“Savadlı insan özünü tərifləməyə ehtiyac duymur”
Həmsöhbətimiz bir çox seriallarda
müxtəlif obrazları ilə tamaşaçıların ürəyinə yol tapan Cəmilə Tağızadədir. Ən
böyük arzularından biri rejissorlar tərəfindən hələ indiyə qədər ona təklif
edilməyən obrazları canlandırmaqdır. Ana olduqdan sonra bu arzusunu həyata
keçirmək üçün çalışacağını və ürəyində nisgili qalan obrazları canlandıracağını
deyir. Ailə qurduqdan sonra Türkiyəyə köçərək özünə yeni bir həyat qursa da, doğmaları
və dostları üçün darıxdığını deyir.
- Ailə qurduqdan
sənətdən uzaq düşdünüz. Yenidən qayıtmaq fikriniz varmı?
- Hər bir qadın kimi, mən də ana olmağı arzulayıram.
Övladımı böyüdüb, onunla gözəl zaman keçirmək istəyirəm. Ailə qurduqdan sonra
yaradıcılığımda bir qədər durğunluq yaşandı. Ancaq bu o demək deyil ki, mən
sənəti tərk etmişəm. Bir müddət sonra yenidən fərqli layihələrlə tamaşaçıların
görüşünə gələcəm.
- Bundan sonra hansı obrazları canlandırmaq istəyərdiniz?
- Bu günə qədər bir çox obrazlar canlandırmışam. Ərafımda
müxtəlif xarakterlərə sahib insanlar var. Bəzən onları filmdə canlandırmağı çox
istəyirəm. Şıltaq, saf, cəsur obrazlarla bərabər, mənfi obrazlar da
canlandırmışam. İstərdim ki, psixoloji problemlərlə üzləşən, xəstə yatağında can
verən, həbsxana şəraitində yaşayan qadınların obrazlarını canlandırım.
- İndiyə qədər seriallarda
və ya filmlərdə canlandırdığınız obrazlardan hansı sizin ruhunuza daha yaxın
olub?
- Hər obraza öz xarakterimdən az da olsa nələrsə əlavə
etmişəm. Ən çox sevdiyim obrazlardan biri "Cehizsiz gəlinlər” serialındakı Hicran
obrazıdır. Bu obraz mənə çox böyük uğur gətirdi. "İkinci pərdə” filmində yer
aldığım obrazımı da bəyənirəm. Baxmayaraq ki, orada epizodik obrazda çıxışı
edirəm. O rol tamaşaçılar tərəfindən çox tanındı və sevildi. Ümumiyyətlə
aktrisa bir obrazı canlandıranda, gərək duyğularını saf bir şəkildə ifadə edə, o
səmimiyyəti insanlara ötürə bilsin.
- Tamaşaçılar
sizi radio və televiziya aparıcısı kimi də tanıyır. Səhnə fəaliyyətinizi davam
etdirmək fikrində olsanız, yenidən aparıcı qismində çalışmaq istəyərdinizmi?
- Etiraf edirəm ki, aparıcı kimi çox da uğur qazana
bilmədim. Aktrisa kimi daha çox nailiyyətlər əldə etmişəm. Düzünü desəm, aparıcılıq
fəaliyyəti ilə cəmi 3 il məşğul olmuşam. Amma aktrisa kimi 10 il səhnədə fəaliyyət
göstərmişəm. Birinci kursdan bu sənətdəyəm. Əslində, televiziya sahəsində
çalışmaq fikrim olmayıb. Lakin öz kurs yoldaşlarımdan bu barədə təklif aldım və
aparıcı qismində çıxış etməyə başladım. Bu peşə zaman keçdikcə mənim üçün çox
cəlbedici görünməyə başladı. Çevrəm geniş idi və buna görə də özümü çox xoşbəxt
hiss edirdim. Hətta çalışırdım ki, sənətə yenicə qədəm qoyan insanları verilişlərimə
dəvət edib, onları tamaşaçılara tanıdım. Bununla yanaşı, tanınmış, peşəkar aktyorları,
aktrisaları, rejissorları da öz verilişlərimə dəvət edir, onlarla bir mövzu
ətrafında müzakirələr edirdik.
- Teatrda çalışmaq
fikriniz varmı?
- Əlbəttə,
bu mənim ən böyük arzularımdan biridir. Teatrda çalışmaq istəyirəm. Ancaq, müəyyən
səbəblərdən hələ ki bu istəyimi gerçəkləşdirmək mənə nəsib olmayıb.
- İstedadlı
insan anlayışı sizin üçün hansı mənanı ifadə edir?
- Mən anadangəlmə istedadam (gülür). Düşünürəm ki, hər
bir insanın daxilində bir istedad yatır. Hər kəs öz istedadını müəyyənləşdirməli,
onu inkişaf etdirməyin yollarını tapmalı və özünü bu sahədə kəşf etməlidir. Bunların
hamısını bilən insan özünü xoşbəxt saya bilər. Bununla yanaşı, hər bir şəxs
istedadlı olduğu sahədə öz üzərində çalışmalı və peşəsi ilə bağlı müəyyən təcrübələr
əldə etməlidir. Bunun üçün də təhsil çox önəmlidir. Qeyd etdiklərimin hamısı vəhdət
təşkil etdikdə, hərtərəfli formalaşmış istedadlı bir şəxsiyyət meydana çıxır.
- Bəs siz özünüzü
tam formalaşmış istedadlı aktrisa olaraq görürsünüzmü?
- Özümü istedadlı aktrisa kimi qələmə verməmişəm. O
qədər təcrübəli, istedadlı aktrisalar var ki, onların işlərinə baxıb örnək
götürürəm. Əgər onlara baxıb nəyisə öyrənirəmsə, bu o demək deyil ki, özümü
zəif aktrisa kimi hiss edirəm, əsla. Elə aktyor və aktrisalarımız var ki, qətiyyən
öz üzərilərində işləmirlər. Lakin hər zaman özlərini hamıdan üstün tutur, hətta
sənətkarlarımızı belə unudurlar. Savadlı insan isə heç bir zaman özünü tərifləməyə
ehtiyac duymur. Sənət adamı özünə, gördüyü işlərə qiymət verməyə
çalışmamalıdır.
- Bir insan bir
neçə peşəni eyni anda idarə edə bilmək üçün hansı bacarıqlara sahib olmalıdır?
- Düşünürəm ki, bu keyfiyyətlərə malik olan insan
həddindən artıq istedadlı olmalıdır. Məsələn, dünya şöhrətli aktrisa Cenifer Lopez
kimi. O, eyni zamanda həm yaxşı aktrisa, müğənni, xoreoqraf, prodüser, istedadlı
aparıcı, iş qadını, həm də yaxşı anadır. Demək ki, insan istedadlı olduqda, hər
işi bacarır.
- Türkiyə ilə
Azərbaycan arasında həm mədəniyyət, həm də kino sahəsində hansı fərqləri görürsünüz?
- Biz Türkiyənin otuz il bundan əvvəl kino
sahəsindəki inkişaf dövrünü yaşayırıq. Amma yenə də hər iki dövlətin kino
sahəsini müqayisə edəndə, SSRİ dövründə çəkilən Azərbaycan kinolarının
Türkiyənin Yeşilcam dövründə çəkdiyi filmlərindən daha üstün olduğunu görürük. İllər
keçdi, onlar bu sahədə daha da irəliləməyə başladılar, biz isə əksinə, geriyə doğru
yol aldıq. Bunun əsl səbəblərindən biri də ölkəmizdə gedən qanlı müharibə və
onun nəinki kino sənayesinə, digər sahələrə də vurduğu ziyan idi. Bu normal bir
haldır və biz ağır müharibə şəraitindən çıxıb, qısa zaman kəsiyində nəinki kino,
bütün sferalarda bu qədər inkişaf etmişiksə, bunun özü böyük bir nailiyyətdir.
- Türkiyədə
yaşayan Azərbaycanlı sənət adamları ilə münasibətləriniz necədir?
- Çox yaxşı münasibət saxlayırıq. Nə yaxşı ki, onlar
da İstanbuldadırlar. Özümü tək hiss etmirəm. Amma düşünürəm ki, çevrəni genişləndirmək
istəyirsənsə, türk aktyor və aktrisaları ilə də münasibət saxlamalısan. Gərək onlarla
eyni layihədə çalışasan. Bu sahədən bir qədər uzaqlaşdığım üçün hələ ki belə
bir hal gözlənilmir.
Fidan Salmanova