Seçdiyimiz peşəyə uyğun olub-olmadığımızı necə müəyyənləşdirək? – Gənclərə məsləhət
Orxan Oruc: "Həmin testlər vasitəsilə
hansı xarakterlə hansı peşənin uyğunluq təşkil etdiyini müəyyənləşdirmək olur”
Bir çox insan təhsilini başa vurduqdan sonra öz ixtisası üzrə
çalışmağa başlayır. Təbii ki ilk vaxtlar təcrübəsizlikdən işin çətinlikləri
daha çox ola bilir. Bu zaman bir qisim kadr seçdiyi sahə ilə bağlı tərəddüd etməyə
başlayır. Hətta ilkin çətinlikləri görüb, "bu mənim sahəm deyil” deyərək
uzaqlaşanlar da olur. Maraqlıdır, burda iş dünyasına yeni atılmış kadr özü üçün
müəyyənləşdirməni necə aparmalıdır? Necə bilməlidir ki, seçdiyi sahə ona
uyğundur, yoxsa yox?
Psixoloq, insan resursları
üzrə mütəxəssis Orxan Oruc deyir ki, hər peşənin özünün xüsusiyyətləri
var və hələ ixtisas seçimi zamanı bunları diqqətdə saxlamaq lazımdır: "Hələ
ixtisas seçimi edərkən bununla bağlı araşdırma aparmaqda fayda var. İnsan hansı
yaş ərəfəsində olmağına baxmayaraq, ilk növbədə seçdiyi peşəni təhlil etməlidir.
Özü üçün müəyyənləşdirməlidir ki, peşənin tələb etdiyi xüsusiyyətlər onun
xarakteri ilə üst-üstə düşürmü? Eyni zamanda seçdiyi
peşənin onun fizioloji və psixoloji imkanları ilə üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirməlidir.
Çünki bəzi işlər fiziki cəhətdən daha çox aktivlik tələb edə bilər. Bunu öncədən
bilmək lazımdır. Yaxud fiziki cəhətdən daha dözümlü olmağı tələb edən sahələr
var. Məsələn, biz indi texnologiya dövründə yaşayırıq. Buna görə, bir çox insan
kompüterlə bağlı peşələrə üz tutur. Ancaq sonradan bəlli olur ki, bu insanın
fiziki imkanları kompüter qarşısında oturmağa yaramır. Ona görə, seçim edərkən
təcrübəli şəxslərdən bu istiqamətdə məsləhət ala bilərlər”.
O.Oruc bildirdi ki, beynəlxalq təcrübədə
bununla bağlı bir sıra psixoloji testlərdən istifadə olunur: "Bu testlər hər
yaş qrupuna görə fərqlidir. Həmin testlər vasitəsilə hansı xarakterlə hansı peşənin
uyğunluq təşkil etdiyini müəyyənləşdirmək olur. Bu testlər 70-80 faiz doğru nəticə
verir. Düşünürəm ki, zamanla bu testlərə bizim ölkəmizdə də tələbat artacaq və
insanlar artıq peşə seçimi ilə bağlı mütəxəssislərə müraciət etməyə
başlayacaqdır. Onu da qeyd etmək istərdim ki, bu gün iş sahələrimizdə kadr
çatışmazlıqlarının səbəbi məhz insanların peşəkar dəstək almadan ixtisas seçimi
etməsidir. Unutmaq olmaz ki, seçilən hər düzgün olmayan ixtisas, o sahədə
uğurlu olacaq şəxsin yerini tutmaq və boşa keçirilən zamandır”.
O.Oruc deyir ki, gənclər hansısa bir sahəyə
üz tutduqda qarşılarına çıxacaq çətinliklərdən xəbərsiz olurlar. Ona görə, iş həyatına
başladıqda qarşılarına çıxan ilkin çətinliklər onları həvəsdən sala bilir: "Bu
situasiya həyatında heç bir məqamda məsuliyyəti öz üzərinə götürməmiş və ciddi
qərarlar qəbul etməmiş insanlar üçün daha çox çətinlik yaradır. Kadr işə yeni
başlayır və çətinliklər, onu qısa zamanda o sahədən uzaqlaşdırmaq qərarı verməyinə
gətirib çıxarırsa, bu zaman mütəxəssisə müraciət olunmalıdır. Müəyyənləşdirilməlidir
ki, iş onun xarakterinə uyğun deyil, yoxsa üzərinə məsuliyyət götürməyə meyilli
olmadığı üçün belə qərara gəlib?”
Gənc kadr bir sahədə nə qədər müddət
çalışdıqdan sonra işin ona uyğun olub-olmadığını tam müəyyənləşdirə bilər?
O.Oruc bunun hər kəsə görə dəyişdiyini bildirdi: "Elə insan var ki, ona bir ay bəs
edir ki, adaptasiya olsun və bu işin
onun xarakterik, psixoloji və fizioloji xüsusiyyətlərinə uyğun olub-olmadığını
müəyyənləşdirsin. Elə insan da var ki, hətta bir il müddətində belə çalışdığı
işin ona uyğun olub-olmamağını müəyyən edə bilmir. Ona görə də, fikrimcə, işə
adaptasiya müddəti hər bir insanın öz şəxsi bacarıq və keyfiyyətlərindən
asılıdır”.
O.Oruc qeyd etdi ki, bir çox Avropa ölkələrində
universiteti yeni bitirmiş gənc kadrlar belə problemlə üzləşməmək üçün öncə könüllü
kimi fəaliyyət göstərməyi üstün tuturlar: "Təhsil aldıqları sahə ilə bağlı fərqli
istiqamətlərdə könüllü kimi çalışırlar, iş mühitində olurlar. Könüllü fəaliyyət,
seçdikləri peşənin onların fizioloji və psixoloji xüsusiyyətlərinə uyğun
olub-olmadığını müəyyən etməkdə kömək edir. Eyni zamanda könüllü fəaliyyət
insanın çalışdığı sahədə öz şəxsi bilik və bacarıqlarını inkişaf etdirməkdə də
çox böyük rol oynayır. Fərqli istiqamətlərdə könüllü kimi çalışırlar və sonda
özlərini hansı istiqamətdə tapsalar, orda da çalışmağa davam edirlər. Bizdə hələ
bu təcrübə çox da geniş yayılmayıb”.
Cəmil
Nağızadə