• çərşənbə, 24 Aprel, 12:59
  • Baku Bakı 27°C

“Şəbəkələşmək, əlaqələri genişləndirmək lazımdır” – Uğur hekayəsi

01.07.16 12:00 3894
“Şəbəkələşmək, əlaqələri genişləndirmək lazımdır” – Uğur hekayəsi
Çox çalışmaq və şəbəkələşmək, əlaqələrindən yaxşı mənada istifadə etmək, kimdənsə xahiş etməyə utanmamaq, təmənnasız yaxşılıq etmək... Həmsöhbətimizin uğur sirri yuxarıda sadaladıqlarımızdır. Gənclərə tövsiyə edir ki, heç vaxt heç kimə pislik etməsinlər. Çünki dünya da, Azərbaycan da balacadır və etdikləri pislik 10 il keçsə belə, hərlənib-fırlanıb özlərinə qayıdacaq. Müsahibimiz Synergy Sportun direkroru Əhəd Kazımovdur.

- Deyəsən, orta məktəbdə fəal şagird olmusunuz?
- 160 saylı məktəbdə təhsil almışam. Məktəbimizin Şən və Hazırcavablar Klubunda iştirak edirdim. Murad Dadaşov sinif yoldaşım idi, biz birgə məktəbin ŞHK komandasında idik. Hətta Bakı şəhəri üzrə bizim məktəb üçüncü yeri qazanmışdı. Məktəblər üzrə keçirilən idman yarışlarında, olimpiadalarda, tədbirlərdə iştirak edirdim. Amma əlaçı olmamışam. Humanitar fənlərə daha çox marağım olub. Cəbr, həndəsə, riyaziyyatdan isə əfsuslar olsun ki, "3” alırdım. Buna görə 10-cu sinifdə qərara gəldim ki, ali təhsilimi humanitar sahə üzrə davam etdirim. Beləliklə, sənədlərimi psixologiyaya verdim.

- Psixologiyaya maraq haradan yarandı?

- Doğrusu, ali məktəb imtahanlarına 3 ay qalmışa qədər Neft Akademiyasına hazırlaşırdım. Çünki babam professor Həmid Həmidzadə texniki elmlər doktoru idi və Neft Akademiyasında dərs deyirdi. Anam, atam, dayım və digər qohumlarım da sözügedən ali təhsil ocağında təhsil almışdı. Buna görə onların yolunu davam etdirmək istədim və riyaziyyatdan, coğrafiyadan hazırlaşmağa başladım. Amma imtahanlara 3 ay qalmış fikrimi dəyişdim. Əvvəlcədən də sevdiyim sənətin – psixologiyanın arxasınca getməyə qərar verdim. Mənim üçün həmişə insanlarla ünsiyyət maraqlı idi. Hələ orta məktəbdə sinfimizdə kiminsə işi alınmayanda, stressə düşəndə çalışırdım ki, onunla danışım, məsləhətlər verim.
Bakı Dövlət Universitetində Psixologiya və sosiologiya ixtisası üzrə bakalavr təhsili alandan sonra magistratura pilləsində təhsilimi davam etdirdim. Hətta 3 il aspiranturada oxudum, amma sona kimi gedib müdafiə etmədim, işim yarımçıq qaldı. Aspiranturada oxuyanda 23 yaşım var idi, hələ elmi iş yazmağa hazır deyildim. Fikirləşdim ki, mənə dərs deyən müəllimlərim də elmlər namizədidir və əgər 25-26 yaşımda elmlər namizədi olmağım, bu dərəcəni almağım düzgün deyil. Buna görə indi azacıq da olsa, peşmanam. Əgər müdafiə etsəydim, bəzi qapılar üzümə açıq olardı.

- Uğur sirriniz nədədir?
- Çox çalışmaq və şəbəkələşmək. Əfsuslar olsun ki, kiminləsə tanış olub şəbəkəmizi genişləndirməkdən, kimdənsə söz soruşmaqdan, xahiş etməkdən utanırıq. Mənim uğur sirrim kimdənsə xahiş etməyə, soruşmağa utanmamağımdadır. Gənclərimizə tövsiyə edərdim ki, əlaqələrindən istifadə etməyə çəkinməsinlər. Əgər BP-də iş olduğunu eşidirlərsə, orada çalışan tanışları varsa, utanmadan onlara zəng vurub məlumat alsınlar…
- Bizdə bir məsəl var, "xəncərinin qaşı düşməyəcək ki…”.
- Elədir. Rəhmətlik anam həmişə deyərdi ki, "ağlamayan uşağa süd verməzlər”. O qədər insan tanıyıram ki, çox bacarıqlı, qabiliyyətlidir, amma CV-sini (avtobioqrafiyasını) heç yerə göndərmir. Deyirəm, filan yerdə dost-tanışın var, niyə onlara işsiz olduğunu demirsən. Deyir, ayıbdır. Deyirəm ki, işləməmək, pul qazanmamaq ayıbdır.
Uğur sirrim həm də təmənnasız yaxşılıq etməyimdədir. Adicə kiməsə məsləhət verir, onu lazım olan əlaqə nömrələri ilə təmin edirsinizsə, bu özü yaxşılıqdır. Yaxşılığı təmənnasız etsəniz də, mütləq qarşılığını alacaqsınız. Çünki kiməsə yaxşılıq edəndə artıq o adam ona edilən yaxşılığın əvəzini hansısa formada qaytarmaq istəyir.
Uğurumun digər sirri isə heç vaxt heç kimə pislik etməməkdir. Mən həmişə çalışmışam ki, olduğum kollektivdə insanlarla mehriban davranım, onlara kömək edim. 10 ildən sonra həmin adamlarla rastlaşanda etdiyim yaxşılıq geri qayıdır. Gənclərimiz unutmasınlar ki, dünya da, Azərbaycan da balacadır və etdikləri pislik 10 il keçsə belə, özlərinə qayıdacaq.
Lalə MUSAQIZI


banner

Oxşar Xəbərlər