• cümə, 29 Mart, 11:16
  • Baku Bakı 5°C

Sarkisyan müxalifətin bütün tələblərini qəbul etdi

15.09.16 12:32 1116
Sarkisyan müxalifətin bütün tələblərini qəbul etdi
Ermənistan prezidenti Serj Sarkisyan rəhbərlik etdiyi rejimin ömrünü uzatmaq üçün bütün vasitələrə əl atmaqda davam edir. Adı korrupsiya qalmaqalında hallanan Ovik Abramyanın yerinə yeni baş nazir təyin etsə də, bu, narazılığı azaltmayıb, əksinə, daha da gücləndirir. Bəlli olduğu kimi, hakim Respublikaçılar Partiyası öz iclasında Karen Karapetyanın baş nazirliyə namizədliyini irəli sürüb. Partiyanın icraedici orqanının toplantısında Karen Karapetyanın baş nazirliyə namizədliyi təsdiqlənib və keçmiş baş nazir Ovik Abramyanın bu postdan istefası qəbul edilib. K.Karapetyan həmin iclasda bildirib ki, yaxın günlərdə iki mərhələdən ibarət olacaq ölkənin inkişaf proqramını təqdim edəcək.
Respublikaçılar Partiyasının mətbuat katibi Armen Aşotyan bildirir ki, partiya 2017-ci ilin aprel seçkisinə yeni baş nazirlə getməyi qərara alıb. Onun sözlərinə görə, Karapetyan Yerevanın meri vəzifəsində özünü bilikli və bacarıqlı idarəçi kimi təsdiqləyib. Bildirib ki, Karapetyan nəzərdə tutulmuş hökumət dəyişikliklərini daha rəvan şəkildə həyata keçirə biləcək. Bununla belə, Aşotyan əlavə edib ki, hakim partiya hökumət kabinetinin tərkibi məsələsinə qarışmayacaq.53 yaşlı Karapetyan 2010-cu ilin sonlarında Yerevan meri təyin olunanadək Ermənistan milli qaz şəbəkəsinin rəhbəri olub. Bu şəbəkə tamamilə Rusiyanın "Qazprom” şirkətinin nəzarətindədir. Erməni mediasının yazdığına görə, böyük mafioz əlaqələrə malik Karen Karapetyan bu yaxınlarda Rusiyadan Ermənistana geri dönüb. Bildirilir ki, Karen Karapetyan mer vəzifəsindən gözlənilməz istefasından sonra Moskvaya gedib və uzun müddət orada qalıb. İndi bu şəxs birdən-birə baş nazir vəzifəsinə gətirilib.
Onun əsas işi yəqin yəqin ki, əvvəlki baş nazir Ovik Abramyanın fəaliyyətinin araşdırılması olacaq. Belə ki, hazırda Abramyan Ermənistanda ən böyük torpaq sahiblərindən biridir. Dünya Bankının suvarma ilə bağlı proqramları yalnız onun Araz çayına yaxın olan torpaqlarında reallaşır. Onun mülkiyyətinə Araz çayı sahilində 3 qum karxanasının, Artaşatda 1500 hektar torpaq sahəsinin, üzümlüklər və bağların, Yerevandan kənarda 10-dan artıq yanacaqdoldurma stansiyasının, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan "ArtFood” firmasının, Ermənistan boyu benzin stansiyalarının, Artaşatda trikotaj fabriki və mexanika zavodunun, "Sirius” zavodunun, "Artaşat” qastronomunun, Artaşat şəhər mehmanxanası və onun restoranının, Mxçyan kəndində mexaniki zavod və avtomüəssisənin, beton zavodunun daxil olması barədə erməni mediasında məlumatlar yayılıb.
Öz növbəsində Rusiya nəşrləri yazır ki, prezident Serj Sarkisyan iyul ayında polis alayının binasını ələ keçirmiş "Sasna tsrer” silahlı qruplaşmasının əsas tələblərindən birini yerinə yetirib. Silahlı qiyamın yatırılmasından sonra Sarkisyan elan etmişdi ki, milli birlik hökuməti formalaşdırmağa hazırdır. İndi Ermənistan prezidenti öz komandasından bəzilərini qurban verərək narazıları sakitləşdirmək istəyir. Amma burada onun başqa məqsədləri də var. Belə ki, Sarkisyan baş nazirin fəaliyyətindən çoxdan narazı idi. Ötən ilin qışında Abramyan Sarkisyana lazım olan konstitusiya islahatları paketinin parlamentdən keçməsinə nail ola bilməyib, nəticədə hakimiyyət müxalifətlə danışıqlar masasına oturmalı olub. Bundan əlavə, Abramyan passivlik göstərərək Azərbaycanın Qarabağda hərbi əməliyyatlara hazırlaşdığı barədə xəbərdarlıqlara məhəl qoymayıb, nəticədə bu laqeydlik aprel ayında Qarabağda döyüş əməliyyatlarının başlamasına gətirib çıxarıb. Habelə, Abramyan Rusiyadan silah alınmasını artırmaq planlarını pozub.
Yeri gəlmişkən, Ermənistan parlamentində hökuməti və müxalifəti təmsil edən bir sıra siyasi qüvvələr ölkədə seçkilərin təşkili və keçirilməsi üzrə saziş imzalayıblar. Bu barədə RİA Novosti məlumat yayıb. Sazişə müxalifətin bütün tələbləri, o cümlədən seçkilərdə iştirak edən seçicilərin siyahısının dərc olunması, eləcə də səslərin sayılması prosesinin videoya çəkilməsi daxildir. Saziş Ermənistan parlamentindəki beş fraksiyanın nümayəndələri tərəfindən imzalanıb.
Bu arada, iyul ayında Yerevanda polis alayının binasını zəbt etmiş və sonradan təslim olmuş silahlı dəstənin üzvlərinin doğmaları və tərəfdarları isə parlament binasının qarşısına toplaşaraq deputatlardan "Sasna tsrer”lə bağlı hansı addımların atılacağını dəqiqləşdirmək istəyiblər."Ermənistan xəbərləri” portalı xəbər verir ki, etirazçılar binaya daxil olan bütün deputatlara yaxınlaşıblar, lakin heç kim onları dinləmək istəməyib.
Məsələ Ermənistan parlamentinin iclasında da müzakirəyə çıxarılıb. Spiker Qalust Saakyan müxalifətçi deputatların hücumları qarşısında aciz qalıb. Məsələn, "Alyans” Partiyasının lideri Tiqran Urixanyan iyul ayında keçirilən aksiya zamanı saxlanılan şəxslərə qarşı fiziki zor tətbiq edilməsi faktları ilə bağlı komissiya yaradılmasını tələb edib. "İrs” Partiyasının fraksiya rəhbəri Zarui Postandcyan isə sərt bəyanat verib. O, spikerin onun təkliflərini müzakirəyə çıxarmayacağı təqdirdə parlamentə hücum etməklə hədələyib. "Parlament buraxılmalıdır. Ümumiyyətlə, xalqın bütün tələbləri yerinə yetirilməlidir. Tək parlamentin buraxılması deyil, hökumət və prezidentin istefası da tələb edilməlidir. Onlar müttəhimlər kürsüsündə əyləşməli və xalqdan aldıqlarını geri qaytarmalıdırlar. Növbəti addım tək Çevik Polis Alayının binasının yox, parlament və prezident sarayının tutulması olmalıdır”, - deyə o bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər