• çərşənbə axşamı, 19 mart, 09:54
  • Baku Bakı 8°C

Sarkisyanın istefasından sonra Ermənistanı nə gözləyir?

23.04.18 19:07 993
Sarkisyanın istefasından sonra Ermənistanı nə gözləyir?
Aprelin 13-dən Ermənistanda Serj Sərkisyanın baş nazir olmasına qarşı etiraz aksiyası başlayıb. Bu etiraz aksiyalarına isə müxalifət lideri Nikol Paşinyan rəhbərlik etməyə başlamışdı. Etirazlara baxmayaraq, aprelin 17-də parlament Sarkisyanın namizədliyini təsdiqlədi. Ancaq xalqın etirazından sonra uzun müddət hakimiyyətin müxtəlif postlarında vəzifə tutan Serj Sarkisyan dünən baş nazir postundan istefa verdi.
Ermənistan cəmiyyətinin bütün təbəqələrinin qatıldığı mitinqlərdən sonra Sarkisyanın istefa verməsi nədən xəbər verir? Bundan sonra Ermənistandakı vəziyyət necə olacaq?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirdi ki, ermənilər hər hadisədən özləri üçün xeyir götürməyə çalışır: "Serj Sarkisyan vəzifəsindən uzaqlaşdırıldığı üçün bundan sonra deyəcəklər ki, baxın, Ermənistan demokratiyanın az qala zirvəsindədir.
Əvvəl Karapetyan baş nazir idi, sonra isə baş nazirin müavini oldu. İndi yenidən Karapetyan baş nazir olacaq. İtirən isə Serj Sarksiyandır. Çünki o, özünü bu posta sırıdı və sonra bu postda qala bilməyib geri çəkilməsi, onun üzərindən xətt çəkdi. Ancaq ermənilər çalışacaqlar ki, bu hadisədən özləri üçün qazanc götürsünlər”.
R.Musabəyov vurğuladı ki, ermənilər "demokratiya” görüntüsü yaradaraq, ABŞ-ın "Minilliyin çağırışı” proqramına qayıtmaq istəyirlər: "Əslində, bu addımları ilə ildə 70-80 milyon dollar Amerikadan müftə pul almağa çalışacaqlar. Eyni zamanda gedib Avropada dilənəcəklər. Rusiya üçün isə Ermənistanda baş verənlərin heç bir fərqi yoxdur. Onlar heç Serj Sarkisyanı dəstəkləmək niyyətində olmadıqlarını da bildirdilər. Rusların baş nazir postuna namizədi isə Karen Karapetyandır”.
Millət vəkili Elman Nəsirov bildirdi ki, erməni xalqını 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran "Qarabağ klanı"ndan canını qurtardı: "Artıq 10 ildir Ermənistanda hakimiyyəti zəbt etmiş Serj Sarkisyan epoxası başa çatdı, xalq etirazları öz nəticəsini verdi və Sarkisyan xalqın istefa tələbini qəbul etməyə məcbur qaldı. O xalq ki, məhz Sarkisyanın yeritdiyi işğalçılıq siyasəti nəticəsində dilənçi kökünə düşüb, sürünə-sürünə yaşamaq məcburiyyətində qalıb, eyni zamanda, özlərinin dediyi kimi, "bu lənətə gəlmiş ölkəni tərk etmək”dən başqa çarələri qalmamışdı. Sarkisyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeritdiyi qeyri-konstruktiv mövqe bu gün Ermənistanın bu ağır vəziyyətini şərtləndirən amillər sırasında mühüm mövqeyə malikdir. Ona görə də indi Sarkisyanı əvəz edəcək şəxsin praqmatik siyasətçi olmasına çox böyük ehtiyac var. Elə bir adam Ermənistanda hakimiyyətdə olmalıdır ki, o, ölkənin düşdüyü çıxılmaz vəziyyətin yeganə səbəbinin onun işğalçılıq siyasəti olduğunun və məhz bunun nəticəsində bumeranq effekti ilə üz-üzə qaldığının, labirintə düşdüyünün və dalana dirəndiyinin fərqinə varsın. Ona görə də ümid edirik ki, Ermənistanın yeni baş naziri fərqli bir siyasət həyata keçirəcək, çünki Sarkisyan siyasətinin davamı mövcud çıxılmaz vəziyyətin davamı deməkdir və o da perspektivdə Sarkisyanın taleyini yaşaya bilər”.
E.Nəsirovun sözlərinə görə, Ermənistanda elə bir siyasətçi olmalıdır ki, o, Azərbaycanla danışıqlara gəlib praqmatik bir mövqe ortaya qoysun: "Ermənistanın gələcəyi yalnız və yalnız bu münaqişənin həllindən keçir. Həm də ki, ədalətli həllindən, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasından keçir. Bu, baş tutacağı təqdirdə, yəni Ermənistanın yeni baş nazirinin Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmağa razılaşacağı halda, yeni vəziyyət yaranacaq. Belə olduqda isə Ermənistanın Azərbaycanın təşəbbüskarı olduğu irimiqyaslı regional layihələrdə iştirakı məsələsinə baxıla bilər. Ermənistanın nicatı məhz bundadır”.
Siyasi İnnovasiyalar və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirdi ki, Serj Sarkisyanın Ermənistanın baş naziri postundan istefası gözlənilməz oldu: "Hətta Sarkisyanın ailəsində gərginliklə bağlı məlumatlar var. Fikrimcə, Sarkisyanın istefası bir tamaşadır. Çünki istəyir ki, etirazçılar dağılışsın. 5-10 min adamı dağıtmaq olardı, lakin 160 minlik meydanı dağıtmaq mümkün deyil. Zənnimcə, bu, siyasi aksiyadır. Bir neçə gün əvvəl baş nazirin müavini Karen Karapetyan Nikol Paşinyanla həbsxanada görüşmüşdü. Ola bilər ki, bu istefa razılaşdırılmış ssenari olsun. Həqiqətən Sarkisyanın istefa verəcəyinə inanmırdım, lakin bununla bağlı intuisiyam var idi. Çünki o, baş nazir kimi hakimiyyətə gələrkən özü ilə bağlı yaratdığı nüfuzu indi darmadağın etdi. Son olaraq isə Paşinyanla görüşü sübut etdi ki, Sarkisyanın danışıq aparmaq qabiliyyəti belə yoxdur. Elə bunun nəticəsində illərdir öz ətrafında formalaşdırdığı mif yerlə-yeksan oldu. Təsəvvür edin ki, Sarkisyanın güvəndiyi ordu belə onun əleyhinə çıxdı və hərbiçilər meydanlara axışdı. Bu insan özü ətrafında elə bir vəziyyət yaradıbmış ki, hətta indiki prezident Armen Sarkisyan ona söz deyə bilmirmiş. Təsəvvür edin ki, Nikol Paşinyanla görüşdən sonra prezidentə qışqıraraq, niyə müxalifət liderinin istefa tələb edəcəyini ona demədiyini bildirib. Üstəlik, onun 2008-ci il mart hadisəsinin də müəllifi olduğu ortaya çıxdı. Fikrimcə, erməni tarixinin ən böyük yalançısı, möhtəkiri, xristian dini ilə alver edəni Ermənistan hakimiyyətində idi və öz qurduğu oyunun qurbanına çevrildi. Məhz Sarkisyanın Paşinyana qarşı etdiyi hərəkətə görə, sosial qruplar meydanlara çıxdı.”.
M.Əhmədoğlu hesab edir ki, Ermənistanda baş verən hadisələrdən sonra Armen Sarkisyan və ya Karen Karapetyan Azərbaycana və Türkiyəyə müraciət edəcək: "Onların bu müraciətləri ilk növbədə sabitlik şəraitində prosedurları başa çatdırdıqdan sonra əlaqələrin müzakirə edilməsi ilə bağlı olacaq. Yaranmış bu vəziyyəti Azərbaycanın regional siyasətinin nəticəsi və uğuru hesab edirəm”.
"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistan cəmiyyətinin qatil Serj Sərkisyandan qurtulması bölgədəki durumu dəyişəcək: "Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir. Kreml Serj Sarkisyanı qorumaq istəmədi, ancaq bu, o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir. Rusiya Sarkisyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri "Rusiyasız hərəkət edə bilməzsən” reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq”.
E.Şahioğlu əlavə etdi ki, rəsmi Bakı da ciddi götür-qoy etməlidir: "20 ildir Ermənistan Köçəryan-Sərkisyan girovluğunda idi və bu şəxslər işğalı həyata keçirənlərdir, heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar. Necə ki, yandırmadılar. İndi Ermənistana yeni gələnlərə Bakıdan mesaj yollanmalıdır ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar, bu, Ermənistanın da xeyrinə olacaq”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər