• çərşənbə axşamı, 23 aprel, 10:03
  • Baku Bakı 20°C

«Sarı gəlin» toplusunun təqdimatı keçirildi

12.11.14 15:28 1554
«Sarı gəlin» toplusunun təqdimatı keçirildi
«Bu kitabda çox zəngin olan xalq türkülərimizin böyük bir qismi toplanıb. Bu məcmuə xalqımızın mənəvi həyatında mühüm yer tutan türkülərimizin mətnlərinin qorunub hifz olunması zərurətindən yaranıb. Etiraf etmək lazımdır ki, indi mahnı və şərqilərimizə münasibətdə məsuliyyətsizlik və biganəlik daha çox hiss olunmaqdadır. Bu, ən çox mahnı mətnlərinin təhrifində özünü göstərir». Bu fikirlər Qafqaz Universitetinin professoru Minəxanım Təkləli Nuriyevanin Azərbaycan xalq türkülərindən ibarət «Sarı gəlin» kitabının təqdimat mərasimində səsləndi.
Mətbuat Şurasının (MŞ) və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllim və tələbələrinin və media nümayəndələrinin qatıldığı mərasimdə M.Təkləlinin nəşr etdirdiyi toplu müəllifin çoxillik elmi axtarışlarının nəticəsi kimi dəyərləndirildi.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müəllifi böyük hörmətə malik alim və istedadlı qələm sahibi kimi dəyərləndirərək indiyə qədər 10-dan çox kitabının işıq üzü gördüyünü və yaradıcılığında türkçülüyün qırmızı xətlə keçdiyini diqqətə çatdırdı: «Minaxanım Nuriyevanın əsərlərində qədim türklər, türk xalqlarının yaşadığı ərazilərdə onların həyat və məişəti, ənənələri öz əksini tapıb. O öz işinə son dərəcə məsuliyyətlə yanaşaraq xalq mahnılarımızdan ibarət toplu formalaşdırıb. Düşünürəm ki, bu toplu keçmişimizlə müasir həyatımızın vəhdətini yaradan dəyərli məxəzdir”. MŞ sədri yeni çapdan çıxan kitabı Azərbaycan xalqının milli-mənəviyyatını təsdiq edən dəyərli nəşr adlandırıb: «Mütəxəssislərin dediyinə görə, Azərbaycanda 900-ə yaxın xalq mahnısı var. Topluda isə 150-ə yaxın türkü yer alıb. Bu baxımdan, nəşr Azərbaycan mədəni həyatında hadisədir. Biz radionu dinləyir, televiziyaya baxır, internetdə axtarış aparıb istənilən mahnıya qulaq asa bilirik. Çox təəssüf ki, həmin mahnıları çox vaxt dəyişilmiş formada eşidirik. Bu mahnılar çox kobud formada yeniləşdirilir”. M.Nuriyevanın tərtib etdiyi topluda Azərbaycan xalq mahnılarının müxtəlif variasiyalarda verildiyini bildirən MŞ sədri xalq mahnılarımızı yaxşı təbliğ etmədiyimizi də qeyd etdi:“Ya bu mahnıları yaxşı mənimsəməmişik, ya da xalqa yaxşı çatdırmamışıq. Minəxanımın kitabı bu baxımdan böyük rol oynayacaq».
«Minəxanım Təkləlinin bütün kitablarında bir Azərbaycan qadınının zəhməti, hissi, həyəcanı, yuxusuz gecələri var» - deyən «Kaspi» qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva təqdimatı keçirilən kitabı türk dünyasının mənəvi zənginliyini təsdiqləyən nəşr kimi xarakterizə etdi: «Alim olmaq da, cild-cild kitablar yazıb dünya miqyasında tanınmaq da asandır. Günün birində «Nobel» mükafatı və ya digər mükafatlar almaq da olar. Amma o əsər xalqının yaşantılarını, gününü, güzəranını, tarixini, mənəviyyatını əks etdirmirsə və milli qeyrətlə yazılmayacaqsa, yazılmasa yaxşıdır». S.Vəliyeva qeyd etdi ki, xüsusən xaricdə yaşayan azərbaycanlılar, türklər öz keçmişlərini bilməlidirlər. Belə ki, bunun üçün onlara yalnız bu mövzuda yazılan kitablar bilgi verə bilər. «Kaspi»nin təsisçisi M.Təkləlinin ictimaiyyət tərəfindən çox tanınmamasına da diqqət çəkdi: «Hər bir kitab təbliğ olunmalı, oxunmalıdır. Bir var roman, povest oxuyasan, bir də var tarixinə qayıdış edəsən”. S.Vəliyeva «Sarı gəlin» kitabının nəşrinə toxunaraq toplunu dönə-dönə oxumaq lazım olduğunu bildirdi: “Bu türküləri xalq mahnılarımızın sirrini bilmək üçün öyrənməliyik. Bu mahnılar ona görə əsrdən-əsrə, nəsildən-nəsrə keçə bilib ki, göy qurşağı kimi tərtəmiz, ilahi sirri yozulmayan Azərbaycan muğamlarının ladı üzərindədir. Bir millətin hissi, həyəcanı, yaşantıları, tarixi, bütövlükdə mənəviyyatı toplandığı üçün bu türkülər mütləq işlənməli idi». S.Vəliyeva çıxışında topludakı bir sıra məqamlar üzərində dayanaraq konkret nümunələrin xalq yaradıcılığı baxımından şərhini verdi: “Bu, böyük zəhmət, axtarış tələb edən işdir. Hər mahnının üzərində işləmək, onun variantlarını göstərmək zərgər dəqiqliyi tələb edir». S.Vəliyeva yeni toplunun Milli Konservatoriyada və musiqi məktəblərində tədris ehtiyacını ödəyəcəyinə inandığını bildirdi: “Bu kitabın təbliğinin əhəmiyyəti ondan ibarətdir ki, bizim sanki bir boyunbağı kimi qırılıb səpələnən xalq mahnılarımızı təzədən ipə-sapa düzərək xalqın özünə təqdim edib. Bu incilər üstümüzdə gəzdirəndə bizi daha zəngin göstərəcək”.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli bu nəşrdə türk dünyasını görürdüyünü dedi. Bu kitab türk dünyasını birləşdirmək mənasında həzin duyğulu vasitədir». C.Məmmədli son illər «təbliğat» sözündən uzaqlaşdığımıza da diqqət çəkdi: «Biz «təbliğat» sözünü «maarifçilik»lə əvəz etmək istədik. Amma ABŞ və s. kimi inkişaf etmiş dövlətlərin universitetlərinin jurnalistika fakültələrində təbliğat ayrıca kurs kimi keçirilir». C.Məmmədli M.Təkləlinin oxucular tərəfindən çox tanınmamasına təəssüfünü gizlətmədi: «Etiraf edim ki, mən də bu topluya qədər Minəxanımı o qədər də tanımamışam. Ancaq qədim türkülərimizi yenidən təqdim etdiyinizə, türkçülüyün təbliği istiqamətində yazdığınız kitablarınıza görə sizə təşəkkür edirəm».
Əməkdar jurnalist Flora Xəlilzadə M.Təkləlini milli düşüncəmizin inkişafına xidmət edən kitablar yazan alim kimi dəyərləndirərək müəllifin yaradıcılığında onu narahat edən bir çox suallara cavab tapdığını bildirdi: «Bu toplu mənim yaralı yerimə toxunub. Kaş ki bu məclisdə xalq mahnılarımızı ifa edən müəyyən ifaçılar da qatılaydı. Bu kitab onlara çatmalıdır». Xalq mahnılarımızın ilk dəfə Üzeyir Hacıbəyli, Bülbülün və Cabbar Qaryağdıoglu tərəfindən toplandığını bildirən F.Xəlilzadə xalq türkülərinin yenidən toplanmasını təqdirəlayiq hal kimi dəyərləndirdi: «Topluda yer alan «Qaçaq Nəbi», «Qara gilə», «İrəvanda xal qalmadı» və s. xalq mahnılarını ifaçılar dəyişilmiş formada təqdim edirlər. «Tello» və «Ay Laçın» mahnılarının ikisini qarışdırıb oxuyurlar. İfaçılar mütləq bu toplu ilə tanış olmalı, mahnılarımızın başına oyun açmamalıdırlar. Bu baxımdan, bu toplu vaxtında işıq üzü görüb. Mahnını xalqa müğənnilər çatdırır, qoy bu kitabı ifaçılar, telekanalların rəhbərləri oxusunlar. Qoy müğənnilər xalq mahnılarımızı bizə bayağı şəkildə təqdim etməsinlər”.
Professor İlham Rəhimli yeni toplumun təqdimatını Minəxanım Təkləlinin vətənpərvərlik dünyasına pəncərə adlandırdı: «Alim var oturmaq vərdişinə alışdığı üçün alim olur. Alim var mütəmadi məşğul olduğu üçün, alim var böyük təfəkkür hesabına alim kimi yetişir. Quru savadın hesabına alim olanlar da var. Alim də var, böyük fədakarlıq hesabına uğur əldə edir. Mən Minəxanım Təkləlini də fədakar alim adlandırardım”. Müəllifin yazdığı bütün kitabları oxuduğunu bildirən İ.Rəhimli “Türkün dostu Minəxanım Banu kimi olmalıdır ki, türk xalqlarının yerini dünyada təqdim etməyi bacaraq. Bu baxımdan, Minəxanım Təkləli türk dünyasının yerini göstərməyə qadirdir”- deyə qeyd etdi.
Qafqaz Universitetinin rektoru Əhməd Saniç toplunun rəhbərlik etdiyi təhsil ocağı tərəfindən nəşr edildiyini diqqətə çatdıraraq ümumiyyətlə, məqsədlərinin qədim millətin ruhundan çıxan sənət, ədəbiyyat və tariximizi doğru şəkildə yazıb ortaya çıxarmaq olduğunu vurğuladı. Belə ki, bununla bağlı olaraq indiyə qədər 20-dən çox kitab işıq üzü görüb. Bunlardan biri də «Sarı gəlin»dir». Ə.Saniç toplunun müəllifi M.Təkləliyə yeni-yeni uğurlar arzuladı.
«Qadın yaradıcılıqla məşğul olursa, onun bu məşğuliyyəti alqışlanmalıdır” - deyən filologiya elmləri namizədi Qərənfil Dünyaminqızı M.Nuriyevanın çətin bir sahənin məsuliyyətini boynuna götürdüyünü diqqətə çatdırdı: «Biz bir millət olaraq tariximizi mahnılarda yaşadırıq. Ona görə də bu mahnıları təhrif etmək olmaz”. Q.Dünyaminqızı çıxışında geniş elmi axtarışlar tələb edən nəşrin ərsəyə gətirilməsinin məziyyətlərindən söz açaraq «Sarı gəlin» kitabını tarixi keçmişimizi xalq mahnılarımızda yaşadan yaradıcılıq nümunəsi kimi dəyərləndirdi.
“Mahnılarımızda xalqın ruhu yaşayır. Bu, sərvəti qorumaq hər birimizin borcudur. Bu, həm də sahiblik duyğusudur. Mahnılarımıza qayıtmağımız özümüzə qayıtmağımızdır”- deyə AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı Esmira Fuad çıxışında bildirdi.
«Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təqdimatı keçirilən topluda elmin və bədii yaradıcılığın vəhdətinin olduğunu vurğulayaraq bildirdi ki, kitabda türkçülüyün etnik mahiyyətinin mədəniyyət nümunəsi olaraq ortaya qoyulması vacib məqamdır. Baş redaktor nəşrin məhz «Sarı gəlin» adlandırılmasının da önəmli mesaj olduğunu qeyd etdi.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli, filologiya elmləri namizədi Akif Rüstəmov, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev və b. çıxış edənlər milli musiqilərimizin təhrif edilmədən xalqa çatdırılmasının zəruriliyini qeyd edərək mövcud sahədəki çatışmazlıqların aradan qaldırılması üçün orijinal mətnlərin toplandığı «Sarı gəlin» toplusunun geniş yayılmasının vacibliyini diqqətə çatdırdılar.
MŞ sədri Ə.Amaşov professor M.Təkləliyə Azərbaycan Mətbuat Şurasının fəxri diplomunu təqdim etdi.
Təqdimatda iştirak etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər