• cümə, 29 Mart, 13:39
  • Baku Bakı 14°C

Sarkisyan rəqiblərinə qarşı təzyiqləri gücləndirir

22.02.17 09:00 645
Sarkisyan rəqiblərinə qarşı təzyiqləri gücləndirir
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca siyasi gərginlik güclənir. Aprelin 2-də keçiriləcək seçkilər ərəfəsində hakimiyyətə qarşı çox güclü müxalif bloklar formalaşmaqdadır. Hakimiyyəti qorxudan əsas məsələ odur ki, ona qarşı keçmiş məmur, nazir və biznes dairələri birləşir. Müxalif qüvvələrin parlamentdə səs çoxluğunu ələ keçirmək üçün daha aktiv fəaliyyətə keçməsi hakimiyyəti sərt addımlar atmağa məcbur edib.
Bəlli olduğu kimi, bir vaxtlar Serj Sarkisyanın komandasında yer alanlar indi daha çox fəallıq göstərirlər. Bu xüsusda "Ohanyan-Raffi-Oskanyan” bloku daha çox seçilir. Qeyd edək ki, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər nazirləri Vardan Oskanyan və Raffi Ovannisyan blok yaradılması ilə bağlı razılaşma imzalayıblar. Hakimiyyət də bunu cavabsız qoymaq istəməyib. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğlu və qardaşı oğlu ötən gecə Yerevanda saxlanılıblar. Bu barədə erməni nəşrlərinə Ermənistan İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan məlumat verib. Onun sözlərinə görə, saxlananlar ifadə verməkdən imtina ediblər. İstintaq komitəsinin məlumatına görə, onlar cinayət törətməkdə şübhəli bilinirlər.
"2017-ci il fevralın 17-də bir nəfər şəxsin məlumatı əsasında polisə materiallar daxil olub ki, G.Sirafaryan və onun əmisi oğlu A.Oskanyan bir nəfərdən borcun qaytarılmasını tələb ediblər. Onlar həmin şəxsin maşından çıxmasına imkan verməyib və onu sağlamlığa zərər vura bilən zorakılıqla hədələyiblər. Materiallarda cinayət əməlinin olduğunu nəzərə alaraq, qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxsin sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməyi planlaşdırması və ya onu tətbiq etməklə hədələməsi ilə bağlı cinayət işi açılıb”, - deyə məlumatda bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxslər Yerevanın Leninqradyan küçəsində zərərçəkmiş N.Berberyanı maşına otuzduraraq Abovyan şəhərinə aparıb və onu hədələyərək 1,5 milyon dramın (3 min dollardan çox) qaytarılmasını tələb ediblər. İstintaq Komitəsi hazırda faktla bağlı araşdırma aparıldığını bildirir. Sona Truzyanın məlumatına görə, cinayət barədə xəbər verən Suriya ermənisidir.
Seçkilərdən söz düşmüşkən, son məlumatlara görə, aprelin 2-də keçiriləcək parlament seçkilərinə 5 partiya və 4 seçki bloku qatılacaq. Həmin partiya və bloklar artıq sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Proporsional sistem üzrə deputatlığa namizədlərin siyahısını təqdim edən partiyalar bunlardır: hakimRespublikaçılar Partiyası, "Daşnaksütyun” erməni inqilabi federasiyası, "Azad demokratlar”, "Erməni dirçəlişi” və Ermənistan Kommunist partiyaları.Hakim Respublikaçılar Partiyasının siyahısında birinci sırada müdafiə naziri Vigen Sarkisyan gəlir.
Proporsional sistem üzrə deputatlığa namizədlərin siyahısını təqdim edən bloklar isə bunlardır:"Çıxış Yolu” bloku (təsisçi – "İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyandır), "Tsarukyan” bloku ("Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan) "Ohanyan-Raffi-Oskanyan” bloku (keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri Vardan Oskanyan və "İrs” Partiyasının lideri Raffi Ovanisyan) və "Erməni Milli Konqresi” - Ermənistan Xalq Partiyasının bloku (rəhbəri keçmiş prezident Levon Ter-Petrosyandır).
MSK sədri Tiqran Mukutsyan bildirib ki, ümumilikdə 1539 deputatlığa namizəddən 1191 nəfərin namizədliyi irəli sürülüb. MSK sədri deyib ki, ən çox Kotay, ən az isə Araqotsot və Tavuş bölgələri üzrə namizədlər var. Konstitusiyaya dəyişikliklərə görə, parlamentdə, azı, 101 deputat təmsil olunacaq. MSK sədri deyib ki, təqdim olunan bütün sənədlər araşdırılacaq. Fevralın 26-a qədər seçkilərdə iştirak edən partiya və blokların qeydə alınması prosesi başa çatdırılacaq. Qeydiyyat bitəndən sonra martın 5-də partiya və blokların seçki kampaniyası başlanacaq. Prezident Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublikaçılar Partiyasının seçkilərə hansı şüarla gedəcəyi, hələlik bəlli deyil. Hakim partiyanın təşkilat komitəsinin sədri Ruben Tadevosyan bildirib ki, partiyanın şüarı var. Amma onlar, hələlik bunu açıqlamırlar.
Qagik Tsarukyanın rəhbərlik etdiyi "Tsarukyan” bloku seçkiyə "Vaxt dəyişiklik və quruculuq vaxtıdır” şüarı ilə qoşulur. Qagik Tsarukyan partiya təmsilçilərinin qarşısında blokun 15 maddəlik proqramını təqdim edib. Tsarukyan deyib ki, ölkə iqtisadiyyatı çox ağır durumdadır: "Bunu tək mən yox, baş nazir də deyir. Bu gün iqtisadiyyatımız dəhşətli durumdadır. Tədricən uçuruma gedirik”.
Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi seçkiyə "Sülh, barışıq, mehribanlıq” adı altında gedir. Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın, "İrs” partiyasının lideri Raffi Ovnesyanın və "Birlik” partiyasının lideri Vardan Oskanyanın yaratdığı blokun da şüarı belədir:"İrs, birlik, qələbə”. ​
"Çıxış Yolu” bloku” seçkidə özünə"Seçki, dəyişiklik və qələbə”şüarı götürüb.
"Azad demokratların” şüarı bir az tanış səslənir –"Biz bacaracağıq”.
"Daşnaksutyun”un şüarısa"Yeni başlanğıc, ədalətli Ermənistan”dır. Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Artur Baqdasaryanın "Erməni Dirçəliş” partiyası isə seçkiyə"Dəyişikliklər naminə səs ver, dirçəliş naminə səs ver”şüarı ilə gedir.
Onu da qeyd edək ki, 2 aprel seçkisi prezident Serj Sarkisyanın ikinci səlahiyyət müddətinin bitməsinə bir il qalmış baş tutur.
Azər
banner

Oxşar Xəbərlər