• şənbə, 20 Aprel, 06:47
  • Baku Bakı 14°C

“Seçdiyim yolda seçildim” – Şou-biznes

10.07.15 13:06 2603
“Seçdiyim yolda seçildim” – Şou-biznes
Aparıcı Kəmalə Piriyeva: “İndi kənddə məndən də baxımlı qızlar var”
“İyulun 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək, havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq” - bu sözləri siz onun dilindən tez-tez eşidirsiniz. O, ATV telekanalında yayımlanan seriallarda əsas obrazlarda çıxış edərək, əyləncəli verilişlərdə də aparıclıq edir.
Beləliklə, müsahibimiz gözəlliyi ilə efirə yaraşıq verən gənc aktrisa, aparıcı Kəmalə Piriyevadır.
- Kəmalə xanım, artıq bir mövsümü də geridə qoyduq. Yeni mövsümdə tamaşaçılar sizi hansı ampluada görəcəklər?

- Mövsümü yeni başa vurmuşuq, hesab edirəm ki, indidən yeni mövsümdən danışmaq bir qədər tezdir. Artıq sənət dostlarım telekanalda yeni mövsüm üçün maraqlı layihələr təqdim ediblər. Mənim də fikrimdə maraqlı layihələr var. Ancaq böyük ehtimal ki, köhnə layihələrimi davam etdirəcəm. Bununla yanaşı, yeni mövsümdə yeniliklər etmək də istəyirəm. İnşallah, yaşayarıq, görərik. Bircə onu deyə bilərəm ki, tamaşaçılar məni ciddi, sosial yüklü verilişlərdə görməyəcəklər. Özümü hələ ki ciddi verilişlərdə görmürəm. Yəqin ki, şou xarakterli, əyləncəli, bol enerjili verilişlə tamaşaçıların qarşısına çıxaram.
- Sizi nə zamansa ciddi verilişlərdə görə biləcəyikmi?

- Sosial verilişlərdə siz məni yalnız 30-35 yaşımdan sonra görə bilərsiniz. Düşünürəm ki, indi ictimai yüklü verilişlər aparmaq mənim üçün tezdir. Gənc bir aparıcının efirə çıxıb, hansısa problemlərdən danışması, kimlərəsə yol göstərməyi qəbul olunmaz.
- Məşğul olduğunuz hansı sənət sizə daha yaxındır - rejissorluq, aktyorluq, yoxsa aparıcılıq?

- Hazırda məşğul olduğum sahələr bir-biri ilə çox bağlı olan sənətlərdir. Rejissorluğa bir qədər fasilə vermişəm. Aparıcılıq və aktrisalıq sənəti ilə məşğulam. Düzünü desəm, nə aktrisalıq, nə də aparıcılıq asan sənət deyil. Ümumiyyətlə, həyatda rahat, asan iş yoxdur. Ola bilər ki, aktrisalıq sənəti kənardan sizə asan görünsün. Ancaq onun dərinliyinə varanda görürük ki, doğrudan da çətindir. Aparıcılıq da onun kimi. Hər biri özlüyündə çətindir.
- Hava proqnozunu təqdim etmək necə, o da çətindirmi?

- Hava proqnozunu təqdim etmək aparıcılıq deyil, sadəcə onu təqdim edirsən. Ancaq aparıcılıq etdiyin verilişdə özündən improvizələr etməli, verilişin bir növ idarəedicisinə çevrilməlisən. Hava proqnozunda isə vəziyyət bir qədər başqadır. Qarşınızda yazı olur, siz də onu diktə edirsiniz. Bir sözlə, diktorluq edirsən. Bu o qədər də çətin deyil.
- Olubmu ki, hava ilə bağlı hansısa proqnozu vermisiniz, sonra düz gəməyib?

- O qədər olub (gülür). Öncədən hava proqnozunu təqdim etmək o demək deyil ki, hava bu gün mütləq belə olacaq. Biz sadəcə deyirik ki, belə olmaq ehtimalı var. Hava günəşli olacaq deyiriksə, bu o demək deyil ki, 100 faiz hava günəşli olacaq. Hərdən uyğun olmayan proqnozlar da olur. Bəzən efirdə də texniki səhvlər olub. Diqqətli tamaşaçılar onu görüb. Hava proqnozuna baxıb, evdən çıxan tamaşaçılar bunu bizə bildirib.
- Rol aldğınız “Miras” serialındakı kəndli qızı - Billurə nə zaman şəhərli qıza dönəcək?

- Artlq “Miras” serialıının finalı oldu. Mövsümə bağlandı. Billurə həmin serialın yalnız bir seriyasında şəhər qızı oldu. Ancaq yenə də bəxti gətirmədi, yenidən kəndçi oldu.
- Biz sizi hava proqnozunu təqdim edən müasir, dəblə geyinən biri kimi tanımışıq. Məhz bu səbəbdəndir ki, tamaşaçı sizi kəndçi obrazında qəbul etməkdə çətinlik çəkirdi.

- Kəndli qızı deyəndə, hər kəsin gözündə çatmaqaş, üzündə xal olan, uzun geyinən biri canlanır. Ancaq real həyatda vəziyyət bir qədər başqadır. İndi kənddə olan qızların hamısı o formada deyil. Kəndli qızları çox baxımlıdır. Yeri gələndə kənddə məndən də baxımlı qızlar var. Biz istədik ki, Billurə obrazında bir az avam, sadə, sakit, yeri gələndə sözünü deməyi bacaran bir obraz yaradaq. Digər tərəfdən aktrisanı yalnız bir obraz və ya bir ampluada tanımaq düzgün yanaşma deyil. Aktrisa bu gün müasir, dəbli qızı canlandırırsa, sabah dilənçi, süpürgəçi, şahzadə obrazını da canlandıra bilər. Yalnız bir obrazda onu qəbul etmək mümkün deyil.
- Sosial şəbəkələrdə sizi izləyirik və gördüyümüz qədəri ilə şəkil çəkdirməyi çox xoşlayırsınız. Gün ərzində nə qədər şəkil çəkdirirsiniz?

- Sosial şəbəkələrdən o qədər də çox istifadə etmirəm. Demək olar ki, bircə “İnstagram”da çox aktivəm. Hər gənc kimi mən də şəkil çəkdirməyi xoşlayıram. Sosial şəbəkələrdə paylaşılan şəkilləri mən paylaşmıram. İndiki dövrdə şəkil çəkdirməyi kim xoşlamır ki? “Palaza bürün elnən sürün” deyiblər (gülür). Gün ərzində özümdən xoşum gəlsə, şəkillərimin sayı 200 keçə bilər. Xoşuma gəlməsə, heç bir dənə də şəkil çəkdirmirəm.
- Efirə çıxmasaydınız, hansı sənətlə məşğul olardınız?

- Yəqin ki, psixoloq olardım. Universitetə hazırlaşdığm illərdə ailədə hər kəs elə zənn edirdi ki, mən 4-cü qrupa - psixologiyaya sənədlərimi verəcəm. Birdən-birə hamıdan gizlincə fikrimi dəyişdim. Sənədlərimi hazırlayıb Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Yaxşı ki, bu seçimi etdim, heç də peşman deyiləm. “Televiziya rejissorluğu”na qəbul olundum. Valdeynlərim hər şeyi öyrənəndə əvvəlcə narazılıq etdilər. Biləndə ki, artıq iş işdən keçib və mən Universitetə qəbul olmuşam, heç məni təbrik də etmədilər. Vəziyyət elə gətirdi ki, Universitetə getdiyim heç bir həftə olmamış, məni işə qəbul etdilər. O zamandan aparıcı kimi fəaliyyət göstərməyə başladım. Valideynlərim də mənim uğurlarımı görəndə səhv seçim etmədiyimə bir daha əmin oldular. Bəlkə psixoloq olsaydım, bu qədər uğur qazanmazdım, fərqlənməzdim. Bir sözlə, seçdiyim yolda seçildim. İstədyim işə qəbul oldum. Öz yolumu tapdım.
- Gələcəkdə serial, film çəkmək istəyiniz varmı?

- Televiziya rejissorluğunu bitirmişəm. Ola bilsin ki, gələcəkdə klip, serial, film çəkdim. Ancaq indi mənim üçün tezdir. Bəlkə yaşım artdıqca, təcrübə topladıqca, daha sonra rejissor kimi fəaliyyətə başlayaram. Hələ ki aparıcı və aktrisa kimi çalışıram. Kiminsə filmində obraza can vermək istəyirəm.
- Sənət dostunuz, aparıcı Samirlə şəkilləriniz yayımlanmışdı. Bu da birmənalı qarşılanmadı. Sizin sevgili olduğunuz söylənilirdi...

- O, sadəcə bir fotosessiya idi. Bu ideya fotoqraf tərəfindən gəlmişdi. Biz artıq buna öyrəşmişik. Adətən iki subay gənci bir yerdə görəndə onların sevgili oldğunu zənn edirlər. Bu söz-söhbətlər də ondan qaynaqlanır. Ancaq bunun heç bir əsası yoxdur.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər