• şənbə, 27 Aprel, 01:09
  • Baku Bakı 14°C

Sarkisyan üçün “Troya atı”

03.03.18 09:00 759
Sarkisyan üçün “Troya atı”
Ermənistan prezidenti Serj Sarkisyan növbəti bir şou mərasimi düzənləyib. Parlamentdə ölkə prezidenti seçkiləri üzrə səsvermədə hakim Respublikaçılar Partiyasının namizədi Armen Sarksiyan alternativsiz Ermənistanın yeni prezidenti seçilib. Qeyd edək ki, səsvermədə 105 deputatın iştirakı gözlənilirdi. Prezident seçilmək üçün deputatlardan dörddə üçünün və ya 79-nun səsi lazım idi. İlkin məlumata görə, A.Sarkisyanın lehinə 90, əleyhinə 10 deputat səs verib, 1 bülleten isə etibarsız sayılıb. A.Sarkisyan heç bir siyasi partiyanın üzvü deyil. 2015-ci il dekabr referendumundan sonra Ermənistan prezidentlik idarəçilik formasını parlament respublikasına dəyişib. Dəyişikliklər nəticəsində prezidentin veto hüququ alınır, prezidentlik formal mövqeyə çevrilir, parlament onu hər yeddi ildən bir seçir. Konstitusiya islahatlarına görə, Ermənistan prezidenti yalnız bir dəfə yeddi illiyə seçilə bilər. Skeptiklər bu islahatlara hazırkı prezident Sarkisyanın ölkəyə siyasi nəzarəti saxlamaq cəhdi kimi baxırlar. Belə ki, aprelin 9-da ikinci müddət beşillik prezidentliyi bitincə, o, baş nazir ola bilər. Xatırladaq ki, bu ilin aprelində indiki prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatır.
"Armen Sarkisyanın "Troyan atı”na çevrilmə ehtimalı güclüdür”, - deyə Yerevan Dövlət Universitetinin dosenti Narine Dilbəryan bildirib. "Ona bizim iqtisadiyyatda kök salmış ənənəvi korrupsiya sxemini dağıtmaq mümkün olacaqmı? Bir də hələ bəlli deyil ki, Armen hakim partiyanın və Serjin, yaxud Ermənistanın prezidenti olacaq”, -deyə ekspert vurğulayıb.
Yeri gəlmişkən, postunu tərk etməyə hazırlaşan S.Sarkisyan son qərarlarından birinə də imza atıb. O, Ermənistanla Türkiyə arasında "Diplomatik münasibətlər qurmaq haqqında” və "İkitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında” protokolların ratifikasiya prosesinin ləğv edilməsinə sərəncam verib. Bununla da, sələfinə protokolları saxlamayıb. Ermənistan prezidentinin rəsmi internet saytının məlumatına görə, protokolların ləğv edilməsi məsələsi Ermənistan Təhlükəsizlik Şurasının iclasında müzakirə olunub və yekdilliklə qəbul olunub. Protokollar 10 oktyabr 2009-cu il tarixində ABŞ, Rusiya və İsveçrə XİN rəhbərlərinin iştirakı ilə Sürixdə imzalanıb və "futbol diplomatiyası” adını almış Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə start verməli idi. Lakin sənədlər bu günədək nə Ermənistan, nə də Türkiyə tərəfindən təsdiqlənib. Ermənistanla-Türkiyə arasında diplomatik əlaqələr yoxdur, 1993-cü ildən isə Ankara birtərəfli surətdə Ermənistanla sərhədini bağlamaq qərarı verib.
Daha əvvəl, 2010-cu və 2015-ci illərdə də Serj Sarkisyan "Sürix protokolları”nınparlamentdən geri çağırması və ratifikasiya prosesinin dayandırılması haqqında fərman imzaladığını bildirmişdi. Ermənistan prezidenti bunu Türkiyə tərəfinin protokolların ratifikasiyası ilə bağlı Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qeyd-şərtlər irəli sürməsi ilə izah edib. S.Sarkisyan xarici işlər naziri Edvard Nalbandyana tapşırıb ki, bu qərar haqqında Türkiyəyə məlumat verilsin. O, həmçinin artıq protokolların imzalanması tədbirində iştirak edən ölkələrə (ABŞ, Fransa, Rusiya, İsveçrə) Avropa İttifaqının sədri, Avropa Şurasının baş katibi və bu təşəbbüsə dəstək verən bütün ölkələr və beynəlxalq təşkilatlara Ermənistanın mövqeyi barədə məktubla məlumat verib və təşəkkürünü bildirdiyini bəyan edib. O, Ermənistanın Türkiyə ilə münasibətlərlə bağlı prinsipial mövqeyinin dəyişmədiyini, "Ermənistanla Türkiyə arasında münasibətlərin inkişaf etdirilməsi xalqların maraqlarından” irəli gəldiyini bildirib və "qarşı tərəfdən anlayış olarsa, Ermənistan Türkiyə ilə münasibətlər qurmağa hazırdır”, - deyib.
Yeri gəlmişkən, müxalif "Erməni Milli Konqresi” Partiyasının sədr müavini Levon Zurabyan bildirir ki, "erməni tərəfi erməni-türk barışıq prosesindən heç nə udmamış vəziyyətdə çıxır”. Onun sözlərinə görə, erməni-türk protokolları ilə bağlı məsələ sadəcə avantüradan başqa bir şey deyildi. Bu məsələ Robert Köçəryanın strateji səhvləri üzərində qurulmuşdu. Mahiyyətcə, bunun nəticəsi o oldu ki, qondarma erməni soyqırımı xırda siyasi sövdələşmə predmetinə çevrildi. Nəticə də ermənilər bu oyundan heç nə əldə etməmiş vəziyyətində çıxdılar”, - deyə fikrini tamamlayıb.
Öz növbəsində Ermənistanın "İrates de facto” qəzeti yazır ki, ölkədə üç prezidentin dövrü başa çatır və onların üçü də Qarabağ hadisələri fonunda hakimiyyətə gəlsələr də, münaqişəni həll etmək iqtidarında olmadılar. Eləcə də, üçü də Ermənistan-Türkiyə münasibətlərini nizamlaya bilmədilər. "Bəs indi bu məsələ nə yerdədir” - deyə qəzet suala çıxış edir. Qəzet on il bundan əvvəlki dövrə qayıdır və yazır ki, "2008-ci il martın 1-də Serj Sarkisyana legitimlik lazım idi. Daxili legitimlik yox idi. Xarici isə ona əvəz gəlməli idi. Bu səbəbdən də erməni-türk barışığı prosesini ortaya çıxardı. Özü də bunu Moskvada bəyan etdi. Ardınca da, Serj Sarkisyan türk həmkarı Abdulla Gülü Yerevana Ermənistan-Türkiyə futbol matçına baxmağa dəvət etdi. Qarşı tərəf də onu Türkiyəyə cavab oyununa baxmağa dəvət etdi. Sonra nə baş verdi? Protokollar ortaya çıxdı və sənəd oktyabrın 10-da Sürixdə imzalansa da, 10 il beş ay ərzində ratifikasiya olunmadı. Ötən il S.Sarkisyan BMT Baş Assambleyasının iclasında protokolların ləğvini elan edərək, son tarix kimi bu ilin martını göstərdi. Bütün bunlar göstərir ki, protokollar sadəcə bir görüntü idi və Sarkisyan bilirdi ki, bu ratifikasiya olunmayacaq”, - deyə qəzet yazıb.
Azər
banner

Oxşar Xəbərlər