• cümə axşamı, 28 mart, 21:17
  • Baku Bakı 13°C

Saqi, şərab süz, amma alkoqolsuz

05.04.19 09:00 1381
Saqi, şərab süz, amma alkoqolsuz
Bu günlərdə "Az-Granata” MMC-nin direktor müavini Vüqar Mikayılov bildirib ki, Azərbaycanda ilk dəfə məhz "Az-Granata” tərəfindən üç çeşiddə sıfır faizli - yəni alkoqolsuz şərabın istehsalına nail olunub: "Bu, çoxlarına inandırıcı gəlmirdi, lakin biz bunu bacardıq. Belə ki, bu şərab alkoqollu şərabın vakuum aparatından keçirilməsi nəticəsində alınır. Alkoqolsuz şərabın tərkibindəki resveratrol, poliflavanoillər və bir sıra kompleks birləşmələr güclü antioksidant xüsusiyyətlərə malikdir. Bu da insanlarda xərçəng kimi ağır xəstəliyin yaranma riskini önəmli dərəcədə azaldır, bədəndə radioaktiv şüalanmanın qarşısını alır".
Bəs görəsən alkoqolsuz şərablara şərab istifadəçilərinin münasibəti necə olacaq? Ümumiyyətlə, bu şərab növü hansı xarici bazarlara ixrac edilə bilər? Mövzu ilə bağlı Vüqar Mikayılovla əlaqə saxladıq. O bizimlə söhbətində bir sıra məqamlara toxundu: "Ağ şərabın tərkibində təbii aspirin var. Bu isə ürək xəstəliyi olan insanlar üçün çox vacibdir. Həmçinin, ağ şərab insanın əhval-ruhiyyəsini yüksək saxlayır. Misal üçün, yaxın qonşumuz gürcülərlə özümüzü müqayisə etsək, görərik ki, bizdə ürək xəstəliklərindən əziyyət çəkənlərin sayı onlara nisbətən daha çoxdur. Çünki gürcülər şərabdan daha çox istifadə edirlər. Biz üzümü yedikdə, onun tərkibində olan faydalı maddənin mədə tərəfindən həzm olunması üçün alkoqol lazımdır. Amma bu maddələr bədəndən ixrac olunur. Ancaq biz üzümdən qırmızı şərab hazırladıqda, onun qabığında olan maddə şərabın tərkibində olur. Bu maddə insanı şüalanmadan qoruyur və xərçəng xəstəliyinin qarşısını alır. Alkoqollu içki qəbul etməyən insanları nəzərə alaraq, biz şərabın tərkibindən alkoqolu çıxardıq. Bu gün Belçika, Latviya, Litva kimi ölkələrdən bizə müraciət olunub. Onlar bizdən belə bir təcrübə haqda soruşurlar. Onu da qeyd edim ki, Azərbaycan tarixində ilk dəfə olaraq alkoqolsuz şərab istehsalı "Az-Granata” MMC-yə məxsusdur. Hazırda alkoqolsuz şərabların satışının çox güclü olduğunu deyə bilmərəm. Bir ay ərzində üç növdə-ağ, qırmızı və çəhrayı alkoqolsuz şərabının ümumi satışı 15 min butulka təşkil edib. Yaxın gələcəkdə təbliğat artdıqca və faydası dərk edildikcə, daha çox insan bu şərabdan istifadə edəcək. Amma yaxın gələcəklə bağlı proqnozlarımız müsbətdir. Ümumilikdə götürsək, son illər ərzində Azərbaycanın şərab ixracı ildən-ilə artmaqdadır. Bu yaxınlarda Almaniyada olduğumuz bir sərgidə Azərbaycan şərabına olan marağın şahidi olduq. Yəni məhsullarımıza dünya bazarında maraq getdikcə artmaqdadır. 5-6 il əvvəl Azərbaycan şərabları Rusiya bazarlarında tanınmırdı və ucuz və keyfiyyətsiz şərab istehsal edilən bir ölkə kimi qəbul edilirdik. Artıq bu yanaşma müsbətə doğru dəyişib. Bu gün Azərbaycan şərabları dünya bazarlarında öz sözünü deməyə başlayıb. Rusiya bazarlarında Azərbaycan şərabları ispan şərablarından 50 faiz baha qiymətə satılır. Dövlət başçısı bu məsələyə xüsusi diqqət yetirir. 2018-2025-ci illər üzrə Azərbaycanda şərabçılığın inkişafına dair dövlət proqramı təsdiq olunub. Hal-hazırda biz Almaniya, Latviya, Litva, Estoniya, Ukrayna, Rusiya, Yaponiya, Çin, Polşa, Çexiya bazarlarına şərab ixrac edirik. Yaxın 3-4 il ərzində ixrac potensialımızı daha da genişləndirəcəyik. Şərabımızı milli brendimiz kimi dünya bazarlarında tanıdacağıq. Alkoqolsuz şərabların müsəlman ölkələrinə ixracına gəlincə isə deyə bilərəm ki, bu, bir qədər mübahisəlidir. Çünki əksər müsəlman ölkələrində fermentasiya prosesinə uğrayan məhsullar müsəlmanlara qadağandır. Amma inanıram ki, yaxın gələcəkdə müsəlman ölkələrinə alkoqolsuz şərab ixrac edə biləcəyik. Hələlik bu barədə müzakirələr aparılır”.
İqtisadçı ekspert Pərviz Heydərovbildirdi ki, Yaxın Şərq, Avropa, Rusiya, Çin bazarlarında Azərbaycan şərabları kifayət qədər tanınır: "Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsulları arasında ölkənin adını tanıdan əsas məhsullardan biri məhz şərabdır. Bu da məhsullarımızın keyfiyyətindən, onların yüksək standartlara cavab verməsindən xəbər verir. Azərbaycanın zəngin şərabçılıq ənənələri var. Təəssüflər olsun ki, Sovet İttifaqı dağıldıqdan sonra bu ənənələr yaddan çıxarıldı və həmin dövrdə Azərbaycanın şərabçılıq istehsalı tənəzzülə uğradı. Son illər ərzində prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən, qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Şərabçılıq isə burada önəmli rol oynayır. Son illər ərzində bu sahəyə dövlət tərəfindən böyük qayğı göstərilir. İxrac potensialımız hazırda genişlənməkdədir. Amma mövcud vəziyyət onu deməyə əsas verir ki, bu potensialı daha da inkişaf etdirmək mümkündür. Bunun üçün isə istehsal olunan şərablarını keyfiyyəti ilə çeşidi artırılmalıdır. Hesab edirəm ki, alkoqolsuz şərab istehsalının xarici bazarlara ixracının böyük potensialı var. Alkoqolsuz şərab xüsusilə Yaxın Şərq bazarında mühüm mövqe tuta bilər. Yəni bu ölkələrə daha çox məhsul ixrac edə bilərik. Müsəlman ölkələri böyük perspektiv vəd edir. Düşünürəm ki, alkoqolsuz şərab istehsalını yüksək qiymətləndirmək lazımdır. Düzdür, alkoqolsuz şərab alkoqollu şərabla müqayisədə daha az bir kütləyə xitab edir. Amma onun da özünəməxsus alıcıları və bazarı var. Əgər məhsulun keyfiyyəti istənilən səviyyədə olarsa, Azərbaycan alkoqolsuz şərabları ilə məşhurlaşa bilər”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, alkoqolsuz pivə və şərabların qəbulu şirin, yaxud kəmşirin meyvə suyu kimidir. Ümumiyyətlə, spirtli, yaxud da spirtsiz içkilərə qarşı bizdə münasibət bir az fərqlidir. Hər bir insan bunu öz qərarı əsasında qəbul edə bilər. Bu məsələyə düşüncəli şəkildə yanaşmaq lazımdır. Amma istənilən halda, aşırı alkoqol qəbulu neqativ hallara yol açır. Ona görə də, alkoqolsuz içkilərin qəbulu daha məqsədəuyğundur. Əsas məsələ alkoqol istifadəçilərinin bundan nə dərəcədə istifadə etməsidir. Yəni alkoqolsuz şərabın onlar tərəfindən qəbul ediləcəyi sual altındadır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər