• cümə, 29 Mart, 10:06
  • Baku Bakı 5°C

Sarkisyanın uğursuz “səyahət”i: Tbilisidən əliboş qayıtdı

28.12.17 18:00 574
Sarkisyanın uğursuz “səyahət”i: Tbilisidən əliboş qayıtdı
Ermənistanın siyasi dairələrində, mediada Serj Sarkisyanın Gürcüstana qəfil və müəmmalı səfəri, səfər ətrafında yaşanan ajiotaj davam edir. Bu ölkənin nəşrləri diqqəti daha çox gürcü baş nazir Georgi Kvirikaşvilinin Yerevana səfərinin son anda təxirə düşməsinə yönəldirlər. Məsələn, "Aravot” qəzeti "Baş nazirin səfəri niyə təxirə düşdü?” başlıqlı məqalə dərc edib. Müəllif yazır: "Dekabrın 1-də Gürcüstan baş nazirinin Ermənistana səfəri baş tutmalı idi. Lakin səfər ləğv edildi. Hökumətin mətbuat xidmətinin rəhbəri Sofo Mosidze bildirib ki, səfər ləğv olunmayıb, başqa tarixə keçirilib. Əlavə edib ki, parlament hökumətin tərkibini təsdiq edən kimi, səfər baş tuta bilər. Erməni tərəfinin isə bundan xəbəri belə olmayıb. Bu ölkə hökumətinin mətbuat xidmətinin məlumatında göstərilib ki, dekabrın 1-də iki ölkənin baş nazirlərinin - Karen Karapetyan və Georgi Kvirikaşvilinin mətbuat üçün bəyanatı olacaq. Bu məlumatdan dərhal sonra belə bir xəbər yayıldı ki, gürcü tərəfinin xahişi ilə səfər qeyri-müəyyən müddətə təxirə salınır. Baş nazirin səfərinin nə vaxt reallaşacağı hələ də bəlli deyil”. Qəzet bu səfərin təxirə düşməsində Sarkisyanın rolunun olduğunu yazır. Yəni baş nazir Yerevanda erməni həmkarı ilə görüş keçirəcəkdi. Sarkisyan isə baş nazirdən narazıdır. Əlavə edir ki, prezident gələn il baş nazir olmaq üçün qarşısında rəqib kimi Karapetyanı görür. Məqalədə daha sonra qeyd edilir ki, iki ölkə arasında münasibətlərdə növbəti gərginlik yeni səfirin təyinatı ilə bağlı olub: "Son aylar bu məsələ geniş müzakirə olunub. Ermənistanın Gürcüstana səfir təyin etmək istədiyi Sergey Minasyanın namizədliyinə qarşı çıxan rəsmi Tbilisi, onu ruspərəstlikdə ittiham edib. Bundan əlavə, Gürcüstan Müdafiə Nazirliyinin Ermənistanın Agile Spirit 2017 hərbi təlimlərində iştirakdan imtina etməsi barədə bəyanatı da iki ölkə arasında gərginliyin yaranmasına səbəb olmuşdu”. Sonda məqalədə qeyd edilir ki, baş nazirin səfərinin təxirə salınması sürpriz olsa da, bu məsələ nədənsə Gürcüstanda geniş müzakirə olunmadı.
Erməni mediasında, Sarkisyanın Tbilisi səfəri zamanı ona ünvanlanan suallar və onların cavabsız qalması da müzakirəyə çıxarıb. Bu sualların Sarkisyanı pərt vəziyyətə saldığı vurğulanır. İstisna edilmir ki, Serj Sarkisyan səfəri zamanı gələcəkdə Gürcüstanı bölgədə Ermənistanın da maraqlarını nəzərə almağı xahiş edib. Ekspertlər bildirirlər ki, Sarkisyanın Tbilisiyə səfərində həm də Gürcüstanla nəqliyyat yollarından maksimum istifadə etmək qarşıya məqsəd qoymuşdu. Lakin bu istəyinə çatmayıb. Rusiya strateji müttəfiqi Ermənistanla quru yolla ancaq Gürcüstan üzərindən əlaqə saxlaya bilər. Bu isə indiki şərtlər daxilində hələ ki, mümkün deyil. Çünki, Gürcüstanla Rusiya arasındakı münasibətləri normal deyil, iki ölkə arasında diplomatik münasibətlər də bərpa olunmayıb. Bundan əlavə, Sarkisyan Gürcüstan hakimiyyətinə Avrasiya İqtisadi İttifaqının imkanlarından istifadə etməyi təklif edib. Sarkisyanın digər təklifi Gürcüstanın Ermənistan üzərindən İrana bazarına çıxışıdır. Buna misal olaraq Ermənistan-İran sərhədində yaradılan azad iqtisadi zonanı göstərib. Lakin Gürcüstanın Ermənistan prezidentinin bu təklifindən istifadə edəcəyi gözlənilən deyil. Bu baxımdan, Ermənistan prezidentinin Gürcüstana rəsmi səfərinin effektli olduğunu söyləmək çətindir. Bunu erməni ekspertlər də qeyd edirlər.
Yeri gəlmişkən, Qərb mediası isə daha çox diqqəti Ermənistan-Rusiya münasibətlərinə ayırır, rus dilinə dövlət dili statusu verilməsi məsələsinə toxunur. "Rus dilinin Ermənistanda ikinci dil olması barədə ideya daima irəli sürülür. Bu buterbrodun içindəki kolbasa kimidir - o, görünmür, amma var”, - deyə Ermənistan Beynəlxalq Əlaqələr və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Meqrabyan BBC-yə deyib. Qeyd edilir ki, bu ilin iyul ayında Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin bəyanatı Ermənistanda ajiotaj yaratmışdı. Spiker rus dilinin statusunu Ermənistanda rəsmən möhkəmlətməyi təklif etmişdi. O, bu təklifini Rusiyada qüvvəyə minən, xarici hüquqlara sahib olan sürücülərə Rusiya ərazisində işləməyi qadağan edən yeni qanunla əlaqələndirmişdi. Sentyabrda Ermənistanın Təhsil və Elm Nazirliyi tərəfindən rus dilinin ayrıca öyrənilməsi konsepsiyasının ictimaiyyətin müzakirəsinə təqdim olunması yalnız odun üstünə yağ tökdü və yeni şübhələr dalğası yaratdı. "Rus dili nə bu gün, nə də gələcəkdə Ermənistanda rəsmi status almayacaq və erməni dili Ermənistanın yeganə dövlət dili olacaq”, - deyə Ruben Meqrabyan əminliklə bildirib. "Ermənistan rəhbərliyi erməni ictimaiyyətindəki əhval-ruhiyyədən xəbərdardır və dil məsələsində onların siyasəti dəyişəcəyi təqdirdə, hansı münasibəti gözlədiklərini də bilirlər. Ona görə də onlar bu addımı atmazlar”, - o, əlavə edib. Lakin ekspertin fikrincə, Volodinin bəyanatı təsadüfi deyildi və Rusiyanın yürütdüyü siyasəti əks etdirir: "Rusiya bu mövzuda özünün imperiya ambisiyalarından və davranışlarından əl çəkmək niyyətində deyil. Dil isə imperiya təsirinin əsas amillərindən biridir. Nəsillərin dəyişməsi və Sovet İttifaqının dağılmasından sonra rus dili qaçılmaz olaraq öz mövqeyini itirir. Rusiya dövlətinin, rusların müəyyən statusunu təsdiq etmək üçün etdiyi cəhdlər onların zamanı geri çevirmək istəyi kimi də dəyərləndirilə bilər”. BBC yazır ki, Volodin rus dilinin statusu ilə bağlı verdiyi bəyanatla, erməni ictimaiyyətində narazılıq yaradan ilk şəxs deyil. Bir il əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin Rusiya ilə xüsusi əlaqələri üzrə yenicə təyin olunmuş səfiri Eleonora Mitrofanova tərəfindən verilmiş bəyanat da Ermənistanda böyük rezonansa səbəb olmuşdu. Mitrofanova o zaman bəyan etmişdi ki, keçmiş SSRİ ölkələrində rus dilinə qanuni statusun verilməsi məsələsi Rusiyanın xarici siyasətinin gündəmində olmalıdır. Meqrabyanın sözlərinə görə, hazırkı mərhələdə rus dilinin statusu ətrafında söhbətlərin az da olsa səngiməsinə baxmayaraq, bu sakitlik uzun sürməyəcək.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər