• cümə axşamı, 25 aprel, 08:02
  • Baku Bakı 14°C

Sarkisyanı Yanukoviçin taleyi gözləyir

07.07.15 10:28 1378
Sarkisyanı Yanukoviçin taleyi gözləyir
Müxaliflər tələbləri yerinə yetirilməyəcəyi təqdirdə, “İrəli addımla” adlı yeni aksiyalara başlayacaqlar

Ermənistanı bürüyən etirazlar səngimək bilmir. İndi artıq əminliklə demək olar ki, bu aksiyalar hakimiyyət üçün çox ciddi fəsadlara səbəb olacaq. Ötən həftənin sonlarına doğru aksiyalar səngisə də, bu həftənin əvvəlində yenidən mitinqlər start götürüb. Yüzlərlə etirazçı Yerevanın mərkəzində mitinq keçiriblər. Polislərin qadağasına baxmayaraq, etirazçılar səsgücləndirici avadanlıqdan istifadə edirlər. Elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına yüzlərlə insan toplaşıb. Ermənistan polisi paytaxtın Baqramyan prospektində etiraz aksiyası keçirən nümayişçilərdən tez bir zamanda yolu boşaltmağı tələb edib. Polisin bəyanatında bildirilir ki, nümayişçilər yolu könüllü açmasalar, bunu hüquq-mühafizə orqanlarının əməkdaşları edəcək: “Ermənistan polisi Baqramyan prospektində təxminən 2 həftədir dayandırılmış hərəkəti bərpa etməyə hazırlaşır. Həmçinin hərəkətə mane olan əşyalar da oradan götürüləcək. Polis sonuncu dəfə aksiyanın təşkilatçı və üzvlərini Baqramyan prospektini boşaltmağa çağırır. Əks halda, polis qanunun müəyyən etdiyi səlahiyyətlərindən istifadə edəcək”. Vaxt tamamlandıqdan sonra polis zibil qablarından ibarət barrikadanı nəzarətə götürüb.
Xatırladaq ki, aksiyanın koordinasiya qrupunun nümayəndəsi David Sanasaryan bildirib ki, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə “İrəli addımla” adlı yeni aksiyalarına başlayacaqlar. Yəni barrikadaları Prezident Aparatına tərəf yaxınlaşdıracaqlar. Onlar özləri üçün barrikadaya çevirdikləri zibil qablarını hər gün daha da irəli aparacaqlarını bəyan ediblər. D.Sanasaryan bir daha aksiyaçıların 3 əsas tələbini oxuyub: elektrik enerjisinin bahalaşması ilə bağlı xüsusi komissiyanın qərarının dəyişdirilməsi, iyunun 23-də nümayiş dağıdılarkən aksiyaçılar və jurnalistlərə qarşı zorakılığa görə cavabdehlik daşıyanlar və bu əmri verənlərin cəzalandırılması və mövcud tariflərə yenidən baxılması. D.Sanasaryan bildirib ki, aksiyaçılar arasında müəyyən parçalanma olsa da, onlar ümumilikdə əsas mövqelərini qoruyub saxlaya biliblər: “Bəlkə də hökumətin etirazları güc hesabına dağıtmaq üçün “siyasi resursları” zəifdir, çünki bir həftə öncə aksiyanın zorakı dağıdılması erməniləri və beynəlxalq ictimaiyyəti şoka salmışdı”.
Ermənistandakı aksiyanı bir “elektrik enerjisi” davasından uzağa çəkib aparanlar da var. Məsələn, aksiyalarda qruplardan biri iyulun 2-də Avropa İttifaqının bayrağını da qaldırmışdı. Rusiya rəsmiləri isə hesab edirlər ki, Qərb Yerevanın Avropa İttifaqı ilə əlaqələrini möhkəmlətməsi üçün təzyiq rıçaqlarını işə salıb. Moskva iyunun 26-da Ermənistana 200 milyon dollar borc verməyə razılaşıb ki, üzləşdiyi problemləri həll etsin. Bundan başqa, Rusiya Ermənistana ən müasir raket kompleksi satır. Ancaq ekspertlərin fikrincə, bunlar çətin ki, ölkənin enerji ilə bağlı problemlərini həll etsin.
Yeri gəlmişkən, Ermənistanda elektrik enerjisi ilə bağlı başlanan etiraz aksiyaları nisbətən səngisə də, hakimiyyət hələ də əndişə içindədir. Erməni mətbuatının yazdığı kimi, maraqlı, gülməli və ilk başlanğıcda etirazçıları razı sala biləcək qədər mühüm hadisə baş verib. Ermənistanın İctimai xidmətlərin nizama salınması üzrə komissiyası 13 qeyri-qanuni qərara görə “Ermənistan Elektrik Şəbəkəsi” QSC-ni 70 milyon dram, yəni indiki məzənnə ilə 148 min dollar cərimələyib. Bu barədə qərar komissiyanın saytında dərc edilib. Cəriməyə səbəb kimi elektrik şəbəkəsinə yeni abunəçilərin qoşulmasının köhnə qaydalar əsasında aparılması göstərilir. Qoşulma üçün adi ödəmədən başqa, abunəçilərə əlavə ödəmələr təklif edilir və bundan başqa, əhalidən 5 illik ödəniş aparılması tələb kimi qoyulur. Komissiya bildirib ki, belə işlər korrupsiya halıdır və istehlakçı yalnız qoşulma üçün ödəniş etməlidir. Beləliklə, baş verənlər Serj Sarkisyan klanının gedəcəyi günü yaxınlaşdırır. Əhali onun və dəstəsinin gedəcəyi günü gözləyir. Çox güman ki, S.Sarkisyanı Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin taleyi gözləyir. Ermənistan prezidenti düşünürdü ki, “Ermənistan Elektrik Şəbəkəsi” Səhmdar Cəmiyyətində Avrasiya İqtisadi İttifaqının “İnter RAO” şirkəti tərəfindən audit keçirilməsi haqqında göstəriş verməklə iş bitəcək. Amma, görünən odur ki, bu, belə olmadı. Təbii ki, bu, S.Sarkisyanın əhalini sakitləşdirmək üçün növbəti yalançı planı idi. İndi Yerevan rejiminin və onun başında duran S.Sarkisyanın bircə ümidi var. O da Vladimir Putinin ətəyindən yapışmaqdır. Çünki V.Putin Serjin başına sığal çəkməsə, onun hakimiyyətinin süqutu tezliklə yaxınlaşacaq. Bunu ölkə parlamentinin deputatları da etiraf ediblər. Məsələn, Respublika Partiyasından olan deputat Samvel Nikoyan son vaxtlar ölkədə cərəyan edən hadisələrdə Moskvanı günahlandırıb. O, rəsmi Yerevanı Kremlə yaltaqlanmaqda günahlandırıb və bildirib ki, Ermənistanın bütün energetika sistemi Rusiyanın əlində cəmləşib və bu, ölkə üçün yaxşı heç nə vəd etmir. Bir sözlə, Yerevanda vəziyyətin hansı istiqamətdə cərəyan edəcəyini təxminən bilmək mümkündür. Amma real nəticəni zaman göstərəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər