Sarkisyan yüksək vəzifəli generalları vəzifədən kənarlaşdırdı

Sarkisyan yüksək vəzifəli generalları vəzifədən kənarlaşdırdı

Təfsilat
26 Aprel 2016, 13:32 1746
Ermənistan müdafiə nazirinin müavini, kəşfiyyat və rabitə xidmətlərinin rəhbərləri işdən çıxarılıb

Ermənistan prezidenti Serj Sarkisyan ordu rəhbərliyində bir sıra kadr dəyişiklikləri həyata keçirib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan vəzifədən azad edilib.

S. Sarkisyanın digər fərmanı ilə rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Miradyan vəzifədən çıxarılıb.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan da işdən uzaqlaşdırılıb.

Adı çəkilənlərin yerinə yeni təyinatlar barədə hələlik məlumat yoxdur.