• cümə, 26 Aprel, 09:35
  • Baku Bakı 12°C

“Sarsılmaz dissident” Leyla Yunus ifşa olundu

12.12.17 11:00 2530
“Sarsılmaz dissident” Leyla Yunus ifşa olundu
Ötən həftə vəkil Elçin Qəmbərovun "Leyla Yunusun parlaqlığı və səfaləti" kitabının təqdimatı keçirildi. Bu kitabda "hüquq müdafiəçisi" L.Yunusun məhkəmə və istintaq zamanı azadlıq naminə dostları ilə həmfikirlərinə xəyanət etməsindən, Azərbaycan hakimiyyəti qarşısında alçalaraq öz xidmətlərini təklif etdiyindən bəhs olunur.
Müəllif kitabda insan hüquqlarının müdafiəsini qazanc mənbəyinə çevirən və özünü "sarsılmaz dissident” kimi qələmə verən bir adamın iç üzünü açır. Eyni zamanda kitabdakı məlumatlar sənədlərə əsaslanır, hadisələr hazırkı dövrdə baş verir.
Əslində Leyla Yunus hələ "hüquq müdafiəçisi” kimi Bakıda fəaliyyət göstərərkən onun Azərbaycan əleyhinə beynəlxalq təşkilatlarda maraqlı qüvvələrlə birgə iş aparması heç kimə sirr deyildi. Maraqlıdır ki, bu məsələni onun diqqətinə çatdırdıqda, Leyla Yunus həmin insanları hədəf almaqdan belə çəkinmirdi. Lakin vəkil E.Qəmbərov bu kitabı ilə Leyla Yunusun əsl simasını və əslində onun "hüquq müdafiəçisi” adını alver predmetinə çevirməsini ortaya qoymuş oldu.
"Leyla Yunusun parlaqlığı və səfaləti" kitabı ilə bağlı Milli Məclisin deputatı Sahib Alıyev bildirdi ki, Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş aparıb, öz maraqları naminə hər kəsi satıb. Onun sözlərinə görə, kitabda L.Yunusun bütün iç üzü açılıb: "Leyla Yunus Azərbaycan dövlətini satan bir adamdır. Bu xanım tanıdığı bütün hüquq müdafiəçilərini satıb, zərbə altında qoyub. Leyla Yunusu maliyyələşdirən, ona bir çox ölkələrdə imarətlər, villalar alan, külli miqdarda bank hesabına sahib olmağa imkan yaradan çevrələr məhz Leyla Yunus kimi ictimai viruslardan ictimai rəy lideri yaradırlar. Onun kimi ictimai bir virusu da Azərbaycan cəmiyyətinə ictimai rəy lideri kimi sırımağa çalışırdılar”.
S.Alıyev vurğuladı ki, L.Yunus Azərbaycana qarşı ən iyrənc yollara əl atıb: "O, Avopa Oyunları ərəfəsində deyirdi ki, Avropadakı qurumlara demək lazımdır, Ermənistanın sülh tərəfdarı olmasını, Azərbaycanın isə əksinə olduğunu qabartsınlar. Yəni, bu sadəcə bir epizoddur. Bunu edən adamın nələrə gedə bilməsi aydın məsələdir”.
Millət vəkili Çingiz Qənizadə isə qeyd etdi ki, Leyla Yunusun heç bir hüquq müdafiəçisi ilə normal münasibəti olmayıb: "O öz maraqlarını hər şeydən üstün tutub. Leyla Yunus heç zaman hər hansı vətəndaşın hüquqlarını müdafiə etməyib, hər hansı məhbusun azadlığa qovuşmasında rol oynamayıb. Biz həmişə düşünürdük ki, hər hansı məhbusa görə gedib xaricdə kimlərləsə oturub danışmaqla məsələ həll etmək düzgün deyil, məsələ ölkə daxilində həll olunmalıdır. Ancaq o bu məsələləri xaricə çıxarmaqla pul qazanmaq məqsədi güdürdü. Leyla Yunusun məqsədi o olub ki, hüquq müdafiəçisi adı altında varlansın, Azərbaycan əleyhinə iş aparmaqla qrantlar alsın. O, özünün görmədiyi hadisəni qələmə alıb və onu xaricə satmaqla pul qazanıb”.
Deputatın fikrincə, L.Yunusun məqsədi həmişə özünün şəxsi maraqlarına xidmət etmək olub: "Bir adama kömək etmədiyi halda, "Saxarov mükafatı” almağı düşünür. Bu adam özünün maraqları üçün ətrafdakıları həmişə zərbə altında qoyub. Leyla Yunus müxtəlif adlar altında xaricdən qrantlar alıb və o pulları ölkədən çıxarıb. O həmişə ədəbsiz hərəkətləri ilə yadda qalıb. Onun haqqında yazılan kitabda da bütün bu məqamlar öz əksini tapıb”.
"Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirdi ki, əslində Leyla Yunusun iç üzü çoxdan hər kəsə bəlli idi: "Şəxsən özüm Leyla Yunusu uzun illərdir tanıyıram və onun mövqeyi, ermənilərlə, bir sıra beynəlxalq qurumlarla birgə işləməsi mənə bəlli idi. Çox təəssüflər olsun ki, Azərbaycanın əleyhinə harada bir hərəkat varsa, Leyla Yunus mütləq onun içərisində yer alır. Azərbaycandan kənarda olan tədbirlərdə bunun dəfələrlə şahidi olmuşdum. İndi isə Elçin Qəmbərovun məhz Leyla Yunusla bağlı kitabı ilə yaxından tanış oldum. Elçin Qəmbərov vəkildir, insanları müdafiə edir. Özünün də qeyd etdiyi kimi, bir hüquqşünas olaraq, Leyla Yunus ona şər və böhtan atana qədər bütün qaydaları gözləyib. O, L.Yunusun içində Azərbaycana, millətimizə, torpağımıza qarşı nə qədər nifrət olduğunu açıq şəkildə gördüyünü qeyd edib. Çox maraqlıdır ki, Elçin Qəmbərov Leyla Yunusa "siz azərbaycanlısınız” deyəndə, o qətiyyətlə inkar edib, "mən yəhudiyəm” deyirmiş. Əslində bu kitabda kifayət qədər dəlillər və faktlar var. Leyla Yunusun Azərbaycana qarşı fəaliyyətləri, o cümlədən rəhbəri olduğu təşkilatın beynəlxalq qurumlarla birgə işi nəticəsində külli miqdarda vəsait əldə etməsi faktlardan biridir. Hətta özünü həbsdən azad etdirmək üçün öz qızını belə silah kimi istifadə edib. Yəni, əslində bu kitabda Leyla Yunusun öz şəxsiyyətini necə alçaltdığının nümunəsi var. Kitab olduğu kimi Leyla Yunusun iç üzünü ortaya qoyub”.
T.Rüstəmxanlı əlavə etdi ki, Leyla Yunusun "hüquq müdafiəçisiyəm” deməyə haqqı yoxdur: "Bu ölkədə fəaliyyət göstərən digər hüquq müdafiəçiləri yetərincə öz işlərinin öhdəsindən gəlirlər. Hətta bir dəfə beynəlxalq tədbirlərdən birində şahidi oldum ki, Leyla Yunusun Azərbaycan əleyhinə çıxışına digər hüquq müdafiəçiləri dözə bilmədilər və buna etiraz etdilər. L.Yunus "hüquq müdafiəçisi” statusunu, rəhbəri olduğu qurumun adından istifadə edərək, şəxsi ambisiyalarına qurban verib. Bütün bunlar da Leyla Yunusun hüquq müdafiəçisi olmasından daha çox, var-dövlət toplamağa xidmət etməsini ortaya qoydu”.
AZAD
banner

Oxşar Xəbərlər