• cümə, 29 Mart, 16:31
  • Baku Bakı 14°C

Sarkisyan iqtidarının acgözlüyü

07.05.15 05:43 843
Sarkisyan iqtidarının acgözlüyü
Dünya iqtisadiyyatında müşahidə olunan problemlər digər ölkələrlə müqayisədə Ermənistana daha çox mənfi təsir göstərib. Elə bu səbəbdən də bu ölkədəki problemlərin miqyası durmadan genişlənir, əhali çıxılmaz vəziyyətə düşür. Çoxsaylı problemlərin çözümündə isə hakimiyyət sözün əsl mənasında aciz qalıb. Bu səbəbdən də gözünü əhalinin cibinə, daha dəqiq desək, xaricdən onlara göndərilən pullara dikib. Belə ki, Serj Sarkisyan hökuməti ölkə xaricində qul kimi işləyən soydaşlarının min bir əziyyətlə qazandığı və ailəsi üçün göndərdiyi vəsaitlərdən vergi tutmaq qərarına gəlib. Hökumət xaricdə işləyən vətəndaşların gəlirlərindən vergi tutmaq məqsədilə gəlir vergisi və mənfəətdən tutulan vergi ilə bağlı düzəlişləri əks etdirən qanun layihəsini təqdim edib. Layihənin müzakirələri isə qızğın mübahisələr şəraitində keçib. Düzəlişlər qəbul olunarsa, Rusiya Federasiyası ərazisində əmək müqaviləsi imzalayan və müqaviləyə əsasən ölkədən kənarda hər hansı iş icra edən şəxs Ermənistana 13 faiz həcmində gəlir vergisi ödəməlidir. Bu barədə sənədi parlamentə təqdim edən Ermənistan maliyyə nazirinin müavini Vaxtanq Mirumyan bildirib. Mənfəətdən vergi tutmaq barədə qanun layihəsi isə xaricdə tikinti-quraşdırma layihələri icra edən hüquqi şəxs və müəssisələrin Ermənistan büdcəsinə 5 faiz həcmində gəlir vergisi verməsini nəzərdə tutur. Bəzi millət vəkilləri Ermənistan hökumətini ölkədən mühacirətin qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, ölkədən kənarda mövsümi işlərə getməyə məcbur olanların “boynuna vergi yükünü” asmaqda günahlandırır. “Bu o deməkdir ki, işsiz qalan və vətəndən kənarda, əsasən Rusiya ərazisində Ermənistanda qalan ailələri üçün çörəkpulu qazanmağa məcbur olan yüz minlərlə Ermənistan vətəndaşı qazandığının bir hissəsini də Ermənistan hökumətinə “bəxş etməlidir” - deyə qanun layihəsinin opponentləri deyir. Millət vəkili, sabiq baş nazir Hrant Baqratyan deyib ki, belə “çox ciddi” qanun layihəsini “başdansovdu” qəbul etmək olmaz: “Siz Avrasiya İqtisadi İttifaqına üzv olanda üzərinizə öhdəlik götürmüsünüz. Siz bunu nəzərə alırsınızmı? Rusiyadan soruşmusunuz? Bir halda ki, artıq Aİİ üzvüyük, Novosibirsk və ya Rusiyanın başqa hər hansı bir yerində işləyənin orada vergisini ödəməsi faktı ilə barışmalıyıq”. edib. Hökumət nümayəndəsi V.Mirumyan isə “mühacirətin həvəsləndirilməsi” fikri ilə razı deyil: “Biz həmvətənlərimizin istər-istəməz xaricdə işlədiyini anlayırıq. Biz hüquqi əsas hazırlamaq istəyirik ki, ödənişlər edilsin və Ermənistan mənfəət əldə etsin”. Rəsmi məlumatlara görə, Ermənistana xaricdən ildə 1,5 – 2 milyard dollar məbləğində pul köçürülür. Qeyri-rəsmi məlumatlara görə isə bu məbləğ azı iki dəfə artıqdır. “Necə yəni Ermənistan mənfəət əldə etmək istəyir? Elə edin ki, insanlar ölkədən qaçmasın, burada işləsin, burada da vergi versinlər” – deyə millət vəkili H.Baqratyan etiraz edib. Qanun layihəsinin əleyhdarları hesab edirlər ki, “inşaat və tikinti-quraşdırma işlərini ixrac etməyə cəhd edən hakimiyyət”in bu addımları ölkəni həmişəlik tərk edənlərin sayının artmasına gətirib çıxara bilər.
Yeri gəlmişkən, Ermənistanda 2015-ci ilin əvvəlindən başlayaraq ölkəyə daxil olan fərdi transfertlərin həcmi kəskin şəkildə azalıb. Bu barədə Ermənistan Mərkəzi Bankının hesabatında deyilir. Yanvar ayına olan hesabata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 2015-ci ilin yanvar ayında Ermənistana xaricdən göndərilən fərdi transfertlərin ümumi həcmi 41,08 faiz azalıb və 72 milyon 169 min ABŞ dolları təşkil edir. Bu rəqəm 2014-cü ilin yanvar ayında 122 milyon 506 min dollar olub. Xaricdən Ermənistana daxil olan fərdi transfertlərin böyük hissəsi Rusiyada mövsüm işlərində olan Ermənistan vətəndaşları tərəfindən göndərilir. Rusiyadan alınan fərdi transfertlərin həcmi son bir il ərzində 56,01 faiz azalıb: 2014-cü ilin yanvarında tək bank sistemi vasitəsilə 87 milyon 243 min, düz bir ildən sonra isə 38 milyon 371 min dollar məbləğində pul göndərilib. Fərdi transfertlər kimi ölkəyə daxil olan xarici valyutanın həcmi Ermənistan dövlət büdcəsi ilə müqayisə edilə bilər. Bəzi mütəxəssislərə görə, əvvəlki illərdə Ermənistana xaricdən ildə 3 milyard dollara yaxın pul göndərilirdi. Məsələn, 2013-cü ildə fərdi pul köçürmələri xəttilə Ermənistana təxminən 2,1 milyard dollar göndərilib, bir ildən sonra isə bu göstərici 7,7 faiz azalıb. Ukrayna hadisələri ilə bağlı Qərbin sanksiyaları nəticəsində Rusiyada iqtisadi durumun pisləşməsi, rublun məzənnəsinin düşməsi Rusiyada işləyən əmək mühacirlərinin gəlirini azaldıb. Mövsümi işlərdə çalışanların bir hissəsi bu il Rusiyaya qayıtmayıblar. “Bu hal Ermənistan əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə düşməsinə, yaşayış səviyyəsinin pisləşməsinə gətirir” - deyə Ermənistan Milli Bankının sabiq rəisi Baqrat Asatryan deyir. İqtisadçılar Ermənistanda hər halda cari ildə iqtisadi göstəricilərin yaxşıya doğru dəyişməyəcəyini və yoxsulluq səviyyəsinin artacağını proqnozlaşdırırlar. “Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması, “Rusiya istiqamətinə” üstünlük verməsi gözlənilən müsbət effekti verməyib, əksinə, mənfi təsir edib” - deyə B.Asatryan jurnalistlərə deyib. Gömrük İttifaqına üzv olması Ermənistanın başqa ölkələrlə ticari əlaqələrini əngəlləyir, Rusiyada rublun məzənnəsinin Ermənistan dramından daha çox düşməsi səbəbindən isə Ermənistanın bu ölkəyə ixracatı mənfi effekt verir. Məsələn, Ermənistan şərabları və konyak Rusiya bazarında xeyli bahalaşıb, çətin satılır və Ermənistan istehsalçıları ixracatı “sərfəli vaxtlara qədər” dayandırıblar. İqtisadçının sözlərinə görə, Ermənistanda tənəzzül davam edəcək və cari ildə inflyasiyanın 8-10 faiz artması fonunda 10-12 faiz təşkil edəcək. B.Asatryanın proqnozuna görə, böhran ən azı daha üç il davam edəcək, lakin Rusiyada vəziyyət yaxşılaşsa, vəziyyət 2017-ci ilədək sabitləşə bilər. Ermənistan Milli Bankının ötən ay dərc etdiyi hesabata əsasən, bu il Ermənistanda hökumət tərəfindən 4,1 faiz səviyyəsində planlaşdırılan iqtisadi artım 10 qat aşağı – 0,4-2 faiz ola bilər. Mərkəzi Bank həmçinin fərdi transfertlərin də təxminən 30 faizədək azalacağını gözləyir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər