• cümə, 29 Mart, 13:35
  • Baku Bakı 14°C

Sarkisyanın partiyası müxalifətə keçir

04.05.18 17:44 764
Sarkisyanın partiyası müxalifətə keçir
Müxalifətin namizədi Nikol Paşinyanın baş nazirliyinə dəstək verməyə məcbur olan Ermənistanın Respublika Partiyası müxalifətə keçmək niyyətində olduğunu bəyan edib. Erməni kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, bunu Respublika Partiyasının fraksiyasının deputatı, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan bildirib. "Nikol Paşinyan baş nazir seçilərsə, respublikaçılar müxalifətə keçəcək. Parlamentdə səs çoxluğunun olmasına baxmayaraq, özünü müxalifət sayacaq. Çünki Nikol Paşinyanın başçılıq edəcəyi hökumətlə əməkdaşlıq etməyi mümkünsüz sayırıq”, - deyə ovurğulayıb. "Joxovurd” qəzeti isə yazır ki,hakim partiyanın siyasi qanadı mayın 8-də Paşinyanın əleyhinə səs verəcək. "Paşinyanın xeyrinə isə əsasən milli azlıqların nümayəndələri Arsen Mixaylov və Knyaz Həsənov, respublikaçıların üzvü olan generallar səs verəcək. Onların sırasında Seyran Saroyan da olacaq”, - məqalədə bildirib. İddia edilib ki, Paşinyana biznesmenlərin də səs verəcəyi gözlənilir.

Ermənistandakı hakimiyyət dəyişikliyi ağır nəticələrə səbəb ola bilər

Rusiya isə öz emissarları vasitəsilə hər vəchlə erməniləri qorxutmağa, Paşinyandan imtina etməyə çağırır. "Ermənistandakı hakimiyyət dəyişikliyi ağır nəticələrə səbəb ola bilər”. Bu barədə bəyanatı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yayıb. "Heç kim zəmanət vermir ki, erməni xalqının həyatı yeni hakimiyyətin dönəmində daha yaxşı olacaq. Ermənistan hakimiyyətindəki adamlar da sadə vətəndaşdırlar və onların da çatışmazlığı mövcuddur. Bu gün Ermənistanda baş verənlər dövlət çevrilişidir. Ermənilər indiki hakimiyyəti devirməklə daha pis hökumət əldə edəcəklər”,– o bildirib.
Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə məsələyə münasibət bildirib: "Ermənistan asan olmayan siyasi dönəmi yaşayır. Hesab edirəm ki, siyasi sahədə vəziyyətin sabitləşməsini gözləmək lazımdır. Ümid edirik ki, xalq, siyasi qüvvələr Konstitusiya çərçivəsində və hüquqi müstəvidə rəhbər orqanlarının tərkibini müəyyən edəcəklər. Bundan sonra, mənə elə gəlir ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışıqlar aparmaq imkanı olacaq. Biz öz tərəfimizdən deyə bilərik ki, Rusiya bu problemin həlli ilə bağlı ardıcıl mövqe tutub. Ona görə də, bundan sonra da münaqişə tərəflərinə yardım edəcəyik. Bir daha deyirəm ki, Ermənistanda siyasi vəziyyətin sabitləşməsini gözləmək lazımdır”,– deyə o vurğulayıb.

Kardaşyan da etirazçıları dəstəklədi

Yeri gəlmişkən, Sarkisyanın getməsində böyük əməyi olan erməni diasporunun bəzi tanınmış nümayəndələri ölkənin uzun illərdən bəri lideri olan Serj Sarkisyanın istefa verməsi və son həftələrdə ölkədə baş verən hadisələrə münasibət bildiriblər.
Qərbdə yaşayan məşhur ermənilər ya System Of A Down rok qrupunun lideri Serj Tankian kimi kütləvi etirazları dəstəkləyirlər, ya da Şarl Aznavur kimi zorakılıqdan çəkinməyə çağırırlar. Rusiyada yaşayan ermənilərin fikirləri müxtəlifdir: bəziləri etirazçıları, bəziləri isə hakim partiyanı tənqid edir. Məsələn, Serj Tankyan Ermənistandakı etirazları lap əvvəldən fəal şəkildə şərh edir və etirazçı hərəkatı dəstəklədiyini bildirir. Tankyan və daha 4 məşhur erməni sənət adamı etiraz hərəkatının davam edəcəyinə və erkən demokratik seçkilərin keçirilməsinə gətirib çıxaracağına inamı ifadə edən bəyanat yayıblar: "Sizin həmrəyliyiniz və məqsədə doğru getməyiniz Ermənistanda əsl demokratik dəyişikliklərin yaranmasına yol açdı. Biz bu seçkilərin mümkün qədər tez keçirilməsinə çağırırıq, çünki bu, xalqı təmsil edən əsl hökumət olacaqdır”. Uşaqlıqda Şarl Aznavuryan adlandırılan məşhur fransız şansonu "mən uzaqda olsam da ürəyim hər zaman Ermənistanladır. Mən hazırkı vəziyyətdən çox narahatam. Bütün tərəfləri danışıqlar masası ətrafına toplaşmağa və zorakılığa yol verməməyə səsləyirəm” deyib.
Amerikalı porno ulduz Kim Kardaşyan Serj Sarkisyan istefa verdikdən bir gün sonra aprelin 24-də Twitter hesabında belə yazıb: "Dinc etiraz nümayişində birləşən ermənilərin dəyişikliklərə nail olmasını görmək çox ürəkaçandır”.
Ermənistanda doğulan politoloq Andranik Miqranyanın isə ölkəsində baş verən hadisələri şərh etdiyi qəzəbli çıxışının videosu sosial şəbəkələrdə geniş yayılıb. "Etirazçılar adından nümayəndə heyəti formalaşdırmaq lazımdır. Qoy bu heyət öz tələblərini formalaşdırsın və hökumət nümayəndələri ilə görüşsün. Normal sivil danışıqlar prosesi başlasın! Yoxsa bu həyasızlar, çirkab ölkədə kimin necə yaşayacağını diktə edəcəkdir! Rüsvayçılıqdır. Mən belə halda erməni olmağıma görə utanıram"-deyə Miqranyan bildirib.

Paşinyan təlxəyə bənzədildi

Öz növbəsində Aram Qabrelyanov son günlər Facebookda davamlı olaraq fikirlərini paylaşır və burada etirazçıların lideri Paşinyana qarşı təhqiredici ifadələrdən istifadə edir. Bəzi nüanslar ehtimal verir ki, Qabrelyanovu da Miqranyan kimi xalq hərəkatı nəticəsində Rusiyanın müttəfiq ölkəsindəki hakimiyyət dəyişikliyi narahat edir. "Təlxək hələ hakimiyyətə gəlməyib, amma Amerika xüsusi xidmət orqanlarının maliyyəsi hesabına işləyən erməni KİV-i artıq anti-Rusiya kampaniyasına başlayıb. Ona görə də təlxək Paşinyanın Rusiya ilə dostluğu barədə ifadələri yalandır!”- deyə Qabrelyanov deyib.

Qərb mediası nə yazır?

Ermənistanda etiraz aksiyalarının N.Paşinyanın baş nazirliyə rəsmi namizədliyi ilə sonuclanması, ölkəni gözləyən mümkün ssenarilər qərb mediasının da əsas mövzularındandır. Məsələn, "The Economist” Ermənistanda baş verənləri inqilabdan çox karnavala bənzədir. "Təkərlər yandırmaq, barrikadalar qurmaq əvəzinə, gənclər Ermənistan bayraqlarına bürünərək küçələrdə rəqs edir, ya voleybol oynamaqla, ya da sadəcə, xalçalar üzərində oturmaqla yolları kəsirlər. Ancaq küçə tamaşasının arxasında gənc nəslin 1991-ci ildə müstəqillik qazanılandan bəri ölkəyə nəzarət etmiş köhnə qvardiyaya qarşı məxməri inqilabı dayanır”, – məqalədə vurğulanır. Məqalədə qeyd olunur ki, "müxalifət lideri qeyri-zorakılığa çağırmaqla inqilabı mərkəzsizləşdirdi və hakimiyyətin onu əzməsini mümkünsüz etdi. Ən əsası, hakimiyyətə meydan oxuyanlar ideologiya, geosiyasət söhbətlərindən də qaçdı. Çünki bu, ölkəni parçalaya, Rusiyanı qəzəbləndirə bilərdi. 2003-cü ildə Gürcüstanda, 2004 və 2014-cü illərdə Ukraynada NATO və Avropa Birliyinə qoşulmaq şüarlarıyla keçirilən nümayişlərdən fərqli olaraq, Paşinyan yalnız və yalnız korrupsiya və məhkəmələr kimi hamının razılaşdığı daxili məsələləri qaldırdı. O, populist vədlər verdi, Ermənistanın Rusiyayla təhlükəsizlik razılaşmalarını saxlayacağını bildirdi. Yerevanda Avropa bayrağı qaldırılmadı, ölkənin Avropaya bağlı taleyi barədə şüar səslənmədi. Ancaq Rusiya mövzusuna toxunmaq qorxusu elə Moskvanın əhəmiyyətini qabartmış oldu”. Nəşr yazır ki, inqilablara bel bağlamayan rəsmi Moskva hələlik Ermənistana müdaxilə etməməyə qərar verib, ümid edib ki, şişirdilmiş gözləntilər və pulsuzluq öz işini görəcək. "Bu, illər boyu Kremldən gördüyüm ən ağıllı siyasətdir”, – Qafqaz İnstitutunun rəhbəri Alexander İsgəndəryan deyib.
Beynəlxalq Böhran qrupu isə "Ermənistanı misilsiz qeyri-müəyyənlik gözləyir” xəbərdarlığı ilə çıxış edib. Qurumun Avropa və Orta Asiya üzrə proqram direktoru Maqdalane Grono yazır ki, ölkədə siyasi böhran bitməyib və siyasi kövrəklik Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ zonasında münaqişəni qızışdıra bilər.

Azər
banner

Oxşar Xəbərlər