• cümə, 26 Aprel, 21:05
  • Baku Bakı 22°C

Sarkisyanın məsuliyyətsiz bəyanatları Ermənistanı fəlakətə sürükləyir

28.03.17 12:00 1263
Sarkisyanın məsuliyyətsiz bəyanatları Ermənistanı fəlakətə sürükləyir
Ermənilər "İsgəndər”dən istifadə etmək üçün Rusiyadan icazə almalıdırsa, Azərbaycan heç kimlə hesablaşmadan istənilən düşmən təxribatına ən müasir silahlarla dərhal cavab vermək iqtidarındadır
Azərbaycanın 20 faiz ərazisinin işğalı prosesində, eləcə də Xocalıda azərbaycanlılara qarşı tərədilən soyqırımında bilavasitə iştirak edən, sonradan Ermənistanda siyasi hakimiyyəti hərbi yolla ələ keçirən Serj Sarkisyan işğal altındakı Dağlıq Qarabağ ərazisinə bir neçə gün bundan öncə səfər edib. Səfər çərçivəsində o, işğalçı ordunun hərbçiləri ilə də görüşüb, hətta onlar qarşısında çıxış edərək geniş nitq söyləyib. Adəti üzrə Sarkisyan bu dəfə də sərsəmləyib, Azərbaycanın ünvanına hədyan dolu bəyanatlar səsləndirməkdən də çəkinməyib.

Hərbi cinayətkar Sarkisyan işğalçı ordunun əsgər və zabitlərinin qarşısında cuşa gələrək, Azərbaycan Silahlı Qüvvələrinə qarşı "İsgəndər” operativ-taktiki raketlərindən istifadə edilməsinə dair əmr verəcəyini də söyləyib. Bildirib ki, lazım olsa, Ermənistanın baş komandanı gözünü qırpmadan bu barədə əmr verə bilər. Hərbi xuntanın başçısı bir qədər də irəliyə gedərək bildirib ki, Ermənistandakı müasir silahlar Azərbaycan torpaqlarındakı ən əhəmiyyətli infrastruktur və obyektlər başda olmaqla, bütün istiqamətləri hədəf almağa qadirdir. Təbii ki, bütün bunlar Sarkisyanın növbəti cəfəng açıqlamalarıdır. Bu, daxili auditoriyanı sakitləşdirməyə, parlament seçkiləri öncəsi erməni xalqının səsini ələ keçirməyə hesablanmış boğazdan yuxarı sözlərdir.

Azərbaycan Müdafiə Nazirliyi də Ermənistan prezidenti Serj Sarkisyanın "İsgəndər” raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına elə bu cür yanaşıb. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, Serj Sarkisyanın bəyanatı öz cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv bir addımdır: "Düşmən tərəf anlamalıdır ki, Azərbaycanın işğal edilmiş əraziləri, o cümlədən Ermənistanda yerləşən bütün hərbi təyinatlı və digər strateji əhəmiyyətli obyektlər ordumuzun son illər ərzində əldə etdiyi ən müasir raket və artilleriya qurğularının daim hədəfindədir. Ermənistan tərəfindən yarana biləcək istənilən təhdid və hədələrin qarşısı dərhal və qətiyyətlə alınacaq. Görüləcək cəza tədbirləri nəticəsində Ermənistanın məruz qalacağı irimiqyaslı itkilər və dağıntılar qaçılmaz olacaq, onun üçün faciəvi və bərpası mümkün olmayan fəsadlara gətirib çıxaracaq. Odur ki, Ermənistanın rəhbərliyi belə məsuliyyətsiz bəyanatlar verməzdən əvvəl əhalisinin aqibətinidüşünməlidir”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşərkən istənilən hərbi texnikanı, silah-sursatı istifadə edənin insan olmasına diqqət çəkib. Bildirib ki, Ermənistanda "İsgəndər”dən də üstün silahlar olsa belə, ötən ilin aprel döyüşləri erməni hərbçilərinin, ordusunun nəyə qadir olduğunu real olaraq ortaya qoyub: "Cəmi bir neçə gün davam edən həmin döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri cəbhəyanı ərazidə bir neçə post yaratmışdı ki, əhali döyüş bölgəsinə gəlməsin. Çünki xaricdəki diaspor üzvlərimizdən başlamış, ölkə daxilində böyükdən-kiçiyədək hər kəs Azərbaycan ordusuna dəstək verir, cəbhədə düşmənlə döyüşmək istədiyini bildirirdi. Müdafiə Nazirliyinə, eləcə də Ali Baş Komandana bu məqsədlə kütləvi müraciətlər olurdu. Amma bizdən fərqli olaraq Ermənistanda cəbhəyanı ərazilərdə postlar qoyulmuşdu ki, erməni əsgərlər döyüş mövqeyini tərk edib qaçmasınlar. Bu iki mənzərə real vəziyyəti tam çılpaqlığı ilə nümayiş etdirir”.

Millət vəkili deyib ki, insanlarımızdakı yurda, elə-obaya bağlılıq hissləri, vətənpərvərlik, həmçinin hərbçilərimizdəki yüksək mənəvi-psixoloji durum, döyüş ruhu, peşəkarlıq cəmi bir həftə ərzində işğal altındakı torpaqlarımızı azad etməyə, hətta İrəvana qədər irəliləməyə imkan verir: "Bizim bu cür imkanlarımız var. Üstəlik, Azərbaycanın hərbi potensialı Ermənistanın hərbi gücündən dəfələrlə üstündür. Cənubi Qafqaz regionunda Azərbaycanın Silahlı Qüvvələri bütün parametrlərinə görə ən güclü ordudur. Bu gün Azərbaycan hərbi tələbatını özünün istehsal etdiyi silah-sursatla təmin edir. Azərbaycan ordusu paradda öz bayrağı altında, ən müasir silah və texnika ilə qürurla addımlayır. Ermənistanda isə paradda hərbçilər Rusiya bayrağı altında, rus maşını və silahı ilə addımlayır. Bu fakt da Ermənistan ordusunun "gücünü” nümayiş etdirir. Bu kimi faktları qiymətləndirərək onu demək mümkündür ki, Sarkisyanın növbəti bəyanatı reallıqdan uzaq, yalnız daxili auditoriyanı sakitləşdirməyə, seçki ərəfəsində səs toplamağa hesablanan əsassız fikirlərdir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ermənistanda hər dəfə vəziyyət gərginləşəndə, hərbi xuntanın rəhbəri Sarkisyan qeyri-qanuni olaraq Dağlıq Qarabağa gəlir, bu yolla həm ölkə daxilində, həm də separatçılar arasında sakitliyi təmin etməyə çalışır. Politoloq bizimlə söhbətində bunun səbəbsiz olmadığını söyləyib: "Dağlıq Qarabağdakı separatçılar bilirlər ki, Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla təmin etməyə çalışacaq. Bu da onları qorxudur. Ona görə də Sarkisyan mütəmadi olaraq Dağlıq Qarabağa gəlir, separatçıları sakitləşdirməyə çalışır. Bu dəfə də o, ənənəvi səfərini etməklə bərabər, "İsgəndər” raketlərindən Azərbaycana qarşı istifadə edilə biləcəyini də dilə gətirib. Sarkisyana əks cavab dərhal verilib. Ermənistan prezidenti bilməlidir ki, o, "İsgəndər”dən istifadə etmək üçün Rusiyadan icazə almalıdırsa, Azərbaycan heç kimdən icazə almadan, istənilən düşmən təxribatına qarşı ən müasir silahlarla dərhal cavab vermək iqtidarındadır. Digər tərəfdən, "İsgəndər” raketləri Ermənistan ərazisindədir. Bu silahdan istifadə müharibənin Ermənistan ərazisinə keçməsinə imkan yaradacaq. Bu zaman isə Azərbaycan özünü müdafiə etmək üçün Ermənistandakı strateji nöqtələri də məhv etmək şansı qazanacaq, bu imkanı əldən verməyəcək. Vaxtilə Ermənistan müdafiə naziri də bəyanat vermişdi ki, müharibə başlayacağı təqdirdə, hətta Mingəçevir Su Elektrik Stansiyasını da vura bilərlər. Azərbaycan tərəfi də dərhal açıqlama verdi ki, belə təhlükə olarsa, Metsamor Atom Elektrik Stansiyası cavab zərbəsi ilə məhv ediləcək. Bundan sonra qarşı tərəfdən heç bir açıqlama gəlmədi”.

Hərbi ekspert Arzu Nağıyevdə qəzetimizə açıqlamasında bildirib ki, aprel ayının 2-ə kimi Ermənistan rəsmiləri tərəfindən bu tip açıqlamaların dilə gətirilməsi gözləniləndir. Onun sözlərinə görə, bütün bu fikirlər, hətta Sarkisyanın işğal altında saxlanılan Dağlıq Qarabağ ərazisinə qanunsuz səfəri, separatçılar qarşısında çıxışı da siyasi məqsəd daşıyır: "Sarkisyan Dağlıq Qarabağ kartından parlament seçkiləri öncəsi də istifadə etmək istəyir. Buna görə də əsası olmayan bəyanatlar səsləndirir. Rusiya ilə Ermənistan arasında hava məkanının birgə qorunması ilə bağlı bir müddət əvvəl imzalanmış razılaşmanı nəzərə alaraq belə bir fikir yürütmək mümkündür ki, rəsmi Moskvanın icazəsi olmadan Sarkisyan komandası "İsgəndər”i yerindən tərpədə bilməz. Çünki bu raketlər Rusiyaya məxsusdur və rus ordusunun forpost Ermənistandakı bazasında yerləşdirilib. Kreml rəhbərliyi yaxşı başa düşür ki, əgər Azərbaycana qarşı hər hansı raketdən istifadə edilərsə, bunu zərərsizləşdirmək, hətta cavab tədbirlər görmək üçün rəsmi Bakının, ordumuzun hərtərəfli imkanları var. Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən təxribatının, zərbəsinin havada və quruda qarşısını almağa, cavab zərbəsi endirməklə Ermənistanın istənilən döyüş mövqeyini, hərbi-strateji məntəqəsini, canlı qüvvəsini və hərbi texnikasını məhv etməyə qadirdir”.

Sonda bir daha qeyd edək ki, ötən ilin aprel döyüşləri Ermənistan ordusunun real gücünü tam çılpaqlığı ilə ortaya qoyub. Həmin vaxt təxribat məqsədi ilə mövqelərimizə soxulmağa cəhd edən düşmənin qarşısı alınıb, Silahlı Qüvvələrimizin ön xəttdəki kiçik bir bölməsi əks-hücuma keçərək Ermənistan ordusuna sarsıdıcı zərbə vurub. Nəticədə erməni hərbçilər çoxsaylı canlı qüvvə və texnika, silah-sursat itkisi verərək geri çəkilməyə, hətta əllərində olan bir sıra strateji yüksəklikləri itirməyə məcbur olublar. Həmin hadisədən sonra düşmən ordusu fasilələrlə bir neçə dəfə mövqelərimizə hücum etməyə, əldən verdikləri əraziləri geri qaytarmağa çalışıblar. Lakin Azərbaycan ordusu düşmənin bütün təxribat və hücum cəhdlərinin qarşısını qətiyyətlə alıb, erməni əsgərlərini daha böyük itkiyə məruz qoyub. Belə olan halda hərbi cinayətkar Serj Sarkisyanın açıqlamaları, "İsgəndər” raketindən istifadə etmək barədə xülyaları, müharibə və hədə-qorxu bəyanatları yalnız boşboğazlığı, "yağa bilməsə də, guruldamaq” məşhur el məsəlini xatırladır.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər