• cümə, 19 Aprel, 22:08
  • Baku Bakı 24°C

Sarkisyan sabiq müdafiə nazirini həbs etdirmək istəyir

25.02.17 09:00 892
Sarkisyan sabiq müdafiə nazirini həbs etdirmək istəyir
Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri ərəfəsində maraqlı proseslər yaşanır. Müxalifət partiyalarının bloklaşması, hakimiyyətə qarşı sərt bəyanatları, iqtidarı sərt addımlar atmağa məcbur edir. Nəticədə, müxalifət cəbhəsində təmsil olunanların yaxınları həbs edilir, fiziki təzyiqlərə məruz qalırlar. Sabiq xarici işlər naziri Vardan Oskanyanın yaxın qohumlarına qarşı həyata keçirilən həbslər buna misaldır. İndi isə bəlli olub ki, hakimiyyət sabiq müdafiə naziri Seyran Ohanyanı hədəfə alıb. "Ermənistan hakimiyyəti 2015-ci ildə paytaxtın Nork Maraş dairəsində zərərsizləşdirilmiş silahlı qrupa dair iş üzrə bir sıra faktları açıqlamağa hazırlaşır, bu faktlar sabiq müdafiə naziriSeyran Ohanyanın adı ilə bağlıdır”. Bu barədə Ermənistanın "Aykakan Jamanak” qəzeti yazır. Qəzet xatırladır ki, araşdırma zamanı bu işin arxasında Ohanyanın dayandığına dair məlumat əldə edilib.Hazırda Ohanyanın müxalifət blokuna rəhbər olması və hakimiyyətə qarşı tənqidi çıxışlar etməsi sonuncunun sabiq nazirə aman verməməsi qərarına səbəb olub. Qəzetin mənbəyi işin Ohanyanın həbsinə qədər gedib çıxa biləcəyini istisna etməyib."Heç nədən qorxmuram və hesab edirəm ki, mənim vəzifədə olarkən pozuntulara yol verməm barədə xəbərlər fərziyyədir”. Bunu Seyran Ohanyan xəbər saytlarının sualını cavablandırarkən deyib. Məlumatlara görə, Ohanyanın adı ifşa olunmuş silahlı qrupla da əlaqələndirilə bilər. Amma keçmiş nazir deyir ki, nə vaxtsa hansısa problem olubsa, bunu onda qaldırardılar, indi yox.
Qeyd edək ki, aprelin 2-də keçiriləcək parlament seçkisinə birlikdə gedən "Ohanyan-Raffi-Oskanyan” blokunun seçki siyahısına keçmiş müdafiə naziri başçılıq edir. Hədəfin məhz nəyə görə Ohanyan olduğuna gəldikdə keçmiş nazir deyib ki, onların bloku nəzarət altında olmayan, sərbəst, ideya və xalqın maraqları əsasında hərəkət edən yeganə qüvvədir və fəaliyyətlərini sonadək davam etdirəcəklər.
Xatırladaq ki, keçmiş müdafiə naziri Seyran Ohanyan 2016-cı il aprelin 2-5-i arası Dağlıq Qarabağdakı cəbhə xəttində gedən döyüşlərdən az sonra vəzifədən kənarlaşdırılıb. Həmin döyüşlərdə erməni tərəf yüzlərlə itki verib. Azərbaycan həmin döyüşlərdə 2 min hektar ərazinin işğaldan azad edib. Ohanyan bundan sonra siyasi fəaliyyətə başlamaq və qarşıdan gələn parlament seçkisində mübarizə aparmaq qərarına gəldi. Ohanyan prezident Serj Sarkisyanla hər hansı probleminin olmadığını desə də, dövlət idarəetməsində fərqli görüşləri olduğunu bildirir. Onun sözlərinə görə, xalqın əksəriyyəti kimi bugünkü hakimiyyətə qarşıdır. S.Ohanyan prezident Serj Sarkisyanla hər hansı probleminin olmadığını desə də, dövlət idarəetməsində fərqli görüşləri olduğunu bildirib. Onu da qeyd edək ki, Seyran Ohanyan "hökumət islahatları” adı altında yeni baş nazir Karen Karapetyanın təşəbbüsü ilə postundan uzaqlaşdırıldı və heç bir sərəncama göndərilmədi. Məhz bundan sonra erməni mediasında Ohanyanın Sarkisyandan qisas alacağı barədə fikirlər səsləndirildi. "Birləşmiş Ermənistan” hərəkatının yaradılması isə sabiq müdafiə naziri tərəfindən atılan ilk addım kimi qiymətləndirilə bilər. Maraqlısı odur ki, S.Ohanyan ən çox sosial şəbəkələr vasitəsilə müraciətlərini edir. "Hakimiyyətə qarşı ictimai etimadsızlığın yüksəlməsi ordunu arxadan zəiflədir. Kasıblığın dərəcəsi milli təhlükəsizliyə təhdid törədəcək həddə gəlib çatıb. Qanun qarşısında qeyri-bərabərlik, ədalətsizlik, gündəlik mənafelərdən hərəkət edilməsi və bundan irəli gələrək tüğyan edən korrupsiya bütün problemlərin əsasını təşkil edir”, - deyə Ohanyanın son müraciətlərindən birində belə deyilir.
Yeri gəlmişkən, seçkilərdə uğur qazanmağın yolunun Moskvadan keçdiyini gözəl bilən prezident Serj Sarkisyan Moskvaya hazırlaşır.
"Sarkisyan Moskvaya hakimiyyətini qorumaq üçün gedir”. Bu sözlər erməni analitik Musa Mikayelyanın "1in.am” saytında dərc edilən məqaləsində yer alıb. Politoloq bildirib ki, hələlik Serj Sarkisyanın Moskvaya nə zaman səfər edəcəyi bəlli deyil: "Ermənistan və Rusiya liderlərinin görüşü işgüzar prosesdir, ona görə də burada təəccüblü heç nə yoxdur. Lakin Sarkisyanın budəfəki səfəri ölkənin daxili inkişafı baxımından mühüm ola bilər. Səfərin parlament seçkisindən öncə və ya sonra olması önəmli deyil. Burada əsas məqam bu səfərin daxili siyasi və hakimiyyətdaxili status-kvo üçün mühüm rol oynayacağıdır. Sarkisyanın bu dəfəki səfəri baş nazir Karen Karapetyanın yanvardakı Moskva səfərinə cavab olacaq”.
Mikayelyan Sarkisyanın Karapetyanı varis kimi görməməsinə də toxunub: "Məsələ ondadır ki, Karapetyan Moskvada həm Rusiya hökuməti, həm də erməni biznesmenlər tərəfindən çox isti qarşılanıb. Bütün bunlar, şübhəsiz, Karapetyanın hökumət daxilindəki dayaqlarını gücləndirib. Karapetyanın mövqelərini gücləndirməsini Sarkisyan özünün hakimiyyətini qorumaq məsələsində əsas problem kimi görür. Sarkisyan heç bir halda Karapetyanı özünün xələfi saymır. Görünür, Moskva üçün Karapetyan xələf kimi görünür. Sarkisyan Moskvada məhz Karapetyanın nüfuzunu salmağa çalışacaq. Hazırda Sarkisyan üçün əsas varis müdafiə naziri Vigen Sarkisyandır”.
Azər
banner

Oxşar Xəbərlər