“Sarı gəlin”lə birinci olan balacalarımız - Fotolar
Son illər gənclərimizin beynəlxalq festivallarda iştirakını yaxından
izləyir və onların əldə etdikləri nailiyyətlərin şahidinə çevrilirik. Onlar
beynəlxalq arenalarda ölkəmizi təbliğ etmək, Azərbaycanı dünyada tanıtmaq
missiyası ilə məşğuldurlar. Bir neçə ildir ki, onların sırasında azyaşlı
istedadlı uşaqlarımız da yer alır. Məsələn, Abdulla Şaiq adına Azərbaycan Dövlət
Kukla Teatrı nəzdindəki "Oyuq” teatr-studiyasının balaca istedadları
qatıldıqları hər bir beynəlxalq festivaldan, müsabiqələrdən əli dolu geri
qayıdırlar.
Böyük bir məktəb keçərək öz istedadlarını sərgiləyən studiyanın yetirmələrinin
uğurları ildən-ilə artmaqdadır. Onlar nəinki ölkə daxilində keçirilən
tədbirlərdə, festivallara iştirak edir, hətta dünyanın dörd bir yanında uşaq
yarışmalarına qatılır, öz istedadlarını nümayiş etdirərək ölkəmizin adını tanıtmaq
missiyasını yerinə yetirirlər. Bu günlərdə "Oyuq” teatr-studiyasının istedadlı
uşaqları daha bir uğura imza atdılar. Kiçik yaşları ilə tarix yazan bu uşaqlar Bolqarıstanın
Varna şəhərində keçirilən "Golden Sparkles European Music Festival”ında iştirak
ediblər. Ölkəmizin üçüncü dəfə təmsil olunduğu bu festivalda studiyanın
istedadlı iştirakçıları qalib olub. Belə ki, İngiltərə, İtaliya, Rusiya,
Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələrdən azyaşlı
vokalçı-aktrisaların yarışdığı festivalda təmsilçilərimiz Mehrin və Surin
Vəlizadələr və Aylin Nəcəfli festivalın bir və ikinci yerlərini qazanıblar.
Balacaların triosu münsiflər heyəti qarşısında rəqs və musiqinin sintezində
Azərbaycanın xalq mahnısı "Sarı gəlin”i ifa edərək yekdilliklə müsabiqənin
birincisi seçilib. Azərbaycan və ingilis dillərində təqdim olunan mahnını canlı
ifa edən balacalar milli geyimlər (modelyer Könül Vəlibəyli) və atributlarla
qurmuş olduqları səhnəciklə Azərbaycanın xalq mahnısını müsabiqədə layiqli
şəkildə təqdim etməyə müvəffəq olublar. Bundan başqa, balacalar autizm sindromlu
uşaqlara həsr olunmuş "Əlimdən tut” (musiqisi Vüqar Camalzadə, sözləri Cəmilə
Allahverdiyeva) adlı ifaları ilə festivalın mahnı nominasiyasında ikinci yerə
layiq görülüblər.
6-15 yaş arası uşaqları əhatə edən sənət bayramı barədə
təəssüratlarını bizimlə bölüşmək üçün studiyanın uşaq qrupunun rəhbəri, bu
uşaqların mənəvi anası hesab edilən Səidə Haqverdiyeva "Kaspi”nin qonağı oldu.
O, bizimlə söhbətində milli maraqların önə çəkildiyi bu yarışmada "Sarı gəlin”
mahnısına təsadüfən müraciət etmədiklərini və bunun müsabiqə zamanı özünü daha bariz
göstərdiyini dedi. Səidə xanımla söhbətimiz zamanı studiyanın uğurlarından və
uğurunun sirlərindən danışdıq.
- Səidə xanım, ilk olaraq
sizi təbrik edir, uğurlarınızın davamlı olmasını diləyirik.
- Təşəkkür edirəm. Bizi təbrik edən hər kəsə minnətdarlığımı
bildirirəm.
- İstərdik,
festivalla bağlı təəssüratlarınızı
bizimlə bölüşəsiniz.
- Üçüncü dəfədir ki, biz bu festivalda iştirak edirdik. Birinci dəfə
studiyamızın istedadlı iştirakçısı Selcan Müseyibova 5 yaşında olarkən bu
müsabiqədə "Oxuyaq nəğmələri” mahnısını ifa etmişdi və orada əsas mükafata
layiq görülmüşdü. İkinci dəfə isə 2014-cü ildə Aylin Nəcəfli "İşıqlı dünya”
mahnısını ifa etmiş və orada "Ən yaxı ifaçı” seçilmişdi. Bu dəfəki səfərimiz
sayca 3-cü idi. Uşaqlarımız orada "Sarı gəlin” və "Əlimdən tut” adlı mahnıları
ilə tamaşaçıların və münsiflərin rəğbətini qazandı. İki erməni bəstəkarının
mahnısının da yer aldığı sözügedən yarışmada "Sarı gəlin” kimi tarixi
əhəmiyyətli mahnımızı oxumaq və bu mahnı ilə birincilik qazanmaq heç də asan
məsələ deyildi. Ancaq "Oyuq” teatr-studiyasının uşaqları bunu bacardılar. Səhnədə
canlı şəkildə ifa edərək həm də rəqs etdilər. Onlar səhnəyə mili geyimimizlə çıxmışdılar.
Həmin geyimləri Bakı Milli Geyim Evi tikmişdi.
- İnanırdınızmı ki,
festivalın qalibi məhz siz olarsınız?
- İnanmırdıq desək, yalan olar. Əlbəttə, mən uşaqlarımızın istedadına
bələd idim və bilirdim ki, bu festivalın qalibi ola bilərik. Düşünürdüm ki, ola
bilsin, festivalda hansısa qərəzli münasibət olar. Bilirsiniz ki, Bolqarıstanda
kifayət qədər erməni və ermənipərəst insanlar yaşayır. Festivala gedərkən bu
yarışmada da ermənilərin az olmadığını bilirdik. Hətta orada digər ölkələrin
iştirakçılarının ifa etdiyi mahnıların ikisi erməni bəstəkarına aid idi. Ancaq
buna baxmayaraq, mahnı üzrə birinci yeri Bolqarıstan, ikinci yeri Azərbaycan
tutdu. Onların mahnıları heç bir nominasiya üzrə qalib olmadı. "Sarı gəlin”
mahnısı isə 1-ci yeri qazandı. O qədər həyəcanlı idik ki, qalib olduğumuzu hiss
etməmişdik. Belə qarşılanacağımızı da düşünmürdük. Geyimlərimiz, mahnı,
səhnəcik münsiflərin və tamaşaçıların rəğbətini qazandı. Festival çərçivəsində
onlar özləri uşaqlarımıza yaxınlaşıb şəkil çəkdirir, iştirakçılarımızla söhbət
edirdilər. Hətta iştirakçılarımızı o qədər bəyəniblər ki, təşkilatçılar bizi
qonaq qismində növbəti festivala dəvət etmək istəyirlər.
- Qeyd etdiniz ki, bu
festivalda ermənilərin çoxluq təşkil edəcəyini bilirdiniz. Belə olan halda, nə
üçün böyük müzakirələrə səbəb olan "Sarı
gəlin” mahnısını seçdiniz?
- "Oyuq” teatr-studiyasının uşaqlarının əksəriyyəti bu mahnını çox
sevir. Onu da qeyd edim ki, uşaqlarımız sözügedən mahnını gözəl də ifa edirlər.
Müsabiqənin şərtlərinə əsasən, orda mütləq şəkildə bir bəstəkar mahnısı olmalı
idi. İkinci mahnıda isə seçim sərbəstliyi var idi. Biz bəstəkar mahnısını
seçdikdən sonra valideynlərlə də məsləhətləşdim və düşündüm ki, mütləq ikinci
mahnı "Sarı gəlin” olmalıdır. Hər dəfə sosial şəbəkələrdə, mətbuatda "Sarı
gəlin” mahnısını başqa millətin ağzından eşidəndə, həqiqətən bir Azərbaycan
vətəndaşı kimi mənə pis təsir edirdi. Bilirsiniz ki, başqa millətlər də bizim
bu mahnımıza sahib çıxıb, bu mahnını öz mahnısı kimi təqdim edirlər. Xüsusilə
də ermənilər. Bizə məxsus olan mahnını onlardan eşidəndə mənən əzab çəkirik.
Düşündüm ki, böyük bir müsabiqəyə qatılırıq, əgər orada erməni bəstəkarının
mahnısı və ermənilər varsa, biz nə üçün "Sarı gəlin” mahnısına müraciət
etməyək? Bilirsiniz ki, digər mədəni nümunələrimiz kimi, bu xalq mahnımız da
mənfur qonşularımızın təcavüzünə məruz qalaraq özününküləşdirilir. Biz də bu
mahnıya müraciətimizlə, onu milli rəqslə müşayiətimizlə və səhnədə qurmuş
olduğumuz Qarabağ səhnəciyi ilə orada olan insanlara, elə ermənilərin özlərinə
də bu nümunənin xalqımıza məxsusluğunu bir daha isbat etdik. Çünki o tədbirdə
də mənfur qonşularımız aktivlik nümayiş etdirirdilər. Təbii ki, biz istər orada
verdiyimiz müsahibələrdə, istərsə də ətrafımızdakı insanlarla söhbətlərimizdə
bu barədə haqq səsimizi ucaltmağa çalışdıq. Sevinirəm ki, balacalarımız bu
məsuliyyətli missiyanı layiqincə icra edərək bu əzəmətli xalq mahnımızı yüksək
səviyyədə təmsil etməyə müvəffəq oldular.Sağ olsun təşkilatçılar ki, bizimlə razılaşdılar və bu mahnını orada oxumağa
icazə verdilər. Çünki belə festivallarda qalmaqallı mahnıları ifa etməyə icazə
verilmir. Əvvəlcədən biz bunun razılığını almışdıq. Mahnını yeni aranjeman
etdirdik və canlı şəkildə festivalda ifa etdik. Ümumiyyətlə, bu mahnı çətin
mahnıdır. Dinləyən zaman insanlara çox asan görünür.
- Münsiflər heyəti bizim iştirakçılarımız
haqqında hansı fikirləri səsləndirirdilər?
- Məlumatınız olsun ki, festivalın münsiflər heyətində əyləşənlərdən
biri də azərbaycanlı idi. Belə ki, "Addım” Gənclər Təşkilatının rəhbəri Hüseyn
Cavadzadədə münsif kürsüsündə əyləşmişdi O, balaca aktrisalarımızla qürur
duyduğunu və onların ifaçılıq qabiliyyətinin hər kəsi heyran qoyduğunu qeyd
etdi. Sonda münsiflər ümumi danışdılar.
Birinci yerin qalibi Azərbaycan, ikinci yerin qalibi Rusiya, üçüncü yerin qalibi
isə Ukrayna seçildi. Münsiflər heyəti ayrı-ayrı iştirakçıların ifalarını
dəyərləndirmədi, onlar ümumi danışdılar. Bildirdilər ki, ifalar çox gözəl və
maraqlı idi. Ancaq festivalın təşkilatçısı dedi ki, bizim uşaqların geyimi,
səhnə performansı, səsləri həqiqətən də birinciliyə layiq idi, festival öz
layiqli qaliblərini tapıb. Bizi orada o qədər gözəl qarşıladılar ki... Ermənilərin
qısqanc baxışlarını da hiss edirdik. Sevinirik ki, "Sarı gəlin” mahnısını ifa
etdik və beynəlxalq əhəmiyyətli festivalda bu mahnı ilə qalib gəldik. Təbii ki,
bütün bu proseslər onların gözlərinin qarşısında oldu.
- Yəqin ki, beynəlxalq müsabiqələrdəki qalibiyyətlər "Oyuq”çuların
özünəinamını da artırıb.
- Əlbəttə. Biz festivala gedərkən iştirakçılarımıza dedim ki, qalib də
ola bilərik, məğlub da. Bu, önəmli deyil. Önəmlisi odur ki, müsabiqədə yaxşı çıxış
edək. Birinci, özümüzə inanmalıyıq. Əgər özünəinamımız möhkəm olsa, qalib olacağıq.
Bizim uşaqlar o qədər sərbəst və peşəkar məktəb keçiblər ki, mən onların qalib
olacağına inanırdım. Onlar studiyada pianino, aktrisalıq, səhnə hərəkəti, səhnə
danışığı və sair kimi dərslər keçirlər. Ən əsası isə, bütün bunları öz
sahəsinin peşəkar insanlarından öyrənirlər. Bununla bərabər, uşaqlarımız psixoloji
dəstək alırlar. İştirakçılarımız festivala gedərkən hər şeyə hazır idilər.
Onların qalib olması studiyanın digər uşaqlarında da böyük həvəs yaradıb. Festivalda
iştirak edən uşaqlarımızın özləri o qədər sevinirdilər ki, hətta Varnada 40
dərəcə isti hava şəraitində belə üzərlərində olan qalın, ağır mili geyimləri
çıxarmadılar.
Qeyd: Bu günün uşaqları
sabahın qurucularıdır. Əgər təməl istedad və bacarıq üzərində qurularsa,
gələcəyimiz işıqlı və uğurlu olar. Hər bir istedadlı uşağın arxasında isə ona
dayaq və dəstək olan, doğru yolda addımlamağı öyrədən valideyn və müəllim
dayanır. Bu baxımdan, sözügedən studiyanın rəhbərinə və uşaqlarına böyük bir
alqış düşür. Uğurlarınız davamlı və daimi olsun, əziz "Oyuq”çular!
Xəyalə Rəis