• cümə axşamı, 28 mart, 22:39
  • Baku Bakı 13°C

Sayı getdikcə çoxalan turistlər harda qalacaq?

13.04.17 11:00 1095
Sayı getdikcə çoxalan turistlər harda qalacaq?
Son illər ölkədə turizmin sürətli inkişafının şahidi oluruq. Azərbaycanın turizm ölkəsi kimi tanınması bizi sevindirsə də, turist axınının qarşısında onları yerləşdirə bilməmək qorxusu da bizi narahat edir. Çünki otel infrastrukturu böyük sayda turistləri yerləşdirməyə imkan vermir. Təsadüfi deyil ki, Novruz bayramı ərəfəsində təkcə Bakı şəhərində otellərdə boş yerlər yox dərəcəsində idi.Bəs 2017-ci ilin yay aylarında ölkəyə proqnozlaşdırıldığı kimi, kütləvi şəkildə turist axını olarsa, onları dünyaya səs salmış qonaqpərvərliyimizə uyğun qarşılaya bilərikmi?
"Mehmanxana biznesinin inkişaf etdirilməsi ən vacib istiqamətlərdəndir”
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov "Kaspi”yə açıqlamasında bildirdi ki, hazırda ölkədə 550-yə yaxın mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektləri fəaliyyət göstərir: "Onlardan 170-i Bakı şəhərində, digərləri isə regioanlarda yerləşir. Cari ilin yanvar, fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə gələn turistlərin sayı 12 faiz artıb. Bu ilin ilk 3 ayının rəqəmlərini nəzərə alsaq, ölkəyə 544 min turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxluq təşkil edir. 2017-ci ilin sonuna qədər turistlərin sayının daha da çox olacağı gözlənilir”.
Nazirlik rəsmisinin sözlərinə görə, turist axınını nəzərə aldıqda, yalnız ölkədə mehmanxanaların deyil, ümumilikdə turistlərə göstərilən xidmət sahələrinin də həm sayının, həm də keyfiyyətinin artırılması vacib istiqamətlərdəndir: "Məlumdur ki, Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş ixtisaslaşmış turizm sənayesinin inkişafına dair yol xəritəsi ilə bağlı sənəd tətbiq olunub. Bu sənədə əsasən növbəti illərdə qarşıya hədəf olaraq turizmin müxtəlif istiqamətlər üzrə inkişafı qoyulub. Burada kadr hazırlığından tutmuş, infrastrukturun yaxşılaşdırılması, turizmin müxtəlif növlərinin yaradılması və s. kimi məsələlər öz əksini tapıb. Bu sənədin müvafiq bəndində də mehmanxana biznesinin inkişaf etdirilməsi bu gün bizim üçün vacib istiqamətlərdəndir. Burada yalnız yüksək kateqoriyalı mehmanxaların deyil, aşağı kateqoriyalı mehmanxanaların da inkişaf etdirilməsi nəzərdə tutulur”.
"Əgər turistlər evlərdə qalırsa, turizmdən gələn gəliri necə hesablaya bilərik?”
Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, turizmlə bağlı bütün məsələlər kompleks şəkildə həll edilməli və bir-biri ilə uzlaşmalıdır: "Əgər biz turizmin inkişafı ilə bağlı çox böyük işlər görürüksə, fikirləşməliyik ki, gələn turistlərə necə xidmət göstərək. Turizm bir neçə amildən ibarətdir: yaşayış, qida, nəqliyyat və ekskursiya. Bizdə nəqliyyat, qida, ekskursiyada problem yoxdur. Yaşayış amilində isə geridəyik. Bu məsələ şəxsən mənim tərəfimdən dəfələrlə qaldırılıb. 2005-ci ildən mən bunu proqnozlaşdırmışdım. Əgər turizmin inkişafı haqqında biz müxtəlif işlər görürüksə, turist gələndə harada qalmalıdır, onu da düşünməliyik. Elə bil ki, evinizə qonaq dəvət edirsiniz, deyirsiniz ki, bütün kənddə nə qədər qohum-əqrəba var, mənim evimə qonaq gəlsin. Amma evinizin sahəsi buna imkan vermirsə, siz qonaqları harada yerləşdirəcəyiniz haqda fikirləşməlisiniz. Kütləvi turizmin inkişafı üçün 1-2 ulduzlu otellər tikilməli, hostellərin geniş şəbəkəsi yaradılmalıdır. Əgər bunlar olmayacaqsa, turistlər evlərdə qalacaq. Bu həm turistin təhlükəsizliyi, həm də dövlətə vergi ödənməsi baxımından mənfi tendensiyaya çevriləcək. Çünki evlərdə qalan turistlər vergi ödəyicisi kimi qeydiyyata alınmırlar. Ona görə də dövlətin büdcəsinə pul axmır. Əgər turistlər evlərdə qalırsa, biz turizmdən gələn gəliri necə hesablaya bilərik? Bizim də əsas məqsədimiz turistləri ölkəyə çox gətirməklə, həm də valyuta gətirməkdir. Bu, yoxdursa, bütün əziyyətimiz, verdiyimiz qərarlar, gördüyümüz işlər boşa çıxır. Bunları həyata keçirmək üçün sahibkaralara güzəştlər etmək lazımdır ki, onlarda otel tikməyə maraq yaransın”.
"2020-ci ilə qədər yataq yeri 100 minə çatmalıdır”
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov bizimlə söhbətində bildirdi ki, Azərbaycanda hazırda otel sayı bu günkü reallıqda yetərli deyil. Müsahibimizin sözlərinə görə, ölkəyə gələn turist sayının çoxluğu otel qıtlığını ortaya çıxarıb: "Azərbaycanda turizmin inkişafı baxımından son on ildə böyük irəliləyiş var. Bu müddət ərzində otel və mehmanxana sayı 5 dəfə artıb. Amma bu, bu günkü reallıqda yetərli deyil. Turizm sektoru inkişaf tempinə girirsə, gələn turistin qarşılanması, yerləşdirilməsi, qidalanması məsələsi də ortaya çıxır. Azərbaycanda təxminən 40 minə yaxın yataq yeri var. Gələn turist sayı son iki ildə ciddi şəkildə artıb. Keçən ilə nisbətən bu ilin 3 aylıq rübündə turist sayı 20-25 faiz artıb. Bu artım otel qıtlığını ortaya çıxarıb. 2020-ci ilə qədər yataq yeri Azərbaycanda 100 minə çatmalıdır və bu yataq yerlərinin də böyük əksəriyyəti 2-3 ulduzlu otellərə aid olmalıdır. Azərbaycanda 4-5 ulduzlu otellər çoxdur, amma ekonom klass otellərin də çoxluğuna çalışılmalıdır”.
"Turistimiz çöldə qalmayacaq”
"Luna Travel” turizm agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev deyir ki, turistləri yerləşdirməyə çətinlik çəkməyimiz bizim qalibiyyətimizdir: "Əslində belə bir vəziyyətin yaranması bizim üçün xoşdur. Lakin bundan iki gün əvvəl hüquq-mühafizə orqanlarının hostellərdə reyd keçirməsi bizi xoşagəlməz vəziyyətlərlə qarşılaşdırdı. Hostellərin mentalitetə uyğun olmadığı açıqlandı. Mən bu fikirlə razı deyiləm. Əgər biz Avropaya inteqrasiya etmək üçün can atırıqsa, hostellərin də tikilməsinə şərait yaratmalıyıq. Gələn turistlər daha çox hostellərdə qalmağa üstünlük verirlər. Ona görə biz hostelləri sıxışdırmamalıyıq, əksinə, onların da inkişafına şərait yaratmalıyıq. Sahibkarlara şərait yaradılmalıdır ki, ekonom büdcəli hostellər açsınlar. Hostellər müvəqqəti qonaq evidir. Mən dünyanı gəzmişəm. Hostellərlə çox rastlaşıram, nəinki otellərlə. Avropa ölkələrinin elə bir kəndi yoxdur ki, orada qonaq evi olmasın. Bizim mentalitetimiz elə qonaq qarşılamaqdır. Bu səbəbdən biz hostellərin tikilməsinə mane olmamalıyıq. İnsanlar var ki, öz evinin kənarında imkanı var, hostel kimi tikir, vergisini verir və fəaliyyət göstərir. Belə insanlara şərait yaradılmalıdır. Bu tədbirləri həyata keçirsək, turistimiz də çöldə qalmayacaq”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər