• cümə, 19 Aprel, 18:05
  • Baku Bakı 24°C

Sarkisyanın Rusiya qarşısındakı mütiliyini ermənilər də tənqid edir

28.01.15 06:02 1017
Sarkisyanın Rusiya qarşısındakı mütiliyini ermənilər də tənqid edir
“Gümrü qətliamı” ilə bağlı Ermənistanda yaşananlar Qərb, Rusiya və Türkiyə mətbuatının səhifələrindən düşmür. Türkiyənin “Zaman” qəzetinin erməni mənşəli yazarı Alin Ozinyan Gümrü hadisələri ilə bağlı Ermənistan rəhbərliyini aşağılayan məqalə dərc edib.
“Ən dəhşətlisi odur ki, rus əsgərinin 7 nəfəri qətlə yetirməsi ilə bağlı ölkədə matəm elan edilmədi” deyə qeyd edən müəllif əlavə edir ki, dəfn mərasiminə qatılmamaqla erməni xalqına ən böyük hörmətsizliyi Ermənistan prezidenti Serj Sarkisyan göstərdi: “Bu isə xalq kütlələrinin əsəbini tarıma çəkdi, kütləvi etiraz aksiyaları başladı. Cinayət hadisəsindən sonra Ermənistan hökuməti atdığı addımlarla Rusiyanın könlünü xoş etməyə çalışır”. Daha sonra isə müəllif yazır ki, qətliamla bağlı Ermənistan mətbuatının cavab gözləyən sualları yığılıb qalıb. İnsidentin üstündən xeyli keçsə də, bu suallara hələ də cavab axtarılır - “Nədən Rusiya hərbi bazasından silahla çıxan əsgərlə bağlı erməni polisinə vaxtında xəbər verilməyib? Əgər axtarış tədbirlərinə başlanılsaydı, bir ailənin qətlinin qarşısı alına bilərdimi? Permyakovun bu ailəni məhv etməsinin səbəbi nə idi? Qatil əsgərin Ermənistanda mühakimə edilməməsinin səbəbi nədir?”
Məqalədə, həmçinin hakim Respublika Partiyası ilə yanaşı, ölkə müxalifətinin də hadisələr qızışandan bəri bir dəfə də olsun hər hansı bir açıqlama verməməsinin suallar doğurduğu bildirilir. Bu isə bu ölkənin iqtidarı ilə yanaşı, müxalifətinin də Rusiyanın əlində olduğunun göstəricisidir. Parlamentin vitse-spikeri Eduard Şarmazanov hadisə ilə bağlı sadəcə bildirib ki, heç bir millət belə alçaqlardan fani deyil. Əsgərin Ermənistana verilməməsinin səbəbləri ilə bağlı sualdan isə vitse-spiker yayınıb.
Qeyd edilir ki, hərbi bazalarla bağlı müvafiq razılaşma mövcuddur. Həmin sazişin bəndlərinə görə, qətl törədən əsgər Ermənistanda mühakimə olunmalıdır. Baza daxilində cinayət baş verirsə, ona Rusiya, hüdudlardan kənarda isə Ermənistan baxmalıdır. Ən çox tənqidlərə tuş gələn isə baş prokurordur. Onu Rusiyanın mövqeyindən çıxış edərək Rusiyapərəst bəyanat verməkdə günahlandırırlar. Baş prokuror əsgərin Rusiya tərəfindən mühakimə olunması barədə açıqlama verib. Bu da ermənilərin Gümrüdə etiraz aksiyaları keçirməsinə səbəb olub. “Əslində bu açıqlama Gümrüdə və ölkənin digər yerlərində baş verən aksiyaların başlıca səbəbidir” deyə “Zaman”ın erməni yazarı vurğulayıb.
O daha sonra yazır ki, dəfndən sonra Rusiya dərhal manevrlərə başlayıb: “Putin Ermənistan xalqına başsağlığı verdi. Bu isə buna qədər hadisələri şərh etməyən rus mətbuatını da hərəkətə keçirdi. Jurnalistlər Ermənistana gəlməyə başladılar. Rusiyada bəzi fəallar və insan haqları müdafiəçiləri Permyakovun mütləq Ermənistanda məhkəməsinin keçirilməsini, Rusiyaya gətirilsə, ondan qəhrəman obrazı yaradılacağını iddia etməyə başladılar. Hətta bununla bağlı imza toplama kampaniyasına da başladılar. Anlaşılan odur ki, Rusiya artıq nə olduğunu anlayıb və Ermənistan xalqı ilə hökuməti arasındakı böhrandan özünü çıxarmağa çalışır. O ki qaldı Ermənistan hökumətinə, bu cəbhədə bir dəyişiklik yoxdur. Hökumət təmsilçiləri baş verənlərə sanki heç nə baş verməyibmiş kimi yanaşırlar. Bu da Sarkisyan hökumətinin mütiliyinin göstəricisidir”.
Onun qənaətincə, Ermənistan vətəndaşları son seçkilərdən sonra özlərini adi vətəndaşlıq hüquqları pozulmuş, kimsəsiz və hüquqsuz hiss edirlər. Müəllif sonda yazır ki, “Ermənistanda demokratik mühitin olmaması, şəffaf olmayan seçkilər, xarici siyasətdə süstlük, ən önəmlisi, iqtisadi geriləmə onu zəiflədir, xalqı isə ümidsizliyə itələyir. Ermənistan hökuməti bu gün Rusiya qarşısında strateji tərəfdaşdan çox, öz hayına qalan, onun qarşısında hər zaman xahiş edən vəziyyətinə düşüb”.
Yeri gəlmişkən, Ermənistandakı antirus əhval-ruhiyyə Rusiyada öz təsirini göstərir. Rusiyanın Stavropolsk diyarının Minvod şəhərində ermənilərə qarşı etiraz aksiyalarına başlanılıb. Nümayişçilər cinayətkar ermənilərin Rusiya ərazisindən çıxarılmasını tələb edirlər. “Biz ruslar millətlərarası nifrətə qarşıyıq. Ermənistan, cinayətkar, uşaq qatili olan vətəndaşlarını götür apar” - deyə rus nümayişçilər bu cür şüarlar səsləndirirlər. Mitinq Minvodda rus hərbçinin ermənilər tərəfindən öldürüldüyü ərazidə keçirilir. Qeyd edək ki, yanvarın 22-də Minvod şəhərində kafelərin birində ermənilər Rusiya xüsusi təyinatlısını qətlə yetiriblər. Kafedə hərbçilərlə yerli ermənilər arasında dava düşüb. Hərbçilərdən biri sinəsindən aldığı yaradan elə hadisə yerində dünyasını dəyişib. Onun 1991-ci il təvəllüdlü Qriqoryan adlı erməni tərəfindən öldürüldüyü bildirilir.
İki millət arasında münasibət rus əsgər Valeri Permyakovun yanvarın 12-də Ermənistanın Gümrü şəhərində Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməsindən sonra kəskin pisləşib. Ermənilər Avetisyanlar ailəsinin qatilinin erməni məhkəməsinə verilməsini tələb edirdilər. Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Amma Rusiya tərəfi ermənilərin istəyini rədd etdi.
O da bəlli olub ki, Gümrü şəhərində Avetisyan ailəsini qırmaqda günahlandırılan rus əsgəri milliyyətcə rus vəkil müdafiə edəcək. Bu barədə istintaqda iştirak edən mənbə rus mətbuatına bildirib. “Onun şəxsiyyəti hələ ki açıqlanmır. O, xidməti borcunu yerinə yetirir” - deyə mənbə vurğulayıb. Ermənistanda olan Rusiya parlamentinin üzvləri isə Gümrüdə 102-ci hərbi bazada xidmətə ancaq muzdluların göndərilməsi barədə təkliflə çıxış edəcəklərini söyləyiblər. Əslində, Rusiya tərəfinin bu mesajı baş verən faciədən sonra ölkə ərazisindən rus hərbi bazasının tamamilə çıxarılacağını düşünənlər üçün xoş olmayıb və erməniləri məyusluğa düçar edib. Digər tərəfdən, Rusiya rəsmilərinin bu sözləri Ermənistanda mövcud narazılığın qarşısını və etirazçıların könlünü almaq məqsədi daşıyıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər