• cümə axşamı, 28 mart, 18:43
  • Baku Bakı 13°C

Sayları artdıqca, narazılıqlar da artır

06.08.19 10:00 10861
Sayları artdıqca, narazılıqlar da artır
Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa çağırır. Bu barədə AZTA rəhbəri Nahid Bağırov deyib. Onun sözlərinə görə, son zamanlar Assosiasiyaya şirkətlərin keyfiyyətsiz və məsuliyyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır: "Hazırda sektorda idarəetmə mexanizmlərinin olmamağı turistlər üçün ciddi problemlər yaradır, eləcə də sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistləri şirkət seçərkən daha diqqətli olmağa, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edirik”.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1 327,5 min gecələmə keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur. Gecələmələrin 63,3%-i Bakıda, 8,7%-i Qəbələdə, 4%-i Naftalanda, 3,9%-i Qubada, 3,8%-i Qusarda, 3,4%-i Naxçıvan Muxtar Respublikasında, 1,6%-i Xaçmazda, 1,3%-i Mingəçevirdə, hər birində 0,9% olmaqla Qax və Gəncədə, 8,2%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 29,4%-i Rusiya, 24,3%-i Gürcüstan, 10,5%-i Türkiyə, 7,5%-i İran, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,4%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,9% olmaqla Ukrayna və Hindistan, 1,5%-i Türkmənistan, hər birindən 1,4% olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3%-i Pakistan, 12,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.
Maraqlıdır, turizmin günü gündən inkişaf etdiyi, şirkətlərin kəmiyyət baxımından sayının artdığı bir dövrdə, keyfiyyət hansı səviyyədədir, kəmiyyətlə keyfiyyət arasındakı mütənasibliyi necə tənzimləmək olar? Görünən odur ki, turizm şirkətlərinin sayı artır. Amma eyni zamanda turistlərin narazılığı da artır. Bu da onunla bağlıdır ki, turizm şirkətlərinə nəzarət mexanizmi yoxdur. Nəzarət mexanizminin olmamağı isə bəzilərini işə məsuliyyətsiz yanaşması ilə bitir. Nəticədə isə Azərbaycanın turizm sferasının imici zədələnir.
Turizm üzrə ekspert Rüfət Məmmədov bildirdi ki, turizm şirkətlərinin gəlmə turizmin inkişafında rolu böyükdür: "Ölkənin beynəlxalq turizm bazarında tanıdılması məhz həmin şirkətlərin vasitəsi ilə həyata keçirilir. Son iki ildə Azərbaycan gəlmə turizmi üçün daha da əlverişli olub. Bu istiqamətdə ölkəmizə turistlərin cəlb edilməsində səyahət şirkətləri və tur operatorlarının üzərinə böyük yük düşür. Onların fəaliyyətləri nəticəsində Azərbaycan beynəlxalq turizm marşrutunda vacib ölkəyə çevrilib. Bu da turizm ilə məşğul olan müəssisələr üçün perspektivlidir. Rəsmi statistikaya nəzər salsaq, Azərbaycanda 2016-cı ildə 272 səyahət şirkəti və tur operator fəaliyyət göstərib. Ötən illərdə isə bu rəqəm artmaqda davam edib. Çünki digər sahələrə nəzərən səyahət şirkətinin fəaliyyətə başlaması az kapital tələb edir. Az miqdarda sərmayəyə sahib olan sahibkarlar üçün bu sahə daha cəzbedici olur. Lakin unutmamaq lazımdır ki, turizm bir xidmət sektorudur və bu sektorda müştəri məmnuniyyəti ön plandadır”.
Ekspert hesab edir ki, turizm şirkətləri ilk olaraq xidmətin keyfiyyətinə önəm verməlidirlər: "Keyfiyyətli xidmətə etibarlılıq, nəzakət, kommunikasiya, təhlükəsizlik, müştərini başa düşmək, əlçatanlıq, və s. kimi amillər daxildir. Bu amilləri nəzərə alaraq öz fəaliyyətini təşkil edən səyahət şirkətləri müştərilərini daim məmnun edəcək. Təbiidir ki, yuxarıda sadalanan amilləri yerinə yetirmək üçün keyfiyyətli işçilərə ehtiyac var. O da məlumdur ki, turizm sahəsi mövsümü xarakter daşıyır. Bu da qəbul edilmiş işçilərin mövsümü olaraq işəalınmasına səbəb olur. Lakin həmin işçilər mövsümündən asılı olmayaraq təlimləndirilməlidirlər. Təlimlər isə əsasən müştəri ilə necə ünsiyyət qurulmalıdır, müştəri məmnuniyyəti, narazı müştəri, ortaya çıxan problemlərin ən qısa vaxtda müştərini narazı salmayacaq şəkildə həll edilməsi kimi vacib məsələləri əhatə etməlidir. Xidmət keyfiyyətinin səviyyəsi səyahət şirkətinin bazar payı, xitab etdiyi bazar seqmenti və öz strukturundan asılıdır. Bəzi səyahət şirkətləri sadəcə, xarici turistlərə bilet satmaqla məşğuldur. Digərləri yalnız turların təşkili istiqamətində fəaliyyət göstərir. Burada əsas məqam odur ki, biz artıq dünya turizm bazarına daxil olmuşuq. Səyahət şirkətləri davamlı inkişafa nail olmaq istəyirlərsə, fəaliyyət spektrlərini genişləndirməli və bazar paylarını artırmalıdırlar. Bu da yalnız və yalnız sadalanan amilləri nəzərə alaraq keyfiyyətli xidmət təqdim etməklə mümkündür”.

"Luna Travel” turizm agentliyinin direktoru Rəhman Quliyev turizm şirkətlərinin artmasının həm mənfi, həm də müsbət tərəfləri olduğunu deyir: "Yaxşı cəhət odur ki, yeni iş yerləri açılır, bir-iki nəfər çörək pulu qazanır. Amma mənfi tərəflər də var. Gəlin bir baxaq, Azərbaycanda açıqlanan sayda turizm şirkəti var, ya yox? Bu gün normal ofisi, işçi heyəti olan, keyfiyyətli xidmət təqdim edən 70-80 turizm şirkəti tapmaq mümkündür. Qalanları qeyri-normal şəraitdə işləyirlər. Yəni turizmi müəyyən qədər bilən hər kəs yaxşı qazanc əldə etmək üçün şirkət açır. Evdə oturur və sosial şəbəkələrdə şirkətini reklam edir. Həmin adam yer, işçi üçün pul vermir, vergi ödəmir. Artım bu şəkildə baş verir. Buna nəzarət etmək çətindir. Lisenziyanın ləğvindən sonra belə şirkətlər çoxaldı. Cənab Prezident işsizliyin aradan götürülməsi, sahibkarlığa dəstək üçün lisenziyalaşmanın ləğvi haqqında qərar vermişdi. Amma bəziləri bundan sui-istifadə etdi. Turizm əməkdaşı savadlı və peşəkar olmalıdır”.

Agentliyin direktoru insanlara tövsiyə edir ki, əgər bu tip xidmətdən istifadə etmək istəyirlərsə, bunu həmin turizm şirkətinə gedərək, real, üzbəüz danışıqla etsinlər: "Xidmətin kim tərəfindən həyata keçirildiyini, hansı şərtlərlə aparıldığını, pulu hara ödədiyini, sabah bir problem yarananda gedib hansı qapını döyəcəyini bilsin. Sosial şəbəkədə vergi ödəyicisi olmayan o qədər turizm şirkətləri var ki, onlar saxta reklamla məşğul olurlar. Bunlar hamısı aldadıcı vasitələrdir. Gedib real olaraq şirkətin təklif etdiyi xidmətlərlə maraqlanmaq, müqavilə bağlayıb, ödənişi edib, qəbz almaq lazımdı. Hətta mən məsləhət görərdim ki, müştəri turizm şirkətinin VÖEN-ni də yoxlasın. Proses hüquqi baxımdan da bu şəkildə həyata keçirilməlidir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər