• cümə, 19 Aprel, 21:44
  • Baku Bakı 24°C

“Sarı gəlin”in fəryadı bütün dünyaya ünvanlanıb

24.01.14 15:02 1446
“Sarı gəlin”in fəryadı bütün dünyaya ünvanlanıb
Yanvarın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Nəzakət Teymurova mətbuat konfransı keçirərək yeni klipini təqdim etdi. “Kaspi”-nin məlumatına görə, xanəndənin konfrans keçirməsinin səbəbi “Sarı gəlin” mahnısını simfonik orkestr ilə ifa etməsi olub.
Tədbirdə ilk olaraq sözə başlayan İctimai Televiziyanın aparıcısı Leyla Əliyeva hər kəsi salamlayaraq xanəndənin klipindən danışdı: “Nəzakət Teymurovanın “Sarı gəlin” mahnısı ilə bağlı onun müəyyən fantaziyaları, düşüncələri vardı. Düşünürəm ki, həmin fikirlər bu klipdə öz əksini tapıb. Xanəndənin bu mahnı ilə bağlı uşaqlıq fantaziyalarını rəngli çalarlarla nümayiş etdirmək olardı. Ancaq rejissor bu mahnıya belə bir üslub seçdi və mənə elə gəlir ki, bu da uğurlu alındı. Nəzakət xanımın uşaqlığında xalq mahnısının yaratdığı təəssüratların qum üzərində təcəssüm olunması klipə xüsusi bir gözəllik qatıb”.
Nəzakət Teymurovaya çıxışı zamanı “Sarı gəlin” mahnısını bu günə qədər Azərbaycanın çox dəyərli ifaçıları ilə yanaşı, gənc müğənnilərimizin də ifa etdiyini söylədi. Qeyd etdi ki, hər bir vətənpərvər ifaçının yaradıcılığında “Sarı gəlin” mahnısına rast gəlinməlidir: “Mən bu əsərə müraciət etməyə bilməzdim. Bu mahnı bizim yaralı yerimizdir. “Sarı gəlini” mahnısını şah əsər hesab edirəm. Ancaq təəssüflər olsun ki, mənfur düşmənlərimiz bizim üzümüzə durub, bu mahnını öz adlarına çıxarırlar. Öz ifamla hər kəsə söyləmək istəyirəm ki, bu, Azərbaycan mahnısıdır. Bu mahnıya müraciət etməyim heç də təsadüfi deyil. Bildiyiniz kimi, tez-tez xarici ölkələrdə oluruq. Hansı ölkəyə getməyimdən asılı olmayaraq, ilk ifa etdiyim mahnı “Sarı gəlin” olur. Mən vətənimə, xalqımıza çox bağlı olan bir ifaçıyam. Xeyli müddət böyük istəklərimdən biri o idi ki, simfonik orkestrin iştirakıyla ilə bu mahnını ifa edim. İstəyimə nail olduğum üçün çox xoşbəxtəm”.
Xanəndə xalq artisti Hacıbaba Hüseynovun “Sarı gəlin”i “Kürdü” muğamı üstündə ifasını həmişə sevərək dinlədiyini dedi: “Mən də bu mahnıya bir qədər fərqlilik qataraq ifa etdim. İstəyirdim ki, mahnıda elə bir şey olsun ki, orada fəryad hiss edilsin. Mahnıya elə bir üslub qatdıq ki, orada sanki “Sarı gəlin” fəryad edir. İstəyirdim ki, klipdə də hər şey tamamilə fərqli olsun. Bu mahnının Simfonik Orkestrdə səslənməsini istəyirdim və bu istəyimə də çatdım. Hər kəs bu mahnını xalq çalğı alətləri ilə ifa edib, mən isə orkestrlə oxumuşam”.
Tarzən Əliağa Sədiyev Nəzakət xanımdan da əvvəl bu mahnıya kliplərin çəkildiyini, onların hazırladıqları klipin isə fərqli üslubda olduğunu qeyd etdi: “Bu klipdə biz standart “Sarı gəlin” obrazı yaratmamışıq. Yəni digər kliplərdə süjet xətti mahnının sözlərinə uyğun hazırlanıb. Orada sarı çarşablı qız və yaxud mahnının sözlərindəki kimi, qoyun-quzu obrazlarından istifadə edirdilər. Burada isə Nəzakət xanım mahnını ifa edir və qum üzərində hazırlanan səhnəcik də sanki Nəzakət xanımın təxəyyülündəki o Sarı gəlini ortaya qoyur”.
Tarzən çıxışı zamanı belə mahnılara çəkilən kliplərin xanəndələrin tanınması və ya maliyyə güdməsi üçün hazırlanmadığını da dedi: “Hər kəs azdan-çoxdan Nəzakət xanımı tanıyır. O, bu klipi maliyyə güdmək məqsədi ilə hazırlamayıb. Mahnının hazırlanması onun xaricilərə nümayiş etdirilməsi ilə bağlıdır. Belə ki, biz səfərlərə gedəndə oradakı nümayəndələrə öz albomumuzu təqdim edirik. Həmin albomda “Sarı gəlin” mahnısının yer almasını bir növ mahnının xarici ölkələrdə təbliği kimi dəyərləndirmək olar”.
“Sarı gəlin” mahnısını simfonik orkestr üzərində hazırlayan bəstəkar, əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev son dövrlər Azərbaycanda çəkilən kliplərin əksəriyyətinin kommersiya xarakteri daşığını, ancaq bu klipin yalnız vətənpərvərliyə xidmət etdiyini bildirdi: “Klipin ideyası Azərbaycan xalq musiqisini inkişaf etdirmək və onu gələcək nəsilə xatirə olaraq nümunə kimi göstərməkdən ibarətdir. Hər bir insanın burada peşəkarlıq məsələsi ortaya qoyulur. Dünyada ən möhtəşəm alətlər toplusu simfonik orkestrdir və onun vasitəsi ilə insan hisslərinin bütün emosiyalarını çatdırmaq olar. Biz də düşündük ki, bu kollektivlə başıbəlalı olan “Sarı gəlin” mahnısını hazırlayaq və bu mahnını bütün dünyaya çatdıraq”.
Qeyd edək ki, klipin rejissoru Abbas Quliyev, operator Emin Rəhimovdur.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər