• cümə, 19 Aprel, 18:13
  • Baku Bakı 24°C

Səbəbi “unudub”, nəticədən danışmaq

20.02.18 11:40 454
Səbəbi “unudub”, nəticədən danışmaq
Azərbaycana səfər edən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar səfər öncəsi müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi çox zəngin bir region olan Cənubi Qafqaza həm iqtisadi, həm də sosial və mədəni sahədə öz potensialından tam istifadə etməyə imkan vermir: "Aİ-nin mövqeyi olduqca aydındır: biz insanların və cəmiyyətlərin öz potensialını tam həyata keçirə biləcəyi dinc və firavan Cənubi Qafqaz istəyirik”.
Aİ təmsilçisi nədənsə, bu münaqişənin Cənubi Qafqazın inkişafına mane olduğunu dilə gətirsə də, Ermənistanın işğalçılıq siyasətinə toxunmayıb. İndiyədək nəinki Avropa İttifaqı, bütövlükdə heç bir beynəlxalq qurum Ermənistana torpaqları azad etmək üçün ciddi təsir göstərməyib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, beynəlxalq təşkilatların Ermənistana münasibətdə qətiyyətli bir siyasət həyata keçirməmələri bizi narahat edir: "BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin indiyədək yerinə yetirilməməsi özü bir göstəricidir. Bu günlərdə də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi münaqişə ilə bağlı verdiyi müsahibəsində qeyd edir ki, bu problem nəticə etibarı ilə regionun inkişafına mane olan bir faktordur. Təbii ki, bu, bəlli məsələdir. Bizim üçün maraqlı cəhətdir ki, artıq Avropa İttifaqı rəhbərliyi səviyyəsində də bu münaqişənin bütün regionun inkişafı üçün təhlükə, maneə olduğu qeyd olunur. Nəticədən danışılır, lakin səbəb araşdırılmır. Səbəb kimi onu araşdırmaq lazımdır ki, bu münaqişəni yaradan, Azərbaycan torpaqlarını işğal altında saxlayan kimdir. XXI əsrdə işğal faktoru varsa, belə olan halda ona qarşı hansı beynəlxalq hüquq çərçivəsində addımlar atılmalıdır? Bu kimi sualların qarşısında susurlar və üstündən keçirlər, sadəcə, "region üçün bu münaqişənin qalması təhlükəlidir”, "inkişafın qarşısını alır” kimi ümumi ifadələrlə fikirlərini yekunlaşdırırlar. Avropa İttifaqı dəfələrlə bildirib ki, o, birbaşa münaqişənin tənzimlənməsində iştirak etmir, ATƏT Minsk qrupu bununla məşğuldur. Lakin münaqişənin həlli baş tutarsa, bu halda Avropa İttifaqı münaqişədən sonrakı şəraitdə iştirak edə bilər. Yəni, söhbət müharibədən sonrakı bərpa prosesində müəyyən iqtisadi dəstəkdən gedir. Lakin birbaşa məsələyə müdaxilə etmək və Ermənistana qarşı hər hansı təsir mexanizmlərini işə salmaq fikri yoxdur. Avropa İttifaqının Ermənistanla çərçivə sazişi imzalaması bunun bariz nümunəsidir. Hər halda işğalçı dövlət ilə XXI əsrdə çərçivə sazişi imzalamaq, əlaqələri inkişaf etdirmək niyyətini ortaya qoymaq və bunu hüquqi baxımdan tənzimləmək özü anomal bir məsələdir”.
E.Nəsirov əlavə etdi ki, Azərbaycan hər zaman ikili standartlardan əziyyət çəkib: "Biz bundan narahatıq ki, beynəlxalq siyasətdə ikili standartlar sanki bir standart kimi qəbul edilir. Bunun özü beynəlxalq hüququn böhranı deməkdir. Mövcud çətinliklərə baxmayaraq, Azərbaycan öz yolu ilə davam etməkdədir, güclənməkdəyik. Dövlət başçısının rəhbərliyi altında Azərbaycanda iqtisadi, siyasi islahatlar dərinləşməkdədir. Bütün bunlara baxmayaraq, yenə də biz beynəlxalq hüquqa söykənərək Qarabağ münaqişəsini dinc yolla həll etmək istəyirik. Lakin dinc həll yolu tükənəcəyi təqdirdə, Ali Baş Komandanın dəfələrlə qeyd etdiyi kimi, bizim səbrimizin bir hüdudu var və bu nöqteyi-nəzərdən Azərbaycan münaqişəni istənilən yolla həll etmək hüququnu özündə saxlayır. Yəni indiki vəziyyətdə məsuliyyət daha çox Ermənistanın və ona himayədarlıq edənlərin, beynəlxalq ictimaiyyətin, xüsusilə ATƏT-in Minsk qrupunun üzərinə düşür. Rəsmi Yerevanın işğalçılıq siyasətinə qarşı adekvat addımlar atmalı, onu sülhə məcbur etmək lazımdır. Bu prosesə də Avropa İttifaqı real köməklik göstərə bilər. Çünki həmsədr ölkələrdən biri olan Fransa məhz Avropa İttifaqının üzvüdür və münaqişə ilə bağlı müəyyən mexanizmlər hazırlamaq imkanına malikdirlər. Amma təəssüflər olsun ki, onlar bu məsələdə maraqlı olmurlar və bəyanatları da daha çox ünvansız olur”.
Politoloq Fikrət Sadıxov bildirdi ki, Avropa İttifaqı hər zaman Qarabağ probleminin həlli ilə ATƏT-in məşğul olduğunu bəyan edib: "ATƏT də öz çərçivəsində Minsk qrupu həmsədri formatını seçərək bu münaqişə ilə məşğul olur. Amma əslində bu, bir bəhanədir. Ona görə ki, Fransa faktiki olaraq, Minsk qrupunda Avropa İttifaqını təmsil edən bir ölkə kimi hesab olunur. Vaxtilə Minsk qrupu yarananda, Fransa ora həm Təhlükəsizlik Şurasının, həm də Avropa İttifaqının üzvü kimi daxil olub. Bunlar isə məsələyə biganəlik nümayiş etdirir. Faktiki olaraq, Avropa İttifaqı bu münaqişədə işğalçı ilə bizi bərabərləşdirir və bunların pərdə arxası niyyəti ondan ibarətdir ki, ermənilərin yeni dövlət qurmaq istəyi hər iki tərəfdən qəbul edilsin. Amma bu, absurddur və biz heç vaxt bunu edə bilmərik. Çünki Avropanın buna oxşar problemləri kifayət qədər çoxdur. Onlar yaxşı dərk edirlər ki, separatçılığa müqavimət göstərib qarşısını almaq lazımdır. Çox təəssüflər olsun ki, Avropanın bizə qarşı bu siyasəti indiyədək davam edir. Biz Avropa qurumları ilə çox sərt diplomatik davranış nümayiş etdirməsək, bunlar həmin mövqedə qalacaqlar”.

F.Sadıxov vurğuladı ki, beynəlxalq qurumlar Ermənistana təzyiq etmək istəmirlər: "Çünki burada müxtəlif səbəblər var. Azərbaycanın güclənməsi, ölkəmizin Türkiyə ilə yaxınlaşması, dini amil və digər məsələlər var ki, bu da onları qıcıqlandırır. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə nümayəndəsi müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə də toxunub. Bu, tamamilə bizim maraqlarımıza uyğun deyil. Müşahidəçilər o zaman yerləşdirilir ki, artıq tərəflər arasında bir razılıq əldə olunub. Bu razılığın qüvvədə qalması üçün əraziyə müşahidəçilər yeridilir. Amma bizdə bu müşahidəçilər işğal edilmiş torpaqlarla Azərbaycanın hərbi hissələri arasında dayanacaqlar. Yəni, bizə Azərbaycanla Azərbaycan arasında müşahidəçi lazımdırmı? Bununla ermənilərin maraqları qorunur və məqsəd budur ki, biz hücum edib torpaqlarımızı azad etməyək. Hesab edirəm ki, biz heç vaxt buna razılıq verməmişik”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər