Sebastian Kurts: “Brexit”lə bağlı yeni danışıqlar aparılmayacaq

Sebastian Kurts: “Brexit”lə bağlı yeni danışıqlar aparılmayacaq

Təfsilat
16 Yanvar 2019, 16:00 191
Yanvarın 15-də Britaniya parlamentində bu ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı sazişin əleyhinə səsvermədən sonra Avropa ölkələrində "Brexit”lə bağlı növbəti addımların nədən ibarət olacağına dair suallar artıb.

Ötən ilin ikinci yarısında Avropa İttifaqı Şurasına sədrlik edən Avstriyanın Federal Kansleri Sebastian Kurts "Brexit”lə bağlı yeni danışıqların aparılmasını istisna edib. O, Avropa İttifaqı ölkələrinin mövqeyinin təklif edilən sazişdə əks olunduğunu vurğulayaraq, indi sözün rəsmi Londonda olduğunu və ölkənin gələcəkdə Aİ ilə münasibətlərini necə görməsinə aydınlıq gətirməli olduğunu söyləyib.

Avstriyanın xarici işlər naziri Karin Knayssl da Böyük Britaniyanın nizamlı və qarşılıqlı razılaşmaya söykənən sazişlə Aİ-ni tərk etməsinin arzuedilən hal olduğunu bildirib. O, eyni zamanda, ölkəsinin "sərt Brexit”ə qarşı da hazırlıqlı olduğunu bildirib.

Qeyd edək ki, Aİ rəsmiləri də səsvermənin nəticələrini təəssüflə qarşılayıblar. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bildirib ki, bu səsvermə ilə Böyük Britaniyanın Aİ-dən qeyri-nizami şəkildə çıxması riski yüksəlib. Aİ Şurasının prezidenti Donald Tusk isə özü "Twitter” səhifəsində vəziyyətlə bağlı ritorik sual verib: əgər saziş qeyri-mümkündürsə, lakin heç kim razılaşma əldə edilmədən İttifaqdan çıxmaq istəmirsə, bəs onda yeganə müsbət həllin nədən ibarət olduğunu deməyə kim cəsarət edəcək?”.