• şənbə, 20 Aprel, 10:57
  • Baku Bakı 14°C

Satqınlıq heç vaxt bəraət qazanmayıb

25.05.18 18:57 2377
Satqınlıq heç vaxt bəraət qazanmayıb
Kinorejissor Rüstəm İbrahimbəyovun çəkdiyi "Qafqaz üçlüyü” filmi Azərbaycan ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb. Bir çox ziyalılar filmlə bağlı öz mövqelərini bildirirlər. Məsələyə sənət adamları da biganə qalmayıb. Onlar "Kaspi” qəzetinə açıqlama verərək Rüstəm İbrahimbəyovun 2009-cu ildən etibarən öz filmlərində, çıxışlarında Azərbaycan xalqına qarşı bir nifrətduyğusu əks etdirməyə başladığını və onun çəkdiyi "Qafqaz üçlüyü”filminin heç birbədii keyfiyyəti olmadığını qeyd etdilər.
Zəif dramaturgiya, zəifaktyor oyunu, zəif operator işinin yer aldığı filmdə R.İbrahimbəyovun ruslara yaltaqlandığını və onun bu missiyasının filmdə açıq-aydın hiss olunduğunu bildirdilər. Filmi izləyən sənət əhli onun başdan-ayağa Azərbaycan xalqının əleyhinəyönəldiyi, beynəlxalq arenada azərbaycanlılara nifrət oyandırmaq məqsədi güddüyü qənaətindədirlər.

Xalq artisti Fəxrəddin Manafov deyir ki, R.İbrahimbəyovun belə bir addım atmasını heç ağlının ucundan belə keçirməzdi: "Onunla çox yaxşı münasibətimiz var idi. 10 il onunla birlikdə İbrus Teatrında çalışdım. Biz bu teatrda çox uğur əldə etdik, beynəlxalq festivallarda çıxışlarımız oldu. Düşünməzdim ki, zaman gələcək və mən bu cür hadisə ilə üz-üzə qalacam. Bu gün o qədər problemimiz var ki. Uzun müddətdir ki, müharibə şəraitində yaşayırıq. Bu qədər problemlərin arasında görün nəyi müzakirə edirik. Ümumiyyətlə istedadlı, dahi, azacıq da olsa savadlı insanlara qarşı böyük rəğbətim var. Ancaq R.İbrahimbəyov nə qədər istedadlı ssenarist olsa da, o bu hərəkəti ilə özünü gözdən saldı. Ola bilər ki, nədənsə narazılığı olsun, ancaq bu ona əsas vermir ki, öz xalqını aşağılasın. Rüstəmin bu hərəkəti ilə heç vaxt razılaşa bilmərəm. Bu filmi izləyəndən sonra gözümə yuxu getmir. İşin sonunda xalqına qarşı anlaşılmaz bir mövqedə durursansa, bütün yazdığın, gördüyün işlərin qiyməti heç olur. Qiymət itir... Böyük bir təlaş içindəyəm. Nə deyəcəyimi də bilmirəm. Daha doğrusu, heç cür anlaya bilmirəm. Axı necə olur? O bunu doğrudanmı edib? 30 ildir ki, onun əsərlərini oxuyuram. 11 ildən çoxdur ki, teatrında tamaşalarda oynayırdım”.

Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqınıtərk etdiyini deyən xalq artisti bildirir ki, qurumun rəsmi nümayəndəsinə zəng edərək təkidli şəkildə qərarını de-fakto elan edib: "Bundan sonra o qurumda qalmaq fikrində deyiləm. Mən inanmıram ki, bu cür ağır məsələdən sonra o qurumda azərbaycanlılardan kimsə qalsın. O qurumda artıq heç kəs qalan deyil. O filmə baxdığım gündən elə bir qurumu artıq tanımıram. Qurumun başında millətimə qarşı belə bir təbliğat yaradan biri varsa, o qurum nəyə lazımdır? Satqınlıq heç vaxt bəraət qazanmayıb. Biz bunu tarixdə də görmüşük”.


Xalq artisti Ramiz Novruz R.İbrahimbəyovun niyyətinin elə əvvəldən bəlli olduğunu deyir: "Rüstəmin "Bir cənub şəhəri” filmində bir fraqment var. Orada "rayon” deməkdən qorxub "maron” deyirdi. Onun yaradıcılığında zaman-zaman belə xırda nüansları görürdük. Ona görə mən heç vaxt Rüstəmdən yaxşı bir şey gözləməmişəm. O, bu filmi ağasına xoş getməsi üçün çəkdi. Rüstəm nə qədər ermənilərə, ruslara xidmət etsə də, onların gözündə ikinci növ millət olaraq qalacaq. Öz xalqına güvənməyən və sərhəddi keçdikdən sonra öz millətinin əleyhinə iş görən insan bizdən deyil. Mən bilirdim ki, o öz xalqını sevmir. Ancaq ruslar da çox yaxşı başa düşür ki, öz xalqını sevməyən insan başqa xalqı da sevməyəcək. Onun filmlərində ruslara və ermənilərə qarşı hərisliyi sezilir. Bir aktyor kimi heç vaxt arzulamamışam ki, onun əsərlərində oynayım”.
R.Novruz R.İbrahimbəyovu tələbəlik illərindən tanıdığını və onun diplom işinin də qalmaqallı olduğunu deyir: "Rüstəmin diplom işinin müdafiəsi böyük səs-sədaya səbəb oldu və o qovulmaq dərəcəsinə qədər gəlib çıxdı. Diplom işində Habil Əliyev Şıxov çimərliyində kamança çalırdı. Qoyun isə ona baxıb ağlayırdı. Çörəyi dizi üstə olan insandan bundan artıq heç nə gözləmirəm”.

Xalq artisti Nurəddin Mehdixanlı "Kaspi”-yə açıqlamasında "Qafqaz üçlüyü” filminin birdən-birə ortalığa çıxmasını heç də təsadüfi hesab etmədiyini dedi. O, 2015-ci ildə çəkilən filmin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində ortaya atılmasını təxribat kimi görür: "2015-ci ildə çəkilən film böyük şəkildə reklam olunmadı. İndi birdən-birə bu filmi ortalığa atmaq düşünülmüş şəkildə baş verən bir hadisə oldu. Azərbaycan Cümhuriyyətinin 100 illiyi, eyni zamanda Ulu öndərimiz Heydər Əliyevin 95 illiyi - xalqımız üçün mühüm, əhəmiyyətli bir ildir. İyunun 26-da Ordumuzun yaranmasının 100 illiyi qeyd olunacaq. Dünən Azərbaycanda prezidentliyə namizəd olan bir insanın bu gün çıxıb, rəhbərlik etmək istədiyi xalqa qarşı təxribat işlətməsi xəyanətdir. Bunun başqa bir adı yoxdur. Azərbaycanın uğurları və həyata keçirdiyi layihələr Rüstəm İbrahimbəyovun arxasında gizləndiyi insanların xoşuna gəlmir. Ölkəmizdə bayram keçirilir. Nəinki ölkəmizdə, Azərbaycan vətəndaşlarının addımı dəyən dünyanın hər tərəfində yaşayan həmvətənlərimiz bu bayramı təntənə ilə qeyd edirlər. Düşmənlərimiz isə bizim bayramımıza zəhər qatmaq istəyirlər. Ən pisi odur ki, bunu edən Azərbaycan xalqının bütün imkanlarından bəhrələnən xalq yazıçısı, "Şöhrət” ordenli, bir çox medallara sahiblənmiş, Azərbaycanda çoxmilyonluq mal-mülki, varidatı olan bir adamdır. Dünənə qədər özünü azərbaycanlı kimi təqdim edən və bu gün Azərbaycanın düşməni olduğu üzə çıxan Rüstəm İbrahimbəyov”.

N.Mehdixanlı filmdən çıxan nəticənin ermənilərin çəkdiyi bütün əzabların səbəbkarının guya azərbaycanlılar olduğunu deyir: "150 ildən artıqdır ki, ermənilər Qafqazda bizə qarşı xəyanət etməklə məşğuldurlar. Soyqırımılar törədib, torpaqlarımızı işğal ediblər. Ermənilər bizim 20 faiz torpaqlarımızı işğal etməklə bərabər, Naxçıvana da göz dikiblər. İşğal olunan biz, zülmə məruz qalan biz... Bir milyon qaçqını olan bir xalqı Rüstəm İbrahimbəyov necə təhqir edir axı? Əslində bu, Azərbaycan xalqına qarşı olan bir cinayət və xəyanətdir. Bu cinayət və xəyanət cəzasız qalmamalıdır. Rüstəm İbrahimbəyov bu xəyanəti tək bu gün etməyib. O bütün yaradıcılığı boyu azərbaycanlıları bir tərəfdən kəm və şikəst göstərməyə çalışıb. Bütün bunlar bu filmdə əks olunub. "Qafqaz üçlüyü” filminin adı da bir yanlışdır. Bu, şeytani üçlükdür. Orada Azərbaycan mədəniyyəti, əxlaqı əks olunmayıb, o necə üçlük olur? Filmdə azərbaycanlı aktyor belə yoxdur. Heç kim unutmasın ki, Azərbaycan xalqı öz dostunu və düşmənini tanıyır. İçimizdəki o xain və satqınları təmizləmək üçün bu bizim xeyrimizə olan bir hadisədir. Maskalar yırtılmalıdır. Bütün bu təxribatlar Azərbaycan xalqının bayram əhval-ruhiyyəsinə təsir etmir və edə də bilməz. Rüstəm İbrahimbəyov kimi satqının cavabını ölkənin ziyalıları, qələm adamları verməlidir. Xalqımız bu məsələlərdə aktiv olmalıdır. Bu gün bizim müstəqil dövlətimiz, ordumuz, iqtisadi potensialımız və siyasi nüfuzumuz var. Bu sayaq oyunlara qarşı kifayət qədər gücümüz var ki, onlara lazımınca cavab verə bilək”.

Xalq artisti Ramiz Məlik bizimlə söhbətində Lətif Səfərovun yaratdığı Kino İttifaqı və Həsən Seyidbəyli kimi görkəmli kino xadimimizin oranı gözəl bir təşkilata çevirməsindən sonra Rüstəm İbrahimbəyov kimi nanəcib bir adamın bu ittifaqı məhv etməsindən məyus olduğunu vurğuladı: "O ittifaqa üzv olduğum vəsiqəni ötən gün səhər televiziyada verilişdə cırdım və bildirdim ki, mən bu ittifaqın üzvü ola bilmərəm. "Qafqaz üçlüyü” filminin ilk kadrlarından göründü ki, Rüstəm İbrahimbəyov öz qarşısına bir məqsəd qoyub. Bu məqsədə çatmaq üçün bir çox üsullardan istifadə edir. Azərbaycan xalqının mənəviyyatına, xalqına, insanlarına qarşı çıxaraq, bizi qorxaq kimi təqdim etməyi qarşısına məqsəd qoyub. Bu necə üçlükdür ki, filmdə bir dənə də olsun azərbaycanlı aktyor çəkilməyib. Bu film 2015-ci ildə çəkilib. Film Moskvada nümayiş olunanda, bizim orada yaşayan ziyalılarımız, oliqarxlarımız, Qusman qardaşları, bizim səfirliyimiz hara baxırdı? Onlar məgər bunu görməmişdilər? Niyə üç ildən sonra bu məsələni qaldırırlar? Ona görə ki, Azərbaycan ordusu Qafqazda ən böyük ordudur. Rüstəm İbrahimbəyov kimi vətənin çörəyini yeyib, havasını udan insan bunu edirsə, biz onda erməni dığasından nə gözləyək? Bu filmi erməni soyqırımının 100 illiyi ərəfəsində çəkib. Deməli, Rüstəm İbrahimbəyov bu filmi ermənilərə hədiyyə edib. Bunun çox dərin qatları var. Kadrların çoxu Gürcüstanda çəkilib. Bircə Bakıda Heydər Əliyev Aeroportunun görünüşünü salıblar. Bu da gürcülərin bizə olan münasibəti... Danılmaz faktdır ki, erməni diasporu, lobbisi yaxşı işləyir. Rüstəm bu filmlə öz ölkəsini təhqir etməklə ikinci dəfə "Oskar” mükafatı almaq istəyir. Bizim Rüstəm İbrahimbəyov adlı bir vətəndaşımız yoxdur. Əvvəldən də onun filmlərində erməni xətti sezilirdi. Onun çəkdiyi "Ad günü” filmində qəhrəmanın dilindən deyir ki, stolun üstündə ancaq erməni konyakı olmalıdır. Təəssüf ki, mən o filmdə çəkilmişəm”.

Xalq artisti qəzetimiz vasitəsilə rejissora müraciət də etdi: "Ay Rüstəm, Xocalı soyqırımını görməmisənmi? Yoxsa xəbərin yoxdur? 20 faiz torpağın işğal altındadır. Bir eynəyin var, birini də tax üstündən, bax gör ki, sənin nə qədər qaçqının var, sənin torpağın, adət-ənənələrin viran edilib, mədəniyyət abidələrin dağıdılıb, vandalizmə uğrayıb. Bunlar haqqında nə bir süjet çəkmisən, nə də yazı yazmısan. Şamaxıda sənin üzüm bağın var və oradan şərab çəkirsən. O torpaq sənin gözünə girsin, haram olsun bu ölkənin sənə verdiyi çörək”.

Əməkdar artist Mehriban Zəki bizimlə söhbətində çox məyus olduğunu, sözügedən məsələnin ona toxunduğunu bildirdi: "Bilirsinizmi, ziyalılıq - zahiri obrazı üzərinə palitra kimi geyinib oynamaq deyil. Ziyalılıq daxilən zəngin olan insanlara deyilir. Rüstəm İbrahimovla 11 il birlikdə işləmişəm. Bu, az müddət deyil. Ondan ziyalılıq anlayışı ilə bağlı çox sözlər eşitmişəm. Ancaq ondan əks-ziyalı bir mövqe gördüm. Bir neçə il bundan öncə o, prezidentliyə namizədliyini irəli sürəndə də onu heç cür dəstəkləməmişdim. Bunu hamı bilir. Dövlətimə qarşı zərrə qədər belə olsa təhqir görsəm və onun elementlərini hiss etsəm, öz etirazımı bildirərəm. İndi də mən bu filmi qəbul etmirəm. Başqa cür ola da bilməz”.

Əməkdar artist Ötkəm İskəndərov bildirdi ki, Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina edib: "Vaxtilə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olmuşam. 1975-ci ildən kino sahəsində çalışıram. Bu günə kimi 50-ə yaxın filmdə rol almışam. Öz canımla, qanımla vətənimə, müstəqil Azərbaycanıma bağlıyam və vətənimə qulluq etmək hər bir vətəndaş kimi mənim də borcumdur. Ölkə prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləyərək Vətənimə xor baxanlara qarşı amansızam. Vaxtilə üzvü olduğum Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxmaq üçün 2009-cu ildə ərizə yazmışam. Elə o vaxtdan da həmin ittifaqla heç bir əlaqəm yoxdur və üzvlük vərəqimi də həmin dövrdə cırıb atmışam. Bəyan edirəm ki, mən belə bir qurum tanımıram və həmin qurumun da üzvü deyiləm”.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər