• cümə, 29 Mart, 19:38
  • Baku Bakı 14°C

Sarkisyan istefaya məcbur edildi

23.04.18 19:53 880
Sarkisyan istefaya məcbur edildi
Erməni müxalifətinin on gündən artıq müddətdə apardığı mübarizə öz bəhrəsini verdi. Bir neçə gün bundan əvvəl baş nazir postuna yiyələnən Serj Sarkisyan istefa verməyə məcbur edildi. Hökumətin mətbuat xidməti cəmi 5 gün əvvəl seçildiyi baş nazir vəzifəsindən az əvvəl istefa verən Serj Sarkisyanın xalqa müraciətini yayıb: "Əziz həmvətənlər. Ermənistan Respublikasının bütün vətəndaşlarına - yaşlı nəslə və gənclərə, qadınlara və kişilərə müraciət edirəm. Gecə-gündüz "Serjdən imtina et!” çağırışı ilə küçələrdə dayananlara və öz borcunu yerinə yetirmək üçün çətinliklə iş yerinə çatanlara müraciət edirəm. Günlərlə canlı efiri izləyənlərə, ictimai təhlükəsizliyi təmin edənlərə müraciət edirəm. Sərhəddəki mərd döyüşçülərə və zabitlərə, öz silah yoldaşlarıma, partiyadaşlarıma, bütün siyasi qüvvələrə və xadimlərə müraciət edirəm. Sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm. Nikol Paşinyan haqlı idi. Mən yanıldım. Yaranmış durumda bir neçə qərar var, lakin onların heç birinə getməyəcəyəm. Bu, mənə görə deyil. Mən ölkə rəhbəri – Ermənistanın baş naziri vəzifəsini tərk edirəm. Mənim baş nazirliyimə qarşı küçə hərəkatına üz tuturam – mən sizin tələbinizi yerinə yetirirəm. Ölkəmizə sülh, harmoniya və məntiq arzulayıram. Təşəkkür edirəm”.
Sarkisyanı birinci müavini Karen Karapetyan əvəzləyəcək. Bu barədə məlumatı RİA "Novosti”Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən yayıb. Serj istefaya getməzdən qabaq Ermənistan Prezidenti Armen Sərkisyanın ofisində gizli görüş keçirilib. Bu barədə informasiyanı "Lragir.am” saytı yayıb. Görüşdə Serj Sərkisyan və Armen Sərkisyanla bərabər, spiker Ara Babloyan, baş nazirin birinci müavini Karen Karapetyna, Qarabağ separatçılarının rəhbəri Bako Saakyan, İctimai Şurasının rəhbəri Vazgen Manukyan, katalikos II Qaregin iştirak edib. Bu görüşdən sonra Sarkisyan istefa verdiyini açıqlayıb.

Yüz minlərlə insan Sarkisyanın gedişini bayram etdi

"Sən qalib gəldin, vətəndaş! Bu qələbəni heç kim sənin əlindən ala bilməz!” Bu sözləri Serj Sarkisyanı cəmi 5 gün əvvəl tutduğu baş nazir postundan istefa verməyə məcbur etmiş "Mənim addımım” etiraz hərəkatının lideri, deputat Nikol Paşinyan özünün Facebook səhifəsində yazıb. Yüz minlərlə insan Yerevanın mərkəzi küçə və meydanlarında Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasını bayram edib. Axşam isə Yerevanın mərkəzi meydanında bayram mitinqi başlayıb. Yerevanın "Respublika” meydanında və ona yaxın küçələrdə əhali Serj Sarkisyanın istefasını sevinclə qarşılayıb. Yüz minlərlə erməni inqilabın qələbə sevincini yaşayıb, rəqs edib, oxuyub və bir-birilərinə gözaydınlığı verib.

Ter-Petrosyan Ermənistandakı vəziyyəti nəzarət altına alır?

Qarabağ separatçılarının lideri Bako Saakyan Yerevanda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb.
Bu barədə "Novosti Armeniya” məlumat yayıb. İnformasiyaya əsasən, görüşdə Ermənistanda yaranmış daxili siyasi vəziyyətə toxunulub. Müzakirənin tək predmeti yaranmış gərgin və partlayış təhlükəsi olan vəziyyətdən dinc yolla və zərərsiz çıxmaq olub. Beləliklə, Sarkisyanın istefasına gətirib çıxaran hadisələrin xronologiyasına nəzər salaq. Hakimiyyət ötən gün axşam aksiyanı zəiflətmək üçün deputat N.Paşinyan və digərlərini həbs edib, hətta onun deputat toxunulmazlığının götürülməsi barədə qərar qəbul edib. Lakin baş nazirin birinci müavini Karen Karapetyan az sonra bəyan edib ki, baş prokurora etiraz hərəkatının liderləri-deputatlar Nikol Paşinyan, Sasun Mikaelyan və Ararat Mirzoyanın toxunulmazlığının ləğv edilməsinə dair parlamentə göndərdiyi təqdimatı geri çağırmaq üçün müraciət edib. Beləliklə, Paşinyanın və tərəfdaşlarının saxlanılması tamamilə hakimiyyətin əleyhinə işlədi, ötən gün axşam "Respublika” meydanına 160 minə yaxın nümayişçi çıxıb. Dünən səhərdən isə Yerevanın küçələri yüz minlərlə etirazçının nəzarəti altına keçib. Yerevan Dövlət Universiteti yanından yüzlərlə tələbə "Miatsek! Miatsek!” (Birləşin!) şüarı ilə yürüşə başlayıb, müəllimləri aksiyalara qoşulmağa çağırıblar.
Etiraz hərəkatının lideri N.Paşinyanın həbs edilməsi belə, kütlənin əzmini qıra bilməyib. Nümayişçilər polislə toqquşmaya girmədən olduqca intizamlı hərəkət edib, polis kordonları ilə bağlanan küçələrdən dönüb başqa küçələrə istiqamət alıblar.
Ermənistanın digər iri şəhərlərində də izdihamlı aksiyalar keçirilib.

Kreml Ermənistandakı hadisələr haqda

Baş verənlərə Rusiyanın reaksiyası sakit olub. "Kreml Ermənistanda baş verən hadisələri bu ölkənin daxili işi hesab edir”. TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Ermənistan bizim ən yaxın tərəfdaşımızdır, əlaqələrimizin çox sıx inkişaf etdiyi ölkədir. Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür. Təbii ki, bizim üçün ölkə olduqca əhəmiyyətlidir. Ona görə də biz orada baş verənləri diqqətlə izləyirik”, - deyə Peskov vurğulayıb.
"Ermənistan, Rusiya həmişə səninlədir”. Bunu Rusiya Xarici İşlər Nazirliyini sözçüsü Mariya Zaxarova özünün "Facebook” səhifəsində yazıb.
Moskva etirazlardan sonra daha çox Gümrü bazasının bağlanmasından qorxur. Bu sözlər erməni publisist Nairi Ayrumyanın "Lragir.am” saytında dərc olunan məqaləsində yer alıb. "İrəvandakı mitinqlərdə heç vaxt geosiyasi kontekst dilə gətirilməyib, Rusiya xatırlanmayıb. Bazanı itirmək qorxusu Rusiyanı hakimiyyəti dəstəkləməyə, Moskvadakı kimi güc yoluna əl atmağa məcbur edir”, – deyə o bildirib.

ABŞ Ermənistan hökumətinə xəbərdarlıq etdi

ABŞ-ın Ermənistandakı səfirliyi ölkənin hüquq-mühafizə orqanlarını hüquq normalarına və dinc toplantılar azadlığına ciddi riayət etməyə çağırıb. Bu barədə səfirliyin yaydığı bəyanatda deyilir. "Ölkə hakimiyyətini təmkin nümayiş etdirərək dinc mitinqlərə mane olmamağa çağırırıq. Jurnalistlər və nümayişçilərə qarşı zorakılığın tətbiq edilməsi barədə xəbərlər bizdə ciddi narahatlıq doğurur. Etirazçılara qarşı zorakılığa yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayırıq”, - deyə sənəddə bildirilir.

Sarkisyan törətdiyi cinayətlərə görə məsuliyyət daşıyacaq

"Əgər həbs edilən etirazçı liderlər hansısa cinayət törətsəydilər, Sarkisyan onlarla danışıqlara getməzdi, onları çoxdan həbs etdirərdi”. Bunu "1in.am” saytına açıqlamasında erməni hüquq müdafiəçisi Artur Sakunts deyib. "Paşinyanın həbsi üçün heç bir səbəb yoxdur. Onu polisin vasitəsilə aksiyalardan təcrid etməklə Sarkisyan siyasi qərar qəbul etdiyini və növbəti dəfə xalqla hesablaşmağa hazır olmadığını göstərdi. Serj Sarkisyan törətdiyi cinayətlərə görə tam məsuliyyət daşıyacaq. O, Konstitusiya nizamını güclə dəyişdirdiyinə görə məsuliyyətə cəlb ediləcək. Xalq əvvəlki kimi dinc aksiyalarını davam etdirir. Sərkisyanın isə dövlət adından danışmaq haqqı yoxdur. O, dövlət üçün qeyri-qanunidir”, – deyə A. Sakunts bildirib.

"Serjik”i vəzifəsindən uzaqlaşdıran Paşinyan kimdir?

N.Paşinyan parlamentdəki "Yelk” fraksiyasının tərkibində olan kiçik müxalif Vətəndaş Müqaviləsi Partiyasının lideridir. O, 1990-c illərin sonu və 2000-ci illərin əvvəllərində "Lragir” və "Aykakan Jamanak” qəzetlərinin müxbiri və redaktoru olub. Keçmiş prezident və Serj Sarkisyanın yaxın müttəfiqi olan Robert Köçəryanın tənqidçilərindən biri olub. Paşinyan "Oragir” qəzetindəki bəzi məqalələrinə görə böhtan yazmaqda ittiham edilib və 1999-cu ildə "cinayət və hərbi” istintaqa cəlb edilib. O, 2006-cı ildə siyasətə gəlib və növbəti il keçirilmiş parlament seçkilərində uğursuzluğa məruz qalıb. S.Sarkisyanın 2008-ci ildə ilk dəfə prezident seçilməsindən sonra ona qarşı keçirilən etirazlarda iştirak edib. Həmin etirazlar xüsusi təyinatlılar tərəfindən yatırılıb, Paşinyan isə etirazlarda iştirakına görə 7 il həbs cəzası alıb. Lakin erkən azadlığa çıxan Paşinyan 2012-ci və 2017-ci illərdə keçirilmiş parlament seçkilərində millət vəkili seçilib. Millət vəkili kimi Ermənistanın Rusiya ilə artan yaxınlığını tənqid edib və Avrasiya İqtisadi İttifaqından çıxmağı təklif edib. "Serj Sarkisyan görməlidir ki, o, Ermənistanı və onun xalqını idarə edə bilməz”, - deyə N.Paşinyan 17 apreldə yeni baş nazirinin təsdiq edilməsində sonra bildirib. Onun sözlərinə görə bu, "Ermənistan tarixində ən böyük yürüşdür”. "Biz inqilab komitəsi formalaşdıracağıq və bu da hərəkatın qələbəsi ilə nəticələnəcək”, - deyə Paşinyan deyib. "Biz təmkinli, dinc və qansız məxməri inqilaba hazırıq”, - o əlavə edib. "Aravot” saytının redaktoru Anna İsraelyan bildirib ki, Paşinyanın rəhbərlik etdiyi etirazlar bir daha Vladimir Leninin doktrinasını xatırlatdı ki, inqilabın qələbəsi üçün radio, teleqraf və telefonun ələ keçirilməsi vacibdir. İsraelyan 14 apreldə İctimai Radionun etirazçılar tərəfindən qısa müddətə ələ keçirilməsini nəzərdə tutub. Baş nazir kimi təsdiq edildikdən sonra S.Sarkisyan N.Paşinyanı etirazlara rəhbərlik etməyi dayandırmağa və parlamentə geri qayıtmağa çağırıb. "Mən həmkarımızın nə etmək istədiyini anlamıram, onun etdiklərində heç bir məntiq görmürəm”, - deyə hakim Ermənistan Respublikaçı Partiyasından Eduard Şarmazanov bildirib.
Sarkisyan beynəlxalq tribunal qarşısında cavab verməlidir

Ermənistanda əvvəl idarə edilən mitinq sonradan xaotik şəkildə belə bir vəziyyətə gəlib çatdı və Serj Sarkisyan baş nazir postundan istefa verməli oldu. Bunu Trend-ə siyasi ekspert Arzu Nağıyev deyib. A.Nağıyev bildirib ki, S.Sarkisyan Ermənistana rəhbərlik etdiyi vaxtda, yəni 2013 və 2016-cı illərdə də belə mitinqlər olmuşdu: "Sarkisyanın hakimiyyəti illərində Ermənistanda əhalinin 30 faizi, yəni təxminən 1 milyon insan yoxsulluq dərəcəsində yaşayıb, 550 mindən çox Ermənistan vətəndaşı ölkəni tərk edərək Rusiyaya gedib. 2017-ci ilin statistikasına görə, həmin ermənilər ölkəyə 1.5 milyard dollar vəsait gətiriblər ki, bu da Ermənistan dövlət büdcəsinin təxminən yarısı qədərdir. Yəni bu o deməkdir ki, Ermənistan iqtisadiyyatı iflic vəziyyətdədir. Bunun da başında duran "Qarabağ klanı"dır”.
Ekspert qeyd edib ki, S.Sarkisyan hakimiyyəti Ermənistan xalqını 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə girov saxlayaraq, ölkəni bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edib: "Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanın bir sıra dövlətlərlə diplomatik münasibətləri yoxdur və bundan başqa, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq miqyaslı layihələrdən kənarda qalıb. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid etmək siyasətini davam etdirəcək”.
A.Nağıyev bildirib ki, S.Sarkisyan hakimiyyətdə olduğu illərdə törətdiyi cinayətlərin cavabını verməlidir: "Sarkisyan həm Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı, həm də öz vətəndaşlarına qarşı böyük cinayətlər törədib və düşünürəm ki, Sarkisyan istər öz ölkəsində, istərsə də beynəlxalq tribunal qarşısında törətdiyi cinayətə görə cavab verməlidir. Yəni bu gündən sonra, ola bilsin, Ermənistanda parlament buraxılsın və artıq legitimlik məsələsi ortaya çıxsın. Düşünürəm ki, Sarkisyanın istefası heç də Ermənistandakı hadisələrin başa çatması demək deyil. Əgər onlar bunu "məxməri inqilab” adlandırırsa, buna qan tökmədən nail olublarsa, bu, heç də o demək deyil ki, Ermənistanda klanlar arasında mübarizə bitdi”.
Politoloq deyib ki, Ermənistanda yeni hakimiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm addımlar atmalıdır: "Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün həm Azərbaycan, həm də Ermənistan üçün prioritet məsələdir. Bu gün heç bir erməni öz övladının Dağlıq Qarabağ ərazisində ölməsini istəmir. Ona görə də yeni hakimiyyət normal, konstruktiv danışıqlara getməlidir”.
Beləliklə, Ermənistan tarixinin "Sarkisyan erası bitdi”. Dağlıq Qarabağda separatçı hərəkatının fonunda hakimiyyətə gələn Sarkisyan 2008-ci ildə ona qarşı çıxan mitinqçiləri gülləbaran etməklə prezidentlik kürsüsünə oturdu. Bu müddət ərzində ermənilərin nifrət etdiyi, ölkənin problemlərinin əsas baiskarı kimi ad çıxardı. Çoxları proqnoz edirdi ki, baş nazir hakimiyyət kürsüsünü elə-belə verməyəcək. Əsas dayağı kimi də Rusiya göstərilirdi. Buna əsas da var idi. Baş nazir seçiləndə onu ilk təbrik edən də Rusiya prezidenti Vladimir Putin olmuşdu. Lakin proseslər qızışdıqca Kreml əvvəlki tək ona dəstək verməməyə başladı. Bütün bunların nəticəsidir ki, Sarkisyan biabırçı şəkildə vəzifəsini tərk etməli oldu.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər