• cümə axşamı, 25 aprel, 05:41
  • Baku Bakı 19°C

Sarkisyan yenə Rusiyanı hədəfə aldı

02.11.16 12:28 945
Sarkisyan yenə Rusiyanı hədəfə aldı
Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə qalmaqallı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Bu dəfə Serj Sarkisyan "Əl-Cəzirə” telekanalı”na müsahibəsində Rusiyanın ünvanına açıq şəkildə tənqidi fikirlər səsləndirib. Söhbət Rusiyanın Azərbaycana silah satmasından gedir. Müsahibədə ona Rusiyanın Azərbaycana silah satması ilə də bağlı sual ünvanlanıb. "Azərbaycana silah satan Rusiya Ermənistan üçün yaxşı müttəfiq ola bilərmi” sualına işğalçı ölkənin prezidenti "bilmirəm yaxşı və pis barədə danışmaq olarmı? Lakin Rusiyanın bizimlə geniş hərbi-texniki əməkdaşlıq proqramı var. Lakin bir məsələyə toxunmaq istərdim. Əgər biz Rusiyanın yerinə olsaydıq, heç bir zaman müttəfiqimizin düşməninə silah satmazdım” - deyib.

Onu da qeyd edək ki, "Əl-Cəzirə”nin "Döyülmüş Ermənistan” başlıqlı filmində kanal belə bir sualla çıxış edir: laxlanmış vəziyyətdə olan iqtisadiyyat, korrupsiya və ictimai narazılıq, eləcə də Rusiyaya olan narazılıq şəraiti qiyama gətirib çıxara bilərmi?

Prezident müsahibəsində iyul ayında Yerevanda post-patrul alayını ələ keçirmiş "Sasna çrer” silahlı qruplaşmasının fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, bu qruplaşmanın məqsədi "Müəssisələr Məclisi”nin lideri Jirayr Səfilyanı diktator elan etmək olub. "Onların tələbi heç də həbsdə olan tərəfdarlarının azad edilməsi olmayıb. Onların ikinci tələbi isə torpaq məsələsində Azərbaycana güzəştə getməmək ilə bağlı olub. Yəni bizdən Dağlıq Qarabağda bir millimetr torpağı güzəştə getməməyi tələb edirdilər”, - deyə S.Sarkisyan vurğulayıb. Aksiyanın dağıdılması zamanı yüzlərlə insanın zərər çəkməsi barədə sualın cavabında o bildirib ki, güc strukturları zor tətbiq etmək məcburiyyətində qalıblar. "Polis nə etməli idi?” - deyə o, sual edib. Maraqlıdır ki, Sarkisyan həmin hadisələr zamanı minlərlə insanın polis alayını tutanlara dəstək aksiyaları keçirmələrinə müsbət yanaşıb. Və onları aqressiv azlıq adlandırıb: "Hansı ölkədə onlar yoxdur? Sizə Avropanın ən inkişaf etmiş və rifahlı ölkələrinin adlarını çəkə bilərəm”.

Ən maraqlı məsələlərdən biri də Serj Sarkisyanın gələcəkdə baş nazir olmaq şansının nə dərəcədə olması ilə bağlı sual olub. S.Sarkisyan deyib ki, onun bu vəzifəyə təyinatı hakim "Respublika” Partiyasının gələn yaz keçiriləcək parlament seçkisində qazanacağı səslərin sayından asılı olacaq. Hakim koalisiyaya daxil olan "Daşnaksutyun” Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Armen Rustamyan erməni nəşrlərinə müsahibəsində deyib ki, adətən bu ölkədə bir şey deyir, sonra isə başqa şey edirlər, ona görə də 2017-ci il parlament seçkisindən sonra heç nə istisna deyil.

Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan təxminən 2 il əvvəl də rəsmi şəkildə bəyan edib ki, ölkənin parlament idarəçiliyi sisteminə keçəcəyi halda baş nazirlik uğrunda mübarizə aparmayacaq və bir nəfər 2 dəfədən artıq ölkənin başında dura bilməz. Amma indi Sarkisyan Konstitusiya dəyişikliyindən sonra bunun mümkünlüyünü istisna etmir. Ölkənin parlament idarəçiliyi sisteminə keçməsini "Daşnakstyun” Partiyası da dəstəkləyib. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Armen Rustamyan S.Sarkisyanın bu sistemə keçməklə hakimiyyətdə qalmaq imkanı qazanması ilə razı deyil. O deyir ki, əsas seçkinin necə keçməsidir və əgər onun nəticələrinə şübhə edilməzsə, onda Sarkisyanın hakimiyyətdə qalıb-qalmaması da heç kimi narahat etməyəcək. S.Sarkisyanın baş nazir olacağına gəldikdə isə Rustamyan deyib: "Bizim heç vaxt konkret şəxslərlə problemimiz olmayıb. Məqsədimiz normal və ədalətli sistem yaratmaqdır, bunu da edirik. Seçki sistemini dəyişdik və əminəm ki, ölkədə görünməmiş seçki keçiriləcək. Bu mənada bizim hakimiyyəti qan tökməklə yox, seçki yolu ilə dəyişmək imkanımız var. Bu, əsas məsələlərdən biridir. O ki, qaldı Sarkisyanın gələcək statusuna, onun indiki qədər səlahiyyəti olmayacaq. Bunu hələ ki, çoxları başa düşməyib, amma düşəcək”, - deyə o bildirib.

Müxalifətdə olan Ermənistan Milli Konqresi isə Sarkisyanın bəyanatından təəccüblənmir. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Levon Zurabyan deyib ki, onlara əvvəldən bəllidir ki, Konstitusiyanı Sarkisyanın hakimiyyətini uzatmaq üçün dəyişirlər.

Hakim Respublika Partiyası isə 2017-ci il parlament seçkilərini gözləməyə çağırıb. Partiyanın parlamentdəki fraksiyasının rəhbəri Baqram Baqdasaryan deyib ki, "indi havada olan məsələdən danışılır və əgər indi baş nazir məsələsindən danışsalar, belə çıxacaq ki, partiya artıq qarşıdan gələn seçkilərdə qalib gəlib”. Sarkisyanın son bəyanatına gəldikdə isə Baqdasaryan deyib ki, prezident həmişə sözünün üstündə durub. Müxbirin, "belə çıxır ki, Sarkisyan baş nazir olmayacaq” sualına gəldikdə isə Baqdasaryan deyib ki, "mən yalnız deyirəm ki, bu barədə danışmaq hələ ki, tezdir, prezident bu məsələyə münasibət bildirib və bildirəcək”. Hadisələrin siyasi inkişafından asılı olaraq, prezidentin bəyanatında səslənən yanaşmanın dəyişməsinin mümkünlüyünə gəldikdə isə Baqdasaryan deyib ki, prezidentin bəyanatlarında dəyişiklik olmur, siyasi inkişaf isə davam edir.
Azər

banner

Oxşar Xəbərlər