• cümə, 29 Mart, 13:41
  • Baku Bakı 14°C

Səbəbsizliyə aparan ən qısa yol

26.12.18 11:00 674
Səbəbsizliyə aparan ən qısa yol
Zərrələrin axışı ilə xətlərin kəsişdiyi qeyri-mərkəz nöqtələr və bu nöqtələrin çoxluğundan əmələ gələn vəhdət... Lakin qeyri-mərkəzin vəhdəti asimmetrik deyil və özü də bir mərkəzdir. Səslər rənglərin taleyini həll edəcək qədər dəqiq və israrlıdır – rənglərin səslərdən yarandığı şübhəsizdir. Görüntü və duyğu bir-birini itələyən qüvvələrin vahid bir gözəlliyə xidmətidir. Ziddiyyətlər polifonikdir. Müstəqillik xaosun yox, kosmosun carçısıdır. İki, üç, dörd və hətta daha çox melodiyanın bir əldə və bir xətt üzərindəki qeyri-xətti inkişafı kainatın əbədiliyini təmin edir. Çünki kainatın hərəkəti nə elektronikadır, nə də atom. Kainat mexanika ilə hərəkət edir. Yəni, bir-birini itələyən ziddiyyətlər feiliyyəti təmin edir. Zərrələr kütləni, kütlələr isə fəzanı təşkil edir. Əgər kütlələr olmasa, fəzanın boşluğu heç bir məna və mahiyyət daşımaz. Hərəkətin və onun sürətinin təyini məhz kütlələrin fəzadakı idarə edilən və edilməyən uçuşundan məlum olur. Bağlılıq və muxtarlıq bir-birinə ziddir və heç bir məntiqlə onları bir araya gətirmək mümkün deyil. Ancaq idarə edilmək və idarəsiz hərəkət necə olur ki, bir araya gəlir? Məsələ burasındadır ki, idarəsiz hərəkət yoxdur. Kənar iradənin idarəsi var, bir də daxili iradənin idarəsi. Qeyri-səlis çoxluğun vəhdəti isə belə diqtə edir ki, kənar və daxili iradə deyilən bir ayrılıq da yoxdur. Bu baxımdan idarəçilik bir nöqtədən, yəni həm tək, həm də sonsuz sayda çox olan ritmik ağıl tərəfindən icra olunur.
Lakin, kimindir hərəkət? Kimə lazımdır və kimdədir? Həmin bu "kim”ləri "nə”lərlə də əvəz etmək olar. Fərq etməz. Kimlə nəyin ayrılığı da absurddur. Ancaq gəlin görək, hərəkət ehtiyacdır, səbəbsiz varlıqdır, yoxsa incəsənət? Tanrı varsa, bütün bunlar niyə yaradıldı? Əgər yoxsa, yenə də bunların mahiyyəti nədən ibarətdir? Dərk etmək üçün Tanrının varlığına və ya yoxluğuna ehtiyac yoxdur. Tanrı idrakı yaratmadı, idrak Tanrını yaratdı. İdrak bütün bunları görüb, güclü, vahid bir Tanrıya ehtiyac olduğunu iddia etdi. Varlıq düşüncədən ibarət olduğu üçün, düşüncədən öncə Tanrı yoxdur – çünki, Tanrı da bir varlıqdır. Əgər gözlər kordursa, rənglərin, qulaqlar kardırsa, səslərin varlığı nəyi ifadə edir? Ümumiyyətlə, belə bir varlıq varmı? Gözlər, qulaqlar və digərləri kortəbii duyğu orqanları deyil, idrak və şüur daşıyıcısıdır. Bu mənada kainatın boş fəzasını dolduran kütlələrin hərəkəti də mütləq bir məntiqə bağlıdır. Yəni, bir "niyə”si vardır. Məntiq hər yerdə "niyə” sualına cavab vermək üçündür. Sadəcə var olmaq, heç nəsiz, heç bir səbəbsiz hərəkət etmək uydurma bir fəlsəfədir. Əgər o "heç nəçi”lərin içinə doğru bir azcıq əyilsək, ən böyük "nə”lərin elə onlarda olduğunu görərik. Dadaistlərin manifestini oxuduğumuz zaman görürük ki, onlar səbəbsizliyi deyil, əsil səbəbi axtaranlardır. Səbəbsizlik onların yalan və qəlibləşmiş səbəblərə olan etirazıdır. Dada deyir ki, gözəllik üçün illa ki, bir simetriya gərəkməz. Diqqətlə baxsaq, Tanrı da bunu deyir. Hanı kainatdakı simmetriya? Tanrını baş səbəb, ilkin "niyə” adlandıranlara bir sualım var: bəs Tanrının "niyə”si nədir? Hər şeyə səbəb olanın özünə kim və ya nə səbəb olmuşdur? Dada və onun kimi xaos tərəfdarları bu bəsit kosmosçuların irəli sürdükləri oyuncaq və gerizəkalı fəlsəfəni inkar etmək üçün "heç nə”, "heç bir səbəb” fikrini ortaya qoydular. Ancaq səbəb anlayışı düşünüldüyü qədər də sadə bir şey deyil. Səbəb o qədər gizli və güclü bir şeydir ki, bütün səbəbsizliklərin səbəbi elə onların özüdür. Səbəbi axtarmaq səbəbsizliyə aparan ən qısa yoldur. Buna görə də səbəb axtarılmaz. O sadəcə vardır və biz onu belə tez və asan yolla anlamağa çalışmayaq. Bizim anladığımız hər şey sadəcə, bizim qədərdir. Ancaq obyektin özü bizdən çox daha böyükdür. Bəlkə də Dada haqlıdır - ən böyük "hər şey” elə "heç nə” dir! Yoxluğa varmaq varlığa doğru atılan ən kəskin və doğru addımdır. Çünki yox olan şey bizim düşüncəmizdəki varlıqdır. Onu yox etməklə əsil varlıq ortaya çıxa bilər. Biz özümüzü yox etməsək, belə bir ehtimalın doğacağına ümid azdır. Sabaha doğru gecənin ən kəskin qaranlığı özünü göstərər. İnsan da düşüncə qaranlığının ən dib nöqtələrinə doğru varmasa, işığı görməyəcək. Çünki işıq da sadə, asan yolla əldə ediləcək bir şey deyil. Biz onu da elə-belə zənn etdik. Gecənin fəzasındakı fədakarlığı, zəhməti, saysız-hesabsız zavodlar kimi çalışan mexanizmin ultra səslərini eşitmədik və elə bildik ki, gecə keçir, sabah açılır və bütün bunlar Tanrının bizə bir hədiyyəsidir. Əsla! Nə Tanrı oyuncaqdır, nə kainat bayram yeridir, nə də biz uşağıq! Bütün bunlar insan zəkasının imtahanıdır. Hər kəs bu imtahandan müvəffəqiyyətlə çıxa bilməz. Kainatın xətləri və kütlələrin asimmetrik hərəkəti xaosa sürüklənən insan idrakının bir kosmosa ehtiyacı olduğunu əmr edər. Ancaq bu ehtiyacı kim ödəyəcək? Əlbəttə ki, həmin idrak sahibinin özü. İdrakın içində bir idrak da var. Çünki, insan idrakı möhtacdır. Onu içəridən idarə edən bir varlıq vardır. Qeyri-səlis çoxluğun əsil məkanı insan beynidir. Polifoniyanın xaosa dönüşməməsi üçün bəstəkardan uzun və ağır zəhmət tələb olunur. Zəhmətkeş Tanrı inkikasa bağlıdır. Yəni, insan onun ekspansiyası olaraq, onu eyni zamanda, ancaq müxtəlif məkanlarda təkrar edir. Tanrı ilə idrakın arasında zaman məsafəsi sıfırdır. Məkana gəldikdə isə, Tanrının məkanı idrakın xaricindədir və ya belə bir məkan ümumiyyətlə yoxdur. Çünki, məkan kütlənin varlığı ilə reallaşır. Yəni, məkana sığmaq lazımdır. Tanrı isə, deyilənə görə heç nəyə sığmır. Bu baxımdan, Tanrının məkan anlayışını arxa plana ataraq, onun zamanına keçid alırıq.
Zaman detallı və detalsızdır. Detallı zaman törədicidir. Detalsız zaman isə, görünməyən zamandır. Yəni, zamanın görüntüsü onun səbəb olduqları ilə gerçəkləşir. Məsələn, biz küləyi nə görürük, nə də eşidirik. Görünən şey ağacların əyilib qalxması, eşidilən şey isə divarların arasından çıxan səslərdir. Ancaq onları törədən küləkdir. Biz küləyi ancaq belə görə bilərik, ancaq belə eşidə bilərik. Detalsız zaman da özünü detallı zamanın törətdikləri ilə göstərir. Buna bəzən mütləq və nisbi zaman da deyillər. Ancaq bunlar tam olaraq eyni şey deyil. Zamanın üstündə bir zaman da vardır. Elm bunu inkar edir. Din isə, bunu anlamadan onun varlığına inanır. İkisi də yanlışdır. Eyni anda baş verən şeylər həm də müxtəlif məkanlarda baş verir. Ancaq məkanların müxtəlifliyinə baxmayaraq, baş verənlər eyni şeylərdir.
Bir də var, baş verənlər həm eyni, həm də müxtəlif zamanlarda baş verir. Bax, o zamanların biri detallı, o biri detalsız zamandır. Detallar ayrıntılardır, yəni qədim Şərqdə deyildiyi kimi, müfrədatdır. Sözlər mənaya yaxın olduğu üçün, eyni şeyi üç dildə ifadə etdik. Ancaq məlum olur ki, bunlar eyni şeylər deyil. Məsələn, "müfrədat” kəlməsi "fərd” sözü ilə eyni kökdəndir. Detallı zaman, ayrıntılı, bilinən zaman, yəni müfrədatı olan zaman məhz fərdlərə, fərdi idraka bağlıdır. Bir idrak üçün hər hansı bir şey olmaya da bilər – halbuki başqa bir idrak üçün həmin şey eyni məkanda və eyni zamanda baş verir. İdrakın fərdiliyi o şeyin zamanını və məkanını təyin edir. Lakin detalsız zaman detallı zamanla eyni sürətə malik olsa da müfrədata tabe deyil. Detalsız zaman zahiri zaman deyil, batini zamandır. O nə doğuluşdur, nə ölümdür, nə ildırımdır, nə musiqidir, nə Tanrıdır, nə insan... O, bütün bunların paralel sürətə malik olan, ancaq görünməyən və görünmədiyi üçün də müdaxilə edilə bilməyən daxili hərəkət mexanizmidir. Çünki biz bilirik ki, hərəkət zamanın və məkanın ehtiyac duyduğu yeganə şeydir. Belə ki, hərəkət zamanı təyin edir, məkanı isə, sadəcə olaraq yaradır.
Anadoluda məşhur bir "Hünkar” kəlməsi vardır. Bu söz fars dilindən gələn "Xudavəndi-kar” sözünün gözəl təhrifidir. Mənası "iş Allahı”, "işləyən, hərəkət edən Tanrı” dır. Əhli-Həqlər arasında bu söz Goran ləhcəsi ilə "Xavəndigar” olaraq məşhurdur. Ən maraqlısı isə odur ki, İranda da, Anadoluda da bu titul Tanrıya yox, insanlara verilib. Anadoluda padşahlara, vəlilərə və digər önəmli şəxslərin bir çoxuna "Hünkarım” deyilib. İranda isə bu titul yalnız batini təriqət böyüklərinə verilən addır – məğzində isə, Allahın sifətlərinin və hətta özünün həmin zatta təcəlla etməsidir. Ancaq mövzumuz və qəsdimiz hərəkətdir. Çünki hərəkətin kənarındakı hər hansı bir şey sadəcə ölüm deməkdir. Kainatdakı ziddiyyətlərin bərabər hərəkəti polifoniya yaradır. Bəli, məhz "foniya” – yəni, səslərdən ibarət və səsə çevrilən hər şey. Görüntü maddidir və deməli, fanidir, aldanışdan ibarətdir. Ancaq səs mənəvidir, ruhdur və deməli, əbədiyyətdən ibarətdir. Mövlana buna görə "dinlə” deyirdi, "oxu” demirdi. Oxumağın dinləməyə, gözlərin qulaqlara çevrilməsi maddənin ruha çevrilməsi ilə düz mütənasibdir. Sürət artdıqca maddə yox olur, onun mahiyyəti və səbəbi qalır. Əslində isə maddənin özü onun mahiyyətini gizlədən bir görüntüdən ibarətdir. İnsan da maddədir. Detallı zaman içərisində fərd olan insan detalsız zamana keçdiyində kütlədən fəzaya dönüşür. Fəzanın yaranışı kütlələrin əriməsi və qaz halına keçməsi ilə geçəkləşir. Yəni, kainat maddi olan hər şeyin hərəkət nəticəsində fəzaya dönüşməsindən yaranır. Bəli, məhz yaranır. Çünki yaranış olub-bitmiş bir şey deyil, indi də davam edir. Tanrının bir adı "Xaliq” olduğu üçün onun xəlq etmə potensialı hərəkətin sürətindən və davamlılığından ibarətdir. Ancaq Tanrılıq özü də hərəkətdir. Hərəkət həm ehtiyacdan, həm də zövqdən yarandığı üçün Tanrı da həm ehtiyacın, həm zövqün tələbidir. Bu tələb isə səbəblərin başı olan və bu səbəblərə məna verən idrakdan başqası deyil.
Sonsuzluq deyə bir şey yoxdur. Davamiyyət vardır. Sonun olmaması sonsuzluq demək deyil. Sonsuzluqla razılaşmamağın yeganə səbəbi belə bir şeyin imkansız olması düşüncəsidir. Ancaq hər sonun bir davamı bu müəmmanın açılmasına kömək edir. Yaranışın davam etməsi ölümün qarşısını alır. Əgər davamlı şəkildə yaranış baş verməsə, kainat öləcək. Çünki, həyatı təmin edən tək şey hərəkətdir. Hərəkət isə yeni yarananın itələmə qüvvəsi ilə mümkün olur. Başqa cür hərəkət mexanizmi sadəcə olaraq, yoxdur! Kainatdakı mütləqlik yalnız və yalnız yaranışın davam etməsidir. Sonradan baş verən heç nəyə bəsit məntiqlə məna vermək, əlaqələndirmək, səbəb axtarmaq mümkün deyil. Çünki, varlıq get-gedə daha böyük sürətlə idrakdan uzaqlaşır. İdrakın varlığın sürətinə yetişməsi mümkündür, ancaq bunun üçün idrakın donmaması, dəyişilməsi və özü-özünü zaman-zaman inkar etməsi lazımdır. Başqa-başqa idraklar arasında baş verən ziddiyyətlər və gücdənsalmalar bir idrakın içində də baş verməlidir. Bu olmasa, həmin idrak hərəkətsiz və ölüdür. Diri qalmaq varlığın sürətinə yetişmək cəhdidir. Yeni doğulan hər şey bizi irəli də ata bilər, geri də. Bu, bizdən asılıdır. Çünki o doğulanlardan biri də bizik – ancaq bunun fərqində deyilik. Kainatın bir parçası və hətta özü olduğumuzu dərk etsək, bizim sürətimiz kainatın sürəti ilə eyni şkalada olacaq. Dünənki "mən”in bugünkü "mən” olmadığını anlamağın bircə yolu var; hər iki "mən”dən imtina etmək. "Mən” olduqca "O” olmayacaq. "O” olmadığı təqdirdə isə, bütün "mən”lər ölüdür. Varlıq kimi görünən "mən” yoxluq kimi "görünən” "O”na çevrildikdən sonra "mən” yoxluğa”, "O” isə varlığa dönüşür.
Bu simfoniyanın nə sonu var, nə sonsuzluğu. Sadəcə, davamı var. Hərəkət sona son verən və sonsuzluğun gerçək mənasını ortaya çıxaran bir Tanrıdır – "Hünkar” – "Xudaəvndi-kar” – "Xavəndigar”. Cümlə ərənlər eşqinə, HU!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər