• cümə axşamı, 25 aprel, 17:20
  • Baku Bakı 23°C

Sayta bax, teatra get...

03.10.14 12:51 2234
Sayta bax, teatra get...
Hazırda ölkəmizdə teatrların ümumi infrastrukturunda bir sıra dəyişikliklər, yeniliklər edilib və müasir standartlara cavab verən mədəniyyət ocaqları sənət adamlarının və tamaşaçıların ixtiyarına verilib. Hətta teatrlarımızda informasiya texnologiyalarından istifadə imkanları da genişlənməkdədir. Belə ki, son zamanlar bir sıra teatrlarımızın saytları yaradılıb. Lakin cəmi bir neçə teatrın saytının varlığı hələ Azərbaycan teatrının dünyaya açılışı demək deyil. İnformasiya cəmiyyətinə doğru getsək də ölkəmizdə fəaliyyət göstərən 28 dövlət teatrından cəmi 10-nun vebsaytı var. Hesab edirəm ki, bu, teatr aləmində ən ciddi problemlərdən biridir. Bu gün saytı olmayan teatr gününü internet qarşısında keçirən tamaşaçısını itirmiş olur.
Dünyanın istənilən ölkəsində teatrların bu məsələyə önəm verməsi və internet vasitəsi ilə dünyaya inteqrasiya etməsinin sanki Azərbaycan teatrına aidiyyəti yoxdur. Bu hal Azərbaycanda istər paytaxt, istərsə də region teatrlarına aiddir.
Nəzərinizə çatdırım ki, bu gün ölkə əhalisinin hər 100 nəfərindən 70-i internet istifadəçisidir. Əldə etdiyimiz məlumata görə, 2012-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş saytların domenlərin sayları 4500-ü ötüb. Milli Teleradio Şurasının qeydiyyatına görə ölkəmizdə 10 ümumrespublika, 13 regional televiziya, 11 kabel şəbəkəsi yayıcısı fəaliyyət göstərir. Göründüyü kimi Azərbaycan artıq informasiya cəmiyyətinin atributları olan geniş informasiya, kommunikasiya, texnologiya infrastrukturuna malikdir. İnkişafına doğru getdiyimiz informasiya cəmiyyəti milli teatrımızın inteqrasiyası üçün böyük imkanlar açır. Belə ki, hər hansı teatr saytının yaradılması həmin teatrın dünya informasiya məkanına daxil olmasına, dünya teatrları ilə əməkdaşlığa imkan yaradır. Günün yarısını kompüter arxasında keçirən tamaşaçının isə bu gün diqqətini teatr saytları demək olar ki, cəlb etmir.
Biz də fəaliyyət göstərən bəzi teatrlarımızın saytlarını nəzərdən keçirdik. Vəziyyət isə belədir...
Ötən ilin sentyabrın 16-dan isə Azərbaycan Teatr Xadimləri İttifaqının http://teatrittifaqi.az saytı fəaliyyət göstərir. Bu saytın bir neçə dildə (Azərbaycan, rus, ingilis dillərində) fəaliyyət göstərəcəyi və ayda bir dəfə yenilənəcəyi də nəzərdə tutulub. Saytda 18 min fotoşəkil və 60 saatlıq video yerləşdirilib. Saytın bölmələri istifadəçiləri aktyorlar, rejissorlar, bəstəkarlar, rəssamlar və teatrın yarandığı vaxtdan onun inkişafına töhfə vermiş digər şəxslərlə tanış edir. Bir sözlə, bu saytda Teatr Xadimlər İttifaqı, onu üzvləri, ümumiyyətlə Azərbaycan teatrı haqqında zəngin məlumat əldə etmək mümkündür.
Akademik Milli Dram Teatrının saytı 2007-ci ildən fəaliyyət göstərir. Lakin onun dizaynı və məzmunu qənaətbəxş səviyyədə olmadığından yeni saytın yaradılması zərurəti meydana çıxıb. Yeni sayt həm dizaynı, həm keyfiyyəti, həm də yerləşdirilən materialların həcmi və operativliyi baxımından əvvəlkindən köklü surətdə fərqlənir. Yeni variantda saytın strukturu, məzmunu və keyfiyyəti prinsipial şəkildə dəyişdirilib.
İstifadəyə verilən http://azdrama.az/ internet saytı yüksək peşəkarlıqla hazırlanıb. Saytda Akademik Milli Dram Teatrının yaranma və inkişaf tarixi, inzibati və yaradıcı kollektivi, cari repertuarı haqqında geniş informasiya yerləşdirilib. Saytda həmçinin, video və foto albom, kollektivin iştirak etdiyi festivallar və qastrol səfərləri haqqında ətraflı məlumatlarla da tanış olmaq mümkündür.
Gənc Tamaşaçılar Teatrının saytı nəhayət ki, üçüncü dəfə hazırlandıqdan sonra özünü doğrulda bilib. Bundan əvvəl ayrı-ayrı şəxslər tərəfindən hazırlanmış saytların dizayn və məzmunu teatrın rəhbərliyini qane etmədiyindən yenidən hazırlanıb. http://www.tyuz.az/ saytı əvvəlkilərdən fərqli olaraq dizaynı, formatı və strukturu baxımdan müasirliyi və funksionallığı ilə seçilir. Saytda teatrın yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, yaradıcı və bədii heyət haqqında geniş məlumat, teatrın cari repertuarında olan tamaşaların bədii və yaradıcı heyəti, annotasiya və şəkilləri yerləşdirilib.
