• cümə, 19 Aprel, 09:01
  • Baku Bakı 13°C

Sarkisyandan daha bir saxta seçki

16.05.17 09:00 890
Sarkisyandan daha bir saxta seçki
Ermənistan daha bir seçki saxtakarlığına imza atdı. Aprelin 2-də reallaşan saxta parlament seçkilərindən sonra növbəti Ağsaqqallar Şurasına keçirilən seçkilər də çoxsaylı qanun pozuntuları və zorakılıqlarla baş tutub. Şəhər merinin seçilməsi uğrunda keçirilən seçkinin ilkin nəticələrinə görə, hakim Respublika Partiyası 71 faiz səslə tam qələbə çalıb. Seçkidə hakim partiyanın namizədlər siyahısına hazırkı mer Taron Markaryan başçılıq edib.
"Çıxış” blokunun (21 faiz) siyahısının rəhbəri deputat Nikol Paşinyan, "Yerkir Sirani” partiyasının (7,81 faiz) siyahısının rəhbəri isə bu partiyanın lideri, keçmiş deputat Zaruhi Postancyan olub. Qeyd edək ki, Yerevan Ağsaqqallar Şurasına seçkilər proporsional qaydada keçirilib. Qanunvericiliyə görə, hansı partiyanın namizədləri şurada 50 faizdən çox yer alırsa, mer də həmin partiyanın seçki siyahısına rəhbərlik edən namizəd olur. Əgər heç bir partiya 50 faiz yer almırsa, o zaman mer şura üzvlərinin gizli səsverməsi yolu ilə seçilir. Lakin görünür, Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyası məsələni çətinləşdirmədən əksər səsləri mənimsəmək qərarına gəlib. Nəticələrə görə, Yerevanın meri Sarkisyanın namizədi olan Taron Markaryandır.
"Avropa hüquqlarının birləşməsi” klubunun üzvü Kristina Qevorkyan bildirib ki, seçkilər total saxtakarlıqla keçib: "Müşahidələrimiz göstərdi ki, parlament seçkilərində olduğu kimi, Yerevanın mer seçkilərində də saxtakarlıq pik həddə olub. Bülletenləri nümayişkəranə sürətdə zərfdən çıxarır və hakim partiyanın namizədi T.Markaryanın adının qarşını işarələyərək, qutuya atırdılar. Bununla yanaşı, "karusel əməliyyatı” edilirdi, həmçinin seçki kampaniyasında da ədalət prinsipi pozulmuşdu”.
Onu da qeyd edək ki, "Azadlıq” radiosunun erməni xidmətinin əməkdaşı Sisak Qabrielyan hakim Respublika Partiyasının yerli qərargahlarının birində hücuma məruz qalıb. Jurnalist danışır ki, qərargahdan çıxan bir şəxs çantadan pulları çıxararaq, vətəndaşlara paylayırdı. "Mən onların birindən soruşdum: "Siz hakim partiyanın namizədini seçdiniz?”. Yaşlı qadın "bəli, seçdilər, yuxarıda Allah var” deyə cavab verdi”, - jurnalist bildirib. Qərargaha daxil olan jurnalist baş verənləri aydınlaşdırmaq istəyərkən, onu təhqir edərək, döyüblər. Saxtakarlığı qeydə almaq istəyən "Yerkir Sirani” partiyasının lideri Zaruhi Postancyan da hücuma məruz qalıb. Onun partiyasının qərargahına hücum edilib və özü ilə yanaşı, qızı döyülüb. Partiya liderinin qızı beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Müxalif lider Zaruhi Postancyan üzləşdiyi polis zorakılığından sonra dünən təcili mətbuat konfransı keçirib. Baş verən ədalətsizlikləri, qanun pozuntularını qeyd edən Postancyan mətbuat konfransı zamanı fəaliyyətdə olan hökuməti devirmək üçün "Milli Müqavimət Hərəkatı”nın başlanmasının lazım olduğunu bəyan edib.
O, xalqa ünvanlandığı müraciətində siyasi böhranın aradan qaldırılması üçün sosial təbəqələrin fəal iştirakını tələb edib. Postancyan Ermənistanda qanunsuz rejimin devrilməsinə çağırışlar edərək yaradılacaq hərəkatın qətnamələrini oxuyub.
Postancyana görə, "Milli Müqavimət Hərəkatı” 2015-ci ildə keçirilən referendumun nəticələrini, Serj Sarkisyan və Respublika Partiyasının qanunsuz hakimiyyətini tanımır və onlara qarşı istintaq prosesinin başlanmasını tələb edir.
Öz siyasi platformasının digər detallarını vurğulayan müxalif fəal respublikaçı namizəd Taron Markaryanın bir gün sakit yaşamayacağını, ümumən hakimiyyətin həyatının cəhənnəmə çevriləcəyini bildirib. Partiya lideri hakimiyyəti "həyatınız cəhənnəmə çevriləcək” deyə hədələyib: "Bizim böyük komandamız var və bütün saxtakarlıqları ortaya çıxaracağıq”. Postancyan Yerevanda mitinqlərin və iğtişaşların başlanacağının da anonsunu verib.
"Yelk” bloku qərargahının sədri Edmon Marukyan isə hakimiyyəti Postancyana qarşı addımlarına görə ittiham edib. O qeyd edib ki, seçkilərdə saxtakarlığa görə hər hansı etiraz aksiyası keçiriləcəksə, blok buna dəstək verəcək.
"Ermənistanda rüşvət verilməsi ilə bağlı geniş yayılmış problem var”. Bunu isə "Yelk” blokundan Yerevan merliyinə namizəd olan Nikol Paşinyan yerli jurnalistlərə bildirib. "Seçicilərə rüşvət vermədən Respublika Partiyasının nəinki bu seçkilərdə, ümumiyyətlə, bütün seçkilərdə heç bir şansı yoxdur”, - o deyib. Onun sözlərinə görə, blokun rüşvət verilməsinə dair xeyli sayda dəlili, faktları, materialları və şahidləri var: "Bizdə yalnız seçicilərin səsinin satınalınmasına dair sübutlar yox, həm də rüşvət verilməsi prosesində başda polis rəisi Vladimir Qasparyan olmaqla polisin də iştirak etdiyinə dair sübutlar var. Özü də o, birbaşa Ermənistan prezidentinin göstərişi ilə bu işə cəlb olunub”.
Yeri gəlmişkən, mer seçkiləri saxtakarlıqlarla yanaşı, maraqlı hadisələrlə də yadda qalıb. Xüsusilə Ermənistan prezidenti Serj Sarkisyan parlament seçkilərində üzləşdiyi vəziyyətlə yenə qarşılaşıb. "Novosti Armenia”nın məlumatına görə, Serj Sarkisyan arvadı ilə birlikdə səs vermək üçün məntəqəyə gəlib. Lakin seçicilərin adlarını barmaq izləri ilə təsdiq edən aparat Sarkisyanı "tanımayıb”.
Azər
banner

Oxşar Xəbərlər