Saytlara hücum edən məlumdur…

Saytlara hücum edən məlumdur…

Təfsilat
18 Dekabr 2012, 14:37 1440
“Qafqazinfo.az, Musavat.com və Publika.az saytlarına 3-4 gündür güclü haker hücumları olur. Bunun nəticəsində dünəndən etibarən saytların fəaliyyətində donmalar müşahidə edilir. Yalnız bu gün saytların fəaliyyətini bərpa eləmək mümkün olub”.

Bu barədə “Kaspi”yə açıqlamasında Qafqazinfo.az xəbər portalının rəhbəri Elbrus Ərud bildirib. O, hər üç sayta olan hücumla bağlı Milli Təhlükəsizlik, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinə, Prezident Administrasiyasına və digər dövlət qurumlarına rəsmi müraciət edildiyini söyləyib.

Qeyd edib ki, bu məsələdə şübhəli adamların adları, saytlara haker hücumunun haradan olması barədə bilgilər də həm yazılı, həm də şifahi şəkildə adıçəkilən qurumlara təqdim olunub:

“İstəyimiz də bu olub ki, araşdırılma aparılsın və müvafiq ölçü götürülsün. Bundan başqa, hadisələrin fonunda bir neçə ciddi nüansa da diqqət yetirilməlidir. Son baş verənlər ilk növbədə Azərbaycanın informasiya təhlükəsizliyi üçün çox böyük təhdiddir. Biz müəyyənləşdirmişik ki, haker hücumları siyasi əhəmiyyət daşımır. Yəni, fəaliyyətimizə görə dövlətin bizimlə işi yoxdur. Burada aşağı səviyyəli, “həmkar” rəqabəti var. Bu “həmkarların” özlərinin saytlarının, rəhbərlik etdikləri media qurumlarının reytinqi olmadığına, əhali tərəfindən oxunmadığına görə, Qafqazın, o cümlədən də Azərbaycanın ən nüfuzlu və oxunaqlı saytına haker hücumları edirlər. Həmin “həmkarlar” bizim fəaliyyətimizi əngəlləmək, işimizə kölgə salmaq, nüfuzumuza xələl gətirmək üçün belə addım atırlar. İstəyirlər ki, bizim sayt da onların saytlarının səviyyəsində olsun. Amma bu adamlar başa düşmürlər ki, belə addım atmaqla sadəcə Qafqazinfo.az saytına deyil, ölkənin, Azərbaycan hakimiyyətinin də nüfuzuna kölgə salırlar. Azərbaycan dövlətinin informasiya təhlükəsizliyi siyasətini təhlükə altına qoyurlar. Artıq bir neçə gündür ki, beynəlxalq təşkilatlardan və səfirliklərdən mənə zənglər olur. Onlar soruşurlar ki, sayta haker hücumu Elşad Abdullayevin videosunu yayandan sonramı olub? Yəni, artıq ciddi hesabatlar hazırlanır. Həmin hesabatlarda qeyd olunacaq ki, Azərbaycanda xəbər saytları informasiya təhlükəsizliyi ilə üz-üzə qalıb. Bir neçə səviyyəsiz insanın həyata keçirdiyi aksiya dövlətimizin adına yazılır. Halbuki, 2 ay bundan qabaq kimlər bizim sayta müdaxilə edirdisə, indi də onlar bu əməli təkrarlayırlar. Bu məsələni Milli Təhlükəsizlik Nazirliyi nəzarətə götürməlidir. Bu nazirlik radikal dini qruplaşmaları necə ifşa edib tutursa, bu adamları da elə o cür tutmalıdır. Həmin adamlar qanun qarşısında cavab verməlidirlər”.

Xatırladaq ki, Elbrus Ərud saytlara hücum edən «həmkarlar»ının kimliyini açıqlamasa da, aldığımız məlumatlara görə bu hücumlar ölkə daxilindən qaynaqlanır və artıq konkret ünvan da bəllidir.

Rufik İSMAYILOV