• cümə axşamı, 18 aprel, 06:37
  • Baku Bakı 12°C

Saxta profillilərin saxta partiyası

14.07.15 13:05 1179
Saxta profillilərin saxta partiyası
AXCP cameəsində saxta profil qalmaqalı yenidən gündəmə gəlib. Əslində, bu mövzu heç vaxt gündəmdən düşməyib. Sadəcə, ortaya daha ilginc xəbərlər çıxdıqca, bu məsələ ikinci plana keçib. İndi saxta profil mövzusunun yenidən qabarmasının səbəbi isə sədrin bir neçə gün öncə istefa vermiş müavini Əbülfəz Qurbanlıdır. Belə ki, o, Facebook profilində paylaşdığı statusda bu cür fəaliyyət quran şəxslərə sərt sözlər yazıb və onların kim olduğunu bildiyini qeyd edib: “Saxta profil arxasında gizlənənlər özümüzünkülərdir. Dedim axı hamını tanıyıram”.
Onun yazdığı bu status yenidən aranın qarışmasına səbəb olub və ciddi müzakirə mövzusuna çevrilib. Xatırladaq ki, AXCP-də saxta profil qalmaqalı xeyli vaxtdır başlayıb və bu ənənə hələ də “uğurla” davam etdirilir. Belə özfəaliyyət və davranışlar isə xəstə təfəkkürün məhsulu hesab olunur. Partiyanın bu cür əməlləri haqda bir müddət öncə AXCP-dən qovulan başqa bir müavin Razi Nurullayev ilginc faktlar açıqlayaraq, orada müxtəlif məcburiyyətlərə məruz qaldığını, onlardan birinin də çoxlu sayda saxta profil işlətmək olduğunu söyləmişdi: “Saxta profil fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya gətirib və buna təəssüf edirəm. Sədr müavinlərindən də bir-ikisi istisna olmaqla hər biri onlarla saxta profil istifadə edir. Bu, çox utancverici hərəkətdir. Guya saxtakarlıqlara qarşı mübarizə aparırlar, bəs bunu özlərinə necə uyğun görürlər? Utanıram. Həm də yanıram o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki saxta profillər real adamların görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profilləri yaradıb, sizdən fərqli düşünənləri söyür və dışlayırsınız. Bu, AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs harada qaldı azad söz, fərqli fikir və digərlərinin düşüncəsinə hörmət? Siz necə özünüzə digər cəbhəçilərin iradəsini zorlamağı rəva görürsünüz?”
Keçmiş müavin açıqlayıb ki, internetdən istifadə edə bilməyən bir sıra cəbhəçilərin adından açılan saxta profillərlə qaraladıqları adamları söyür, təhqir edirlər. Ən xırda məsələdə belə, onlarla həmfikir olmayan şəxslərə qarşı ən pis formada qarayaxma kampaniyası aparılır, onların rüsvay olması üçün müxtəlif yollara əl atılır. Hazırda partiyanın cəmiyyət üçün ən “əsas və aktual” mövzusu isə sədrin paylaşımına gələn “like” sayı, onu neçə nəfərin paylaşması, nə qədər rəy yazılmasıdır. Radikal müxalifət partiyası sədrinin bu cür cılız işlərlə məşğul olması isə onun adına yazılan ən böyük biabırçılıqlardan biridir. Belə yolla guya çoxlu tərəfdarları, həmfikirləri olduğunu nümayiş etdirmək istəyirlər. Bu cür yalanlar isə bir yerə qədər inandırıcı ola bilər. Çünki tərəfdar sayının nə qədər olduğu mitinqlər zamanı bəlli olur və onda real dəstəkçilərin sayı üzə çıxır. Belə faktlar partiyadakı idarəçilikdə çox ciddi problemlər olduğunu ortaya qoyur. Məlum olur ki, sədri partiyanın işləri, gələcək fəaliyyəti maraqlandırmır, hər şey yalnız görüntüyə hesablanır. Bu kimi hallar isə xarici havadarlara hesabat verən şəxslər üçün xarakterikdir. Bir partiya sədri üçün daha betər biabırçılıq öz xanım işçisinə qarşı şantajçılıq etməsidir ki, Ə.Kərimli belə hərəkətə də yol verib. Onu da deyək ki, Ə.Kərimli gənclər harasa istirahət üçün gedəndə də narazı qalır, onların kənar yerlərə pul xərcləməsinə əsəbiləşir. Tələb edir ki, xərclənilən ən xırda məbləğ də partiyaya verilsin. Hətta onların toya yazdırdıqları pullar da narazılığa səbəb olur. Bütün bunlar isə onu göstərir ki, Ə.Kərimli partiya üzvlərinə oyuncaq kimi baxır və hamıdan öz maraqları üçün istifadə edir. AXCP-dəki vəziyyətə əyani şahid olan R.Nurullayev də cəbhəçilərə istifadə olunan material kimi baxıldığını söyləyib: “Onlar ancaq adamları mitinqlərə dəvət etmək, Facebookda statuslar paylaşmaq, şərhlər yazmaq üçün lazımdırlar. Ən vacib işləri isə partiya rəhbərliyini tərif və təbliğ etməkdir. Bu, mütləq icra olunmalı işdir. Azərbaycan gəncliyi artıq belə işlərdən bezib. Onların düşüncələri fərqlidir və bu cür gedişatla razılaşmaq istəmirlər. Partiyada artıq ciddi şəkildə fikir ayrılıqları və ondan yaranan problemlər var”.
Göründüyü kimi, AXCP sədri Ə.Kərimlinin saxta profil siyasəti nəinki kənardakıları, artıq öz üzvlərini də bezdirib və onların bir-bir oradan uzaqlaşmasına səbəb olub. İstər gənclər, istərsə də yaşlı nəsil Facebook-da Ə.Kərimlinin “laykedən”i olmaqdan yorulublar. Üstəgəl, keçirilən tədbirlər və ya xırda toplantılar zamanı da hələ heç bir normal fəaliyyət sərgiləməyən bir sədr haqda bəlağətli fikirlər səsləndirilməsi öhdəçiliyi də insanları diksindirib. Belə hal insanların hüquqlarının tapdanmasıdır və istəmədiyi sözləri deməsi və ya istəmədiyi hərəkətləri etməyə məcbur edilməsi partiya üzvü olan şəxs üçün çox acınacaqlı haldır. Bunun isə yeganə adı partiya üzvlərini mənəvi terrora məruz qoymaqdır. Onlar partiyadan rahatlıqla uzaqlaşıb gedə bilmirlər, çünki hansı vəziyyətlə üzləşəcəklərini bilirlər. Partiyada eynən funksionerlər və ya sədr kimi düşünməyənlərin də işi çətindir. Həmin insanın mövqe bildirmək, fikrini bölüşmək kimi haqqı yoxdur və o, sözünü deməkdən çəkinməzsə, sonu məlum məsələdir- partiyadan qovulacaq və Facebook-da cəbhəçilərin kütləvi hücumuna məruz qalacaq. Bu təfəkkürdə olan sədrin partiyasının bundan o yana alçalma nöqtəsi yoxdur və qurumun fəaliyyətini bu cür şərtlər altında davam etdirəcəyi şübhə altına düşür.
H.Əsgər
banner

Oxşar Xəbərlər