Digər teatrlarla müqayisədə virtual məkanda daha fəal işləyən Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev mətbuata açıqlamasında bildirib ki, teatrın saytı (http://www.rusdrama-az.com ) 2008-ci ildən istifadəyə verilib və saytın idarə olması çox şeylərdə onlara yardımçı olur: “Düşünürəm ki, bu gün teatrların saytının olması vacib məsələdir. Saytın olması həm də teatrımızın beynəlxalq arenada tanıdılmasına kömək edir. Amma təəssüf edirəm ki, bir çox teatrların saytları yoxdur. Əgər bugünkü gündə buna imkan yaradılıbsa, bundan istifadə etməliyik. İnternet sərhəd tanımır və hər yerdən saytlara girmək mümkündür”. Ə. Hacıyev onu da əlavə edib ki, Rus Dram Teatrının bu zamana kimi bir çox beynəlxalq festivallarda iştirakı da məhz sayt vasitəsi ilə olub. Saytda Rus Dram Teatrının fəaliyyəti və repertuarı ilə tanış olduqdan sonra festivallara dəvət edirlər. Saytımız rus, Azərbaycan və ingilis dilindədir. Saytımız vaxtaşırı yenilənir. İstənilən bir ölkə teatrı Azərbaycana gələndə və ya bizim teatr kollektivini dəvət edəndə ilk soruşduqları şey saytdır. O səbəbdən də saytın olması mütləqdir”.
Dövlət Yuğ Teatrının saytına gəlincə bildirək ki, http://www.yugteatr.org/ ünvanında fəaliyyət göstərən sayt yalnız ingilis dilindədir. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun sözlərinə görə isə teatrın saytını direktor Tərlan Rəsulov özü hazırlayıb: “Eyni zamanda bu teatrın saytına əlavə vəsait ayrılmayıb. Artıq saytı yeniləmək haqqında düşünürük və bununla bağlı danışıqlarımız olub. Hazırda saytımız ancaq ingilis dilindədir, amma yeni variantda üç dildə nəzərdə tuturuq”.
Azərbaycan Dövlət Opera və Balet Teatrının saytı uzun müddətdir ki, fəaliyyət göstərir. Teatrın üç dildə olan yeni vebsaytı ötən il istifadəyə verilib və www.tob.az ünvanında fəaliyyət göstərir. Bu sayta nəzarəti isə teatrın özü aparır. Onu da nəzərinizə çatdırım ki, teatrın saytında ən son məlumatlar vaxtı vaxtında yerləşdirildiyi üçün biz teatrşünasların köməyinə çatır.
Dövlət Pantomima Teatrının http:// www.pantomima.az saytı da öz zənginliyi və funksionallığı ilə diqqəti cəlb edir. Tez-tez yenilənən sayt vasitəsi ilə tamaşaçılar teatrın həm tarixi, arxivi, həm də cari fəaliyyəti ilə tanış ola bilərlər.
A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının - http://www.kuklateatri.com ünvanlı saytı olsa da fəaliyyət göstərmir.
Azərbaycan Dövlət Musiqili Teatrının saytı isə teatrın mətbuat xidmətinin verdiyi məlumata görə, yenilənir.
Paytaxtımızda fəaliyyət göstərən vətənindən kənar düşmüş Şuşa Dövlət Musiqili Dram Teatrı və İrəvan Dövlət Teatrının isə vebsaytları yoxdur. Əslində köçkün həyatı yaşasalar da öz tamaşaları, yaradıcılıqları vasitəsi ilə yenə də fəaliyyətlərini davam etdirdiklərini nümayiş etdirmək, ayaqda durduqlarını göstərmək üçün bu teatrlara vebsayt daha vacibdir. Digər tərəfdən düşünürəm ki, sanki həmin teatrların hər şeyləri var da, bircə saytları əskikdir. Səhnəsi olmayan teatr hansı teatrın şəklini saytlarında yerləşdirəcək və ya tamaşaçılarını hər dəfə hansı teatra dəvət edəcək?
Bu başqa bir mövzu olduğu üçün araşdırmamızı davam etdiririk...
Bölgə teatrlarına gəldikdə isə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrınınwww.gence-teatr.org, M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının - http://mingecevir-teatr.com ünvanlı saytı öyrənə bilmədiyimiz səbəblərdən fəaliyyətini hələ ki,dayandırıb.
H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının http://www.sumqayitdram.az, N.B.Vəzirov adına Lənkəran Dövlət Teatrının http://lddt.info ünvanlı saytları işlək vəziyyətdə olsalar da müasir tələblərə cavab vermir, həm dizayn, həm məzmun və struktur baxımından yenilənməyə ehtiyacları var.
Digər teatrlarımızın saytları isə hələ ki və təəssüf ki, ümumiyyətlə yoxdur...
Amma biz artıq XXI əsrdə yaşayırıq...
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər