AZE | RUS | ENG |

Sarkisyanın partiyası dağılır

Sarkisyanın partiyası dağılır
Biznesmenlər ondan üz döndəriblər

Gələn ay keçiriləcək növbədənkənar seçkilərə qatılmaqda hələ ki, qərarsız olan keçmiş iqtidar partiyası - Ermənistan Respublikaçılar Partiyası seçkilərdən sonra parlamentdə radikal müxalifət kimi təmsil olunmağa çalışır. Partiyanın mətbuat katibi, vitse-spiker Eduard Şarmazanov bəyan edib ki, seçkilərdə iştirakla bağlı qəti qərar ya bu həftənin sonunda partiyanın keçirəcəyi iclasda, ya da ki, müvafiq konfransda qəbul olunacaq. Bu da onu deməyə əsas verir ki, keçmiş prezident Serj Sarkisyanın partiyası seçkilərdə iştirak etməyə meyillidir.
Maraqlı olan odur ki, hər seçkilərdə Respublika Partiyasına minlərlə səs gətirən biznesmenlərin adı siyahıda yoxdur. Çox güman ki, onlar özləri siyahıda olmaq istəməyiblər. Onların, bizneslərini qorumaq məqsədilə bu addımı atdıqları bəllidir. Elə partiyanın mətbuat katibi E.Şarmazanov da bunu təsdiq edib. Onun sözlərinə görə, onlar çoxdan bəridir ki, başda Nikol Paşinyan olmaqla, yeni hakimiyyəti müdafiə edirlər. Əlavə edib ki, Respublika Partiyasının siyasi qanadı qalıb və bu, çox yaxşı haldır. Partiya sədrinin dəyişdirilməsi də nəzərdə tutulmayıb. Vitse-spikerin sözlərinə görə, bunu yalnız qurultayda həll etmək olar: "Dəyişikliklər partiyanın qurultayında baş tuta bilər. Bunun üçün isə vaxt yoxdur. Seçkiyə hazırlaşmaq lazımdır, qurultaya vaxt yoxdur”. Qeyd edək ki, Respublikaçılar Partiyasının rəhbəri hələ də Ermənistanın eks-prezidenti Serj Sarkisyandır.
O ki qaldı seçki siyahısına - bura partiyanı təmsil edən bir sıra nüfuzlu şəxslərin daxil olacağı gözlənilir. Siyahıda adı olanlar arasında Vigen Sarkisyan, Armen Aşotyan, Arpine Ovanisyan, Vaqram Baqdasaryan və David Arutunyan və sairə şəxslərin adlarının olduğu bildirilir. Qeyd olunur ki, 20 illik partiyanın müəyyən sosial bazası var və onlar 5%-lik baryeri keçəcəklər. Öz növbəsində, keçmiş müdafiə naziri Vigen Sarkisyan Ermənistan Respublika Partiyasının seçkilərdə iştirakının tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə, dekabrın 9-da keçiriləcək növbədənkənar seçkilərdə iştirak vacibdir. O ki qaldı spiker Ara Babloyanın seçkilərdə iştirakı məsələsinə - onun qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyi bəlli olub. Bu barədə Babloyan parlamentdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. Babloyan siyasi həyatına nöqtə qoyduğunu və bundan sonra oğluna məxsus "Arabkir” klinikasında tibb sahəsində fəaliyyətini davam etdirəcəyini söyləyib. Ermənistan Respublikaçılar Partiyasının seçkilərdə iştirak etməli olduğunu qeyd edən Babloyan, partiyanın şanslarını qiymətləndirməkdə çətinlik çəkib. O, hazırda partiya daxilində islahatlar aparıldığını vurğulayıb.
Yeri gəlmişkən, keçmiş iqtidar partiyasının rəsmisi Eduard Şarmazanov parlamentə düşməyəcəklərini istisna edib. Seçkilərə parlamentdə çoxluğu əldə etmək və yaxud revanş əldə etmək üçün getmədiklərini, sadəcə, parlamentdə real müxalifət olmaq istədiklərini deyib. Onun sözlərinə görə, ictimaiyyətin geniş nümayəndələri ilə görüşləri olub və əmindir ki, düzgün iş qurulması nəticəsində Respublika Partiyası parlamentdə çox ciddi nümayəndəliklə təmsil oluna bilər. E.Şarmazanov əmindir ki, bu gün  hakimiyyətə qarşı real müxalifət qüvvəsi məhz Respublika Partiyasıdır: "Heç bir digər qüvvə Paşinyan hökumətini tənqid etmir, hamı ona əl çalır”. Lakin Şarmazanovun qənaətincə, tənqid olunmamaqla, Paşinyan qısa müddət ərzində ciddi problemlərə üzləşəcək. "Parlamentdə real müxalifətin olması zəruridir. Bizim ölkə real hakimiyyətə və real müxalifətə ehtiyac duyur və onlardan hər biri öz funksiyasını yerinə yetirməli və Ermənistanın maraqlarını qorumalıdır”, -  deyə Şarmazanov bildirib. Mətbuat katibi hakimiyyətin qeyri-standart qərarları, səriştəsiz fəaliyyətinə də toxunub və xüsusən də iki il bundan əvvəl polis alayına hücum edən "Sasna Çrer” qruplaşmasının rəhbərinin azadlığa buraxılmasını şərh edib. Qeyd edək ki, ötən gün məhkəmə qruplaşma üzvlərini azadlığa buraxıb. Onların arasında ultrasağçı partiyanın sədri Şant Arutyunyan da var. Arutyunyan 2014-cü ildə 6 il həbs cəzasına məhkum edilib. O, 2013-cü ildə prezident iqamətgahı qarşısında mitinq təşkil etdiyinə və polisə müqavimət göstərdiyinə görə həbs edilmişdi. Onun və digərlərinin azadlığa buraxılması ölkədə ciddi rezonans doğurub. Məsələn, hüquq-müdafiəçisi Janna Aleksanyan amnistiya qərarını "presedentsiz hal” adlandırıb. Onun sözlərinə görə, bu xəbər məhbuslar arasında ciddi narazılığa səbəb olub: "Bu şəxslər konkret olaraq polisə hücum etməkdə, onları qətlə yetirməkdə günahkar biliniblər. Belə olan halda, onları necə əfv etmək olar? Hesab edirəm ki, amnistiya qərarı ölüm hökmünə görə cəza alan digər məhbuslara da şamil olunmalıdır”. Qeyd edilir ki, "Sasna Çrer”in də parlamentə düşmək şansları var. Maraqlı olan odur ki, bu partiyanın baxışı həddən artıq radikaldır və onları hansı elektoratın müdafiə edəcəyini demək çox çətindir.
Yeni parlamentdə qüvvələr balansına gəldikdə, hesab edilir ki, parlamentdə üç siyasi partiya təmsil oluna bilər - Vətəndaş Müqaviləsi Partiyası, "Çiçəklənən Ermənistan” Partiyası və Ermənistan Respublikaçılar Partiyası. Paşinyanın keçmiş müttəfiqlərinin toplandığı "Luys” bloku isə seçkidə uğur qazana bilməyəcək və buna səbəb blok daxilində konsensusun əldə olunmamasıdır.
Beləliklə, Ermənistan  qarışıq və ziddiyyətli bir dövrə qədəm qoyur. Seçkiqabağı vəziyyət elədir ki, böyük əksəriyyət hazırkı hakimiyyəti dəstəkləyir. Bunun da tək səbəbi odur ki, xalq əvvəlki quldur və korrupsioner hakimiyyətə dərin nifrət bəsləyir. Necə deyərlər, onun üçün hansı partiyanın və yaxud liderin olacağı fərqi yoxdur. Paşinyan da bundan məharətlə istifadə edir. Lakin məsələ ondadır ki, bu qələbə eyforiyası bir müddətdən sonra soyuyacaq. Ermənistanda ciddi qarşıdurmalar da məhz ondan sonra başlayacaq.  
 
Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163