• cümə, 26 Aprel, 11:50
  • Baku Bakı 12°C

Sarkisyanın arzusuna ermənilər də gülür

27.05.17 09:00 933
Sarkisyanın arzusuna ermənilər də gülür
Ermənistan prezidentiSerj Sarkisyanın ölkənin yeni seçilmiş parlamentinə müraciətində səsləndirdiyi fikirlər ermənilərin özlərini şoka salıb. O, müraciətində ölkədə demoqrafik durumun mürəkkəbliyini bildirib və yaxın onilliklər ərzində bu yöndə ciddi irəliləyişin qazanılmasını prioritet saydığını deyib. Sarkisyan həmçinin, ilk dəfə konkret rəqəmlər səsləndirib:"2040-cı ilə qədər Ermənistan sakinlərinin sayı, ən azı, 4 milyon olmalıdır”. Dərhal da onun bu fikirlərinə təkzib gəlib. Özü də elə onun məmurları tərəfindən. "Ermənistanın müstəqillik əldə etməsindən bəri ölkədən miqrasiya heç vaxt ara verməyib. Bundan başqa, 2017-ci ildən başlayaraq, miqrasiyanın miqyası daha da artıb”. Erməni saytlarının yaydığı məlumata görə, Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib ki, 1991-ci ildən başlayaraq, 1 milyon 250 min adam Ermənistanı tərk edib.Qaqik Yeqanyanın qənaətinə görə, əhalinin ölkəni tərk etməsinə ilk növbədə iqtisadi-sosial problemlər təsir edir: işsizlik, əmək haqqının azlığı, ixtisas üzrə iş tapmaq problemi və biznes mühitinin olmamağı.
Erməni iqtisadçı Vaaqn Xaçatryan isə hesab edir ki, miqrasiya problemi ildən-ilə güclənəcək. "Ermənistanda əsas problem həm siyasi, həm də iqtisadi rəqabətin olmamağıdır. Siyasət sahəsində Ermənistan Respublika Partiyasının monopoliyası mövcuddur. Bu partiya kommunist partiyasına bənzəyir. Ermənistan həmçinin, sosializm ideologiyasından yaxasını qurtara bilməyib, əksinə, son illər o daha da güclənib. İqtisadiyyata gəlincə isə burada da monopoliya var. Ölkədə hökumətdən icazə almadan heç bir bizneslə məşğul olmaq mümkün deyil. Bu, həm də investisiyalara aiddir. Əsas qanun deyil, əsas sənin haminin olmasıdır. Ölkədə rəqabət yoxdur və biznes inkişaf etmir. 2008-ci ildə Ermənistanın ümumi daxili məhsulu 11,6 milyard dollar idisə, indi bu göstərici 10,5 milyard dollardır. Ölkənin demoqrafik, işsizlik və kasıblıq problemi həll edilmir. 2008-ci ildə ölkənin xarici borcu 1,2 milyard dollar idisə, indi 6 milyarddır. Ermənistandakı özəl sektorun 90%-i oliqarx-monopolistlər tərəfindən idarə olunur. Ona görə də seçim azadlığımız yoxdur”, – deyə o bildirib.
Etnoqraf Granuş Xaratyan isə bildirib ki, hökumət təqribən 10 il bundan öncə miqrasiyanın azaldılmasını hədəfləyən strateji proqram işləyib hazırlayıb. Ancaq bu proqram, faktiki, heç bir nəticə verməyib. "İnsanlar ilk növbədə qanunun selektiv tətbiqi səbəbindən ölkədən çıxıb gedirlər. Yəni, Ermənistan Respublikasının vətəndaşları çoxdan bilirlər ki, qanunlar yazılırsa, bu, hələ onların adi vətəndaşlara şamil ediləcəyi demək deyil. Oliqarxlar, o cümlədən məmur və deputatlar, siyasi "krışa”sı olanlar inhisarçıya çevriliblər. Onların iqtisadi bazarda başqalarına da yer verməklə bağlı nə iradəsi, nə istəyi, nə də planı var”, – deyə ekspert bildirib.
BMT Əhali Fondunun Ermənistan ofisinin icraçı nümayəndəsiQarik Hayrapetyan isə bildirib ki, 2040-cı ilədək Ermənistan əhalisinin sayının 4 milyona çatdırılması çətin işdir. Q. Hayrapetyan hesab edir ki, Ermənistan 20 il ərzində əhalisinin sayını heç olmasa, 3 milyona çatdıra bilsə, bu, ölkə üçün çox gözəl göstərici olacaq. "Nəzəriyyədə hər şey mümkündür. Ancaq əgər biz öz imkanlarımızı real hesablamağa çalışsaq, düşünürəm ki, səsləndirilmiş saya nail olmaq yetərincə çətin olacaq. Ancaq səsləndirilmiş rəqəmlərin hətta 50 faizinə belə çatsaq, bu, bizim üçün irəliyə doğru böyük addım olacaq. Əhalinin sayını 300, 400, yaxud 500 min nəfər artıra bilsək, demoqrafik vəziyyət baxımından böyük irəliləyiş olar”, – deyə o bildirib.
BMT Əhali Fondunun nümayəndəsi bu məqsədə çatmağın iki əsas istiqaməti olduğunu deyir: "Birincisi, miqrasiyanın təşkilidir. Ola bilsin ki, bu istiqamət daha tez nəticə versin. Ancaq bundan ötrü ölkə çox cəlbedici olmalıdır ki, insanlar bura qayıtmaq istəsinlər. İkinci istiqamət isə əlbəttə ki, doğum göstəricilərinin yüksəldilməsidir ki, bu da asan iş deyil. Son 20-25 il ərzində müəyyən artıma nail olmuş ölkələr bilavasitə doğum sayının artırılmasını hədəfləməmiş, kompleks proqram çərçivəsində ailənin rifahını əsas götürmüş ölkələrdir. Bir məqam da odur ki, cəmiyyətimiz qocalan cəmiyyətdir və biz yetərincə sürətli qocalırıq. 2050-ci ilədək əhalimizin təqribən 1/4-nin yaşı 60-dan yuxarı olacaq. Biz bu insanları – əhalimizin 1/4-ni necə saxlayacağıq? Biz bunu yük kimi də qəbul edə bilərik, imkan kimi də. Onlar... iqtisadi dəyərlər yarada bilərlərmi? Nəzəri cəhətdən hər şey mümkündür. Ancaq bununla ciddi məşğul olmaq, bu sahəyə ciddi investisiyalar qoymaq lazımdır”.
BMT-nin Əhali Fonduiki il öncə böyük tədqiqat apararaq belə nəticəyə gəlib ki, bu istiqamətdə ciddi addımlar atılarsa,2050-ci ildə Ermənistan əhalisinin sayı, ən yaxşı halda, 3.2 milyon olacaq. Mənfi ssenariyə görə isə, ölkədə emiqrasiyanın azaldılması və doğum sayının artırılmasından ötrü heç bir iş görülməzsə, Ermənistanda 2 milyondan az adam qalacaq.
Qeyd edək ki, Ermənistan prezidenti S.Sarkisyan özünün əvvəlki müraciətlərində hələ heç vaxt demoqrafiya probleminə bu qədər ətraflı və rəqəmlərlə toxunmayıb. Hökumətin proqramında belə, bu sahədə rəqəmlərlə göstərilmiş konkret məqsədlər gözə dəymir. Yalnız 2012-2017-ci illərin proqramında hökumətin doğum əmsalını 1.8-ə çatdırmaq niyyətində olduğu göstərilir. Buna baxmayaraq, bu əmsal 2016-cı ildə 2012-ci ildəki səviyyədə (1.6) qalıb.
Hökumətin proqramlarından fərqli olaraq, Ermənistanın rəsmi statistikasında daha ətraflı məlumat verilir. 2008-ci ildən başlayaraq Ermənistanın daimi əhalisi 100 min nəfərdən çox azalaraq,3.1 milyon nəfərdən 2 milyon 990 min nəfərə düşüb. Ölkənin Miqrasiya Xidmətinin məlumatına görə, 2008-ci ildən bu günədək 346 minə qədər adam Ermənistanı birdəfəlik tərk edib. 2008-ci ildən ölkənin doğum göstəricisi bir qədər artıb, sonra azalıb. 2014-cü ildən başlayaraq bu göstəricinin daimi azalması tendensiyası müşahidə olunur. Ölüm göstəricisi isə əksinə, artır.
Azər
banner

Oxşar Xəbərlər