• cümə, 29 Mart, 05:44
  • Baku Bakı 7°C

Sarkisyan cavab zərbəsi endirir

23.10.18 18:01 438
Sarkisyan cavab zərbəsi endirir
Ermənistanda proseslər proqnoz edildiyi kimi, gərginliyi ilə davam edir. Ermənistan Respublika Partiyası mövcud hakimiyyətin planlarının reallaşmaması üçün əlindən gələni etməkdədir. Dünən Ermənistan parlamentinin "Yelk” fraksiyası ölkə hökumətinin başçısı postuna baş nazirin vəzifələrini icra edən Nikol Paşinyanın namizədliyinin irəli sürülməsi barədə qərar verib. TASS agentliyi xəbər verir ki, bu barədə fraksiyanın katibi Gevorq Qorqisyan məlumat verib. "Biz mütəxəssislərlə hüquqi nüansları öyrəndik və Paşinyanın baş nazir postuna namizədliyini irəli sürməyə qərar verdik”, - deyən Qorqisyan əlavə edib ki, baş nazirin seçkiləri üzrə iclas çərşənbə günü keçiriləcək, lakin "Yelk” fraksiyasından olan deputatlar iclasda iştirak etmək niyyətində deyillər. "Addımımız texniki xarakter daşıyır”, - deyə deputat əlavə edib. Daha öncə parlament fraksiyaları baş nazir postuna namizəd irəli sürməyəcəklərini bildirmişdilər. Ermənistan parlamenti dünənki iclasında Paşinyanın tərəfdarı kimi tanınan vəkil Vaqe Qriqoryanı Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə seçə bilməyib. O da Respublika Partiyasının üzündən. Qriqoryanın seçilməsi üçün 63 səs lazım olsa da, səsvermədə cəmi 54 deputat iştirak edib. Bu da seçkinin keçirilməsi üçün yetərli olmayıb. İclasda 67 deputat olsa da, onların heç də hamısı səsvermədə iştirak etməyib. Qeyd edək ki, Konstitusiya Məhkəməsinə sədrin seçilməsi cəhdi üçüncü dəfə uğursuzluğa uğrayır. Bundan əvvəl bu vəzifəyə Yelizaveta Danielyan və Emil Babayanın namizədliyi irəli sürülmüşdü.
Bundan əvvəl isə N.Paşinyan ölkənin müddətini başa çatdırmaqda olan parlamentini təxribatda ittiham edib. Buna səbəb parlamentin ölkənin Seçki Məcəlləsinə əsas düzəlişləri qəbul etməməsi olub. Bu düzəlişlər Paşinyan hökuməti tərəfindən təklif edilmişdi. Bu düzəlişlərdən biri də parlamentdə mandatların bölüşdürülməsi mexanizminin tənzimlənməsinə aiddir. Tənqidçilər deyirlər ki, hazırkı bölgü sistemi 2017-ci ilin aprelində keçirilmiş seçki zamanı keçmiş baş nazir Serj Sarkisyanın hakim Respublika Partiyası üçün əlverişli olub. Ermənistan Konstitusiyasına görə, Seçki Məcəlləsinə hər hansı düzəlişin qəbul edilməsi üçün 105 mandatlıq parlamentin azı 63 üzvünün lehinə səs verməsi lazımdır. Hökumətin təklifinə isə yalnız 53 deputat səs verib. Təklif faktiki olaraq hakim partiyanın millət vəkilləri tərəfindən bloklanıb. Paşinyan parlament çoxluğunu onun kabinetinə qarşı təxribatda ittiham edib: "Onlar ümid edirlər ki, bu yolla yeni parlament seçkisini revanş alətinə çevirəcəklər. Lakin mən açıq şəkildə bildirirəm ki, seçki hətta mövcud Seçki Məcəlləsi ilə keçirilsə də heç nə dəyişməyəcək, çünki xalqın qələbəsi qaçılmazdır və heç kim tərəfindən oğurlana bilməz”. Paşinyan bəyan edib ki, keçmişə dönüş yoxdur. O, tərəfdarlarını Ermənistanda tam bir rejim dəyişikliyinə çağırıb: "Onlar ümid edirlər ki, parlament seçkilərini revanşa çevirə biləcəklər. Əgər seçkilər indiki Seçki Məcəlləsinə uyğun keçirilsə belə, heç nə dəyişməyəcək. Dekabrda seçkilər keçiriləcək və qalib də xalq olacaq.
Paşinyan dəyişikliklərin bloklanmasını təxribat adlandırmaqla yanaşı, dəyişikliklərə qarşı çıxan nazirləri işdən qovmaqla da hədələyib. Artıq bu istiqamətdə ilk məlumatlar da yayılıb. Belə ki, Ermənistanda nazirliklərin sayı 8-10-dək azaldılacaq. Yerli "Hraparak” nəşri yazır ki, bunu hökumətdəki mənbə bildirib. Məlumata görə, oxşar funksiyaya malik nazirliklər birləşdiriləcək. Əmək və sosial məsələlər, səhiyyə, idman və gənclərlə iş üzrə və mədəniyyət nazirliklərinin birləşdirilməsi, yaxud ləğv ediləcəyi gözlənilir. Diasporla İş üzrə Nazirlik isə bundan sonra Xarici İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərəcək. Bundan başqa, güc nazirliklərinin sayının da azaldılacağı gözlənilir. Qeyd edək ki, hazırda Ermənistanda 18 nazirlik var.
Öz növbəsində baş nazirin müavini səlahiyyətlərini icra edən Ararat Mirzoyan bildirib ki, düzəlişlər bütün siyasi qüvvələrə sərf edir. O, təəssüflə əlavə edib ki, bir sıra qüvvələr prosesi əzələ nümayişinə çeviriblər. Yeni Seçki Məcəlləsini hazırlayanlardan biri - Daniel İoannisyan əmindir ki, məcəlləyə dəyişikliklərin pozulmasında N.Paşinyan da günahkardır. "Düzəlişlərin keçməməsinin günahkarı tək Ermənistan Respublika Partiyası deyil, müəyyən mənada Daşnaksütyun və "Çiçəklənən Ermənistan” və indiki icra hakimiyyəti də məsuliyyət daşıyır”, - deyə o, özünün sosial şəbəkədə yazdığı statusda bildirib. İoannisyan əlavə edib ki, Paşinyan qəfildən növbədənkənar seçkilər keçirməklə təxribat variantını gücləndirmiş olub.
Yerevanın keçmiş meri Vaanq Xaçatryan isə "Vestnik Kafkaza”nın əməkdaşı ilə söhbətində bildirib ki, seçkilərə qədər Seçki Məcəlləsində islahatların aparılması Paşinyanın vədlərinin əsas hissəsidir: "Hesab edirəm ki, bu cür təxribat şəraitində parlamentə təzyiq göstərmək imkanı qalır”. Onun sözlərinə görə, Respublika Partiyası Seçki Məcəlləsinin qəbul edilməməsinə nail ola bilər.
Mərkəzi Bankın keçmiş rəhbəri Baqrat Asatryan da vurğulayıb ki, Seçki Məcəlləsinin bloklanması respublikaçıların sonuncu şansıdır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər