• şənbə, 20 Aprel, 07:09
  • Baku Bakı 14°C

“Səbrin də bir həddi-hüdudu var”

29.07.15 11:48 1396
“Səbrin də bir həddi-hüdudu var”
Ünvanına yağdırılan təhqirlərə dözməyən Ruslan Bəşirlinin sözlərinə görə, AXCP-dən gedənlərin əksəriyyəti Əli Kərimlinin xarakterinə, tutduğu siyasi yola etiraz edirlər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq üzvü, 7 il həbsdə yatan və azadlığa çıxdıqdan sonra QHT sektorunda çalışan, ardınca Avropa.info saytını yaradaraq jurnalist fəaliyyəti ilə məşğul olan Ruslan Bəşirli keçmiş partiya üzvləri tərəfindən təhqir və ittihamlara məruz qalıb. Cəbhəçilər baş redaktorun sosial şəbəkədəki səhifəsinə hücum çəkərək, onu AXCP-yə xəyanətdə, satqınçılıqda təqsirli biliblər.
Baş verənlərlə bağlı “Kaspi”yə fikirlərini bölüşən R.Bəşirli deyib ki, o, həbsdən çıxandan sonra da ünvanına eynən bu cür, heç bir əsası olmayan, heç bir məntiqə söykənməyən ittihamlar səsləndirilib. Jurnalistin sözlərinə görə, həmin ittihamların əsasını “niyə bizimlə deyilsən?” – kimi tələblər təşkil edib: “Bu cür tələbləri, ittihamları səsləndirən insanlardan ibarət bir qrup formalaşıb və sanki onlara kimlərsə müstəsna səlahiyyətlər verib, onlar istədikləri adamı necə gəldi mühakimə edə bilər, hamıdan sorğu-sual tələb edə bilərlər. Yəni ünvanıma ən müxtəlif ittihamlar səsləndirənlər özlərini bu cür aparırlar. Bu qrupa daxil olanlar tək məni deyil, Azərbaycan mediasında, ictimai-siyasi həyatında az-çox tanınan bir çox insanları bu cür təhqir edirlər. Srağagün baş verən hadisəyə gəlincə, bir neçə gün bundan öncə Gədəbəy rayonunda Ermənistan silahlı qüvvələri bizim cəbhə xəttindəki mövqelərimizə hücum etmişdilər və ordumuz onlara layiqli cavab verib yerində oturtmuşdu. Həmin atışmada bir nəfər şəhid vermişdik. Bu barədə kütləvi informasiya vasitələri, Müdafiə Nazirliyi də ictimaiyyətə yetərli məlumat verdilər. Əksər media qurumları kimi Avropa.info saytı da düşmənin mümkün təxribat xarakterli xəbərlərini deyil, Müdafiə Nazirliyinə istinadən cəbhə xəttindəki vəziyyət barədə doğru və obyektiv xəbəri yaydı. Əlavə olaraq hazırladığımız yazıda Azərbaycan əsgərlərinin şücaətini, mövqelərimizə soxulmaq istəyən düşmənə layiqli cavab vermələrini də qeyd etmişdik. Görünür, ordumuzun erməni tərəfinə ağır zərbə vurması daxilimizdəki bəzi insanları da bərk narahat edib ki, buna görə də bizim üzərimizə hücuma keçiblər. Onlar hazırladığımız yazıları bir kənara qoyub, yalnız ünvanıma sosial şəbəkədə təhqirlər, söyüşlər yağdırmağa başladılar”.
R.Bəşirli deyib ki, ona qarşı aparılan kampaniya bir-iki nəfərin işi deyil, bu, əvvəlcədən düşünülmüş və məqsədli şəkildə həyata keçirilir. Onun dediklərinə görə, AXCP-nin rəhbərliyində təmsil olunan adamlar da bu kampaniyaya dəstək verirlər: “AXCP-də bu kimi proseslər Əli Kərimlinin icazəsi olmadan baş vermir. Ona görə də xəbərdarlıq mesajı yazdım və bildirdim ki, əgər AXCP rəhbərliyi bütün bunlara son qoymasa, ciddi ifşaedici suallarla üzbəüz qalacaq. Ümumiyyətlə, bütün bunlardan təəssüf edirəm. Cəmiyyətdə itib-batmış bir qüvvə yalnız təhqir, qarayaxma yolu ilə özünü gündəmdə saxlamaq istəyir, hər kəsə xəyanətkar damğası vurur. Həbsxanada olduğum dövrlərdə, eləcə də son illər ərzində cəmiyyətdə tanınmış bir çox insanlar AXCP-dən istefa veriblər, partiya ilə yollarını ayırıblar. Əgər bu insanların hamısı xəyanətkarlardırsa, partiya sədri nə üçün bunun fərqinə zamanında varmamışdı, partiya üzvü olarkən onlar barədə belə fikirlər səsləndirmirdi? Mümkün deyil ki, əks fikrə sahib olan, müstəqil düşünən hər kəs xəyanətkar olsun. Bu məntiqi əsas götürsək, onda belə çıxır ki, AXCP-də yeganə doğru-dürüst adam Əli Kərimlidir? Belə deyil axı. Belə yanaşma kökündən yanlışdır. Partiyadan uzaqlaşmaq üçün hər bir insan üçün müxtəlif səbəblər ola bilər. Ancaq AXCP-dən gedənlərin əksəriyyəti Əli Kərimlinin xarakterinə, tutduğu siyasi yola etiraz edirlər. Mən özüm isə həmin partiyadan bir çox səbəblərə görə uzaqlaşmışam. Hələ ki, bu barədə geniş açıqlama vermək istəmirəm, qalmaqaldan, vaxtımı alacaq söz-söhbətdən uzaq olmaq istəyirəm. Rəhbərlik etdiyim saytın xəbər siyasəti ilə məşğul olur, cəmiyyətə bu yolla fayda verməyə daha çox üstünlük verirəm. Ancaq onlar öz tərbiyəsizlikləri, söyüş və təhqirləri ilə bıçağı sümüyə dirəyəndə vəziyyət tamamilə başqa məcraya yönələcək”.
R.Bəşirli AXCP sədrinin sosial media üzərindən fəaliyyət göstərməsinə də toxunub. Deyib ki, AXCP-nin qərargahı olmadığından partiya üzvləri, eləcə də Əli Kərimli öz siyasi xəttini, siyasi davranışlarını sosial şəbəkələrə, virtual aləmə sürükləyir, fəaliyyətini sosial media üzərindən qurur: “Əli Kərimli siyasi fikirlərini, siyasi xəttini Facebook üzərində qurub. O, “ərəb inqilabları”nın sosial şəbəkə üzərindən başladığını hesab edir və ona görə də bu cür davranır. Halbuki hadisələrə belə yanaşma düzgün deyil. AXCP rəhbərliyi bəzən iddia edir ki, Azərbaycanda siyasətlə məşğul olmaq üçün siyasi mühit yoxdur. Amma gəlin son illəri az-çox tədqiq edək. Müxalifət son illərdə şəhərin mərkəzində, insanların asanlıqla gəlib tapa biləcəyi ünvanda, “İnşaatçılar” metrostansiyasının 50 metr yaxınlığında bir neçə dəfə icazəli mitinq keçirib. Lakin həmin mitinqlərə azsayda insan kütləsi toplaya bilib. Bu mənzərə müxalifətin sosial bazasının, cəmiyyətdə ona olan münasibətin göstəricilərindən biridir. Belə faktları çox sadalamaq olar”.
Keçmiş AXCP-çi onu təhqir edənlərin qanunla cəzalandırılması məsələsinə də aydınlıq gətirib. Qeyd edib ki, təhqirə yol verənləri onların öz dillərində cavab verməklə susdurmağa üstünlük verəcək: “Əgər təhqirlərə son qoymasalar, əlimdə olan resurslardan, imkanlardan buna qarşı istifadə edəcəyəm, layiqli cavablarını verəcəyəm. Əslində indiki proses bu günün, dünənin məsələsi deyil. Heç kəs düşünməsin ki, Ruslan Bəşirli Əli Kərimliyə, AXCP-yə hücum edir. Bir qədər əvvəl söylədiyim kimi, uzun müddətdir mənim sakit oturmağımdan, intriqalara baş qoşmamağımdan sui-istifadə edib ünvanıma hədayanlar söyləyirlər. Mən yalnız siyasi yolla onlarla mübarizə aparıram. Müxalifətlə, mitinqlərlə bağlı tənqidi yazılarım olub, bundan sonra da olacaq. Ancaq nə dünən, nə bu gün, nə də sabah kiminsə şəxsiyyətini təhqir etməyi qarşıma məqsəd qoymuşam. Bizi də istədikləri qədər tənqid edə bilərlər. Hər bir normal insan kimi tənqidə açığam. Lakin bu tənqid əsassız şəkildə, təhqirlərlə müşayiət olunanda mən də boş dayanmayacağam. Həbsdən azad olunan gündən belə təhqirlərlə üzləşməkdəyəm. Daha bəsdir, hər şeyin, o cümlədən səbrin də bir həddi-hüdudu var. Təsəvvür edin, AXCP rəhbərliyinə görə 7 il həbsdə olmuşam, həyatımın çətin günlərini yaşamışam. Ancaq həbsdən azad olunandan sonra bu adamlar nəinki məni qarşılamadılar, hətta evə gələrkən aydın oldu ki, onlar sosial mediada ünvanıma təhqirlər yağdırmağa başlayıblar. Siyasi çəkisi olmayan, siyasi səhnədə mövcudluğunu qoruya bilməyən, ictimai-siyasi proseslərə təsir edə bilməyən insanlarla, təşkilatla mübahisəyə girmək istəmirəm. Bu gün Azərbaycanda ən zəif saytın auditoriyası AXCP-nin auditoriyasından daha geniş, çəkisi həmin partiyadan daha ağırdır. Bu reallığı dərk etmədən bir də media ilə konfrantasiyaya gedirlər. Bu isə heç kimə, xüsusən də onlara uğur gətirməyəcək”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər