• çərşənbə axşamı, 19 mart, 08:39
  • Baku Bakı 8°C

“Sarkisyan küçə söhbətləri edir”

21.02.17 09:30 737
“Sarkisyan küçə söhbətləri edir”
Ermənistan prezidenti Serj Sarkisyan yenə sərsəm bəyanatlar səsləndirməkdən çəkinməyib. O, könüllülər şurasındakı çıxışı zamanı deyib ki, Xankəndində çay içəcəyik deyənlər, indi heç Kəlbəcərə yaxın düşə bilmir: "Yadınızdadırsa, 90-cı illərdə Azərbaycanda həftədə bir müdafiə naziri dəyişirdi. Onların da hamısı qısa zamanda "Xankəndində çay içəcəyik” deyirdi. Reallıq göstərdi ki, onlar nəinki Xankəndində, bu gün Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və başqa ərazilərdə belə, çay içə bilmirlər. Qarabağ məsələsi Azərbaycanın daxili işi olmamaqla yanaşı, bütün ermənilərin məsələsidir. Cəbhədə təxribata əl atsalar, onlara güclü cavab zərbəsi vurulacaq”.

Onun bu sərsəm bəyanatı isə cavabsız qalmayıb və Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu bəyanata cavabında deyib ki, Ermənistan rəhbərliyinin regionu və erməni xalqını yeni müharibələrə sürükləyən çıxışı hərbi diktatorlar və hərbi xuntalar üçün xarakterik haldır. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə açıqlamasında deyib ki, bu çıxışı ilə Ermənistanın hərbi xunta rejiminin rəhbəri hələ səhra komandiri psixologiyasından ayrıla bilmədiyini və 90-cı illərin əvvəllərinə aid illüziyalarla yaşadığını bir daha sübut edir.
XİN rəsmisi bildirib ki, dərin siyasi-iqtisadi, maliyyə və demoqrafik böhran şəraitində olan dövlətin başçısı kimi bu şəxs seçki öncəsi dövrdəki çıxışında ölkəni tənəzzüldən çıxarmaq və qonşu dövlətlərlə əlaqələri normallaşdırmaq barədə tezislər təqdim etmək əvəzinə, erməni xalqına yalnız yeni müharibələr vəd edir: "Hər kəsə açıq şəkildə aydın olsa da, Ermənistan rəhbərliyi bir daha dövlət başçısı səviyyəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonların Ermənistan tərəfindən işğal edildiyini və viranəyə çevrildiyini etiraf edir. Bu gün Azərbaycan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə post-konflikt reabilitasiya və regionda davamlı sülhün təmin olunmasının unikal modelini ortaya qoyduğu halda, Ermənistan rəhbərliyi özünün işğalçılıq və destruktiv siyasəti ilə "fəxr edir”. İndi beynəlxalq ictimaiyyət özü bir daha görməli və dərk etməlidir ki, qoşunların təmas xəttində gərginliyin, erməni əsgərlərinin ölümü ilə nəticələnən hərbi avantüraların, o cümlədən aprel hadisələrinin, Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatların arxasında duran səbəbkar kimdir. Beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrləri görməlidirlər ki, münaqişənin danışıqlar yolu ilə həlli üçün Azərbaycanın tərəf müqabili kimdir və hansı təfəkkürə malikdir. Ona görə də regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət mənəvi-etik və hüquqi əsaslardan məhrum olan Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür".

H.Hacıyev qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, özünün ərazi bütövlüyü və suverenliyini təmin edəcək: "Buna əsla heç kimin şübhəsi olmasın. Ermənistan rəhbərliyi nə qədər tez bunu dərk edərsə, bir o qədər də tez regionda davamlı sülh təmin olunar və ilk növbədə, erməni xalqı yaranmış regional əməkdaşlıq imkanlarından faydalana bilər".

Göründüyü kimi, işğalçı prezident yenə də arxasında duranlara arxayın olub ürəyi nə istəsə, danışır. Bu cür fikirlərlə isə işğalçı olduğunu, Azərbaycan torpaqlarını zəbt etdiklərini açıq şəkildə etiraf etməkdən çəkinmir və ölkəmizi müharibəyə təhrik etmək istəyir. Ekspertlərin fikrincə, o, nə beynəlxalq təşkilatlardan, nə də həmsədr dövlətlərdən sərt təpki görməyəcəyini bildiyi üçün belə edir. Bundan əlavə, nüfuzu xeyli aşağı düşdüyü üçün aprel ayında baş tutacaq seçkilərə bu cür populist çıxışları ilə təsir etmək istəyir.

Bu haqda fikirlərini "Kaspi” ilə bölüşən politoloq Fikrət Sadıqov dedi ki, Sarkisyanın dedikləri reallığa uyğun deyil və əyalətçi düşüncəsinə uyğun bəyanatdır: "Əvvəla, biz gec-tez öz torpaqlarımızda çay da içəcəyik, çörək də yeyəcəyik. Bunu nə Sarkisyandan soruşmayacağıq, nə də başqa birisindən icazə almayacağıq. Sarkisyan sadəcə, növbəti dəfə sərsəmləyir. Adını prezident qoyan şəxs belə söhbətlər etməməlidir. Çünki bu, küçə söhbətləridir. Onun reytinqi o qədər aşağıdır ki, belə ifadələrlə aprel ayında baş tutacaq parlament seçkilərinə hazırlaşır. Düşünür ki, bu, ona kömək edəcək. Amma əslində, ermənilər ondan imtina edir. Hətta onun keçmiş tərəfdaşları ona qarşı siyasi blok, partiyalar yaradırlar. Seçkilərdə onu udmağa çalışırlar. Camaat Sarkisyandan bezib. Sülh uğrunda platformaya qoşulan ermənilərin sayı artır. Faktiki, ermənilər Ermənistandan qaçırlar, bu platformaya imza atırlar. Başa düşürlər ki, orada gələcək yoxdur. Dalana dirəniblər”.

F.Sadıqov qeyd etdi ki, Sarkisyan bu cür fikirlərlə işğalçı olduqlarını bir daha açıq göstərir: "O gah deyir ki, o torpaqlar bizim torpaqlarımızdır, gah da deyir ki, o torpaqları ona görə işğal etmişik ki, orada təhlükəsizlik zonası yaransın. Faktiki olaraq, işğalçı siyasət apardığını təsdiq edir, Azərbaycan torpaqlarını işğal etdiyini etiraf edir. Sonuncu imkanlardan istifadə etməklə, bu cür üsullarla hakimiyyətdə qalmaq istəyir”.

Politoloq beynəlxalq təşkilatların, həmsədr dövlətlərin Sarkisyanın sərsəmləmələrinə susqun yanaşmaları haqda da danışdı: "Doğrudur, onlar bizim ərazi bütövlüyümüzü tanıyırlar. Amma faktiki, Ermənistana təzyiq etmirlər. Bu kimi məqamlar isə belə bəyanatların verilməsinə səbəb olur. Sarkisyan kimi adamların hakimiyyətdə qalmasına şərait yaradılır. Həmçinin separatçı rejimlərin "referendum” adlı tamaşa təşkil etmələrinə imkan verilir. Bəli, buna sırf imkan yaradılır. Halbuki beynəlxalq təşkilatların da, həmsədr ölkələrin də mövqeyi sərt olmalıdır. Sərt, həmçinin birmənalı mövqeləri olsa, işğalçıya təzyiqlər edilsə, Sarkisyan və onun ətrafı bu cür davranmaz”.

Politoloq Elxan Şahinoğlu da Sarkisyanın fikirlərini təxribatçılıq kimi qiymətləndirir: "Bu cür təxribatlarıyla da deyirlər ki, Azərbaycan sülh istəmir, atəşkəsi daima pozur. Elə atəşkəsə ona görə riayət etməməliyik ki, Ağdamda, Kəlbəcərdə, Şuşada və digər işğal altındakı məntəqələrimizdə rahat çay içəcəyimiz günü yaxınlaşdıraq. Separatçıların yaydıqları xəbərə görə, Dağlıq Qarabağdakı "referendumu” Rusiyadan, Bolqarıstandan, Boliviyadan, Almaniyadan, hətta Avropa Parlamentindən 100-ə yaxın müşahidəçi izləyir. Əlbəttə istisna etmirəm ki, rəqəm şişirdilib. Ancaq əgər bu ölkələrdən həqiqətən kimlərsə bu "referendumda” müşahidəçi qismində iştirak ediblərsə, onların adları və statusları müəyyənləşdirilib, adı keçən hər bir ölkəyə nota göndərilməlidir. Bu, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası qədər prinsipial məsələdir”.

Politoloqun fikrincə, Sarkisyanı cəzalandırmaq lazımdır: "Cəzanın yolu isə işğalçıların itkilərini artırmaqdan keçir ki, ağılları başlarına gəlsin. Erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri "referendumu” özləri kimi separatçı bölgələrdən olan Abxaziya və Cənubi Osetiyadan izləyənlər oldu. Məsələn, onlardan biri Abxaziya "parlamentinin sədr yardımçısı” Emma Qamisoniyadır. Abxaz separatçılarının nümayəndəsi Xankəndidə elə belə də deyib: "Əhali referendumda böyük həvəslə iştirak edir. Yeni konstitusiya insan haqlarının qorunmasına (?!) böyük töhfədir”. Separatçıların qardaşlığını anladıq. Ancaq bunu o separatçı qurumun nümayəndəsi deyir ki, ərazisi tamamən Rusiyanın siyasi, iqtisadi və hərbi nəzarəti altındadır. Rusiya Abxaziya və Cənubi Osetiyanı öz əlavəsinə çevirib, bu iki bölgədə qoşun birlikləri yerləşdirib, hələ prezident Vladimir Putinin müşavirlərindən biri tamamən bu iki bölgənin nəzarətinə məsuldur. Yəni sözümün canı odur ki, Abxaziyada və Cənubi Osetiyada Kremlin bir sözünü iki edən yoxdur. Əgər Kreml istəsəydi, əlinin altındakı separatçıların nümayəndələrinə deyərdi ki, "Dağlıq Qarabağdakı referendumu izləməyiniz məsləhət deyil, oturun yerinizdə”. Deməyib. Dağlıq Qarabağdakı "referendumu” izləyən müşahidəçilərin əksəriyyətini abxaz və osetin separatçılarının təşkil etməsi Rusiyanın özünün də bu "referendumda” marağından irəli gəlir, məqsəd Azərbaycana təzyiq göstərmək, Ermənistan kimi vassal etməkdir. Amma hamı bilir ki, bü mümkün olmayacaq”.

Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər