• cümə, 29 Mart, 09:45
  • Baku Bakı 5°C

Sarkisyanın namizədi Moskvaya əl öpməyə gedib

03.02.18 10:00 583
Sarkisyanın namizədi Moskvaya əl öpməyə gedib
Gözlənildiyi kimi, forpost ölkənin prezidentliyə namizədi olacaq şəxs də ənənəni pozmayaraq xeyir-dua almaq üçün Moskvaya yollanıb. Məlumata görə, Ermənistan Respublikaçılar Partiyasının prezidentliyə namizəd irəli sürdüyü Armen Sarkisyan Moskvaya səfər edib. Ermənistan KİV-ləri xəbər verir ki, o, Rusiya paytaxtında siyasi qüvvələr, təşkilatlar və cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri ilə görüşlər keçirəcək. Məlumat üçün bildirək ki, Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 19-da başçılıq etdiyi partiyanın bu posta namizədinin səfir Armen Sarkisyan olduğunu bildirib. Sarkisyanı əvəz edəcək şəxsin xeyir-dua üçün ilk olaraq Moskvanı seçməsi onun qərbpərəst, Avropa ilə yaxınlaşmağa meyl edən siyasəti olacağı barədə ehtimalları bir qədər azaldıb. Sözsüz ki, onu Kremldə də qəbul edib, müəyyən tapşırıqlar verəcəklər. Bir faktı da qeyd edək ki, Sarkisyanın həm Rusiya, həm də Qərbdəki erməni icması arasında nüfuzu xeyli aşağı düşüb. Rusiya erməniləri onu xeyriyyə marafonları zamanı yığılan vəsaitləri mənimsəməkdə ittiham edirlər. Hətta onun keçirdiyi tədbirləri boykot da ediblər. Özü də bu münasibət tək Rusiyada deyil, Fransada, ABŞ-da da belədir. Məsələn, Serj Sarkisyan Fransada səfərdə olarkən buradakı erməni lobbisinin nümayəndələri onunla görüşmək istəməmişdilər.
"Serjik” də yeni prezidentin namizədliyini irəli sürməklə ümid edir ki, bu nifrəti başqa istiqamətə yönəldəcək. Ümumiyyətlə, hakimiyyətin Armen Sarkisyana böyük ümidləri olsa da, bu ümidlər doğrulmaya bilər. Hakimiyyət Londonda Ermənistanı təmsil etmiş bu şəxsin köməyi ilə ölkəyə maliyyə gətirməyi qarşıya məqsəd qoysa da, bu istəyi alınmayacaq. Hazırda Böyük Britaniya ilə Ermənistan arasında iqtisadi münasibətlər ürəkaçan deyil. "Joxovurd” qəzeti yazır ki, Britaniya Ermənistana investisiyanın həcmini xeyli azaldıb. Ermənistan Milli Statistika İdarəsinin məlumatına görə, ötən ilin üç rübü ərzində birbaşa investisiyalar 1 mlrd. 846 mln. dram təşkil edib. Halbuki, 2016-cı ilin müvafiq dövründə bu rəqəm 32 mlrd. dram idi. Belə çıxır ki, bu dövr ərzində Böyük Britaniya Ermənistana investisiyalarının həcmini 30 mlrd. dram azaldıb. Xatırladaq ki, Serj dəfələrlə səfirlərə Ermənistana investisiyaları artırmağa nail olmağı tapşırıb. Faktiki olaraq Armen onun tələbini yerinə yetirə bilməyib.
Yeri gəlmişkən, Armen Sarkisyanın namizədliyinə qarşı çıxan müxalifət onu ermənilərin problemindən uzaq birisi adlandırır. Prezidentin keçmiş müşaviri Aşot Manuçaryan hesab edir ki, Ermənistan heç vaxt Baqramyan 26-dan (prezident iqamətgahının yerləşdiyi bina) idarə olunmayıb: "Bizim ölkə ya Azadlıq meydanından xalq tərəfindən, ya da xarici qüvvələrin iradəsi ilə idarə olunub. Bu, ümumi qanunauyğunluqdur”. A.Manuçaryan Armen Sarkisyanı istedadlı şəxs adlandırsa da, onu uzun müddət ölkədə olmadığını bildirir. "İndi Razdan çayında dünya boyu hiylə dolu layihələr reallaşdıran "Armen Sarkisyan” gəmisi peyda olur. Bu şəxs bir vaxtlar Qazaxıstanda prezident Nursultan Nazarbayevin qızı Dariqa ilə Avrasiya hərəkatını başlatmışdı. Bu, Britaniyanın möhtəşəm bir layihəsi idi. Lakin Rusiya tərəfindən məhv edildi”, - deyə sabiq müşavir bildirib.
Müstəqil jurnalist David Petrosyan isə "Vestnik Kafkaza”ya müsahibəsində bildirib ki, Armen Sarkisyan ümumxalq səsverməsi ilə seçilməyən ilk prezident olacaq: "Sözsüz ki, onun səlahiyyətləri xeyli məhdudlaşdırılıb. Bundan çıxış edərək demək olar ki, dördüncü prezidentin ölkədəki ictimai-siyasi proseslərə təsir imkanları həddən artıq az olacaq”. Lakin bununla yanaşı, dünya praktikasında parlament respublikalarında az səlahiyyətə malik prezidentlərin ictimai proseslərə ciddi təsir etmək nümunələri də var. Məsələn, Almaniyanın indiki və keçmiş prezidentləri Qauk və Ştaynmayer, Çexiya prezidenti Zeman. O əlavə edir ki, Sarkisyan Ermənistanın daxili problemlərindən - həm siyasi, həm də sosial mənada çox uzaqdır: "Onun bu problemi üstələyəcəyi də bəlli deyil. Otuz ildir ki, ölkə hüdudlarından kənarda olub. Sovet Ermənistanından gedib və indi ölkə tamam başqadır”. Əlavə edib ki, Sarkisyanın fiquru ətrafında uzunmüddətli proqnozlar etməmək məsləhətdir.
Erməni mediası onu da yazır ki, erməni oliqarxları da hakim partiyanın namizədinə qarşı çıxmağa hazırlaşırlar. Onlar ölkənin işgüzar aləmində peyda olacaq Armeni özlərinə rəqib kimi görürlər. Ehtiyat edirlər ki, yeni prezident onların biznes maraqlarına müdaxilə edəcək. Onların fikrincə, Armen Sarkisyan biznesin bəzi sahələrini ələ keçirməyə çalışacaq. Erməni mediasının yazdığına görə, yaxın zamanlarda Armen Sarkisyanı etibardan salacaq məlumatlar yayıla, bu da onu prezidentlik iddialarından əl çəkməyə vadar edə bilər. Məsələyə münasibət bildirən politoloq Lilit Avakyan isə hesab edir ki, əslində, ölkədə prezidentə ehtiyac yoxdur: "Serj Sarkisyan hakimiyyəti əldən verməmək üçün yeni plan hazırlayaraq, ölkəni parlament tipli respublikaya çevirib, özünü baş nazir elan etmək istəyir. Parlament tipli respublikanın prezident tipli respublikadan əsas fərqi ondadır ki, burada hakimiyyət bölgüsü zamanı baş nazirə daha çox səlahiyyət verilir. Odur ki, Sarkisyan bundan səmərəli istifadə etməyə çalışır. Hesab edilir ki, narazılıq dalğasının genişlənməsi fonunda Serj Sarkisyanın baş nazir, Armen Sarkisyanın dövlət başçısı postunu tutması elə də asan olmayacaq. Bütün bunlar işğalçı ölkədə istər prezident, istərsə də baş nazir seçkilərinin elə də sabit mühitdə keçməyəcəyini, böyük gərginliklərə yol açacağını göstərir.
Azər
banner

Oxşar Xəbərlər