• şənbə, 20 Aprel, 00:44
  • Baku Bakı 15°C

Sarkisyan erməni deputatları təhqir etdi

15.01.18 20:28 582
Sarkisyan erməni deputatları təhqir etdi
Ermənistanda prezident seçkilərinin keçiriləcəyi tarix bəlli olub. Hərbi xuntanın ərazisində növbəti seçki şousu martın 2-də baş tutmalıdır. Bunu Ermənistanın Respublika Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib. O bildirib ki, namizədliklərin müzakirəsinə bu həftədən etibarən başlanılacaq.Dünən həm də prezident Serj Sarkisyanın parlament üzvləri ilə görüşü baş tutub. Prezident görüşdə dördüncü prezidentin parlament üzvlərinin əksəriyyəti tərəfindən seçilməsini arzu etdiyini bildirib. Lakin ən maraqlısı odur ki, görüş parlamentdə yox, Sarkisyanın iqamətgahında baş tutub. Bununla da "Serjik” onları aşağılamaq istədiyini ortaya qoyub. Müxalifətçi "Çıxış” bloku Sarkisyanla görüşü boykot edərək iqamətgaha getməyib. Blokun rəhbəri Nikol Paşinyan bildirib ki, Sarkisyan deputatları öz iqamətgahına dəvət etməklə ali qanunverici orqanı və onun üzvlərini təhqir etmiş olub.
Yeri gəlmişkən, Ermənistanda yeni ildə siyasi "bahar” qışın ortalarında, daha dəqiq ifadə etsək, dünəndən, parlamentin yaz sessiyasının ilk iclası ilə start götürüb. Fevral ayından forpost ölkə oyuncaq və saxta parlament üsul-idarəsinə keçir. Martda isə parlament prezident və baş naziri müəyyən edəcək. "Aykakan jamanak” qəzeti yazır ki, ilk baxışda məsələ sadə bir proses olsa da, bunun arxasında ciddi intriqalar gizlənir. Qəzet yazır ki, bütün bunlar çox ciddi, gözlənilməz nəticələrə gətirib çıxara bilər. Bu dəfə deputatlar ölkənin 15-ci baş naziri və dördüncü prezidentini seçəcəklər. Lakin sadə vətəndaşlar üçün bu seçkilərin heç bir əhəmiyyəti və rolu olmayacaq. Parlament tərəfindən seçilən prezident öz postunun icrasına aprelin 9-da başlayacaq. Həmin tarixdən isə baş nazir Karen Karapetyanın hökuməti istefa verəcək. Qeyd edək ki, 2015-ci ildə qəbul edilən ölkə Konstitusiyasına görə, seçkilər aşağıdakı formada keçiriləcək - deputatların 1/4-i prezidentliyə namizəd irəli sürəcəklər və əgər o deputatların 3/4-nün dəstəyini (bu 75 faiz təşkil edir) əldə edəcəksə, onda seçilmiş hesab ediləcək. Əgər namizədlərdən heç biri bu qədər səs toplaya bilməyəcəksə, onda ikinci tur keçiriləcək. Bu turda namizədə deputatların 3/5-nün səsi kifayət edir - bu da 60 faiz deməkdir. Əgər bu turda da prezidenti seçmək mümkün olmasa, onda üçüncü tur keçiriləcək. Bu zaman ikinci turda daha çox səs toplamış iki namizəd mübarizə aparmalı olacaq. Qalib daha çox səs toplayan namizəd olacaq. Yeni prezident ölkəni 7 il idarə edəcək.
Sonra isə aprelin 9-16-da parlament fraksiyaları Konstitusiyanın 6-cı bəndinə müvafiq olaraq baş nazirliyə öz namizədlərini irəli sürməlidirlər. Bundan sonra da parlamentarilər onu seçməlidirlər. Bunun üçün isə deputatların yarıdan çoxunun səsi gərəkdir. Əgər namizədlərdən heç biri lazım olan səsi toplaya bilməsələr, onda, birinci seçkidən bir həftə sonra yeni namizədlərin iştirakı ilə təkrar seçkilər keçiriləcək. Bu zaman baş nazirliyə namizəd olan şəxsə deputatların üçdə birinin səsi gərək olacaq. Əgər baş nazir bu turda da seçilməsə, onda parlament bir həftə ərzində buraxılır. Bu da siyasi böhranın yaranmasını göstərmiş olacaq. Nəşrin yazdığına görə, belə bir hal siyasi qüvvələr arasında, xüsusən də parlament fraksiyaları arasında ziddiyyətlərin göstərici olacaq. Ermənistan parlamentinin hakim partiya – Respublika Partiyasından olan deputatı Rustam Muradxnyanın sözlərin görə, məsələ siyasi böhran səviyyəsinə çatmayacaq: "Çünki, hakim siyasi komandanın 58 deputatı, üstəgəl siyasi tərəfdaşı olan 7 deputatı var. Lakin biz digər siyasi qüvvələrin mövqelərini bilmirik. Bütün bunlar namizədlər irəli sürüldükdən sonra bəlli olacaq. Hətta digər tərəfdarlar olmasa belə, 65 səsə dəqiq var. Bu siyasi komandanın daxilində isə ziddiyyət tendensiyaları mövcud deyil. Bu da o deməkdir ki, böhranın baş vermə ehtimalı hələ ki, real deyil”, - deyə hakim partiyasının funksioneri vurğulayıb. "Çarukyan” fraksiyasından olan deputat, parlamentin vitse-spikeri Mikael Melkumyan isə bu cür şərhləri vaxtından əvvəl səslənən ehtimallar adlandırır. Düzdür, o da bəyan edib ki, Respublika Partiyası səslərin böyük əksəriyyətinə malikdir. Onunla "Çıxış” blokundan olan deputat Gevorq Qorqisyan da razıdır. Onun sözlərinə görə, hakim partiyada fikir ayrılığı mümkün deyil. Onlar səslərin böyük əksəriyyətinə malikdirlər. Biz hələ ki, parçalanmanın şahidi olmamışıq”, - deyə o bildirib.
Maraqlı olan başqa məsələdir. Əgər məsələ siyasi böhrana kimi yüksəlsə və baş nazir seçilməsə, parlament də istefa versə, onda baş nazir vəzifəsində Karen Karapetyan qalacaq. Düzdür, parlamentdə siyasi qüvvələr bölgüsündə hakim partiya böyük səs çoxluğuna malikdir və belə fikir var ki, hakim partiya problemsiz uğur qazanacaq. Lakin məsələ ondadır ki, son vaxtlar hakim partiyadan baş nazir postuna Karen Karapetyanın mümkün namizədliyi optimal variant kimi nəzərdən keçirilir. Belə çıxır ki, Serj Sarkisyanın baş nazirlik məsələsi, az ehtimalla da olsa təhlükə altındadır. Yəni hakim Respublika Partiyası daxilində problem üzə çıxarsa, onda Serj Sarkisyanın uzunillik proqramı iflas olacaq. Bu səbəbdən də o, parlamentdəki hakim partiyanın deputatlarını "şirnikləndirmək” şansından əl çəkməyəcək. Məsələni qəlizləşdirən odur ki, Karapetyan da bəyan edib ki, 2018-ci ildən sonra da baş nazir postunda qalmaq fikrindədir.
O da qeyd edilir ki, təyinatlardan sonra ölkədə qarşıdurma hallarının artacağı barədə də ehtimallar güclənir. Məsələn, erməni politoloqu Levon Şirinyan bildirib ki, Ermənistanın indiki prezidenti Serj Sarkisyan prezidentlikdən getdikdən sonra baş nazir kreslosunu tutmaqla hakimiyyəti yenə öz əlində saxlamağa çalışır. O, bunu Yerevan nəşri "Lraqir”ə verdiyi müsahibədə deyib və belə olan halda Ermənistanı gözləyən kataklizmlərə də toxunub. "Biz elə bir vəziyyətdəyik ki, kataklizmlər ən gözlənilməz formada və istənilən vaxt gələ bilər… İnsanlar bahalaşmaları hiss etmirlər, çünki hələ yeni il ehtiyatları tükənməyib, amma hakimiyyət də əbəs yerə artıq indidən müzakirələrə başlamayıb. 10 gündən sonra insanlar hər şeyi öz üzərlərində tam hiss edəcəklər və onda qiyam da ola bilər. Əgər "Çıxış” aksiyaları təşkil edə bilsə, onda proseslər artan xətt üzrə gedə bilər. Bizim ölkəmiz institusional şəkildə inkişaf etmir, o, oliqarxlar, psevdoziyalılar və ola bilsin, hərbi rəhbərlik tərəfindən idarə edilir”, -deyə Şirinyan bildirib.

Azər NURIYEV
banner

Oxşar Xəbərlər