• cümə axşamı, 28 mart, 15:26
  • Baku Bakı 16°C

“Sarkisyanın məqsədi Azərbaycanı təxribata çəkməkdir”

20.04.16 11:48 2296
“Sarkisyanın məqsədi Azərbaycanı təxribata çəkməkdir”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan sülh danışıqlarında hər hansı irəliləyiş əldə olunanda, yaxud danışıqlar prosesi intensivləşəndə, mövcud status-kvonun dəyişmə ehtimalı gündəmə gələndə erməni tərəfi müxtəlif təxribatlara əl atırlar. Cəbhə xəttində atəşkəsi pozmaq, mövqelərimizə soxulmağa can atmaq və sair bu kimi təxribatlar törədən düşmən tərəfi sülh danışıqlarının bir nəticə verməsini əngəlləyirlər. Serj Sarkisyan başda olmaqla, Ermənistandakı hərbi-cinayətkarlar eyni ssenarini bu dəfə də təkrarlamaqdadırlar. Aprel ayının əvvəlində cəbhə xəttində davam edən döyüşlər nəticəsində Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin real gücünü görüb, düşmən hərbçiləri ilə bərabər, erməni cəmiyyətində də böyük xof yaranıb. Eyni zamanda bu hadisə danışıqlar prosesinə də təsirsiz ötüşməyib. Beynəlxalq aləm, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Dağlıq Qarabağ probleminin dondurulmuş münaqişə olmadığının fərqinə varıblar. Vasitəçi dövlətlər, xüsusən də Rusiya status-kvonun dəyişməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün tərəflərlə daha intensiv danışıqlara başlayıblar və indiki mərhələdə Ermənistana ciddi təzyiqlərin ediləcəyi gözlənilir. Hərtərəfli təklənən Ermənistan, eləcə də prezident S.Sarkisyan vəziyyətdən çıxmaq üçün çarəni yenidən təxribata əl atmaqda görüb. Belə ki, Sarkisyan srağagün Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib. Helikopterlə Xankəndi aeroportuna enən Ermənistan prezidentinin hərbi formada olması da diqqət çəkib. O, Qarabağdakı separatçıların başçısı Bako Saakyanla birlikdə ordunun yüksək çinli zabitlərinin iştirak etdiyi müşavirə keçirib. Cəbhə xəttindəki vəziyyətin müzakirə olunduğu müşavirədə Sarkisyan bildirib ki, Qarabağdakı separatçıların möhkəmləndirilməsi, döyüş qabiliyyətinin gücləndirilməsi dövlətin qarşısında duran əsas məsələ olaraq qalır.
Təbii ki, Sarkisyanın bu davranışı, səsləndirdiyi fikirlər Azərbaycanda qıcıq yaratmağa, Silahlı Qüvvələrimizi təxribata çəkməyə hesablanmış addımlardır. Ermənistan prezidentinin “Toydan sonra nağara” effekti daşıyan hərəkətləri, öz ölkəsində daxili auditoriyanı sakitləşdirməyə hesablanmış mövqe kimi də dəyərləndirilə bilər. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, Sarkisyan atdığı addımlarla Azərbaycanı təxribata çəkmək istəyir: “Sarkisyanın bu səfərdə ən birinci məqsədi Dağlıq Qarabağ əhalisinə ürək-dirək verməkdir ki, qorxmayın, arxanızda Ermənistan və onun ordusu dayanıb. Bu, dolayısı ilə o deməkdir ki, Sarkisyan da 2-5 aprel döyüşlərindən sonra Dağlıq Qarabağın erməni əhalisinin qorxu içində olduğunu yaxşı anlayır. Qorxu üçün ciddi əsas var. Azərbaycan ordusunun sürətli yürüşü kifayət edəcək ki, Xankəndi azərbaycanlı hərbçilərin gözlə görünən məsafəsində olsun. Sarkisyanın Xankəndinə səfərində ikinci məqsədi Azərbaycanı təxribata çəkməkdir. Yəni Sarkisyan ona ümid edir ki, o, Xankləndində olduğu müddətdə cəbhədə vəziyyət gərginləşsin. Beləliklə də o, beynəlxalq aləmə deyə bilsin ki, Azərbaycan ordusu onun Dağlıq Qarabağa səfərini pozmaq üçün atəşkəsi pozur”.
E.Şahinoğlu qeyd edib ki, S.Sarkisyanın səfəri nə bölgənin erməni əhalisini, nə də separatçıları ruhlandıra bilməyəcək: “Ona görə də Sarkisyana bu fürsəti vermək lazım deyil, qoy, görüşlərini keçirib, helikopterinə minib Ermənistana qayıtsın. Onsuz da onun Xankəndinə gəlişi nə bölgənin erməni əhalisini, nə də separatçıları ruhlandıracaq. Sarkisyan yalandan generallarla bir-iki görüş keçirib, xəritələrin qarşısında poz verib çıxıb gedəcək. Biz isə öz işimizi davam etdirməliyik. Hər gün, hər saat işğalçı snayper və ya minomyot atəşindən itki verməlidir, hərbçilərinin sayı azalmalıdır, “Dron”larımız əvvəlki tək işğalçıları vahimə içində saxlamalıdır. Bu prosesi Serj Sarkisyanın Xankəndinə səfərləri dayandırmaq imkanında deyil. Bunu erməni cəmiyyəti anlamağa başlayır. Sadəcə, elə etməliyik ki, bunu daha tez anlasınlar”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev isə bildirib ki, aprel ayının ilk günlərində cəbhə xəttində yaşanan hadisələrdən sonra istər S.Sarkisyan, istərsə də onun komandası yaşadıqları ağır məğlubiyyəti kiminsə boynuna qoymağa çalışırlar: “Xatırlayırsınızsa ermənilər öncə İsraili Azərbaycana müasir silahlar, pilotsuz kamikadze təyyarələr satmaqda günahlandırdılar. Ardınca Rusiyanı Ermənistana Azərbaycanla müqayisədə keyfiyyətsiz silah verməkdə təqsirli bildilər. Hətta Rusiyanın Azərbaycana silah satmaması ilə bağlı imzatoplama kampaniyası keçirdilər, Kreml rəhbərliyinə ünvanladılar. Ermənistan prezidenti Almaniyaya səfəri zamanı da bu giley-güzar, Rusiyadan inciklik özünü büruzə verdi. Bütün bu cəhdlər bir nəticə verməyəndə isə Ermənistan siyasi rejimində, Sarkisyan komandası daxilində anti-Rusiya əhval-ruhiyyəsi özünü göstərməyə başladı, sabiq prezident Robert Koçaryanın evinə qumbara atıldı. Çaşqınlıq içində qalan Sarkisyan vaxtilə hakimiyyətdən devirdiyi, hazırda müxalifətdə olan Levon Ter-Petrosyanın evinə getdi, ona minnətçi düşdü. Sarkisyan prezidentlik kürsüsünü itirməmək üçün bütün variantlara əl atdı”.
Siyasi şərhçi bildirib ki, Ermənistan prezidenti Dağlıq Qarabağ separatçıları qarşısında da cavab vermək məcburiyyətində qalıb. Onun sözlərinə görə, bu günə qədər Dağlıq Qarabağın “müstəqilliyindən” danışan Sarkisyan cəbhə xəttindəki məğlubiyyətdən sonra müxtəlif variantlara əl atır: “Atəşkəs pozulandan sonra düşmənə ağır sarsıdıcı zərbə vuran Azərbaycan ordusunun gücünü bütün dünya gördü. Hər kəs anladı ki, Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil və danışıqlar nəticə verməsə, status-kvo dəyişməzsə, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək gücündədir. Ona görə də sülh danışıqların gedişində intensivlik müşahidə olunmağa başladı. Yenilənmiş “Madrid prinsipləri”, ATƏT-in sədri kimi Almaniyanın 7 bənddən ibarət mərhələli təkliflər paketi, Rusiyanın təklifləri gündəmə gəldi. Belə olan halda Sarkisyanın ətrafındakı özünüqoruma halqası daralmağa başlayıb. Ona görə də təzyiqlər altında qalan Ermənistan prezidenti təcili olaraq Dağlıq Qarabağ ərazisinə gəlib, separatçıların rəhbəri ilə görüşüb və orada hərbi müşavirə keçirib. Fikrimcə, bu müşavirədə Sarkisyan separatçılara hansı addımların atılmasının, nələrin edilməsinin vacibliyini xatırladıb. Bu isə Dağlıq Qarabağdakı separatçılar, orada döyüşənlər arasında narazılığa səbəb olub. Bir daha qeyd etmək istəyirəm ki, Sarkisyan bütün bu addımları ilə öz hakimiyyətini qoruyub saxlamağa çalışır”.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, cəbhə xəttində yaşanan son hərbi əməliyyatlardan sonra Ermənistan prezidentinin reputasiyası ciddi şəkildə zədələnib. Onun fikrincə, Sarkisyan təxribatlara əl atmaqla bu uğursuzluqdan çıxmağa çalışa bilər: “İndiyə qədər onlar Dağlıq Qarabağın “nizami ordusundan”, “dünyanın ən güclü ordularından birindən” danışırdılar. Lakin son hərbi əməliyyatlarda bu miflər sabun köpüyü kimi dağılıb yox oldu, erməni cəmiyyətində panika baş verdi. Ən önəmlisi isə hazırda Ermənistanda siyasi böhranın baş verməsidir. Sarkisyanın iki dəfə Təhlükəsizlik Şurasının iclasını keçirməsi, ardınca Ter-Petrosyanın ayağına getməsi, Müdafiə Nazirliyində olması buna sübutdur. Ermənistanda baş qaldıran anti-Rusiya aksiyaları ilə Sarkisyan faktiki olaraq Rusiyanın bəzi dairələrinin də himayəsini itirib. Ermənistan prezidenti yaxşı başa düşür ki, bütün bu təxribat xarakterli addımlar onun siyasi hakimiyyətini xilas etməyə də bilər. Bunun üçün ona müəyyən hərbi uğur lazımdır. Bu baxımdan, Sarkisyan orduda bir növ ruh yüksəkliyi yaratmaq, növbəti cavab hərbi əməliyyatı hazırlamaq görüntüsü yaradır. Bəlkə də bunun arxasında hansısa hərbi təxribat dayanır. Ermənistan ordusu Azərbaycan tərəfə qəfil hücumlar təşkil edə bilər. Bu, bir az risklidir. Çünki, aprelin ilk günlərindəki hərbi əməliyyatlar güc balansının Ermənistanın xeyrinə olmadığını göstərdi. Lakin Ermənistan cüzi aktivlik göstərməklə, Azərbaycanı növbəti həmləyə sövq edə bilər. Bu halda Sarkisyan və onun komandası Azərbaycanı bütün dünyada təcavüzkar, sülh prosesini pozan tərəf kimi göstərməyə cəhd edər. Bununla da o, həm də ölkəsinin gündəmini dəyişmiş ola bilər. Hər iki variantı mümkün sayıram. İstənilən halda, bu, təxribatdır”.
Rufik İsmayılov
banner

Oxşar Xəbərlər