafat belə söhbət gəzir
ki, ölkədə məscidlərin sayı məktəblərin sayından çoxdur. Bura əlavə olaraq 102
fəaliyyətdə olan mədrəsə, 7 islam institutu və 1 islam universitetini də daxil
etmək olar. Dindarların da sayı durmadan artır. Qırğız şəhərlərində, xüsusən də
regionlarda ənənəvi müsəlman geyimlərində olan qadınların sayı sürətlə artır.
Kişilərə isə ağ rəngdə Pakistan şalvarları və uzun köynəklərdə - kamizlərdə
rast gəlmək mümkündür. Belə bir paltar qırğızlarda heç bir vaxt dəb olmayıb. Yalnız
Bişkek dünyəvi şəhər statusunu qoruyub
saxlayır. Lakin burada da vəziyyət sürətlə dəyişir. Mütəxəssislər hesab edir
ki, islamın Qırğızıstanda rolu zaman-zaman artacaq və bu prosesin geri dönməsi
çətin olacaq. Hərbi və təhlükəsizlik məsələləri üzrə ekspert Toktokul
Kakçekeyev hesab edir ki, Qırğızıstanda dini psixoz göz önündədir.
"Dini
atmosfer şəraitində uşaqlar tərbiyə olunur. Onların beyninə müasir mədəniyyətin
aşılandığı yeridilir. Küveyt, Qətər, Səudiyyə Ərəbistanı kimi dövlətlərin
hesabına məscidlər tikilir. Sovet dövründə məscidlərin sayı 40-ı keçmirdi. Bu
gün isə 3000 minə yaxındır. Dini məktəblərdə Misir, İordaniya, Səudiyyə
Ərəbistanı və digər ölkələrdə ali dini təhsil alanlar çalışır”, - deyə ekspert
vurğulayıb. Onun sözlərinə görə, respublikada dini ənənələr təbliğ edilir. Ən
təhlükəlisi isə ölkədə islam dövlətinin yaradılması barədə müzakirələrin artmasıdır.
"Hakimiyyət hələ ki, açıq ekstremist çıxışlara reaksiya verir. Lakin adekvat
tədbirlər görülməsə, onda gələn il keçiriləcək parlament seçkilərində yerlərin
yarısına dindar deputatlar yiyələnə bilər”, - deyə ekspert bildirib. Prudent Solutions Analitik
Mərkəzinin direktoru Esen Usubaliyev isə hadisələrin belə inkişaf ssenarisini
real saymır. Belə ki, yaxın illər üçün dini əsaslara söykənən siyasi partiyanın
yaradılması mümkünsüz görünür. Qırğızıstanda isə sərt dini liderlik üfüqdə belə
görünmür. Belə ki, mövcud müsəlman qrupları sırasında vahid mövqe yoxdur. Onlar
müxtəlif təsir altında olub, siyasi platformaya belə malik deyillər. "İstisna
etmirəm ki, islam partiyası ideyası olsun. Lakin siyasi fəaliyyəti lazımı
səviyyədə təmsil edə bilmirlər”, - deyə ekspert Toktokul Kakçekeyev bildirib.
Onun sözlərinə görə, hakimiyyət dəqiq mövqeyə malikdir - Qırğızıstan dünyəvi
dövlətdir və belə də qalacaq.
Azər