AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sarkisyanın inqilab qorxusu

Sarkisyanın inqilab qorxusu

Təfsilat
19 Fevral 2015, 05:35 822
“Ermənistanın İvanişvilisi” kimi erməni cəmiyyətinə sırınan Qaqik Tsarukyanla bağlı bu ölkədə gərginlik yaşanır. Ermənistan KİV-ləri yaranmış vəziyyətdə prezident Serj Sarkisyanla ölkənin ən varlı adamı, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın görüşü barədə məlumat yayıb. Halbuki Ermənistan prezidenti keçən həftə çıxış edərək Tsarukyanın fəaliyyətini kəskin tənqid etmiş, onu Ermənistan üçün bəla adlandırmışdı. Hətta prezident Tsarukyanı “Dodi Qaqo” (erməni dilində başıboş Qaqo) adlandırmaqdan da çəkinməmişdi.

Ermənistan prezidenti Trsarukyanı armreslinq meydanını siyasi meydanla qarışdırmamağa çağırıb. Sarkisyan biznesmenin Ermənistan milli təhlükəsizlik şurasında üzvlüyünün dayandırılması ilə bağlı əmrə imza atıb, həmçinin onu deputat mandatından məhrum etmək barədə tapşırıq verib. Öz növbəsində Qaqik Tsarukyan bildirib ki, Sarkisyanın bu cür kəskin reaksiyası onunla bağlıdır ki, o, parlament hakimiyyətinə keçilməsini nəzərdə tutan konstitusiya islahatlarından sonra ölkə prezidenti vəzifəsini tutmaq təklifindən imtina edib. Baş nazir, təbii ki, Serj Sarkisyan özü olmalı idi və kefi istəyən qədər, bezənə kimi bu vəzifəni tutmalı idi.

Erməni nəşrləri bildirir ki, bu görüş “Daşnaksütyun” partiyasının təşəbbüsü ilə baş tutub. Daşnaklar guya ölkədə təlatümlərin və toqquşmaların qarşısını almaq üçün bu addımı atıblar. Hətta tanınmış erməni iş adamı Samvel Karapetyan da buna görə İrəvana dəvət edilib, o, bu görüşün baş tutması üçün bütün səylərini sərf edib. Qəzetlər yazırlar ki, yaxın günlərdə görüşün daha dərin təfərrüatları məlum olacaq. Amma ekspertlər bildirirlər ki, Serj Sarkisyan və Tsarukyan bir-birinin başını pambıqla kəsməyə hazırdırlar. Onların fikrincə, bu görüş sadəcə olaraq nümayiş, tətil, aclıq və ya hətta hakimiyyətin vaxtından əvvəl dəyişdirilməsi kimi fəlakətlərə yol verməmək üçün edilmiş siyasi manevrdir.

Qeyd edək ki, Sarkisyanın hakim komandasının demək olar ki, tamamilə Tsarukyanın “ziyanverici fəaliyyətinə” həsr olunmuş iclasından sonra hökumət ona məxsus müəssisələrdə yoxlama keçirmək üçün Maliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Gəlirlər Komitəsinə sifariş göndərib. Bu müəssisələr əvvəllər də təftiş edilib və hər hansı pozuntu haqqında məlumat verilməyib. Lakin əvvəllər Qaqik Tsarukyanın partiyası ya hakim koalisiyanın üzvü, ya da müxalif fəaliyyətdən uzaq olub.
Öz növbəsində Ermənistan parlamentində təmsil olunan üç qeyri-iqtidar partiyaları “hakimiyyət dəyişikliyi” prosesinə başlayırlar. “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi (EMK) və Jaranqutyun (“İrs”) partiyaları cümə günü Yerevanın Azadlıq meydanında mitinq keçirmək qərarına gəliblər. Görüşdən sonra “Çiçəklənən Ermənistan” lideri Tsarukyan, EMK lideri Levon Ter-Petrosyan və “İrs” Partiyasının rəhbəri Raffi Ovanisyan mitinqdə “mövcud problemlərin həlli yollarının" müzakirə olunacağını qeyd edərək, təfərrüatlarını açıqlamayıblar. “Qeyri-iqtidar üçlüyü” 20 fevral mitinqindən sonra Azadlıq meydanında müddətsiz oturaq tətil başlayacağını da istisna etmir.

“Hakimiyyəti mitinqlərlə dəyişmək mümkün deyil” - deyə Ermənistan Milli Məclisinin sədr müavini Eduard Şarmazanov mitinqlərlə hakimiyyət dəyişməyin mümkün olmadığını bəyan edib. O, müxalifətə 2017-2018-ci illərdə parlament və prezident seçkilərinə hazırlaşmağı təklif edib.

“Hakim Respublikaçılar Partiyasını fevralın 20-nə təyin olunmuş mitinq narahat etmir”. Bunu isə partiyanın mətbuat katibi, millət vəkili Eduard Şarmazanov deyib. Onun qənaətincə, Ermənistanda mitinq vasitəsilə hakimiyyət dəyişmək mümkün deyil: “Hakimiyyəti dəyişməyi xalq seçki vasitəsilə müəyyən etməlidir. Xalq öz etimad mandatını 2017-ci ilədək müəyyən siyasi qüvvələrə, 2018-ci ilədək isə mövcud prezident Serj Sarkisyana verib. Qalanı isə bütün sivil ölkələrdə olduğu kimi, xalqın qərarından asılıdır”.

Hakimiyyət isə mitinqin keçirilməsinə razılıq verməyib. İrəvan meriyası qeyri-iqtidar qüvvələrin fevralın 20-də mitinq keçirmək haqqında bildirişinin “Yığıncaqlar azadlığı haqqında” Qanuna uyğun olmadığını bildirib. Meriyanın yaydığı bəyanata əsasən, müxalif üçlüyün mitinqi hər hansı bir mühüm hadisəyə həsr olunmayıb ki, “təxirəsalınmaz” hesab edilsin. Qanuna əsasən, yalnız təxirəsalınmaz mitinqlər aidiyyatı olan hadisə baş verdikdən 8 gün tez keçirilə bilər. Buna baxmayaraq, üçlüyə daxil olan Erməni Milli Konqresi parlament fraksiyasının rəhbəri Levon Zurabyan “qanuna görə, meriyanın mitinqi qadağan etmək üçün nə haqqı, nə də bu konkret halda bir əsası” olduğunu və mitinqin mütləq keçiriləcəyini bəyan edib.

Yeri gəlmişkən, keçmiş prezident Robert Köçəryanın da müxalifət tərəfində olduğu, xüsusilə Tsarukyanı dəstəklədiyi istisna olunmur. Köçəryan bu günlərdəki müsahibəsində də Sarkisyanı qınayaraq, onun Tsarukyana qarşı mövqeyi ilə razılaşmayıb.
Vəziyyətin getdikcə gərginləşəcəyi təqdirdə Ermənistanda nə baş verə bilər? Ölkənin Ali Sovetinin keçmiş deputatı, keçmiş sovet siyasi məhbusu Azat Arşakyan bu suala belə cavab verib: “Gözləntilər böyükdür – hakimiyyət dəyişikliyi də gözlənilir. Uzun illər müxtəlif qüvvələr daim hakimiyyət dəyişikliyindən danışıblar, biz isə gözləmişik ki, bu, klassik üsulla baş verəcək, yeni proqramlar təklif olunacaq, yeni siyasi kurs həyata keçiriləcək və bütün bunlar inqilabi yolla yox, seçkilər vasitəsilə reallaşacaq, hakimiyyət dəyişikliyi də məhz bu cür baş verəcək. Hakimiyyət dəyişikliyindən danışarkən mən konstitusiya dəyişikliyini nəzərdə tuturam, indiki sənəd Ermənistanda monarxiya ilə nəticələnib. Hesab edirəm ki, hakimiyyətə can atan istənilən qüvvə bizə Ermənistanda demokratiyanı təmin edən yeni konstitusiya təqdim etməlidir. Əgər hansısa qüvvə bunu təklif edəcəksə, deməli, hakimiyyət dəyişikliyi də baş verəcək. Ancaq illər keçib, bu qüvvə ortaya çıxmayıb. Müxalifət, qeyri-hökumət qüvvələri hakimyyət dəyişikliyini təklif etməyiblər”. Robert Köçəryanın müsahibəsinə gəldikdə isə, Azat Arşakyan deyib: “O, vətəndaş müharibəsinin konturlarını müəyyənləşdirib”.

Rusiya nəşrlərinin mövqeyi də maraqlıdır. Onlar iddia edirlər ki, Rusiya-Ermənistan münasibətlərinin nəticəsi Tsarukyan-Sarkisyan qarşıdurmasından da asılıdır. Tsarukyan Rusiya ilə deyil, daha çox Qərblə əməkdaşlığa meyilli görünür. Eləcə də onun Avrasiya İqtisadi Birliyinə münasibəti qənaətbəxş deyil.

Azər NURİYEV