Səbuhi Əhmədov: “Ağdamlı tamaşaçıların qarşısına Aydın kimi çıxmaq mənim arzumdu”
Artıq iyirmi altı ildir düşmən tapdağı altında olan
torpaqlarımızdan uzaq düşsək də, mədəniyyətimizə, tariximizə sahib çıxmaq bir vətəndaş
kimi borcumuzdu. Mədəniyyətimizin bir parçası da, canlı sənət olan
teatrımızdır. İşğal altında olan torpaqlarımızdan qaçqın düşmüş bir sıra
teatrlarımız nə qədər ağır, acınacaqlı olsa da, özlərində güc-qüvvə toplayaraq
bu sənətin adın yaşaması üçün əllərindən gələni əsirgəmirlər. Bəzilərinin öz
binaları olmasa da, müvəqqəti sığınacaq kimi məskunlaşdığı binalarda fəaliyyətlərini
davam etdirirlər. Bu gün Ağdam Dövlət Dram Teatrı Ağdamın Quzanlı qəsəbəsində məskunlaşmasına,
doğma şəhərindən uzaq düşməsinə baxmayaraq əzmlə ayaq üstə dayanmağı özünə borc
bilir.
Yaxın günlərdə teatrda Elçin Hüseynbəylinin eyni
adlı pyesi əsasında hazırlanan "İmperator” tamaşasının premyerası oldu. Biz də
fürsətdən istifadə edib tamaşanın quruluşçu rejissoru, gənc olmasına baxmayaraq
yaratmaq eşqi ilə alışıb-yanan Səbuhi Əhmədovla söhbət etdik. Söhbətimizə
başlamazdan öncə müsahibim haqda qısa da olsa məlumat vermək istərdim. Əhmədov Səbuhi (yaxud Səbuhi Əsədsoy)26 sentyabr1981-ci ildəLaçın rayonununƏrdəşəvikəndində ziyalı ailəsində
anadan olub, 1998-ci ildə Ərdəşəvi kənd tam orta məktəbini bitirib. 1999-
2001-ci illərdə hərbi xidmətdə olub. 2002-ci ildəAzərbaycan Mədəniyyət və İncəsənət Universitetinin"Dram-kino aktyorluğu" fakültəsinə daxil olan Səbuhi
2006-cı ildə təhsilini başa vurub. Elə həmin il
öz yaradıcılığınıRusiya FederasiyasınınDağıstan Respublikasındafəaliyyət göstərənDərbənd Azərbaycan Dövlət Dram Teatrındadavam etdirməyə başlayıb. Hələ universitetin 4-cü kursunda oxuyarkən
yenicə yaranan Azərbaycan Dərbənd Dövlət Dram Teatrından Mədəniyyət və İncəsənət
universitetinə göndərilən məktuba əsasən, teatrın ixtisaslı kadr çağrışına 30 məzundan
yalnız Səbuhi Əhmədov səs verib. Dərbənd
Teatrında ilk rolu T.Vəliyevanın "Bankir adaxlı" musiqili
komediyasında Zaur, ardınca M.Şamxalovun "Qayınana" musiqili
komediyasında İlqar obrazları olub. Azərbaycan Respublikasının Xalq artisti hamının "Moşu" kimi tanıdığıValeh Kərimovbu teatra rejissor kimi gələrək Ə.Haqverdiyevin "Dağılan
tifaq" faciəsinə quruluş verərkən Səbuhi Əhmədova bu tamaşada baş rolu - Nəcəf
bəy obrazını həvalə edib. 28 yaşında olan Səbuhi Əhmədov 55-60 yaşında olan bu
bəy obrazını çox böyük uğurla oynayıb. R.Rəhimlinin "Sevgi nağılı"
dramasında yeni baş rolu-Gündüzü,C.Cabbarlının "Aydın" faciəsində
Aydını, O.Kamalın "Yad qızı" faciəsində Məzhər bəyi, Anarın "Təhminə
və Zaur" dramasında Zauru, A.Saqarellinin "Xanuma" komediyasında
Knyaz Vano Pantiaşvili rollarını canlandırıb. Səbuhi Əhmədov hazırda Ağdam Dövlət
Dram Teatrının rejissorudur.
-Səbuhi bəy, necə oldu ki, aktyorluqdan
rejissorluğa gəldiniz?
-Əslində, heç vaxt rejissorluq iddiam olmayıb və
bunu heç arzulamamışam da. Özümü tanıyandan aktyorluq sənətinin vurğunu olmuşam
və arzum da çatmışam. Bəxtim onda gətirib ki, aktyorluqda təhsil alanda
ustadlarım rejissorlar olub. Bu çox önəmli bir şeydir, aktyorun bacarıqlı
yetişməsində müəlliminin rejissor olması önəmlidir. Belə olanda tələbə həm
aktyor, həm də rejissor kimi yetişir. Onu da qeyd edim ki, hər aktyor da
rejissor ola bilməz. Amma aktyor savadlı, bacarıqlı aktyordusa nə vaxtsa
rejissor kimi istedadını üzə çıxarmağa nail olacaq. Yəqin mənim də içimdə, dərinlikdə
bu varmış ki, özünü büruzə verdi. Ağdam Dövlət Dram Teatrında üç ilə yaxındır
işləyirəm. Mənə göstərilən etimada görə rejissor vəzifəsini icra etməyə
başlamışam. Bu işdə əsas teatrın direktoru Məhəmməd Hüseynov və teatrımızın
keçmiş baş rejissoru Sərvər Əliyevin böyük təşəbbüsü oldu. Sərvər Əliyev mənə
bir tamaşa hazırlamağı təklif etdi. İlk
sınağım olaraq Rəhman Əlizadənin ikihissəli kilimarası məzhəkəsi olan "Keçəlin
toyu” uşaq tamaşasını hazırladım. Tamaşa böyük uğur qazandı, hətta, qastrollara
belə getdik, bununla da bu etimadı doğrultdum.
-Bu günlərdə "İmperator” tamaşasının premyerası baş
tutdu. Necə qarşılandı?
-Elçin Hüseynbəylinin bu əsəri üzərində çox gərgin
və uzun məşqlərimiz oldu. Tamaşada üç iştirakçı vardı - əməkdar artist Aida
Qasımova, Nizami Ələkbərov və mən özüm. Tamaşanın ərsəyə gəlməsində texniki və
yaradıcı heyətin çox köməyi oldu. Ağır bir tamaşa idi, mizanlar, hadisələr
ancaq bu üç nəfərə yüklənmişdi, onlar üzərində qurulmuşdu. Lakin buna
baxmayaraq zəhmətimiz yerdə qalmadı və çox gözəl bir tamaşa alındı. Premyera
anşlaqla keçdi, qarşımızdakı günlərdə də repertuarımızda var və tez-tez
oynayacağıq.
-Səbuhi bəy, bu əsərə müraciət etməkdə məqsədiniz nə
idi, tamaşaçılara nəyi demək istədiniz?
-Əslində bu əsəri Sərvər Əliyev gətirmişdi, rolları
bölmüşdü və tamaşa dördüncü rüb üçün nəzərdə tutulmuşdu. Lakin gözlənilmədən Sərvər
müəllimin bizim teatrdan İrəvan Dövlət Dram Teatrına baş rejissor getdi və
direktorumuz Məhəmməd Hüseynov tamaşanı mənə etimad göstərdi və mən də böyük məmnuniyyətlə
təklifi qəbul etdim. Bu pyes müasir ədəbiyyat məhsuludur, yəni sırf müasir olan
həyatımızla bağlıdır. Mənə elə gəlir ki "İmperator” pyesi Azərbaycan
dramaturgiyasının standartından kənarda olan bir pyesdir. Çünki burada hadisələr
tam fərqli bir üslubda cərəyan edir. Bu, sanki film üçün yazılmış əsərdi. Onu
teatrda işləyib, hazırlamaq çox çətindir. Tamaşaçılara çox şeyi göstərmək olar.
Müasir həyatımızın çatışmayan tərəflərini, müəyyən eybəcərliklərini. Günümüzün
reallığı ilə səsləşən bir əsərdir. Tamaşaya baxan hər bir seyrçi sanki bütün
hadisələrin içində olur, bir növ bu, hadisələr içindəymiş kimi gəlir ona.
-Teatrda hansı çətinliklərlə qarşılaşırsınız?
-Bilirsiniz ki, bu gün Azərbaycanda bir neçə teatr
var ki, onlar məcburi köçkün statusundadırlar. Bunlardan biri də Ağdam Dövlət
Dram Teatrıdır. Zamanında Ağdam Teatrı böyük aktyorları ilə Azərbaycan teatrında tarix yazan bir
teatr olub. Bu gün isə teatrın öz binası düşmənlərimiz tərəfindən dağıdılıb.
Hazırda Quzanlıda fəaliyyət göstəririk. Şükürlər olsun hər bir şəraitimiz var,
tamaşalar qururuq, məşqlər edirik, aktyorlarımız həvəslə çalışırlar, bərabərik
və teatrın gələcək uğurları naminə səy göstəririk. Bunu deməyi özümə borc bilirəm
ki, teatrımız ön cəbhə xəttindədir, hətta, "döyüşən teatr” da demək olar. Ancaq
məcburi köçkün statusu, düşmənlə təmas xətti bizim teatra olan əzmimizi,
sevgimizi üstələyə bilməz. Bacardığımızı edirik, qürurverici haldır teatrımızda
elə tamaşalar hazırlanır ki, son on ildə deyərdim əyalət teatrlarımızda belə
tamaşa hazırlanmayıb.
-Başqa teatrlardan təklif gələrsə, istər aktyor,
istərsə də rejissor kimi gedərsinizmi?
-Belə bir təklif gəlsə əvvəla düşünməm lazımdır. Həmçinin
bu gün Ağdam Teatrının qaynayıb-coşan vaxtında buranı tərk etməyim çətin olar.
O zaman mənə elə gələr ki, nəyisə tamamlamamış gedirəm.
-Bir tamaşanı hazırlayarkən əsas nəyə fikir
verirsiniz?
-Tamaşa hazırlayarkən diqqət yetirməli çox şey var,
bunlardan əsası aktyor seçimidir. Əgər tamaşadakı obrazlara uyğun olaraq
aktyorları düzgün seçirsənsə bu tamaşanın birbaşa uğurudur. Amma əvvəlcə
aktyorun potensialına bələd olmaq lazımdır, gərək rol ona yük olmasın. Aktyor təkcə
aktyorluğu bilməməlidir, savadlı, hər sənətdən hali olmalı, xarakterləri bilməlidir.
Lakin sintetik sənət olan teatrda tək aktyordan söhbət gedə bilməz, ümumilikdə
hər şey tam və cəm olmalıdır.
-Sizin üçün rejissorluq yoxsa aktyorluq daha çətindir?
-Mənimçün bütün sahələr çətindir. Asan əldə edilən
hər bir şey, asan da əldən gedər. Aktyorluq çətindir söz yox, lakin fikrimcə
rejissorluq daha çətindir. Aktyor tək bir şeyi-özünü daha çox düşünürsə,
rejissor bir tamaşanın bütövlükdə taleyini düşünür.
-Qarşıda hansı yeniliklər gözlənilir?
-Ağdam Dövlət Dram Teatrı qarşıdakı aylarda
teatrsevərlərin qarşısına möhtəşəm bir dramla, Cəfər Cabbarlının "Aydın” faciəsi
ilə gələcək. Hal-hazırda rol bölgüsü başa çatıb, oxunuşlar gedir. Tamaşanı baş
rejissorumuz əməkdar artist Novruz Cəfərov hazırlayır. Mən də bu tamaşada
Aydını oynayacam. Vaxtilə Dərbənd Dram Teatrında bu tamaşa qurulmuşdu və Aydın
obrazını canlandırmışdım. Sağ olsunlar Məhəmməd Hüseynov və Novruz Cəfərov istəyimə
qarşı gəlmədilər. Ağdamlı tamaşaçıların qarşısına Aydın kimi çıxmaq mənim
arzumdu.
-Maraqlı söhbətimizə görə təşəkkür edir, gələcək
işlərinizdə uğurlar arzulayırıq.
-Çox sağ olun.
Nigar Pirimova
teatrşünas