• cümə, 19 Aprel, 13:27
  • Baku Bakı 25°C

“Səbirsizliklə ilk “Marketinq Sammiti-2017”ni gözləyirik”

14.12.17 11:00 3000
“Səbirsizliklə ilk “Marketinq Sammiti-2017”ni gözləyirik”
İxrac potensialından düzgün istifadə etmək, dövlətin yaratmış olduğu şəraitdən səmərəli yararlanmaq və xarici bazarlarda sağlam mövqe tutmaq bu gün hər bir sahibkar üçün çox vacibdir. Bəs bu zaman nələrə diqqət etmək, hansı standartları tətbiq etmək lazımdır? Bundan başqa, ixrac siyasətinin düzgün strateji planlamasının aparılması, marka siyasətinin daha doğru və sağlam qurulması kimi aktual mövzular da meydana gəlməkdədir.Bütün bunları nəzərə alaraq 23 dekabr 2017-ci il tarixində AzMarketinq MMC-nin təşkilatçılığı ilə "Made in Azerbaijan” brendinin inkişafına həsr olunacaq birinci marketinq sammiti təşkil olunacaq. Sammitlə bağlı geniş məlumat əldə etmək üçün tədbirin təşkilatçılarından və spikerlərindən olan Tural Abbaslı ilə həmsöhbət olduq.
- Necə oldu bu tədbiri keçirmək qərarına gəldiniz? Hazırlıq işləri necə gedir?
- Biz 6 ay əvvəl bu sammiti keçirmək qərarına gəldik. Müəyyən müşahidələr, xarici bazarda bir sıra araşdırmalar apardıq. Xarici bazarda araşdırma apararkən bizim komandada bir sıra fikirlər formalaşdı. Aydın oldu ki, biz yaranmış şəraitdən heç də lazımınca istifadə edib, məhsulumuzu xaricə çıxarda bilmirik. Burada daha çox sahibkardan qaynaqlanan problemlərlə üzləşdik. Avropaya çıxmaq istəyiriksə, dünyada olan marketinq trendlərini tətbiq etmək məcburiyyətindəyik. Yoxsa, rəqabət qabiliyyətli məhsul istehsal edə bilmərik. Məhz bütün bunları nəzərə alaraq bir yol xəritəsi çəkdik və qərara aldıq ki, bu ilin sonunda belə bir tədbir keçirək. Bu layihə ilə bağlı iki dəfə Türkiyədə olduq. Layihənin işçi qrupunun formalaşması üçün Azərbaycandakı bir sıra şirkətlərlə görüşdük. Bugünkü durum ondan ibarətdir ki, biz artıq böyük bir səbirsizliklə 23 dekabrı, Azərbaycanda keçiriləcək ilk "Marketinq Sammiti-2017”ni gözləyirik. Ümid edirik ki, bu sammit ölkəmizdə ixrac siyasətinə marketoloqların verdiyi töhfə kimi yaddaşlarda qalacaq. Tək istəyimiz sammitin nəticəsi olaraq sahibkarlar eşitdiklərini və gördüklərini işlərində tətbiq etsinlər. Biz bu yolda Azərbaycan sahibkarı üçün az da olsa xidmət göstərmiş olaq.
- Söhbət zamanı "biz” deyirsiniz. Bu bizə, yəni təşkilat komitəsinə kimlər daxildir?
- Sevindirici haldır ki, "biz” deyə bilirik. Bu şəxslər və fərdlər üzərində qurulmuş bir iş deyil. Bir nəfər də, 5 nəfər də olsaq fərq etməz. Biz bir komadayıq. Birbaşa "Made in Azərbaycana” xidmət etmək istəyən insanlarıq. Təşkilat Komitəsi 5 nəfərdən ibarətdir. Əyyub Qarabağlı, Rasim Abutalıbov, Seymur Quliyev, Qələndər Məmmədli və mən. Komitənin sədri Əyyub Qarabağlıdır, Qələndər isə ən gənc üzvümüzdür, Seymur Quliyev marketinq sahəsində həm praktik, həm də nəzəri bilikləri ilə fərqlənən insanlardandır. Mən həm Təşkilat Komitəsinin üzvüyəm, həm də spikerəm. Bu komandanın əsas məqsədi Azərbaycan üçün, milli iqtisadiyyatımız üçün əlimizdən gəldiyi qədər xidmət göstərmək və gözəl işlər ortaya qoymaqdır.

- Sammitin spikerləri kimlərdir?
- Spikerlər mövzusunda çox həssas davrandıq. Çalışdıq ki, sahibkarlarımız üçün səmərəli, marketinq sahəsi üçün doğru insanları seçək. Spikerlərimiz 6 nəfərdən ibarətdir. Hər bir spiker üçün reqlament yarım saat nəzərdə tutulub. Çıxışçılardan üçü Türkiyədən gələn qonaqlarımız, digər üçü isə yerli marketoloqlarımızdır. Türkiyədən gələn spikerlərimizdən biri Uğur Batıdır. Hansı ki, Türkiyədə marketinq sahəsində bir sıra uğurlara imza atıb, bu sahə üzrə professordur. İkinci türkiyəli spikerimiz Bülent Fidan olacaq. Bu spikerimiz "BrandSuite” şirkətinin nümayəndəsi, eyni zamanda "BrandMap” jurnalının təsisçisi kimi çıxış edəcək. Növbəti spikerimiz Serhan Okdur. "İlk marka hazreti Adem mi?” kitabının müəllifidir. Bu üç nəfər türk spikerlərimiz bizə A-dan Z-yə markalaşmaq, "Made in Azərbaycan” konseptinin hazırlanması üçün şirkətlərə lazım olan əsas mövzulardan danışacaqlar. Yerli spikerlərimizə gəlincə isə, onlardan biri Ramil Cabbarovdur. Hazırda Azərbaycan İqtisad Universitetinin rektor köməkçisi vəzifəsində çalışır. İkinci yerli spikerimiz CRM üzrə gözəl biliklərə sahib olan Əli Xəyyam, üçüncüsü isə mənəm.
- Sammitin proqramında nələr nəzərdə tutulub?
- Bir sıra tədbirlərin təşkilatçısı kimi deyə bilərəm ki, tədbir təşkilatçılığı çox çətin bir işdir. Sammitin proqramı haqqında marketingsummit.az saytında ətraflı məlumat əks olunub. Sammit bir gün olunacaq. 23 dekabr saat 9-da qeydiyyatla başlayacaq və 1 saat davam edəcək. Ondan sonra isə açılış nitqi olacaq. Ardınca isə spikerlərin çıxışı baş tutacaq. Bir neçə çıxışdan sonra yarım saatlıq fasilə olacaq, daha sonra spikerlərin çıxışı davam edəcək.
- Sammiti keçirməkdə məqsədiniz nədir?
- Məqsəd birdir. Azərbaycan... Söz Azərbaycandan gedirsə, əlimizdən gəldiyi qədər bu xalq üçün, bu torpaq üçün xidmət göstərməliyik. Əsas məqsəd dövlətin həyata keçirdiyi "Made in Azərbaycan” siyasətinə marketoloq olaraq dəstək olmaqdır. Digər bir məqsədimiz qlobal marketinq konseptləri ilə, lokal marketinq konseptlərini sintez edərək qlobal marketinq hədəfləri formalaşdırmaq və bunu Azərbaycan sahibkarlarının işinə adaptasiyasını təmin etməkdir. Biz inanırıq ki, bu adaptasiya prosesinə nə qədər tez başlasaq, bir o qədər tez müddətdə daha rəqabət qabiliyyətli məhsullar ortaya çıxarda biləcəyik. Bu, həm ölkə daxili, həm də ölkə xarici üçün keçərlidir.
- Gözləntiləriniz nədən ibarətdir?
- Təbii ki, hər kəs gördüyü işdən müsbət nəticələr əldə etmək istəyir. İndiyə qədər sammitimizlə bağlı gələn reaksiyalardan çox böyük məmnunluq hissi duyuruq. Ümid edirik ki, bu fikirlər tədbirdən sonra da davam edəcək. Çünki bu günə kimi biz də, dəyərli dostlarımız da marketinq sahəsində bir çox tədbirlər təşkil etmişik. Marketinq anlayışının məhz bu gün daha çox ehtiyac duyulmasına zəmin yaradılıb. Bu sahədə çalışan insanların rolu həqiqətən böyükdür. Bizlər də bunun üçün çalışırıq. Bizim əslində gözləntimiz bu gün Azərbaycan sahibkarına marketinqin önəmini, funksiyalarını, rolunu əvvəlkinə nisbətən daha çox anlada bilməkdir. Təbii ki, bunun nəticəsində sağlam iş görmüş, real nəticələri olan insanlarla yeni bir yola çıxmaq kimi gözləntimiz də var. Hədəfimiz isə Azərbaycanda sağlam marketinq mühitinin formalaşmasına dəstək olmaqdır. Ümid edirik ki, buna sammitə dəvət olunan, öz peşəkarlığı ilə fərqlənən insanlarla, marketinq camiasının üzvləri ilə istəklərimizə nail ola biləcəyik.

- Son vaxtlar marketinqlə bağlı bir sıra önəmli tədbirlər, yığıncaqlar keçirildi. Maraqlıdır, sizin sammitin digərlərindən fərqi nə olacaq?
- Əslində marketinqlə bağlı tədbirlər 2008-ci ildən başlayıb. O zaman indiki kimi marketinqə həvəs və maraq geniş deyildi. Lakin sonralar marketinq tədbirləri artıq 2013-cü ildən intensiv həyata keçirilir. Hətta o tədbirlərdən birində spiker olmuşam. Məhz bu tədbirlər cəmiyyətdə marketinq anlayışının təbliğində böyük rola malikdir. Bizim tədbir digərlərindən yanaşmasına görə fərqli olacaq. Məsələn, keçirilən silsilə tədbirlərdə müxtəlif sektorlarda çalışan insanların iştirakı mümkün idi. Yəni həmin tədbirlərə biletini alan hər kəs qatıla bilərdi. Bu tədbirlər sırf Azərbaycan ictimaiyyətinin maarifləndirilməsi üçün keçirilirdi. Biz həqiqətən buna çox sevinirdik ki, bizim dostlarımız marketinq sahəsində belə bir xidmət göstərirlər. Keçirilən tədbirlər sanki digərləri üçün bir yol açdı. Bu yolun nə dərəcədə uğurlu olub-olmadığına isə cəmiyyət qərar verir. Bizim sammit birbaşa olaraq geniş kütləyə xitab etmir. Yalnız bu sahə ilə məşğul olan və öz sahəsində sayılıb seçilən insanlar, ən əsası iş adamları dəvət olunacaq. Çünki bizim mövzu da fərqlidir. "Made in Azərbaycan”... Biz mütləq şəkildə iş adamına xitab etməliyik. Son olaraq onu qeyd edim ki, marketinq sahəsində keçirilən bütün tədbirlər yaxşıdır, yüksək qiymətləndirilməlidir. Həmçinin uzun bir strateji layihə kimi "Marketinq Sammiti-2017”də yaxşı olacaq. İnanırıq ki, məhz bu sammitin nəticəsi kimi bütün iş adamları yavaş-yavaş fərqli formatlara keçid edəcəklər.
- Nəyə görə sammitə bilet satışı yoxdur?
- Bu, marketinq sahəsində "Made in Azərbaycan”a istiqamətlənmiş ilk tədbirdir. Tamamilə şəxsi resursların istifadəsi ilə həyata keçirilir. Biz bilet satışı olmağını istəmədik. Bu, Təşkilat Komitəsinin birgə qərarıdır. Yəni bu layihə qazanc məqsədi ilə həyata keçirilmir. Sırf milli-mənəvi dəyərlərdən və ruhdan irəli gələn bir tədbirdir. 8 ay bundan əvvəl belə bir tədbir keçirməyi düşünmürdük. Amma sonradan ehtiyacı hiss edirdik. İlk tədbiri bilet satışı olmadan həyata keçirdirik. İstədik ki, yalnız bu sahəyə aid insanlar qatılsın və bir növ öz aramızda müzakirələr aparaq, dərdləşib söhbət edək. Növbəti il bu sammitin nəticəsi kimi meydana çıxacaq hədəfli və məqsədyönlü iş planına uyğun olaraq formatlar, məkanlar dəyişə bilər. Bu zaman insanlarımız əsl iş prosesi ilə daha yaxından tanış olub, hadisələrə, yanaşmalara daha doğun reaksiya verə biləcəklər. Bilet satışı etməməyimizin bir səbəbi isə bu işdə bizə yol yoldaşı olan dostlarımızdır.
- Onlar kimlərdir və bu işdə nə kimi rolları var?
- Bizim sammitin saytına baxsanız görərsiniz ki, orada sponsor, dəstəkçilər kimi sözlərdən istifadə etməmişik. Bu işdə köməklik göstərənlərin hamısı bizim yol yoldaşlarımızdır. İdeyanı irəli sürən kimi düşünmədən "biz də sizinlə bu yolda varıq” dedilər. Ən böyük yol yoldaşımız, bizə bu işdə ürək-dirək verən AzPromodur. AzPromonun rəhbərliyinə, xüsusən də Rüfət bəyə dərin təşəkkürlərimizi bildiririk. Onlar bizim layihəmizə təmənnasız dəstək kimi tədbirimizi keçirməyimiz üçün məkan olaraq Bakı Biznes Mərkəzinin qapılarını üzümüzə açdılar. Bundan başqa kreativ tərəfdaşımız olan Yello şirkətinə, xüsusilə də Azər Nəcəfova, Wplus vip service şirkətindən Aytən xanıma, Orient dünya poliqrafiya şirkətinə minnətdarıq. Saytımızda "Yol yoldaşlarımız” bölməsində adı qeyd edilən digər şirkətlərə və tədbirimizi işıqlandıran mətbuat orqanlarına, xüsusilə də geniş müsahibəyə görə "Kaspi” qəzetinə təşəkkür edirik. Yəni yoldaşlarımız bizim üçün təmənnasız hər cür şəraiti yaratdıqları üçün bilet satışına ehtiyacımız olmadı.

- İştirakçılar kimlər olacaq?
- Biz 200-230 nəfərlik bir auditoriya nəzərdə tutmuşuq. Saytımızda tədbirdə iştirak etmək istəyənlər üçün bir sorğu bölməsi yerləşdirmişik. Həmin sorğu bölməsində qeydiyyatdan keçənlərin elə bir çoxu bizim dəvət etməyi düşündüyümüz insanlardır. Ümumilikdə tədbirimizin hədəf kütləsi bayaq da qeyd etdiyim kimi iş adamlarıdır. Təqribən 60-70 şirkətdən 100 nəfər iş adamı qonağımız olacaq. Həmçinin marketinq sahəsində sayılıb-seçilən simalardan da dəvətlilərimiz var. Yəni çalışmışıq əsl biznes mühiti formalaşdıraq. Saytdakı onlayn sorğudan isə özünü ən yaxşı şəkildə ifadə edənlər seçiləcək. Ümid edirəm ki, gözəl bir iş görmüş olacağıq.
Günel Azadə

banner

Oxşar Xəbərlər