• cümə axşamı, 28 mart, 23:59
  • Baku Bakı 13°C

Sazişə xitam verilməsini siyasiləşdirmək düzgün deyil

16.05.13 08:26 1666
Sazişə xitam verilməsini siyasiləşdirmək düzgün deyil
Rusiyanın Azərbaycan neftinin onun ərazisindən keçməklə daşınması barədə ikitərəfli sazişin qüvvədən düşdüyünü elan etməsi geniş müzakirələrə yol açıb. İTAR TASS agentliyi yazıb ki, qərar Rusiyanın baş naziri Dmitri Medvedyevin sazişin qüvvədən düşməsi haqqında imzaladığı və rəsmi saytda yerləşdirilən sənədlə verilib. Medvedyev sənədi mayın 5-də imzalayıb və Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfini məlumatlandırmaq barədə göstəriş verib.
Neftin tranzitinə məsul olan “Transneft” şirkətinin əməkdaşı İqor Demin açıqlayıb ki, Azərbaycan son beş ildə sazişin şərtlərinə “əməl etməyib”. “Sazişdə hər il Bakı-Novorossiysk kəməri ilə 5 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki olaraq 2 milyon ton neft vurulub. Bu həcmdən daxil olan gəlirlər “Transneft”in ötürücü boru sistemini lazımı texnoloji vəziyyətdə saxlamaq üçün çəkdiyi xərclərini ödəmir”. Şirkət rəsmisi gələn ildən Azərbaycan neftinin kommersiya müqaviləsi əsasında nəql edilməsinin planlaşdırıldığını da deyib. “Transneft”in dünənki açıqlamasında isə bildirilib ki, sazişdə ildə 5 mln. tondan az olmamaqla Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə nəqli nəzərdə tutulub: “Lakin təcrübədə bu göstərici dəfələrlə aşağı olub: 2002-ci ildən indiyədək yalnız 2005 və 2006-cı illərdə tranzitin həcmi 4 mln. tondan çox olub, digər illik göstəricilər isə 2008-ci ildəki 1,39 mln. ton və 2004-cü ildəki 2,77 mln. ton arasında dəyişib”. “Transneft” şirkəti bildirib ki, 2012-ci ildə Rusiya ərazisi vasitəsilə 2 mln. ton Azərbaycan nefti nəql olunub: “2013-cü il üçün sifariş 1,8 mln. ton neft təşkil edir. Bu ilin ilk 4 ayında isə 570,5 ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin müvafiq göstəricisindən 13% azdır”. Azərbaycan-Rusiya hökumətlərarası sazişində 1 ton neftin tranzit haqqı 15,67 dollar müəyyənləşdirilib: “2012-ci ildə Azərbaycan neftinin nəqlindən alına bilməyən tarif haqqı 47 mln. dollar təşkil edib. Ona görə də Bakı-Novorossiysk marşrutu “Transneft” üçün sərfəli deyil. Şirkət Rusiyanın Energetika və Xarici İşlər nazirlikləri ilə əməkdaşlıq şəraitində yaranmış vəziyyətin danışıqlar yolu ilə nizamlanmasına dəfələrlə cəhd edib, lakin bu cəhdlər uğursuzluqla nəticələnib”. Sonda “Transneft” şirkəti bəyan edib ki, sazişin qüvvədən düşməsi Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinin dayandırılması üçün hüquqi əsas deyil: “Təsərrüfat subyektləri arasında müvafiq saziş qüvvədədir, nəql tarifləri isə Rusiyanın Federal Tarif Xidməti tərəfindən müəyyənləşdiriləcək”.
Qeyd etdiyimiz kimi, ötən gün açıqlanan qərar mətbuatda geniş spekulyasiyalara yol açıb. Bəzi nəşrlər Rusiyanın bu addımını Qəbələ RLS-in fəaliyyətinə xitam verildikdən sonra Azərbaycana təzyiq vasitəsi kimi qələmə veriblər. Lakin Rusiya nəşri “Nezavisimaya qazeta” yazır ki, Bakı-Novorossiysk sazişinə xitam verilməsini siyasiləşdirmək lazım deyil. “Biz burada daha çox iqtisadi məqsədyönlülük qərarı ilə rastlaşırıq” - deyə müstəqil ekspert Bəxtiyar Həsənov qəzetə bildirib. Onun qənaətincə, “Transneft” və ARDNŞ 17 il bundan əvvəl imzalanan müqavilənin şərtlərinə baxmağa hazır olublar. “Qolos Rossii” radiostansiyasına açıqlamasında ekspert Aleksandr Paseçnik isə bildirib ki, Moskva və Bakı siyasi səhnədən çıxıblar və bu problemi iqtisadi səviyyəyə çıxaracaqlar: “Bu məsələdə tərəflər arasında münaqişə axtarmaq gərək deyil”. Başqa bir nəşr - “Vzqlyad” isə bu qənaətdədir ki, Rusiyaya Azərbaycanın Ukraynanı “Qazprom”un asılılığından qurtarmaq arzusu xoş gəlməyib. Nəşr ehtimal edir ki, artıq kommersiya müqaviləsində güzəştli tarif deyil, bazar tarifləri üstünlük təşkil edəcək. Ekspert Sergey Pikin hesab edir ki, tarifin artırılması 10 - 20 faiz deyil, daha ciddi rəqəmlərə söykənəcək.
Ekspertləri belə bir sual düşündürür. Nə üçün Rusiya hökuməti indi belə bir addım atır? Bəzi ekspertlər bildirir ki, Azərbaycan Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi və İtaliyaya çıxış perspektivlərini ilə bağlı danışıqlar aparır. Bu layihənin real perspektivləri var və bu da “Qazprom”u narahat etməyə bilməzdi. Çünki bu, birbaşa “Cənub axını”na rəqabət yaradır. Rusiyalı ekspertlərin böyük əksəriyyətinin gəldiyi yekun nəticə ondan ibarətdir ki, bu sazişin pozulmasının arxasında yalnız iqtisadi məsələ durur.
Xatırladaq ki, 1996-cı il fevralın 18-də Moskvada Azərbaycan neftinin Rusiyadan keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması haqqında müqavilə imzalanıb. ABƏŞ, ARDNŞ və “Transneft” arasında imzalanan üçtərəfli sazişə uyğun olaraq 1997-ci il oktyabrın 25-dən Azərbaycanın nefti şimal boru kəməri vasitəsilə dünya bazarına çıxıb. O zamanlar Bakı-Novorossiysk kəməri Azərbaycanın yeganə neft ixrac yolu olub. Ancaq 1999-cu ildə Bakı-Supsa kəməri inşa edilib, 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri istifadəyə verilib. Bakı-Novorossiysk neft kəmərinin ümumi uzunluğu 1330 kilometrdir. Bunun 231 kilometri Azərbaycan ərazisinə düşür.
Kamran
banner

Oxşar Xəbərlər